20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Futzal

V sınaq öncəsi tarixə səyahət: Zaqreb və Antverpen uğursuzluğu LAYİHƏ

Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsini davam etdirir. Layihəyə Azərbaycan millisinin Avropa çempionatındakı çıxışları ilə bağlı silsilə statistik yazılarla start vermişik. Budəfəki yazıda yığmamızın AÇ-2012 və AÇ-2014-ə gedən yolu, eləcə də qitə birinciliyindəki çıxışından söhbət açacağıq.

DOĞMA DİVARLAR MİLLİMİZƏ KÖMƏK ETMƏLİYDİ

AÇ-2012-nin seçmə mərhələsinin oyunları Bakıda keçirilirdi. Əvvəlki qitə birinciliyində IV olan millimiz yenidən Avropa çempionatının həyəcanını yaşamaq üçün vətəndə uğurlu nəticə qazanmalıydı.

Amma millimizin işi elə də asan deyildi. Çünki Bakıda keçirilən oyunlarda Joze Alessionun komandasının rəqibləri Qazaxıstan, Fransa və İspaniya yığmaları idi. Şübhəsiz ki, qrupun aşkar favoriti ispanlar idi. Piriniyerlilərlə qrup qalibi adı uğrunda mübarizə aparmaq üçün millimiz digər 2 oyunla rəqiblə görüşdə heç cür xal itirə bilməzdi.

Düzdür, həmin vaxt Qazaxıstan millisi indi olduğu qədər güclü deyildi. Lakin yenə də nə qazaxlar, nə də fransızlar “asan yem” deyildilər.

İSPANLARLA BACARMASAQ DA...

Millimiz ilk oyunu Qazaxıstana qarşı keçirirdi. 2011-ci ilin 24 fevralında, gərgin idman mübarizəsi şəraitində keçən görüş yığmamızın 4:2 hesablı qələbəsi ilə başa çatdı.

Ertəsi günü millimiz 1 gün əvvəl ispanlara uduzan Fransa ilə qarşılaşırdı. Joze Alessionun komandası rəqibi 6:3 hesabı ilə məğlub etməklə AÇ-2012-yə xeyli yaxınlaşdı.

Qrupdakı son matçda isə Azərbaycan millisi İspaniya ilə qarşılaşdı. Yerli publikanın dəstəyi, oyunçularımızın əzmkarlığına baxmayaraq, fevralın 27-də keçirilən görüşdə yığmamız ispanlara 3:8 hesabı ilə yenildi.

Qrupda ikinci olsaq da, toplanan 6 xal millimizin Avropa çempionatına gedən yolunu açdı. Beləcə, Bakıda keçirilən seçmə mərhələnin yekununa əsasən Alessionun komandası ardıcıl ikinci dəfə qitə birinciliyinin final mərhələsinə vəsiqə qazandı.

ZAQREBDƏ XALSIZ QALDIQ

2012-ci ildəki Avropa çempionatı Xorvatiyada keçirilirdi. Qitə birinciliyinə “Arena Zaqreb” və “Spaladium Arena” ev sahibliyi edirdi.

Püşkün nəticəsinə əsasən, millimiz “D” qrupunda yer alırdı. Rəqiblərimiz isə Portuqaliya və Serbiya idi. Püşk kimi, oyunların təqvimi də yığmamız üçün uğursuz idi. Çünki ilk oyunda millimiz qrupun əsas favoriti hesab olunan Portuqaliya ilə qarşılaşırdı.

2012-ci ilin 1 fevralında “Zaqreb Arena”da baş tutan qarşılaşmanı rusiyalı İvan Şabanov idarə edirdi. Görüşə fəal başlayan Portuqaliya yığması 4 dəqiqənin tamanında artıq 2:0 hesabı ilə öndə idi. Əvvəlcə Kardinal yığmamızı məyus etdi. Daha sonra isə Felipe avtoqola imza atdı.

