25 Sentyabr 2017, Bazar ertəsi
Ronaldinyo apreldə Bakıya gələ bilər
Birinci divizionun püşkü atıldı
“Bizi asan oyun gözləmir"
"Əşşi, kişi kişini vurar da..."

Futzal

“Arzum “Barselona”da oynamaqdı” - LAYİHƏ

Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində növbəti yazısını təqdim edir. Ötən yazıda Azərbaycan futzalının üzdə olan, sözün hər iki mənasında “1 nömrə”li yerli oyunçusu Rövşən Hüseynlinin idmana gəlişi, futzaldakı ilk addımlarından danışdıq. İkinci yazıda isə Rövşən gələcək planlarından, karyerası ilə bağlı arzularından, qarşıdakı Avropa çempionatı haqda gözləntilərindən söz açıb.

İlk hissə ilə bu linkdə tanış ola bilərsiz - http://www.futbolxeber.az/news/futsal/39734

“PORTUQALİYANI DA, ARGENTİNANI DA MƏĞLUB EDƏCƏKDİK”

Rövşənin millidəki ilk böyük turniri Avropa çempionatı olub. Qitə birinciliyində özünü yaxşı tərəfdən göstərən qapıçımız dünya çempionatında da adından söz etdirdi. Mundialdan öncə çoxları yığmamızdan ciddi uğur gözləməsə də, Miltinyonun komandası 1/4 finala qədər irəlilədi: “Dünya çempionatından öncə millidə ciddi dəyişikliklər oldu. Baş məşqçi getdi, heyətə yeni oyunçular cəlb olundu. Mundialdakı ilk matçda Mərakeş üzərində böyükhesablı qələbə qazandıq. İkinci qarşılaşmada isə ispanlara 2:4 hesabı ilə uduzduq. Həmin gün meydanı məğlub tərk etsək də, məhz o oyundan sonra gücümüzə inandıq. Başa düşdük ki, biz bütün komanalara qarşı oynaya bilərik. İspaniya yığmasının gücü hər kəsə məlumdur. Belə bir rəqibə başağrısı yaratmaq isə heç də asan deyildi. 1/8 finalda da Taylandı mübarizədən kənarlaşdırdıq. Növbəti rəqibimiz Portuqaliya idi. Təəssüf ki, son matçda mən də daxil olmaqla 3 oyunçu cəzalı duruma düşdü. Yekunda yarımfinala gedən yolda Portuqaliyaya minimal hesabla uduzduq. Bu, bizə çox pis təsir etdi. Çünki tam heyətlə oynasaydıq, Portuqaliyanı keçəcəkdik. Hər komanda öz gücünə bələddi. Məşqçinin güvəni başqa, oyunçuların özünəinamı başqa. Biz artıq Argentinanın da oyununu tapmışdıq. Onları mübarizədən kənarlaşdırmağın yolunu bilirdik. Amma təəssüf ki, Portuqaliyaya məğlubiyyət bütün planları pozdu. Bizim mübarizədən kənarlaşdıra biləcəyimiz Argentina isə sonda çempion oldu”.

Фото Rovshan Huseynli.

“HƏMİN UŞAĞI BİBİM OĞLUNUN ÖVLADLARININ YERİNƏ QOYDUM”

