25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Sadıq Sadıqov: "Mahir Şükürovun hərəkəti bağışlanmazdı"

“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun müsahibəsi

- Komandanız qış fasiləsindən sonra keçirdiyi 3 oyundan cəmisi 4 xal toplayıb. Bu nəticə sizin üçün nə dərəcədə gözlənilən idi?

- Komandamız Antalyada çox yaxşı təlim-məşq toplanışı keçirmişdi. Hazırlıq prosesini özüm şəxsən izləmişəm. Fasilədən sonra “Simurq”la qarşılaşdıq və böyük hesablı qələbə qazandıq. Ardınca səfərdə “Xəzər Lənkəran”la qarşılaşdıq. Son 10 dəqiqədə komandada müəyyən problemlər yarandı. Əslində, bu, tək komandamızın deyil, ümumi problem idi. Havanın dumanlı olması görüntünü çətinləşmişdi. Düzdür, meydanda 12 min azarkeşin dəstəklədiyi rəqiblə heç-heçə bizi qane edirdi. Səfərə qələbə qazanmaq üçün getmişdik. Ancaq bizi çətin oyunun gözlədiyini bilirdik. Çünki Azərbaycan çempionatında derbi hesab ediləcək oyun varsa, o da “Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilən görüşlərdir. Bu, danılmaz faktdır. Lənkərandakı heç-heçə bizi qane etdi. Razı qalmadığımız məqam 4 futbolçumuzun qırmızı, daha birinin isə dördüncü sarı vərəqə alması və cəzalı duruma düşməsi ilə bağlı idi. Buna görə də 5 futbolçumuz “Bakı” ilə görüşdə komandaya kömək edə bilmədi.

- XXI turda “Bakı”ya 0:2 hesablı məğlubiyyətdə bu amilin böyük təsiri oldu?

- Əlbəttə. Təsəvvür edin, bir futbolçunun boşluğunu doldurmaq çətinlik yaradırsa, onda 5 əsas heyət üzvünün yoxluğu hansı fəsadlar yarada bilir. “Bakı” ilə qarşılaşmada bu qədər itkilərə rəğmən qol imkanlarımız oldu, sadəcə, istifadə edə bilmədik. Görünür, qismətimizdə “Bakı”ya 0:2 hesabı ilə məğlubiyyət var imiş deyə, oyun da bu hesabla başa çatdı. Rəqibimiz layiqli qələbə qazandı.

- Bir qədər əvvəl qırmızı vərəqələrdən danışdınız. Futbolçularınızın bu dəfə qırmızı vərəqə alması, hansısa bir intizamsızlıqdan qaynaqlanmır?

- Bunu sırf intizamsızlıqla bağlamazdım. Hamısı peşəkar futbolçulardır, gərək öz hərəkətlərini tənzimləsinlər, əsəblərini cilovlasınlar. Ancaq izləyənlər təsdiq edə bilər ki, çox gərgin oyun alındı. Son saniyədə qol vuruldu. Həmin epizodu izlədim, bəzi mütəxəssislərdən də soruşdum, olmayan künc zərbəsindən sonra rəqib hesabı bərabərləşdirdi. Bu azmış kimi, “Neftçi” futbol məktəbinin yetirməsi olan Ağabala Ramazanovun qoldan sonrakı hərəkəti də müəyyən gərginlik yaratdı. Bunlar hamısı üst-üstə yığıldı və bu cür mənzərə ortaya çıxdı. Qırmızı vərəqə alan futbolçularımızın hər biri ilə fərdi söhbət etdim. Karlos Kardozo etiraf etdi ki, peşəkar futbolçu kimi bu cür hərəkətə yol verməməli idi. O, çox derbilər görüb. Karyerasına baxsaq, elə çempionatlarda oynayıb ki, Azərbaycan çempionatı onun üçün zəiflərindəndir. Kardozo belə derbi görmədiyini dedi. Bu da faktdır ki, 29 yaşlı futbolçu karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılır.

- Bəlkə baş verənləri psixoloji gərginliklə əlaqələndirək...

- Sizinlə razıyam. Komandada təlim-tərbiyənin aşağı olduğunu düşünmürəm. Hamı istəyir ki, rəhbərlik etdiyi komanda intizamlılığına görə fərqlənsin. Əvvəlcə təlim-tərbiyə, sonra oyun olmalıdır. Düzdür, başımıza bu cür hadisələr çox gəlib. Hamımız idman adamıyıq. Mən əməkdar bədən tərbiyəsi və idman xadimiyəm. Kommersiya sahəsindən gəlməmişəm. Hər zaman öz idmançılarımın hüququnu qorumuşam. Bu gün rəhbərlik etdiyin “Neftçi” İdman və Sağlamlıq Mərkəzinin yetirmələri 35 idman növündə iştirak edir. Bütün yarışlara qatılır, izləyirəm. Amma bu, o demək deyil ki, hansısa futbolçum çıxıb meydanda qeyri-etik hərəkət etməlidir. Bu, bağışlanmaz haldır.

- Mahir Şükürovun “Xəzər Lənkəran”la oyunda etdiyi jest son günlərdə çox müzakirə olundu. Klub rəhbəri kimi, siz bu futbolçu haqda hansı tədbir görmüsünüz?

- Mahir Şükürovun hərəkəti bağışlanmazdır. Onunla bu haqda ciddi söhbətimiz oldu. Lənkərandakı stadiona toplaşan 12 min azarkeş bizim qardaşlarımız, övladlarımız, ağsaqqallarımız, analarımız, bacılarımızdır. Bu da faktdır ki, bu gün Lənkəranda qadınlar belə çəkinmədən stadiona, oyunu izləməyə gəlirlər. Heç kim istəməz bu cür halla qarşılaşsın. Düzdür, ilk dövrlərdə bəzi problemlər yarandı. Bu da bilməməzlikdən yaranmışdı. Yaxın günlərdə “Neftçi”nin təlim-tərbiyəsi ilə nümunəvi komanda olduğunu görəcəksiniz.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30