20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Futzal

V sınaq öncəsi tarixə səyahət: Peresin komandasını ruslar dayandırdı LAYİHƏ

Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsini davam etdirir. Layihəyə Azərbaycan millisinin Avropa çempionatındakı çıxışları ilə bağlı silsilə statistik yazılarla start vermişik. Budəfə artıq sözügedən mövzu ilə bağlı son yazımızı təqdim edirik:

PERESİN İLK SINAĞI

Joze Alessionun qalmaqallı gedişindən sonra millimizin baş məşqçi vəzifəsi Tino Peresə tapşırıldı. İspan mütəxəssisin ilk sınağı AÇ-2016-nın seçmə mərhələsinə təsadüf edirdi.

Əsas seçmə mərhələnin görüşləri UEFA-nın qərarı ilə yenə Bakıya təyin olunmuşdu. Qitə birinciliyinə yollanmaq üçün yığmamız Belçika, Danimarka və Ukrayna ilə mübarizə aparırdı.

UKRAYNAYA UDUZUB, İKİNCİ OLDUQ

2015-ci il martın 18-də “Sərhədçi”də keçirilən ilk görüşdə yığmamız Belçika ilə qarşılaşırdı. Azarkeşlərin dəstəyi ilə millimiz tsiklə 3:1 hesablı qələbə ilə başladı. İkinci matçda yığmamız Danimarkanı sınağa çəkdi. Skandinaviyalılarla matç Azərbaycan yığması üçün “asan gəzinti” oldu. Belə ki, qarşılaşma millimizin 11:2 hesablı qalibiyyəti ilə tamamlandı.

2 turdan sonra Azərbaycan yığması kimi Ukrayna da maksimum nəticə toplamışdı. Bu səbəbdən də sonuncu turda keçirilən Azərbaycan - Ukrayna matçı həlledici əhəmiyyət kəsb edirdi. Hər iki komandanın 6 xalı olsa da, son tur öncəsi qrupda birinci pilləni topların daha yaxşı fərqinə görə millimiz tuturdu. Bu isə o demək idi ki, Ukrayna ilə görüşdə heç-heçə də millimizi qitə birinciliyinə daşıyacaqdı. Lakin matç Azərbaycan yığmasının 2:3 hesablı yenilgisi ilə bitdi. 

SERBİYAYA GEDƏN YOL SLOVAKİYA ÜZƏRİNDƏ QƏLƏBƏDƏN KEÇİR

Buna görə də komandamız Ukraynanın ardından qrupda ikinci oldu. Ukrayna millisi AÇ-2016-ya birbaşa vəsiqə qazandığı halda, yığmamız seçmə mərhələ səddini aşmalıydı. Püşkün nəticəsinə əsasən, millimiz pley-offda Slovakiya ilə qarşılaşırdı. Tərəflər arasında ilk oyun 2015-ci il sentyabrın 19-da Bakıda keçirildi. Görüş millimizin 3:1 hesablı qələbəsi ilə tamamlandı.

1 həftə sonra Slovakiyada keçirilən qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə yekunlaşdı. 2 oyunun nəticəsinə görə 4:2 hesablı qələbə qazanan millimiz ardıcıl dördüncü dəfə Avropa çempionatına yüksəldi. 

YUBİLEY ÇEMPİONATI

2016-cı ilin 2-13 fevralı tarixlərində Setbiyada keçirilən futzal üzrə Avropa çempionatı sayca X qitə birinciliyi idi. Yarışın bütün oyunları eyni məkanda - “Belqradskaya Arena”da keçirilirdi. Əslində, 20 min tamaşaçı tutumuna malik olan zalın adı “Kombank Arena”dır. Lakin kommersiya məsələsinə görə, qitə birinciliyində məhz “Belqradskaya Arena” adını daşıyırdı.

File:Belgrade Arena north.jpg

Qitə birinciliyində 12 komanda iştirak edirdi ki, onlardan  yalnız Qazaxıstan millisi turnirin debütantı idi. Qazaxlarla yanaşı, yalnız Macarıstan qitə birinciliklərindəki təcrübəsi baxımından Azərbaycandan geri qalırdı. Çempionatın ənənəvi favoritləri olan İspaniya, İtaliya və Rusiya yığmaları isə indiyədək keçirilən bütün çempionatların iştirakçısı olublar.

İKİNCİ DƏFƏ 1/4 FİNALDA

Püşkün nəticəsinə əsasən, Azərbaycan millisi İtaliya və Çexiya ilə eyni qrupda yer alırdı. “Skuadra Adzurra” son Avropa çempionu olsa, ikinci səbətdən yığmamızın bəxtinə ən zəif komanda - Çexiya düşmüşdü. Hər halda, heç kim Çexiyanın əvəzinə Portuqaliya, Ukrayna və ya Xorvatiya ilə qarşılaşmağı istəməzdi.