Dünya çempionatının gedişində inamlı oyunu ilə seçilən Rövşən həm də İranla matçdakı bir hərəkəti ilə diqqə çəkdi. Belə ki, qarşılaşmanın sonuna yaxın millimizin qapıçısı topu gecikdirən azyaşlının üstünə qışqırdı. Buna görə sarı vərəqə ilə cəzalanan yığmamızın qapıçısı dərhal uşağın könlünü aldı. Yenidən azyaşlıya tərəf dönən Rövşən onu qucaqlamaqla təkcə zala toplaşan azarkeşlərin alqışını qazanmadı, həm də vacib matçı televiziya ekranından izləyən onminlərlə insanın qəlbini fəth etdi. Hüseynlini bu hərəkəti hər kəsin ürəyincə idi. Azərbaycanlı gəncin jesti günlərlə sosial şəbəkələrdə müzakirə mövzusu oldu. Hər kəs onun hərəkətindən ağızdolusu danışırdı. Söhbətimiz zamanı həmin məqama toxunmaya bilməzdik: “İranla oyun hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki biz də, onlar da qrup ikincisi olmağı arzulayırdıq. Düzdür, üçüncü yerin sahibi də 1/8 finala adlayacaqdı. Amma bir var Braziliya ilə qarşılaşasan, bir də var Taylandla. Həmin hadisə sonda yaşandı. Qarşılaşmanın yekununa 53 saniyə qalırdı. Hesab 3:3 idi. Bu nəticə bizi tam qane edirdi. Amma rəqib qapıçısız mübarizə aparırdı. Biz isə dördüncü qolu vurmaq üçün yaxşı şans qazanmışdıq. Futzalda elədir ki, qapıçı top kənara çıxarkən artıq komanda yoldaşlarının harda olduğunu görür. Mən də Vassuranın boş olduğunu gördüm. Düşündüm ki, ona dəqiq ötürmə verə bilsəm, 100 faiz dördüncü qolu vuracağıq. Bu isə qələbə demək idi. Qalan vaxt ərzində İranın nəsə etməsi inandırıcı deyildi. Ona görə də tələsirdim ki, topu dərhal Vassauraya ötürüm. Amma gördüm ki, top əlində ola-ola o, vaxtı uzadır. Bu səbəbdən də əsəblərimə hakim ola bilmədim. Belə hallar olur. Məşqdə də bəzən görürsən ki, adam özündən çıxır. Həm də qapıçılar meydan oyunçularından daha əsəbi olurlar. Ona görə də özümdən asılı olmayaraq uşağın üstünə qışqırdım. Sonra isə səhv etdiyimi anladım. Bilirsiz, o uşaq ora bizim üçün, bizə dəstək olmaq üçün gəlib. Həm də hər kəsin əzizi, qohumda-əqrabada çox istədiyi uşaq var. Mən də bibim oğlunun övladlarını çox istəyirəm. Bir anlıq uşağı onların yerinə qoydum. Buna görə də dərhal geri qayıdıb onun könlünü aldım. Bu, mənim bir azərbaycanlı kimi borcum idi. Özü də növbəti oyundan öncə məşqə çıxanda gördüm ki, həmin uşaq yenə zaldadı. Hələ “razminka” vaxtı onunla salamlaşdım. Daha sonra isə ona Azərbaycanın gerbini hədiyyə etdim. Qoy, bizdən uşağa əbədi xatirə qalsın”.

Фото Rovshan Huseynli.

“AVROPA VƏ DÜNYA ÇEMPİONATININ ƏN YAXŞI QAPIÇISI SEÇİLMƏK İSTƏYİRƏM”

26 yaşı olsa da, Rövşən artıq Avropa və dünya çempionatında çıxış edib. Bu gün “Araz”ın və yığmamızın “1 nömrə”sidir. Bəs qolkiperin bundan sonrakı hədəfləri nədir: “Daim yüksəkdə olmaq istəyirəm. Azərbaycan yığmasında qapını ələ keçirmişəmsə, etimadı doğrultmalıyam. Hələ uzun illər yüksək səviyyədə oyun göstərməliyəm. Mənə inanların, şans verənlərin ümidini doğrultmalıyam. Onları məyus etməyə haqqım yoxdur. Ötən Avropa çempionatında seyvlərə rekord qırdım. Dünya çempionatında da digərləri ilə müqayisədə az oyun keçirməyimə baxmayaraq, ən çox seyv edən qapıçılar arasında yer aldım. Təəssüf ki, 1/4 finalda uduzduq. Komandamızın uğurundan sonra fərdi olaraq da məqsədim var idi. Mundialın ən yaxşı qaçısı seçilmək istəyirdim. Bəlkə də daha irəli getsəydik, məqsədimə çatardım. Lakin alınmadı. Buna baxmayaraq, məqsədim dəyişilməz qalır. Milli ilə birgə titul qazanmaqla yanaşı, özüm də Avropa və dünya çempionatının ən yaxşı qapıçısı seçilmək istəyirəm. Bu, idmançı kimi mənim arzumdur. İnanıram ki, gələcəkdə istəyimə çatacağam”.

