28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Futzal

“Klub prezidentinə də “vetnamka”da medal təqdim edərlər?” LAYİHƏ

Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində ilk yazısını təqdim edir. Bu yazıda Azərbaycan futzalının hazırkı problemlərini, vəziyyətdən çıxış yolunu gənc məşqçi Elnur Qəmbərovla birgə tapmağa çalışdıq. Söhbət zamanı hazırda Kanadada yaşayan mütəxəssisin karyerasına nəzərə saldıq, ölkədən getməsindən danışdıq və futzalımızdakı çatışmazlıqları müzakirə etdik.

GİRİŞ ƏVƏZİ

Futzal Azərbaycanda ənənəsi olan idman növüdür. Hələ SSRİ vaxtı bu idman növünə ölkəmizdə böyük maraq olub. Lakin son zamanlar Azərbaycan futzalı dedikdə ağla ilk olaraq braziliyalılar gəlir. Yerli oyunçuların kölgəyə çəkilməsinin bir çox səbəbləri var. Təbii ki, bunun ilk və əsas səbəbi ölkəmizdə futzal məktəblərinin olmamasıdır. Futzala gələnlərin bir çoxu bu idman növünə futboldan gəlir. Bu yazımızın qəhrəmanı Elnur Qəmbərov kimi. Yaşının elə çox olmasına baxmayaraq, Qəmbərov adını Azərbaycan futzalı tarixinə yazdırmağı bacarıb. Oyunçu kimi “Turan Air”, “Araz” kimi iddialı klublarda, eləcə də yığmamızda çıxış edib. Məşqçi kimi isə ardıcıl 2 çempionluq yaşayıb. Əvvəl birinci divizionda, sonra yüksək liqada. Şübhəsiz, güclülər dəstəsində qazanılan qızıl medal daha mühüm əhəmiyyət kəsb edir. Çünki 2014-2015 mövsümündə qazanılan bu uğur sayəsində gənc məşqçi Azərbaycan çempionatında əcnəbi mütəxəssislərin uzun müddətdir davam edən hegemonluğuna son qoyub...

DEBÜT, ÇEMPİONLUQ VƏ “İLİN ƏN YAXŞI MƏŞQÇİSİ”

Elnur Qəmbərovla söhbətimizə ilk öncə futzala gəlişindən başladıq. Yuxarıda qeyd etdiyimiz kimi, onun da futzala gəlişi “böyük futbol”dan başlayıb:

“6 yaşımdan Yaşar Abdulovun rəhbərliyi altında Kazbek Tuayevin futbol məktəbində məşqlərə başlamışam. Daha sonra 16 yaşım olanda Azər Cabbarovla birgə Vaqif Sadıqov məni “Neftçi”yə dəvət etdi. 1996-97 mövsümünün sonunda “Neftçi”nin heyətində çempion olduq. Düzdür, “Neftçi”yə qədər qardaşlarım İlham və Vüqar Qəmbərovlara görə məni “Bakı Fəhləsi”nə də cəlb etmişdilər. Lakin orada rəsmi oyuna çıxmamışdım. Daha sonra “Şəfa”da, Qəhrəman Əliyevin rəhbərliyi altında “Şəmkir”də çıxış etdim. Son klubum isə “Xəzər Lənkəran-2” oldu.

Futbolçu karyeramı bitirməmişdən öncə artıq futzalla məşğul olurdum. 2001-ci ildə Elman Ələkbərov məni “Turan AİR”ə dəvət etmişdi. Sonra “Ekol”a keçdim. Həmin vaxt bu komanda həvəskarlar liqasında çıxış edirdi. Sonra isə Böyükağa Hacıyev məni “Araz”a apardı. Naxçıvan klubuna Joze Alesio rəhbərlik etdiyi vaxt onunla sözümüz çəp gəldi. Beləcə, komandadan ayrıldım. Yenidən “Ekol”a qayıtdım. Son klubum “Xəzər adaları” oldu. 2013-cü ildə komanda həvəskar liqasında çempionluğu qazandı və bu, məşqçi kimi debütum idi”.

Növbəti mövsüm “Xəzər adaları” Premyer Liqada debüt etdi və ilk cəhddəcə qızıl medallara sahib çıxıb. Hazırda Azərbaycan çempionatında at oynadan “Araz”ın gücü o zaman ancaq bürünc medala çatdığı halda, çempionluq uğrunda “Xəzər Adaları” və “Fənərbaxça” mübarizə aparırdı. Bu 2 komandanın oyunları zamanı “ABU Arena”da anşlaq olurdu. Gərgin mübarizənin sonunda məhz Elnur Qəmbərovun komandası çempionluğu bayram etdi:

“Həmin mövsüm çempionat çox gərgin keçdi. “Fənərbaxça”, “Araz”la oyunlarımız çox maraqlı alınırdı. Yekunda qızıl medallara sahib çıxdıq. Eləcə də ilin ən yaxşı məşqçisi adını qazandım. Təbii ki, bütün bunlar məni çox sevindirirdi”.

