19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Lafet-lafet “idman jurnalisti” YAZI

İstedadlı jurnalist, hazırda AFFA-nın mətbuat xidmətində çalışan Firuz Abdulla özünün Facebook səhifəsində yazıb: “Məlumunuz, martın 7-də AFFA-nın Konfransıdı. Jurnalistlərin akkreditasiyadan keçməsi üçün qeydiyyat aparılıb. Baş redaktorlardan biri yazıb ki, məni də keçirin AKREDATSİYAdan”.
 
Statistikaya əsasən, bu gün Azərbaycanda idman saytlarının sayı 40-ı keçib və görünür, Firuz Abdullanın nəzərdə tutduğu o “baş redaktor” da həmin portallardan birinin rəhbəridir. Üst-üstə yığsan, idman mediamızda nəinki akkreditasiya, hətta öz ana dilimizdə olan sadə sözləri belə doğru-düzgün yaza bilməyən savadsız “redaktor” və “müxbir”lər 20-30 lafetə sığacaq qədərdir. Kənd həyatını yaşayanlar və görənlər bilir, əsasən yük daşımaq üçün nəzərdə tutulan lafetlərlə qabaqlar işçiləri üzüm bağlarına, bostanlara aparardılar. Bax, həmin o lafetlərlə daşınan kənd camaatının müəyyən hissəsinin adları “r” hərfi ilə başlanan şəxslərə şirin bir müraciət forması var. Rəhimə “irəhim”, Rasimə “irasim” deyə xitab edərlər. Ya da olur ki, rayona “irayon”, rəhbərə “irəhbər” deyirlər. 
 
Bu məqamı yadda saxlamaqla, kənd həyatından qayıdaq idman mediamızın yeni “patronlarına”. Deməli, bir müddət əvvəl həmin o “redaktor”lardan biri klub prezidentindən “qanuni rüşvət”, yəni reklam almaq eşqinə düşüb. Onun adına, tam ciddi deyirəm, yemək yağına bulaşmış kirli kağız parçasında məktub göndərib. O tərif də qalmayıb, vurmamış olsun. Məktubun əvvəlində də yazıb ki, hörmətli filankəs müəllim, mən filan saytın İrəhbəriyəm, mənə reklam verin. Klubdakılar da bu məktubu qoyublar qarşılarına, idman mediamızın bugünkü ağlamalı durumuna o ki var gülüblər, ələ salıblar, deyiblər, bunun ağlına, savadına bax... Amma işin ən gülməli, həm də ağlamalı tərəfi odur ki, “irəhbər” sözünü yazan o “ağıl dəryasına” lağ edən dostlar bir-iki ay sonra ona zəng vururlar ki, hər ayın axırı gəl, 300-nü apar!
 
Elçin Cəlilov kimi istedadlı bir jurnalistin saytı maddi sıxıntılar ucbatından bağlananda isə sözə, jurnalistikaya dəyər verən 1-2 nəfəri çıxmaqla, kimsə demir ki, nə baş verdi, sənə nə kömək edə bilərik.
 
Bəli, mediamız pis gündədir, burası məlum. Amma futbol klublarımızın əksəriyyətini idarə edənlərin düşüncə və yanaşma tərzi də çox abırlı gündə deyil... İdman mediasını ayaqda saxlamaq AFFA-nın, PFL-in, klubların rəsmi vəzifəsi, borcu olmasa da, əgər həqiqətən də özünü sığortalamaq üçün nəsə edirsənsə, mütləq arada fərq qoymalısan. Ən azı adi “irəhbər”lə “rəhbər”, “hasand”la “asan” yazan adamları bir-birindən seçib ayırmalısan.
 
Yuxarıda pis gün dedim, yadıma başqa bir hadisə düşdü. Hamını ləkələmək, şərləmək və şantaj etmək üzrə ixtisaslaşmış bir media orqanı çətin vəziyyətə düşmüşdü. Gərək ki, bir klub tərəfindən onlara hücum vardı. Zəng vurub, sorğu aparırlar:
- Sizin sayta klublar tərəfindən hücum olur?
- Yox, olmur, – deyirəm.
Sonra səsinin tonunu qaldırır, müstəntiqvari suala keçir:
- Niyə olmur?
- Mən nə bilim, olmur də.
- Yox e, axı, niyə olmur?! Bizə hücum olur, amma sizə yox! Niyə?!
 
Qalıram, mat-məəttəl. Adamı az qalırlar asıb-kəsələr. Necə oldu, bu qədər çürük zehniyyət sahibi birdən-birə bizim mediamızda meydana hakim oldular? Amma dərinə gedəndə, görürsən ki, yox, olacağı elə bu imiş. Ustad Adil Qaçayoğlu dünyasını dəyişdiyi, Allah canını sağ eləsin, yazıları üçün darıxdığımız jurnalistikamızın nəhənglərindən olan dəyərli söz adamı Şakir Yaqubov, görünür, həvəsdən düşdüyü, gənclərdən İlkin Fikrətoğlu kimi yüksək mədəniyyət və istedad sahibi şəxsi söhbətlərdə dəfələrlə deyilməsinə baxmayaraq, hələ də tənbəlliyin daşını atmaq haqda düşünmədiyi üçün meydan “irəhbər” deyənlərin əlinə keçir.
 
Hələ yaxşı ki, təcrübəli və istedadlı insanların toplaşdığı 3-4 sayt, bir neçə də qəzet var, yoxsa reketlik, dilənçilik tamamilə idman mediamızın vizit kartına çevrilər, idman jurnalistikasındakı peşəkarlıq birdəfəlik məhv olub gedərdi.
 
Amma yenə də vəziyyət ürəkbulandırıcıdır. Yoxsa, görün, dünyanın harasıdır ki, Azərbaycan futbolçusu, təsəvvür edin, çoxu dünyadan bixəbər, düşüncəsi bəlkə sıfırın atlında da olan bir futbolçu söyləyir  ki, “bizdə idman jurnalistikanın durumu bərbaddır”, bir başqası isə özünü söz adamı sayan “redaktor”a irad tutur ki, mənə normal sual ver, türmə jarqonu ilə danışma.
 
Azərbaycan idman jurnalistikası can üstədi, Firuz. Həm də “AKREDATSİYA” yazanlara akkreditasiya – yəni buraxılış vərəqəsi verib mediamızın qapılarını açdığımız üçün can üstədir.
 
Aydın BAĞIROV, Qol.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31