“ARAZ”DAN ZƏİF OLAN XARİCİ KLUBDA OYNAMAQ İSTƏMİRƏM”

Yuxarıda qeyd etdiyimiz kimi, Rövşən həm Avropa, həm də dünya çempionatında özünü yaxşı tərəfdən göstərib. Bu halda ola bilməz ki, əcnəbi klublar millimizin qapıçısına maraq göstərməsin: “Bir çox təkliflər olub. Ötən il, bu il bir neçə klub mənimlə maraqlanıb. Yanvarda da əcnəbi klubda keçə bilərdim. Amma mən “Araz”dan zəif olan xarici klubda oynamaq istəmirəm. Təklif aldığım klubların da hamısı reytinqcə “Araz”da aşağı olublar. Buna görə də bu günə kimi ölkə xaricindən aldığım bütün təklifləri geri çevirmişəm. Hər bir oyunçu kimi mən də ölkə xaricində çıxış etməyi, Azərbaycanın adını uca tutmağı çox istəyirəm. Amma “Araz”dan zəif kluba keçməkdə məna görmürəm. İnanıram ki, zamanı gələndə legioner həyatı yaşayacağam. Arzum “Barselona”da oynamaqdı. Bu klub olmasa belə, o səviyyədə hansı komandaya keçməyi planlaşdırıram. Təbii ki, bunun üçün rəhbərliyin də razılığı olmalıdı. Çünki bu səviyyəyə çatmağımda, tanınmağımda özümün rolu 20-30 faizdisə, onların rolu 70-80 faizdi. Odur ki, legioner həyatı yaşamağım üçün rəhbərliyin də razılığı mütləqdi. Yalnız onların halallığını aldıqdan sonra ölkə xaricinə yollanacağam”.

FUTZAL RÖVŞƏNƏ NƏ QAZANDIRIB?

“Futzal, karyeram, tanınmağım mənə dostlar deməzdim, çoxlu yeni tanışlıqlar verib. Artıq hiss edirsən ki, az da olsa, insanların sənə xüsusi marağı var. İstər həyatda olsun, istər sosial şəbəkələrdə. Yalan nə deyim, bu cür hissləri yamaşağı hər kəs istəyir. Tanınmaq insana xoşdu. Bayaq səni gözlədiyim 10 dəqiqə ərzində (Rövşənlə ticarət mərkəzlərindən birində görüşmüşdük - İ. C.) 2-3 nəfər yaxınlaşıb, salamlaşdı. Tanımadığın insanların marağı təbii ki, çox xoşdu. Amma gərək o məşhurluğa layiq olasan. Meydanda inamlı oyununu görə insanlar səni alqışlayır. Gərək həyatda da bu etimadı doğruldasan”.

Фото Rovshan Huseynli.

“SÖZ VERİRƏM, HEÇ VAXT “ULDUZ XƏSTƏLİYİ”NƏ TUTULMAYACAĞAM”

Bir çox gənc idmançılarımız erkən yaşda uğura nail olduqda, böyük pullar qazandıqda, bahalı müqavilələrə imza atdıqdan sonra “ulduz xəstəliyi”nə tutulurlar. Bu da onların karyeralarında eniş yaradır. Geridə qalan müddətdə belə “problem”lə üzləşməyən Rövşən gələcəkdə də dəyişməcəyini deyir: “Ulduz xəstəliyi”nə tutulmayacağıma söz verə bilərəm. Belə şeyin olması mümkün deyil. Mən bu gün millinin, “Araz”ın qapısını qoruyuramsa, ilk növbədə özümü, ailəmi təmsil edirəm. Kimin oğlu olduğumu insanlar bilir. Atam işə gedəndə istəmərəm ki, ona “oğlun dünən zəif oynadı” desinlər. Bunu qəbul edə bilmərəm. Bu səviyyətə çatmaq üçün çox əziyyət çəkmişəm. Belə də qalmaq üçün dayanmadan çalışıram. Sabah cibimdə pul ola bilər. Amma özümü pis tərəfdən göstərsəm, həmin bayaq dediyim 2-3 nəfər mənə daha salam verməyəcək”.