AVROPA YOLUNDA “QIRMIZI İŞIQ”

Lakin çempionluqdan az sonra “qara günlər” başlayır. “Xəzər Adaları”na sponsorluq edən Hacı İbrahim Nehrəmli kimi tanınan biznesmenin işləri qaydasında getmir ki, bu da birbaşa komandanın taleyinə mənfi təsir edir. Yekunda “Xəzər Adaları” alın təri ilə haqq etdiyi UEFA Kubokunda mübarizəyə qoşula bilmir:

“Çempion olduğumuz üçün qitə kuboklarında yarışmalıydıq. Lakin həmin vaxt komandada maliyyə problemləri başladı. Bununla belə, “Xəzər adaları”nın dağılmasının qarşısını almaq olardı. Avropada çıxış etmək üçün ciddi bir problem yox idi. Çünki qaydalara əsasən, UEFA bu yarışa qatılan komandaların bütün xərclərini qarşılayır. Bizim öhdəmizə düşən yalnız iştirak idi. Təəssüf ki, AFFA “Xəzər Adaları”nın turnirə qatılması üçün heç bir addım atmadı. Hətta həmin vaxt mən təklif etdim ki, UEFA kubokuna yerli oyunçularla qatılaq, sonra mən komanda üçün sponsor tapacağam. Amma buna da imkan vermədilər. Bizim əvəzimizə “Araz”ı yarışa yollamaq istəyirdilər. Lakin UEFA buna imkan vermədi. Bildirildi ki, turnirə ancaq çempion komanda qatılmalıdı”.

“AZƏRBAYCANDA FUTZAL TƏBLİĞ OLUNMUR” 

Son dünya çempionatına millimizin 1/4 finala yüksəlməsinə, eləcə də ardıcıl beşinci dəfə Avropa çempionatına yüksəlməyimizə baxmayaraq, bu gün Azərbaycan futzalında problemlər kifayət qədərdir. Elnur Qəmbərov futzalımızın əsas problemlərini belə izah edir: “Bu gün təbliğat yoxdu. Ölkə çempionatının gedişatından, turnir cədvəlindən, nəticələrdən kimin xəbəri var? Mən də daxil çox adam məlumatsızdı. Çünki futzala maraq yoxdu. Adicə oyunların harada keçirilməsindən, nəticələrdən xəbərdar deyilik. Təbliağı olmayan sahə necə inkişaf edə bilər. Uşaq məktəbləri yoxdu. Yeniyetmələr, gənclər futzalla harda, necə məşğul olsunlar. Kimə müraciət etsinlər? Məktəb olmayandan sonra oyunçu necə yetişəcək? Sponsor gəlir, yolaverdi olur. Bir dəfə çempion olmuşduq, klub prezidentinə medalı təqdim edən adamın ayağında “vetnemka” vardı. Klub prezidentinə də “vetnamka”da medal təqdim edərlər?

Bu gün Azərbaycanda demək olar ki, normal klub yoxdu. Bircə “Araz”dı, o da millinin sayəsində formalaşıb. “Ekol”, “Neftçi” ya başqaları nəyə görə oynayırlar? Hər dəfə ikinci yeri tutmaq üçün? İrəliləyiş yoxdu. “Araz” 20:0, 40:0-lıq qələbə qazanır. Belə oyun kimə lazımdı? Yaxud bu cür nəticələrlə necə inkişaf olacaq?” 

“SORUŞAN YOXDU Kİ, RÖVŞƏN NECƏ ORTAYA ÇIXDI?”

Elnur Qəmbərovun fikrincə, yerli, gənc oyunçulara şans verilməlidir. Bunun üçün hətta ölkə çempionatında limit də tətbiq etmək mümkündür: “İstər “Araz”da, istərsə də millidə oynayanlar legionerlərdir. Cəmi 4-5 yerli, üzdə olan oyunçu var. Yaxın keçmişdə Seymur, Elvin Quliyev var idi. Sual verən yoxdu ki, indi o uşaqlar hardadılar? Hamısı itib-batıb. Problemlərdən biri də odur ki, rəqabət yoxdu. Bəzi komandalar ad olsun deyə yaşayırlar. Hər komandada 17-18 yaşlı uşaqlar oynamalıdır. Ən azı 1-2 nəfər olmalıdı. Məncə, futboldakı kimi futzalda da ölkə çempionatında yaşla bağlı limit tətbiq olunmalıdı. Bu gün daha çox seçilən gənclər Xətai, İsa, Rövşən və digərləridi. Rövşən hazırda Azərbaycanın “1 nömrəsi”di. Kifayət qədər də güclü qapıçıdı. Amma sual verən yoxdu ki, o necə ortaya çıxdı? Məcburiyyətdən ona şans verdilər, Rövşən də bundan lazımınca yararlandı. Deməli, gənclərə imkan vermək lazımdır ki, özlərini göstərə bilsinlər”.

