20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Futzal

“Azərbaycan futzalı sponsor baxımından çox əziyyət çəkir” LAYİHƏ

Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində yazılarını davam etdirir. Bu dəfə AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyevlə söhbətləşdik. Onun söhbətimizdə yeni mövsüm, “Araz”ın avrokuboklardakı çıxışı, Azərbaycan futzalının problemləri ilə yanaşı, gələn ilin yanvarında Sloveniyada keçiriləcək Avropa çempionatı ilə bağlı da danışıq.

“BU MÖVSÜM ÇEMPİONATDA AŞKAR AUTSAYDER OLMAYACAQ”

- Yeni mövsümün püşkü atıldı. Əvvəlcə yeni mövsümlə bağlı fikirlərini öyrənərdik. 2017/18 mövsümündən nə gözləyirsiz? Cari çempionatda hansı dəyişikliklər olacaq?

- Növbəti mövsümün püşkü atıldı. Cari mövsüm çempionata 2 yeni komanda qatılıb. Fürsətdən istifadə edib sizin vasitənizlə onlara uğurlar arzulayıram. Söhbət “İtaldizayn” və “Marafon”dan gedir. Bu 2 kollektiv ötən mövsüm birinci divizionda çıxış edirdilər. Hər ikisi aşağı liqada özünü yaxşı tərəfdən göstərdi. Bu il də güclərini yüksək liqada nümayiş etdirmək əzmindədirlər. Heyətləri də pis deyil. Komanda gənclərlə təcrübəlilərin vəhdətindən yaranıb. Klub rəhbərliyi futzala ciddi yanaşır. İşlərini peşəlar səviyyədə qurmağa çalışırlar. Ona görə də pillə-pillə inkişaf etməyə çalışırlar. İnanıram ki, yüksək liqada da intizamlı şəkildə mübarizə aparacaqlar. Çempionatda nələrin baş verəcəyini zaman göstərəcək. Artıq sabah yeni mövsüm start götürür. Oyunların gedişində hər şeyi daha aydın görəcəyik.

- Ötən mövsüm “Araz” demək olar ki, birayaqla çempion oldu. Cari mövsüm də eyni hal yaşanacaq?

- Məncə, cari mövsüm açıq-aşkar autsayder olmayacaq. Bu mövsüm bütün komandaların sona qədər mübarizə aparacaqlarını düşünürəm. Komanların heyətləri də zəif deyil. Baş məşqçi vəzifəsində də təcrübəli, işini bilən mütəxəssis yer alıb. Azarkeşlərin maraqlı mövsüm izləyəcəyini düşünürəm. Şübhəsiz ki, “Araz” çempionatın açıq-aşkar favoritidir.

- Çempionatda cəmi 7 komanda iştirak edir ki, bu da istər-istəməz rəqabətin azlığına gətirib çıxarır. Bunun acısını keçən il “Araz” UEFA Kubokunda yaşadı...

- Təbii ki, komandaların sayı çox olsa, daha da yaxşı olardı. Bu, hər birimizin istəyidir. İstərdik ki, 10,12, hətta 14 komanda olsun. İddialı kolkektivlərin, gərgin görüşlərin sayı daha çox olsun. Bu halda səviyyədə də qalxar, inkişaf daha sürətli gedər. Ancaq təəssüflər olsun ki, bugünkü gündə dediklərimiz sadəcə arzu olaraq qalır. Azərbaycan futzalı sponsor baxımından çox əziyyət çəkir. Yaxşı olardı ki, klub rəhbərlərinin maddi durumu imkan verdiyi halda, heyətə bir neçə əcnəbi oyunçular cəlb edilsin. Güclü legioner həm kluba, həm də çempionata faydalıdır. Bir qədər zamana ehtiyac var. “Araz”, “Ekol” və “Neftçi”də bu baxımdan çətinlik yoxdur. Düşünürəm ki, çempionatın bir neçə turu geridə qaldıqdan sonra klub rəhbərlərinin də həvəsi daha da artacaq.

