20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Futzal

Yeni mövsümün startı ərəfəsində LAYİHƏ

Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində yazılarını davam etdirir. Dünən ölkə çempionatının 2017/18 mövsümünün püşkü atılıb. Budəfəki yazı da məhz mövsümün startına həsr olunur. Təqdim etdiyimiz yazıda püşkatmanın nəticəsi ilə yanaşı, iddialı klubların mövsüm öncəsi son durumları, çempionatdan gözləntilərindən xəbər tutacaqsınız. Eləcə də daim diqqətdə saxladığımız məsələdən - çempionatın oyunlarının yayımı ilə bağlı son yeniliklərdən agah olacaqsınız.

7 KOMANDA, 4 DÖVRƏ

Sentyabrın 27-də futzal üzrə ölkə çempionatının püşkü atılıb. AFFA-nın futbol akademiyasının binasında keçirilən püşkatma mərasimində əvvəlcə UEFA tərəfindən futzal məşqçiləri üçün hazırlanmış metodik vəsait iştirakçı klubların baş məşqçilərinə və nümayəndələrinə təqdim edib. Daha sonra qarşıdakı mövsümdə tətbiq olunacaq yeniliklər barədə məlumat verilib.

2017/18 mövsümündə çempionatda 7 komanda yarışacaq: “Araz”, “Ekol”, “Neftçi İK”, “Yasamal FK”, “Xəmsə”, “Marafon futsal” və “FK. İD FUTSAL”.

7 komanda 4 dövrədə mübarizə aparacaq ki, hər turda bir kollektiv meydana çıxmayacaq. İlk turda “Xəmsə” istirahət edəcək.

Mövsümün açılış turunda aşağıdakı kollektivlər üz-üzə gələcək:

“Ekol” - “Araz”

“Neftçi” - “Yasamal FK”

“FK. İD FUTSAL” - “Marafon futsal”

İlk turun oyunları “ABU Arena”da keçiriləcək.

“CBC-SPORT” YAYIM ÜÇÜN 2 TƏKLİF İRƏLİ SÜRÜB

Ölkədə 2 idman kanalı fəaliyyət göstərsə də, son mövsüm futzal çempionatının heç bir oyunu yayımlanmamışdı. Futbolxeber.az saytı olaraq bu mövzuya dəfələrlə toxunmuşuq. Elə bir müddət əvvəl, sonuncu dəfə bu məsələni müzakirəyə çıxararkən Futzal Federasiyasının prezidenti Zaur Axundov bildirmişdi ki, yeni mövsümdən “CBC-Sport” kanalı vasitəsi ilə ölkə çempionatının oyunlarının yayımlanması nəzərdə tutulub. Deyəsən, işıq ucu görünür. Elə püşkatmə mərasimində də bu məsələ geniş müzakirələrə yol açdı.

Məlum oldu ki, “CBC-Sport” kanalı çempionatın bütün matçlarını yayımlamağa hazırdı. Lakin bunun üçün kanal 2 şərt irəli sürüb. Birinci şərt oyun günləri ilə bağlıdır. Belə ki, adətən futzal çempionatının görüşləri həftə sonu - bazar günləri keçirilir. Bu isə “CBC-Sport”a sərf etmir. Çünki həmin vaxt futbol üzrə Azərbaycan, eləcə də Avropa ölkələrinin qarşılaşmaları keçirilir və futzal üçün boş yer tapmaq qeyri-mümkündür. Bu səbəbdən də kanal rəhbərliyi futzal çempionatının oyunlarının həftəarası - çərşənbə, yaxud cümə axşamı keçirilməsini təklif edib.

İkinci təklif isə məkanla bağlıdır. Belə ki, “CBC-Sport” oyunların “ABU-Arena”da deyil, Bakı İdman Sarayında (əvvəlki adı ilə Əl Oyunları sarayı-red.) keçirilməsini istəyir. Bu da yayım üçün arenada şəraitin daha yaxşı olmasından irəli gəlir.

... MƏSƏLƏ AÇIQ QALDI

Müzakirələr zamanı məlum oldu ki, elə Futzal Federasiyası da oyunların Bakı İdman Sarayında keçirilməsinin tərəfdarıdır. İlk turun görüşləri məcburiyyətdən “ABU-Arena”ya salınıb. Belə ki, 27-30 sentyabr tarixlərində Bakı İdman Sarayında kitab sərgisi təşkil olunur. Bu səbəbdən də artıq ikinci turdan oyunların məhz “CBC-Sport”un istədiyi kimi Bakı İdman Sarayında keçirilməsi gözlənilir.