“DAXİLİ ÇEMPİONATIN ZƏİF OLMASI BEYNƏLXALQ ARENADA BİZƏ PROBLEM YAŞADIR”

Yaxın keçmişdə, futzal üzrə Azərbaycan çempionatında “Araz”la yanaşı, “Xəzər adaları”, “Fənərbaxça” kimi komandalar da qızıl medallar uğrunda yarışırdılar. Üstəlik, “Ekol” və “Neftçi”ni də yaddan çıxarmaq olmaz. Hər turun mərkəzi oyunlarına maraq kifayət qədər böyük olurdu, zalda ajiotaj yaşanırdı. Təssüf ki, son mövsümdə bunun tam əksini gördük. Çempion olan “Araz” hətta əsas rəqibləri “Neftçi” və “Ekol” üzərində belə, rahatlıqla 5-6 top fərqlə qələbə qazandı. Rövşən deyir ki, bu cür asanlıqla çempion olmaq onların da ürəyincə deyil: “Təbii ki, rəqabətin olmaması bizə də mənfi təsir göstərir. Oyunlarda mütləq psixoloji gərginlik olmadı. Məsələn, birinci hissədən sonra 0:2 hesabı ilə uduzursan, fasilədən sonra mütləq oyunda dəyişiklik etmək lazımdı. Oyunun gərginliyi hiss olunmalıdı. Bu gün Azərbaycan çempioantında məhz bu məqam çatışmır. Bu da bizə beynəlxalq turnirlərdə çətinlik yaradır. Hazırda əsas rəqiblərimiz “Neftçi” və “Ekol”dur ki, onlar üzərində də 5-6 top fərqi ilə qələbə qazanır. Belədə oyunçu necə inkişaf edəcək? Götürüm özümü. 40 dəqiqədə ərzində qaıya 10 zərbə gəlirsə, bu, futzal elə deyil. Rəhbərlik çalışır bu problemi beynəlxalq yoxlama oyunları ilə aradan qaldırsın. Lakin hər zaman yoldaşlıq görüşü üçün ciddi rəqib tapmaq olmur”.

Фото Rovshan Huseynli.

“AVROPA ÇEMPİONATINDA UĞUR QAZANMAQ İSTƏYİRİK”

Bir neçə ay əvvəl Azərbaycan millisi ardıcıl beşinci dəfə Avropa çempionatına vəsiqə qazandı. Əvvəlki yarışlarda yığmamızın ən yaxşı nəticəsi dördüncü yer olub. Son dünya çempionatında isə millimiz beşinci olduğundan indi azarkeşlər komandaya daha çox inanırlar. Fanatların fikrincə, mundialda beşinci yeri tutan komandamızdan 2018-ci ilin yanvarında Sloveniyada keçiriləcək qitə birinciliyində medal gözləmək olar. Sonda Rövşənin məhz qarşıdakı Avropa çempionatı ilə bağlı fikirlərini öyrəndik: “Azarkeşlərin belə düşünməsi normaldı. Təbii ki, biz də Sloveniyada uğur qazanmaq istəyirik. Amma bir məqamı unutmaq olmaz. Dünya çempionatında iştirakçıların sayı daha çoxdur. Avropa çempionatında isə cəmi 12 komanda yarışır ki, onlar da ən güclülərdi. Qitə birinciliyində zəif, təsadüfi komanda olmur. Cəmi 12 yer var ki, onun da biri meydan sahibidir. Qalan 11 yer uğrunda isə gərgin mübarizə gedir və yalnız bir neçə mərhələni uğurla adlayan kollektivlər çempionata vəsiqə əldə edirlər. Biz özümüz də uğur qazanmağı istəyirik. Heç kim istəməz ki, çəkdiyi əziyyət hədər getsin. Slovenyada yaxşı nəticə qazanmaq, Azərbaycanın adını uca tutmaq üçün əlimizdən gələni edəcəyik”.

Söhbətləşdi: İBRAHİM

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2017
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30



Click to Visit