“HANSI AZƏRBAYCANLI MƏŞQÇİ ÖLKƏ XARİCİNDƏ SEMİNARDA, KURSDA İŞTİRAK EDİR?”

E. Qəmbərovun fikrincə, Azərbaycan futzalındakı problemlərdən biri də məşqçilərlə bağlıdır. Belə ki, yerlik mütəxəssislərə şans yaradılmır:

“Millidə ancaq əcnəbilər çalışır. Yalnız klublarda yerli məşqçilər fəalliyət göstərir ki, onlar da inkişaf etmirlər. Yerli məşqçilər üçün şərait yaradılmır. Hansı azərbaycanlı məşqçi sonuncu dəfə ölkə xaricində seminarda, kursda iştirak edib? Təvazökarlıqdan uzaq olsun, amma məndən başqa gedə olmayıb. 2-3 dəfə kursa yollandım. Əcnəbi klubların düşərgəsində təcrübə topladım. Moskva “Dinamo”sunun, “Qaznprom”un iş prinsipi ilə tanış oldum. Bütün bunları öz hesabıma edirdim. Yalnız bir dəfə məni xaricə Hacı İbrahim yollamışdı.

Bəzi iş adamları futzala maraq göstərirlər, pul buraxırlar. Amma onlara qarşı diqqət sıfır dərəcəsindədir. Federasiya həmin məşqçiləri yığıb bir görüş keçirmir. O vaxt “Akkord” komandası var idi. Orda da çalışmışam. Həvəskar liqasında çempion olduq, I divizionda ikinci yeri tutduq. İndi hardadı o komanda, onun sponsoru?

BÜTÜN BUNLARDA GÜNAHKAR AFFA-DI

Bir dəfə Donetskə beynəlxalq turnirə yollandıq. “Letni kubok”da iştirak etdik. Komandada Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Rüstəm Bağırzadə kimi yerli oyunçular var idi. Çempion olub vətənə qayıtdıq. Lakin bizi qarşılayan, quru “sağ ol” deyən də olmadı. Halbuki xarici ölkədə Azərbaycanın adını uca tutmuşduq, bayrağımızı yüksəltmişdik. Gedəndə heç Azərbaycanın, AFFA-nın bayrağını da verən olmadı ki, xaricə yollanırsız. Bəlkə lazım olar. Bir sözlə, futzaldakı problemlərin önündə laqeyidsizlik gəlir”.

MƏCBURİYYƏTDƏN VƏTƏNDƏN AYRILDI

Yekunda 1 ildən artıq işsiz qalan Elnur Qəmbərov vətəni tərk edib. Kanadaya üz tutan gənc məşqçi bunun səbəbini belə izah edir: “Bir neçə dəfə AFFA-ya müraciət etdim. Lakin hər dəfə “bir az da gözlə” cavabını eşidirdim. Yekunda məcbur olub ailəmi də götürüb, Kanadaya gəldim. Ailəmiz idmanla yaşayır. Mənim kimi həyat yoldaşım da idmana bağlı insandır. Belə ki, o, bədii gimnastika üzrə ilk azərbaycanlı beynəlxalq dərəcəli hakimdir. Üstəlik, əməkdar məşqçidir də. 2 oğlum var. Biri 13, digəri 9 yaşındadır. Kiçik oğlum futbolla məşğul olur. Gələcəkdə yolumu davam etdirəcəyinə inamım böyükdür.

Kanada ilə Azərbaycan futzalının müqayisə etmək olmaz. Burada komandaların çox az qismi peşəkardır. Onlardan biri də çalışdığım “Toronto”dur. Məvacib elə də yüksək deyil. Amma uşaq komanlarına diqqət çox böyükdür. Uşaqlara göstərilən qayğı baxımıdan bura Avropanın bir çox ölkələrindən üstündü də. Geyim, şərait, meydançalar - hərdən ağzım açıq qalır. 2 yaş - 9-10 və 13-14 yaşlı uşaqlarla çalışıram. Hazırda başqa şəhərin klubundan təklif almışam. Hər şey qaydasında getsə, tezliklə yenidən böyüklərlə çalışacağam. Təbii ki, mən də istərdim vətənimdə çalışım. Bacarığımı Azərbaycan futzalı yolunda sərf edim. Təəssüf ki, vətəndə belə bir fürsətim olmadı”.

Hazırladı: İBRAHİM

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31