Lakin matçların günü ilə bağlı ortaq məxrəcə gəlmək mümkün olmadı. Federasiya rəhbərliyi ilə klub nümayəndələri arasında keçirilən toplantıda hər hansı razılıq əldə edilmədi. Məhz bu səbəbdən də çempionatın yayım məsələsi müvəqqəti olaraq açıq qaldı.

“ÖTƏN MÖVSÜMLƏ MÜQAYİSƏDƏ DAHA GƏRGİN ÇEMPİONAT İZLƏYƏCƏYİK”

Püşkatmadan sonra ilk öncə “Neftçi” klubunun baş məşqçisi İlqar Aslanov fikirlərini öyrəndik. Təcrübəli mütəxəssis ötən mövsümlə müqayisədə heyəti gücləndirdiklərini bildirib: “Təlim-məşq toplanışını yenicə yekunlaşdırmışıq. Hazırlıq prosesində yoxlama oyunları da keçirdik. “Marafon”, “İtaldizayn” klubları ilə görüşdük. 1 matçda heç-heçə qeydə alındı, 2 görüşdə isə qələbə qazandıq. Heyətə yeni legionerlər cəlb etmişik. Düzdür, ötənilki heyətdən 3 təcrübəli oyumçumuz müəyyən səbəblərdən gedib. Amma düşünürəm ki, ötənillə müqayisədə heyəti gücləndirmişik. Keçənilki kimi yenə də medallar uğrunda müzariə aparacağıq”.

Ötən mövsümün ən yaxşı məşqçisi seçilən Aslanov cari mövsüm çempionatda rəqabətin artdığını düşünür: “Düzdür, çempionatda komanda sayı azdır. Lakin ötən illə müqayisədə daha gərgin çempionat izləyəcəyik. Hazırda bir çox komandaların heyətində legionerlər var. Biz də əlimizdən gələni edəcəyik ki, “Araz”a qarşı müqavimət göstərək. “Ekol”a da həmçinin. Yoxlama oyunları zamanı “Marafon” da çox yaxşı təsir bağışladı. Yalnız “Xəmsə” və “Yasamal”ın oyunlarını görməmişəm”.

“Neftçi”nin çalışdırcısı çempionatın oyunlarının yayımlanması məsələsinə də toxunub: “Təbii ki, biz də çempionatın yayımlanmasının tərəfdarıyıq. Həftənin hansı günündə meydana çıxmağın bizim üçün heç bir fərqi yoxdur. Çempionatın yayımı futzalın populyarlaşmasına dəstək olacaq. Televiziya 1 nömrəli reklamdı. Ən azından əsas oyunları yayımlasalar, çox yaxşı olardı”.

“ARAZ” GÜCLÜ OLSA DA, HƏDƏFİMİZ ÇEMPİONLUQDUR”

“Ekol”un rəisi Məzahir İsgəndərov debütantların çempionata rəng qatacağını düşünür: “İlk növbədə bütün rəqiblərə də, özümüzə də uğurlar arzulayırıq. 2 komanda çempionatın debütantıdı - “Marafon” və “İtaldizayn”. Düşünürəm ki, onlar çempionata rəng qatacaqlar. Çünki yoldaşlıq görülərində də yaxşı təsir bağışlayıblar. Yüksək liqaya layiqli komandalardılar. Düşünürəm ki, bizi qarşıda çox maraqlı mövsüm gözləyir”.

Klub rəsmisi qeyd edib ki, hədəfləri çempionluqdur: “Araz”ın heyətində legionerlər çoxdur. Komanda ölkəmizi Avropada təmsil edir. Güclü olmalıdır da. Amma bu o demək deyil ki, biz əlimizi yanımıza salıb, təslim olmalıyıq. Əsla belə deyil. Heç kim deməz ki, ikinci yerə görə oynayırıq. Biz də 10 ilin komandasıyıq. Hədəfimiz çempionluqdur. Qardaşı “Araz” kimi güclü kollektiv olsa da, əlimizdən gələni edəcəyik”.

