20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Futzal

V sınaq öncəsi tarixə səyahət: yerlilərlə alınmadı... LAYİHƏ

8-11 mart tarixlərində Bakıda futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin oyunları keçirildi. Bosniya Hersoqovina, Albaniya və Macarıstanla oyunlarda maksimum nəticə göstərən Azərbaycan yığması ardıcıl beşinci dəfə qitə birinciliyinin final mərhələsinə vəsiqə qazandı.
 
Sonuncu dünya çempionatında V yeri tutmaqla tarixi uğura imza atan yığmamız 2018-ci ilin əvvəlində Sloveniyada keçiriləcək Avropa çempionatında medalçılar sırasına düşməyi hədəfləyir. Komandamız istəyinə çatsa, həm də qitə birinciliyindəki nəticəsini yaxşılaşdırmış olacaq. Buna qədər yığmamızın ən yaxşı nəticəsi IV yer olub.
 
Futbolxeber.az saytı bu gündən etibarən qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsinə start verir. İlk olaraq Azərbaycan millisinin seçmə mərhələdəki çıxışlarına toxunacağıq. I yazıda ancaq yerli məşqçilərin dövründən danışacağıq. Bəli, indi yığmanın baş məşqçi postunda braziliyalı, ispan mütəxəssislər görməyə alışsanız da, vaxt var idi Azərbaycan millisinin ehtiyat oyunçular skamyasından "bıstro-bıstro", "pas day" yox, "tez-tez" və s. doğma kəlmələr eşidilirdi...
 

HOLLANDİYADA BAŞ TUTAN DEBÜT

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə ilk dəfə 1995-ci ildə qatılıb. AÇ-1996-nın seçmə mərhələsindəki ilk matç, həm də futzal yığmamızın rəsmi debüt oyunu kimi tarixə düşüb. Əlamətdar qarşılaşma 1995-ci il oktyabrın 23-də keçirilib. Həmin gün millimiz Polşa ilə qarşılaşıb.

Həmin görüşə keçməmişdən öncə vurğulayaq ki, Avropa çempionatının seçmə mərhələsində yığmamızın yer aldığı “A” qrupunun oyunları Hollandiyanın 5 şəhərində - Qoirle, Dronten, Zeist, Enshede və Den Boşda keçirilib.

Millimiz “Neftçi”nin veteranı Əbdülqəni Nurməmmədovun rəhbərliyi altında Hollandiyaya 11 futzalçı ilə yollanıb: Rauf Hüseynov, Rüfət Məmmədov, Baba Əsgərov, Natiq Məmmədkərimov, Fikrət Hüseynov, Mahir Eyniyev, Nurəddin Eyniyev, Allahverdi Babayev, İlqar Aslanov, İbrahim Həsənov.

Oktyabrın 23-də Qorle şəhərində Polşa ilə debüt qarşılaşması millimizin qələbəsi ilə yekumlaşıb. Yığmamız polyakları 6:4 hesabı ilə məğlub edib ki, bu qələbədə 4 qol vurmaqla oyunun qəhrəmanı olan Mahir Eyniyevin böyük rolu olub. Ümumilikdə, 5 oyunda millimizin vurduğu 12 qoldan 8-i məhz Eyniyevin payına düşüb.

Yığmamız seçmə mərhələnin növbəti görüşlərində Polşa ilə oyundakı uğurun ardını gətirə bilməyib. Komandamız əvvəlcə meydan sahibi Hollandiyaya 1:3, daha sonra Xorvatiyaya 3:6, ardınca Slovakiyaya yenə 1:3 hesabı ilə uduzub. Sonuncu görüşdə isə Azərbaycan yığması darmadağınla üzləşib. Çexiya yığması millimizi 10:2 hesabı ilə üstələyib.

2 TSİKLDƏ CƏMİ 1 DƏFƏ UDUZSAQ DA...

AÇ-1999-un seçmə mərhələsində millimiz yeni baş məşqçi Hacıbala Abdullayevin rəhbərliyi altında çıxış edib. Belçikada keçirilən seçmə mərhələdə millimizin rəqibləri meydan sahibləri ilə yanaşı, Latviya yığması olub.

Millimiz ilk matçını - 1998-ci il dekabrın 7-də latışlara qarşı keçirib. Görüş futzalda nadir təsadüf olunan hesabla - 0:0-la yekunlaşıb. 2 gün sonra millimiz meydan sahibləri ilə üz-üzə gəlib. Bu dəfə də matçda qalib aşkarlanmayıb - 4:4. Qrupdakı son görüşdə meydan sahibləri Latviyanı məğlub etdiyindən millimiz qrup ikincisi olub.