“ONUN TƏYİNATI HƏR İKİ TƏRƏF ÜÇÜN FAYDALI OLACAQ”

- Ötən mövsüm əsas çatışmazlıqlardan biri də oyunların televiziya vasitəsi ilə yayımlanmaması idi. Bu məsələ haqda dəfələrlə söhbətlərimiz olub. Deyəsən, problem yoluna qoyulmaq üzrədir.

- Ölkə çempionatının püşkatma mərasimi zamanı bu məsələ geniş müzakirə olundu. Klublar da, federasiya da çempionatın yayımlanmasının tərəfdarıdır. Çünki bu, kütləvilik baxımından böyük əhəmiyyət daşıyır. Hazırda danışıqlar davam edir. “CBC-Sport” və AFFA rəhbərliyi arasında məsələ yenidən müzakirə ediləcək. Çalışırıq ki, heç olmasa hər turun 1 oyunu, mərkəzi görüşlər tamaşaçılara təqdime edilsim.

- Bildiyimiz qədər, “CBC-Sport” yayım üçün 2 şərt irəli sürüb. Oyunların vaxtı və məkanla bağlı. Kanal çempionat matçlarının həftəarası deyil həftəortası keçirilməsini, eləcə də qarşılaşmaların Bakı İdman Sarayında keçirilməsini istəyir.

- Vaxtla bağlı məsələ açıq qalır. Püşkatma zamanı klub nümayəndələri ilə də bu barədə söhbət aparıldı. Bir neçə komanda həftəarası oynamağa hazırdır. O ki qaldı yayıma, bu baxımdan hər hansı problem yoxdur. Onsuz da oyunların Bakı İdman Sarayında keçirilməsi nəzərdə tutulub. Sadəcə sentyabrən sonunda orada kitab sərgisi keçirildiyindən bu, mümkün olmadı. Məcburiyyətdən ilk tur “ABU-Arena”ya salındı. Amma artıq ikinci turdan məkanın dəyişdiriləcəyi gözlənilir.

- Yayımla yanaşı, KİV-in də sanki futzala marağı azdır. Bu haqda dəfələrlə yazmışıq. Əksər hallarda çempionat oyunlarını, turu heç bir jurnalist belə izləmir. Bunun  da bir çox səbəbləri var. Amma deyəsən, bir problemi Futzal Federasiyası artıq yoluna qoyub.

- Bəli, artıq federasiya ilə KİV arasında əlaqələndirici şəxs var. Bildiyiniz kimi, AFFA-nın əməkdaşı Məmmədov Mahal futzal federasiyasının mətbuat katibi təyin olunub. Düşünürəm ki, onun vasitəsi ilə mətbuatın futzala marağı daha da artacaq, əlaqələr daha da geniş olacaq. Mahal müəllimin bu istiqamətdə fəal olacağını düşünürəm.

“ARAZ” MÜTLƏQ QRUPU QALİB KİMİ BAŞA VURMALIDIR”

- “Araz”ı qarşıda UEFA kubokunun birinci mərhələ oyunları gözləyir. Razısız ki, Naxçıvan klubu Rumıniyaya yalnız maksimum nəticə üçün yollanmalıdır?

- “Araz”ın oyunları Rumıniyada keçiriləcək. Meydan sahibləri ilə yanaşı, təmsilçimiz Malta və Kosova klubları ilə üz-üzə gələcək. Özü də bu 2 ölkə təmsilçisi ilk dəfədir ki, seçmə mərhələni uğurla adlayaraq bu etapa yüksəliblər. Sizinlə tam razıyam. “Araz” mütləq bu qrupu birinci yerdə başa vuraraq Elit-raunda yüksəlməlidir. Hər hansı başqa nəticədən söhbət gedə bilməz. Komandamıza inanırıq. Üstəlik, yeni mövsüm öncəsi heyətə də əl gəzdirilib. Komandaya 3 yeni legioner qoşulub. İnanıram ki, “Araz” uğurlu çıxış edərək növbəti mərhələyə adlayacaq.