7-ci dəqiqədə nəhayət ki, milli komandamız da qol sevinci yaşadı. Rəcəb Fərəczadə yığmamızı ümidləndirdi. Amma bu, oyunda vurduğumuz ilk və son qol oldu. İkinci hissədə də üstünlüyü əldən verməyən Portuqaliya daha 2 dəfə fərqləndi. 26-cı dəqiqədə Marinya, 38-ci dəqiqədə isə Rikardinyo Azərbaycan yığmasının qapısına yol tapdılar.

Fevralın 3-də komandamız Serbiya ilə qarşılaşırdı. Bu görüş həyati əhəmiyyət daşıyırdı. Çünki 1/4 final şansını saxlamaq üçün millimiz mütləq Serbiyaya qalib gəlməliydi. Hətta heç-heçə belə komandamıza sərf etmirdi. Çünki bu halda serblər son görüşdə Portuqaliyaya 2 top fərqi uduzamaqla belə mübarizəni davam etdirmək şansı qazanacaqdılar.

3 fevral 2012-ci il tarixində keçirilən qarşılaşmaya millimiz əla başladı. Felipe və Rizvan Fərzəliyevin qolları ilə artıq 5 dəqiqənin tamamında 2:0 hesabı ilə öndə idi. Amma serblər təslim olmaq istəmirdilər. “Arena Zaqreb”ə toplaşan fanatlar əla görüş izləyirdilər. Gah bir, gah da digər qapı qarşısında təhlükə yaranırdı. Bunun da nəticəsində görüşdə ilk 10 dəqiqənin tamamında hesab 3:3 idi. Cadder Dantesin qolu ilə millimiz ilk yarını 4:3 hesabı ilə öndə tamamladı.

İkinci hissədə də “qol yağışı” davam edirdi. 30 dəqiqənin sonunda artıq serblər öndə idilər - 7:5. 32-ci dəqiqədə het-trikini rəsmiləşdirən Dantas hesab arasındakı fərqi minimuma endirdi. 34-cü dəqiqədə Tyaqu status-kvonu bərpa etdi. Amma sona 3 dəqiqə qalmış Paviçeviç yenidən serbləri önə keçirdi - 8:7. Sona yaxın millimiz tamamilə irəli atıldı. Amma yenilgidən qaçmaq mümkün olmadı. Matçın son dəqiqəsində azarkeşlər 2 qola şahidlik etdilər. Serblərin hücumçusu, matçı pokerlə başa vuran Boyoviç həm öz komandasının, həm də yığmamızın qapısına qol vurdu.

Beləcə. 8:9 hesabı ilə uduzan Azərbaycan millisi AÇ-2012-ni erkən başa vurdu.

SLOVAKİYADA MAKSİMUM NƏTİCƏ

AÇ-2014-ə də Azərbaycan yığması Joze Alessionun rəhbərliyi altında yollanacaqdı. Bunun üçün ilk növbədə Slovakiyada keçirilən seçmə mərhələdə sərfəli nəticə qazanmalıydı. Qrupda millimizin rəqibləri meydan sahibləri ilə yanaşı, Norveç və Bosniya və Hersoqovina yığmaları idi.

2013-cü ilin 27 martında keçirilən ilk matçda millimizin rəqibləri Norveç yığması idi. Skandinaviyalıların daşını daş üstə qoymayan millimiz 6:0 hesablı qələbə ilə seçmə mərhələyə uğurla start verdi.

Ertəsi günü bosniyalılar qarşı oyun millimiz üçün 1 gün əvvəl olduğu kimi asan keçməsə də, qələbə qazanmaq mümkün oldu - 3:2.

Son matçda isə Alessionun komandası meydan sahibləri ilə üz-üzə gəlirdi. Martın 30-da baş tutan matç Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə tamamlandı. Bununla da millimiz ardıcıl üçüncü dəfə Avropa çempionatının final mərhələsinə yüksəldi.

İTALİYANIN MƏĞLUBİYYƏTİ BÜTÜN PLANLARI POZDU

AÇ-2014-ün oyunları ilk dəfə olaraq Belçikada keçirilirdi. “C” qrupunda yer alan Azərbaycan millisi İtaliya və Sloveniya ilə mübarizə aparacaqdı. Qrupdakı ilk matçda İtaliya və Sloveniya yığmaları üz-üzə gəlirdi. Son dünya çempionatının bürünc mükafatçısı olan “Skuadra Adzurra” görüşün birmənalı şəkildə favoriti hesab olunsa da, qarşılaşma gözlənilmədən Sloveniyanın 3:2 hesablı qələbəsi ilə yekunlaşdı.

