20 Noyabr 2026, Cümə
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi

Ölkə futbolu

Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası

Diqqətli oxucular, azarkeşlər yəqin fikir veriblər. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin üzvü olsa da, son zamanlar qurumun iclaslarına nadir hallarda qatılır. Təbii ki, burada günah Qurbanovda deyil. Məsələ ondadır ki, AFFA-nın başbilənləri qəsdən toplantıları elə tarixə salırlar ki, təcrübəli mütəxəssis iştirak edə bilməsin. İclasın tarixi ya “Qarabağ”ın hansısa oyunu ilə üst-üstə düşür, ya da komanda səfərdə olur. Əsasnamədə bənd var ki, səhv eləmirəmsə, il ərzində 3, ya da 4 toplantıya qatılmayan üzv komitədən avtomatik xaric olunur. Günahkar AFFA olduğu üçün Qurban Qurbanova heç nə deyə də bilmirlər. İstənilən halda Qurbanovun nüfuzundan çəkinirlər. Səməd Qurbanov məni bağışlasın, Qurban Qurbanov bu gün İcraiyyə Komitəsində sözünün kəsəri, cəmiyyətdə böyük nüfuzu olan yeganə futbol adamıdır.

İndi AFFA-nın bu taktikasından baş katib Cahangir Fərəcullayev də istifadə edir. Baş katibin PFL-lə yola getmədiyi çoxlarına məlumdur. Fərəcullayev Elxan Səmədovun yenidən PFL prezidenti seçilməməsi üçün bütün variantlara əl atdı. Gah qurumun maliyyələşdirilməsinə əngəl olmağa çalışdı, gah PFL-in keçirəcəyi tədbirin baş tutmaması üçün “Misli”yə göstəriş verdi ki, sponsorluqdan son anda imtina etsinlər, gah şayiə yaymağa çalışdı ki, guya PFL-də yeyinti var. Hətta votsap qrupunda istefa ərizəsinə tələb etməkdən belə çəkinmədi. Yekunda isə uduzdu və Elxan Səmədov layiq olduğu vəzifəyə yenidən seçildi. Bundan sonra Fərəcullayev Səmədov olan tədbirlərdən yan gəzir.

Baş katib əvvəlcə PFL-in prezident seçkisinə qatılmadı. Əvəzində AFFA-dan Sərxan Hacıyev iştirak etdi. Halbuki PFL futbol sahəsində bu gün AFFA-dan sonra ən vacib qurumdur. Təkcə elə çempionatı təşkil etməsini xatırlatmaq kifayətdir. Görəsən, baş katibin həmin günü vacib tədbirə qatılmaqdan önəmli nə işi var idi? Necə olur ki, “APL Fantazi”nin tədbirinə vaxt tapa bilir, PFL seçkisinə yox? Dünyada əyləncə xarakterli tədbirə qatılıb, çempionatı təşkil edən qurumun prezident seçkisinə qatılmayan ikinci baş katib var?

Cahangir Fərəcullayev Azərbaycan kubokunun püşkatmasında da gözə dəymədi. AFFA-nı həmin günü yenə Sərxan Hacıyev təmsil edirdi. Həmin günü həm də Region Liqasının püşkü atılırdı. Təsadüfə bax ki, təqvimdə bu qədər boş gün varkən necə oldusa, ölkə kuboku ilə Region Liqasının püşkatması bir günə düşdü. Belə də təsadüf olar?! Açığı, bu təsadüf söhbətinə heç 7 yaşlı uşaq da inanmaz.

Növbəti təsadüf dünən baş tutdu. El-aləm bilirdi ki, noyabrın 19-da PFL-in təşkilatçılığı ilə uzun illərdən sonra Xankəndidə ölkə çempionatının oyunu keçiriləcək. I Liqanın 8-ci turu çərçivəsində “Xankəndi” öz meydanında “Karvan-Yevlax”ı qəbul edəcək. Təsadüfə baxın ki, həmin gün həm də futzal üzrə ölkə çempionatının püşkü atıldı...

Bilmirsən Azərbaycan futbolunun bu vəziyyətə salınmasına güləsən, yoxsa ağlayasan? Bu futzalın püşkatması onsuz da gecikmişdi. Buna qədər tədbir əksər hallarda sentyabrda keçirilirdi. Yəni onsuz da vaxtı iki ay gecikmiş tədbiri bir gün tez, yaxud gec keçirmək olmazdı? Əlbəttə, olardı. Sadəcə AFFA-nın baş katibi PFL-in keçirdiyi tədbirə getmək istəmədi. Bunun üçün yeganə variant həmin günə hansısa tədbir salmaq lazım idi. Yuxarıda dediyimiz həmin o AFFA-nın taktikası...

Amma yanlış taktikadır, Cahangir bəy. Bilirsiniz niyə? Bir düşünün. Bu gün AFFA müsbət imic qazanmaq üçün Azərbaycan futbolunda bugünə qədər heç bir qurumun, təşkilatın, klubun xərcləmədiyi pulu xərcləyir. Bəs nəticəsi? Futzal millimizin yeni sponsoru “Xırdalan 0.0” kimi...

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30