2 il sonra AÇ-2001-in seçmə mərhələsində də millimizə yenə Hacıbala Abdullayev rəhbərlik edirdi. Macarıstanda keçirilən seçmə mərhələdə yığmamızın rəqibləri meydan sahibləri ilə yanaşı, Hollandiya və Litva komandaları idi.

Millimiz ilk görüşündə “narıncılar”la üz-üzə gəlib. 2000-ci ilin 26 oktyabrına təsadüf edən matçda Azərbaycan yığması 5 il əvvəl olduğu kimi, yenə də Hollandiya ilə bacarmayıb - 2:4. Növbəti günü millimiz Macarıstanla qarşılaşıb. Meydan sahibləri ilə görüşdə komandamızın qazancı 1 xal olub - 2:2. Son görüşdə isə futzalçılarımız Litva ilə qarşılaşıb. 8:2-lik qələbə qazanan millimiz yekunda seçmə mərhələni 4 xalla üçüncü pillədə başa vurub.

3 XAL VƏ 3-CÜ YER

AÇ-2003-ün seçmə mərhələsində millimizə artıq Elman Ələkbərov rəhbərlik edirdi. Portuqaliyada keçirilən seçmə mərhələdə millimizin rəqibləri ev sahibləri, Belarus və Gürcüstan yığmaları idi. 2002-ci ilin 6 noyabrında keçirilən ilk matçda millimiz meydan sahibləri ilə üz-üzə gəldi. 0:5-lik məğlubiyyət komandamızın növbəti mərhələ şansının üzərindən böyük ölçüdə xətt çəkdi. Böyükhesablı yenilgidən sonra bərpa olunmaq çətin idi. Bu məqam ertəsi günü Belarusla oyunda özünü göstərdi. Millimiz Belarus millisinə də uduzdu - 1:3. Yalnız qrup üçüncüsünü müəyyənləşdirmək baxımından önəmi olan son matçında Elman Ələkbərovun komandası gürcüləri 4:1 hesabı ilə üstələdi. Yekunda 3 xalla millimiz qrup üçüncüsü oldu.

2 il sonrakı seçmə mərhələdə də Azərbaycan millisi eyni nəticəni təkrarladı. Fazil Qarayevin rəhbərliyi altında Serbiyada keçirilən seçmə mərhələyə millimiz yenə 0:5 hesablı yenilgi ilə başladı. 2005-ci ilin 27 yanvarında Rusiya millimizi böyükhesabla üstələdi. Ertəsi günü milli komandamız gərgin mübarizədə meydan sahiblərinə yenildi - 1:2. Komandamızın gücü yenə son görüşdə Gürcüstanı məğlub etməyə çatdı - 7:3.

BABA ƏSGƏROV- SONUNCU YERLİ MƏŞQÇİ

AÇ-2007-nin seçmə mərhələsi millimiz üçün uğurlu oldu. Yığmamız yenə də növbəti mərhələyə adlaya bilməsə də, tsikli məğlubiyyətsiz və qrup ikincisi kimi başa vurdu.

Hollandiyada keçirilən seçmə mərhələdə millimiz ilk görüşdə meydan sahibləri ilə qarşılaşdı. 2007-ci ilin 22 fevralında baş tutan qarşılaşmada milllimizin qazancı 1 xal oldu - 4:4. Növbəti gün millimiz daha bir iddialı komanda - Serbiya ilə qarşılaşdı. Bu dəfə də görüşdə qalib aşkarlanmadı - 5:5. Son oyunda millimiz Finlandiyanı 8:3 hesabı ilə məğlub etdi. Bu nəticə ilə komandamız tsikli 5 xalla qrup ikincisi kimi başa vurdu. İndikindən fərqli olaraq, həmin vaxt yalnız qrup qalibləri növbəti mərhələyə adlayırdı.

Həmin yarışdan sonra Baba Əsgərov milli komandamızın baş məşqçisi postundan ayrıldı. Əsgərov hələlik Azərbaycan futzal millisinin tarixindəki sonuncu yerli baş məşqçidir. Ondan sonra yığmamıza ancaq əcnəbilər başçılıq edir...

(Ardı var)

İBRAHİM

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30