“ÇEMPİONAT YAYIMLANSA, FUTZALI YENİDƏN İNSANLARA SEVDİRMƏK MÜMKÜNDÜR”

“Marafon”un icraçı direktoru Samir Məmmədov ilk növbədə komandada baş verən dəyişikliklərdən danışıb: “Komandamız 2 aydır məşqlərə başlayıb. Təlim-məşq toplanışı keçirmişik. 5 iranlı legioner transfer etmişik. Köhnə heyətdən yalnız 4 oyunçumuz qalıb. Buna görə də legionerlərlə yanaşı, heyəti yerli oyunçularla da gücləndirmişik. Məşqlərimiz intensiv keçir. Mövsümöncəsi yoxlama oyunları da keçirmişik”.

Klub rəsmisi çempionatda 8 deyil, 7 komandanın iştirak etməsinin səbəbini belə açıqlayıb: “Biz də istərdik ki, komanda sayı çox olsun. Amma təəssüflər olsun ki, rəqabətə uyğun 8-ci komanda tapılmadı. Bütün klublar yoxlama oyunları keçirirdi. Açıq-aşkar görünürdü ki, çempionatda mübarizə apara biləcək 8-ci komanda yoxdur. İndiki durumda komandaların səviyyəsi demək olar ki eynidir. Məncə, bu mövsüm digərlərindən fərqli olacaq. Bizi çox maraqlı çempionat gözləyir”.

Samir Məmmədov bu mövsüm “Araz”ın işinin asan olmayacağını hesab edir: “Araz”ın hegemonluğuna son qoymaq çətin məsələdir. Çünki bu komanda millinin özəyini təşkil edir. Heyətdə gücıü braziliyalılar var. Amma əminliklə deyirəm ki, “Araz”ın işi keçənilki kimi asan olmayacaq. Daha 18, 25 toplu qələbə qazana bilməyəcəklər”.

Sonda icraçı direktor yayım məsələsinə də toxunub: “Bu, komandalarda stimul yaradacaq. Çempionatın oyunları yayımlansa, futzalı yenidən insanlara sevdirmək mümkün olardı. Futzalsevərləri zallara cəlb etmək üçün bu, mütləqdir”.

“10-15 İL ƏVVƏL ZALDA YER OLMURDU”

“Araz”ın icraçı direktoru Marat Salyanski hələ püşkdən öncə ilk turda güclü rəqiblə qarşılaşmaq istədiklərini bildirib: “Hazırlığımız əsasən UEFA kubokuna uyğun qurulub. İyulun 24-dən komanda məşqlərə start verib. Oktyabrın 11-14-ü aralığında  Rumıniyada qitə kuboklarında mübarizəyə start verəcəyik. Püşkün nəticəsindən razıyıq. Çünki ilk turda avrokuboklar qabağı güclü komanda ilə qarşılaşmaq istəyirdik. Ya “Neftçi”, ya da “Ekol”la. Belə də oldu. İlk matçı “Ekol”a qarşı keçirəcəyik. Çempionatın startı ərəfəsində İranın ikinci ən güclü komandası ilə 2 yoxlama oyunu keçirdik. Hər iki matçda qələbə qazandıq. Bu oyunların komandamızın xeyrinə olacağını düşünürəm”.

Salyanski bu mövsüm rəqabətin daha gərgin olacağını söyləyib: “Biz də istərdik ki, hər tur “Ekol”, “Neftçi” kimi güclü komandalarla qarşılaşaq. Ötən mövsümlə müqayisədə bu çempionat daha gərgin olmalıdır. Əvvəl bizimlə mübarizə aparan 2 komanda idisə, bu il “Marafon” və “İtaldizayn”ın da müqavimət göstərəcəyini düşünürəm. Hazırda çempionatda aşkar autsayder yoxdur”.

“Araz” rəsmisi çempionata marağın olmamasından gileylənib: “Azarkeşlər baxımından bir qədər problem var. 10-15 il əvvəl zalda yer olmurdu. Hazırda millinin oyunlarına gələn 1500-2000 azarkeşi əvvəl çempionat matçlarında görürdük. “Gömrükçü”, “Tribut” və “Turan Air” kimi komandaların qarşılaşmalarında anşlar olurdu. Təəssüf ki, indi vəziyyət fərqlidir. Daha güclü təbliğat aparmaq lazımdır. Bunun üçün çempionatın yayımı da təşkil olunmalıdır. Bizim üçün həftənin hansı günü meydana çıxmaq önəmli deyil. Əsas odur ki, qarşılaşmalar yayımlansın”.

Hazırladı: İBRAHİM

“Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30