Qrupdakı ilk oyunda millimiz İtaliya ilə qarşılaşdı. 2016-cı ilin 3 fevralında keçirilən matç yığmamızın 0:3 hesablı yenilgisi ilə yekunlaşdı.

Fevralın 5-də Azərbaycan yığması həllecidici sınağa çıxdı. Rəqib Çexiya idi. Növbəti mərhələyə adlamaq üçün Peresin komandası mütləq qələbə qazanmalıydı. Bu halda, 99 faiz 1/4 finala vəsiqə qazanacağdıq. Çünki son görüşdə İtaliyanın Çexiyaya uduzması möcüzə olardı.

Matça fəal başlayan millimiz 7 dəqiqənin tamamında 2:0 hesabı ilə üstünlük qazanmışdı. Əvvəlcə Rizvan Fərzəliyev, daha sonra Vitali Borisov çexləri məyus etdi. Amma rəqib təslim olmaq fikrində deyildi. Nəticədə ilk yarı millimizin 4:3 hesablı üstünlüyü ilə başa çatdı.

Fasilədən sonra Novotnının qolu ilə status-kvo bərpa olundu. 27-ci dəqiqədə yığmamız yenidən önə keçdi. Avqusto 5-ci qolumuzu vurdu. Amma çexlər yenə də qapımıza yol tapmağa müvəffəq oldular. Kovaç sona 9 dəqiqə qalmış bərabərliyi təmin etdi. Son dəqiqələr gərgin mübarizə şəraitində keçdi. Son saniyələrdə Rafaelin vurduğu qol Azərbaycan millisinə 6:5 hesablı qələbə qazandırdı.

Fevralın 7-də İtaliya millisi Çexiyanı 7:0 hesabı ilə darmadağın etdi. Nəticədə “Skuadra Adzurra” maksimum nəticə, millimiz isə 3 xalla qrupda ikinci yeri tutdu. Bununla da Azərbaycan yığması tarixində ikinci dəfə Avropa çempionatında 1/4 finala vəsiqə qazandı.

RUSİYA SƏDDİ KEÇİLMƏZ OLDU

1/4 finalda millimizin rəqibi “C” qrupunun qalibi Rusiya yığması idi. Ruslar Qazaxıstan (2:1) və Xorvatiya (2:2) ilə matçlarda 4 xal toplamaqla ən yaxşı 8 komanda sırasına yüksəlmişdilər.

2016-cı ilin 9 fevralında keçirilən matçı belçikalı Paskal Lemal idarə edirdi. 7-ci dəqiqədə Abramov görüşdə hesabı açsa da, 1 dəqiqə keçməmiş Avqusto Azərbaycan yığmasının cavab qolunu vurdu.15-ci dəqiqədə rusları ikinci dəfə önə keçirən Ramolu həm də ilk yarının yekun nəticəsini müəyyənləşdirdi.

Fasilədən sonra da millimiz rusların qarşısını almaqda çətinlik çəkirdi. Bunun nəticəsidir ki, 2 dəqiqə ərzində Lima və Abramovun qolları demək olar ki, matçın taleyini həll etdi. Avqustonun dublu ilə yığmamız azacıq ümidlənsə də, son 2 dəqiqədə 2 qol vuran Lima yekun nəticəni müəyyənləşdirdi. Yekunda 2:6 hesabı ilə uduzan Azərbaycan millisi Avropa çempionatı ilə 1/4 finalda vidalaşdı. 

8-İ MƏLUM, 4-Ü NAMƏLUM

Bu ilin aprelində Bakıda keçirilən seçmə mərhələ oyunlarını Azərbaycan millisi maksimum nəticə göstərdi. Biro Jadenin başçılıq etdiyi Azərbaycan yığması Bosniya və Hersoqovinanı 5:4, Albaniya 5:0, Macarıstanı isə 6:1 hesabı ilə məğlub etməklə qrupda birincisi oldu və ardıcıl beşinci dəfə Avropa çempionatına vəsiqə qazandı.

11-ci Avropa çempionatı 2018-ci ilin fevralın Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçiriləcək. Hazırda qitə birinciliyinin iştirakçılarından 8-i məlumdur. Meydan sahibi Sloveniya və Azərbaycan millisi ilə yanaşı, İtaliya, Ukrayna, Portuqaliya, İspaniya, Qazaxıstan və Rusiya yığmaları AÇ-2018-ə vəsiqə qazanıblar. Çempionatın son 4 iştirakçısının adı isə keçiriləcək pley-off matçlarından sonra müəyyənləşəcək. Son 4 vəsiqə uğrunda Gürcüstan, Macarıstan, Xorvatiya, Rumıniya, Serbiya, Çexiya, Fransa və Slovekiya milliləri mübarizə aparacaq.

Hazırladı: İBRAHİM

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30