2014-cü ilin 31 yanvarında Antverpendəki “Lotto Arena”da yığmamız Sloveniya ilə qarşılaşırdı. 2 gün əvvəl İtaliyaya qalib gələn rəqib, yığmamızla matçda hətta heç-heçə edəcəyi halda belə, 1/4 finala adlayacaqdı.

Görüşə hər iki komanda hücumlarla başladı. Bunun da nəticəsində tərəflər elə ilk dəqiqədə hərəyə 1 qol vurdular. Yığmamızdan Amadeu, rəqibin heyətində isə Brxoveç fərqləndi. 17-ci dəqiqədə Çueçin qolu ilə önə keçən sloveniyalılar, Brxoveçin ilk yarının son dəqiqəsində dublunu rəsmiləşdirməyi ilə fasiləyə 3:1 hesabı ilə üstün yollandılar.

İkinci hissəyə fəal başlayan millimiz 24-cü dəqiqədə hesab arasındakı fərqi azaltdı. Rafael fərqləndi. Amma 2 dəqiqə sonra Sloveniya yenidən hesab arasındakı fərqi 2 topa çatdırdı. Amma 29-36-cı dəqiqələr arasında 3 qol vuran Azərbaycan yığması qələbə qazanmaq yolunda mühüm addım atdı. Borisov, Auqusto və Felipe rəqib qapısına yol tapdı.

36 dəqiqənin tamamında hesab 5:5 idi. Görüşün sonluğu millimiz üçün uğurlu alındı. Belə ki, 37-ci dəqiqədə Sloveniya Fetiçin qolu ilə yenidən önə keçdi. Amma qələbə istəyi böyük olan millimiz son 2 dəqiqədə vurduğu qollarla arzusuna çatdı. Əvvəlcə 39-cu dəqiqədə Rafael status-kvonu bərpa etdi. Son dəqiqədə isə Edu yığmamıza 7:6 hesablı qələbə gətirən qolu vurdu.

Bu qələbə sayəsində millimiz son tur öncəsi böyük üstünlük qazandı. Son turda İtaliya ilə matçda heç-heçə qeydə alınacağı təqdirdə, Azərbaycan yığması qrup birincisi kimi 1/4 finala adlayacaqdı.

Amma İtaliya təslim olmaq fikrində deyildi. İlk turdakı yenilginin təsadüf olduğunu sübut etmək arzusunda olan “Skuadra Adzurra” ən azı 2 top fərqli ilə qələbə qazanmaq niyyətində idi.

Fevralın 2-də keçirilən, ingiltərəli Mark Birkettin idarə etdiyi matç Azərbaycan yığmasının fiaskosu ilə nəticələndi. 2-ci dəqiqədə Romanonun qolu ilə təməli qoyulan darmadağında son nöqtəni Miarelli qoydu. 0:7 hesablı yenilgi Azərbaycan yığmasının qrupda qalması ilə yekunlaşdı. Əslində, İtaliya millisinin bu qrupun birincisi olacağına ehtimal kifayət qədər böyük idi. Azərbaycan yığması isə Sloveniyanı məğlub etməklə qrup ikincisi kimi 1/4 finala adlamağı planlaşdırırdı. Sloveniya məğlub etmək mümkün olsa da, İtaliyanın ilk matçdakı yenilgisi hər şeyi alt-üst etdi.

Maraq üçün qeyd edək ki, millimizi darmadağın etməklə 1/4 finala adlayan İtaliya millisi, burada Xorvatiyanı (2:1), yarımfinalda Portuqaliyanı (4:3), finalda da Rusiyanı (3:1) məğlub etməklə tarixi ərzində ikinci dəfə Avropa çempionu oldu.

Hazırladı: İBRAHİM

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30