- Qarşıda millimizi da ciddi sınaq gözləyir. Yanvarda Sloveniyada keçiriləcək Avropa çempionatına hazırlıq necə gedir?

- Bildiyiniz kimi, millimiz tarixində ardıcıl 5-ci dəfə Avropa çempionatına vəsiqə qazandı. Bu da yaxşı nəticədir. 2018-ci ilin yanvarında Sloveniyada qitə birinciliyi keçiriləcək ki, bu turnirlə bağlı ümidlərimiz böyükdür. Son dünya çempionatındakı inamlı çıxışdan sonra komandamız qitə birinciliyində də adından söz etdirmək istəyir. Hazırlıq planı məlumdur. Çempionat öncəsi təlim-məşq toplanışları olacaq, eləcə də güclü rəqiblərlə yoxlama oyunlarında komandamız qüvvəsini sınayacaq.

Sabah Sloveniyada Avropa çempionatının püşkü atılacaq. AFFA-nı həmkin tədbirdə təmsil etmək üçün artıq gecə səfərə yollanacağam. Komandamızın qrupdakı rəqiblərinin kimliyi çox maraqlıdır. Dünən pley-off matçlarına yekun vuruldu. Maraqlıdır ki, Xorvatiya və Macarıstan milliləri qitə birinciliyindən kənarda qaldılar. Əvəzində Polşa və Fransa yığmaları çempionata vəsiqə qazandılar.

“FUTBOL KLUBLARININ NƏZDİNDƏ FUTZAL KOMANDASI DA OLSA...”

- Azərbaycan futzalının əsas problemi uşaq məktəblərinin, akademiyaların olmamasıdır. Bu sahədə kifayət qədər təcrübəniz var. Problemin çıxış yolunu nədə görürsüz?

- Premyer Liqada mübarizə aparan futbol klublarının nəzdində futzal komandası da yaradılsaydı, bu, əla olardı. Artıq Qazaxıstanda həyata keçirilən bu ideya Azərbaycan futzalının inkişafıba böyük töhvə verərdi. Təəssüf ki, hələ də bu ideyanı reallaşdırmaq mümkün olmur. Başa düşürəm, hazırda futbol klublarının maliyyə durumu heç də hamısında ideal deyil. Ona görə də nəinki ortabab klublar, hətta iddialı komandalar belə futzala maraq göstərmirlər. Gənclər üçün akademiyalar, məktəblər yaradılsa, çox yaxşı olardı. Onların olmaması futzalın inkişafına böyük zərbə vurur.  

Ölkə çempionatının püşkatma mərasimində 17 yaşlı oyunçuları bir yerə yığmışdıq. Onları olimpiya oyunlarında iştirak edəcəklər. Müşahidəmə əsasən deyə bilərəm ki, gənclər, yeniyetmələrdə bu idman növünə maraq çox böyükdür. Amma gənclərin məkanı yoxdur ki, inkişaf etsinlər. Elə yüksək liqada mübarizə aparan 7 klubun nəzdində gənclər komandası yaradılsa, bu, gənclərin yolunu açar.

- Futbolumuzda klubların qarşısına şərt qoyulub. Əvəzedici, eləcə də bir neçə yaş qrupu üzrə komandası olmayan klub çempionata buraxılmır. Eyni şərti futzalda da tətbiq etmək olmaz?

- Hələ vəziyyət o həddə çatmayıb ki, biz bunu klublardan tələb edək. Ama onlar daxildə özləri belə qərar qəbul etsələr, çox yaxşı olardı. Bu işdə klublar özləri daha çox maraqlı, istəkli olmalıdılar. Çünki bu halda klub özü üçün hazır oyunçular yetişdirəcək. Gedib kənarda oyunçu axtarmaq məcburiyyətində qalmayacaq. Təəssüf ki, hələ bunu edən yoxdur. Biz isə hazırda şərt qoya bilmərik. Bəlkə də gələcəkdə bu, mümkün olar.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30