21 Aprel 2026, Çərşənbə axşamı
"Turan Tovuz"da iki yubiley
Saşa İliç qələbəni şərh etdi
Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”
"Sumqayıt" "Qəbələ"ni məğlub etdi

Ölkə futbolu

"Neftçi" hakim məsələsində sona qədər getdi: "Bu kampaniyanı aparanlar məqsədlərinə nail olmayacaqlar"

“Neftçi” Azərbaycan Premyer Liqasının XXVIII turunda, “Zirə” ilə oyunda baş verənlərlə bağlı bəyanat yayıb.

Futbolxeber.az saytı bəyanatı olduğu kimi təqdim edir:

“Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilmiş “Zirə” – “Neftçi” qarşılaşmasının bütün gedişatı boyunca və eyni zamanda son dəqiqələrində “Neftçi” yenə hakim səhvləri ilə üzləşdi. 90+4-cü dəqiqədə “Zirə”nin qolu qaydaların kobud şəkildə pozulması ilə vuruldu, rəqib komandanın futbolçusu Ruan Renatonun oyundan kənar vəziyyətdə olmasına və “Neftçi”nin qapıçısı Kenan Piriçin görmə bucağını kəsməsinə baxmayaraq, qol baş hakim İnqilab Məmmədov tərəfindən qeydə alındı, VAR-da əyləşən Nicat İsmayıllı isə bu epizoda müdaxilə etmədi.

Bu səhv mövsümün həlledici mərhələsində “Neftçi”nin növbəti ədalətsiz xal itkisinə gətirib çıxarmaqla yanaşı, qoldan sonra hər iki komandanın futbolçuları arasında yaranmış mübahisələr və VAR-ın səssiz qalması səbəbi ilə meydanda baş verən hadisələr nəticəsində baş məşqçi Yuri Vernidub, baş məşqçinin köməkçisi Dmitro Kara-Mustafa və futbolçu Breno Almeydaya əsassız qırmızı vərəqələr göstərildi.

20.04.2026 tarixində AFFA-nın inzibati binasında “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, “Neftçi” PFK-nın Baş İcraçı Direktoru və klubun digər nümayəndələri AFFA rəsmiləri və Hakimlər Komitəsinin sədri ilə görüşüb. Görüşdə klubumuz sözügedən oyunda qapımıza vurulan qola etiraz edib, eyni zamanda məşqçilərimiz və futbolçumuza göstərilən əsassız qırmızı vərəqələrin ləğv olunmasını tələb edib. Həmçinin mövsüm ərzində bir neçə dəfə təkrarlanan kobud hakim səhvlərini sərt şəkildə qınayıb, bir çox hakimlərin “Neftçi”yə qarşı ədalətsiz və qərəzli mövqe sərgilədiyini bildirib.

Klub nümayəndələri “Zirə” – “Neftçi” oyununda verilmiş yanlış qərarlara etirazını bildirib, həmin qərarların əsaslandırılmasını tələb edib, Hakimlər Komitəsinin sədri tərəfindən verilmiş cavablar klub rəsmilərini qismən qane edib.

Hakimlər Komitəsinin 20.04.2026 tarixli qərarı ilə “Zirə” – “Neftçi” oyununun hakimlərinin açıq-aşkar kobud səhvə yol verdiyinin etiraf olunmasını təqdirəlayiq hesab edirik. Bununla belə, təəssüf hissi ilə bildiririk ki, itirilən xallar geri qayıtmayacaq və bu hal mövsümdə artıq birinci dəfə baş vermir.

Bir daha bu mövsüm “Neftçi”nin oyunlarında dəfələrlə təkrarlanan kobud səhvləri bəzi hakimlərin komandamıza qarşı ədalətsiz və qərəzli münasibəti ilə əlaqələndirir, günahkarların ən sərt formada cəzalandırılmasını, bu kimi halların dayandırılmasını və gələcəkdə baş verməməsi üçün müvafiq tədbirlərə əl atılmasını AFFA Hakimlər Komitəsindən tələb edirik.

“Neftçi” PFK olaraq aşağıdakıları bəyan edirik:

1. “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik;

2. Bu kampaniyanı aparanlara öz məqsədlərinə nail olmayacağını bildirir və ölkənin ən qədim-köklü futbol klubu olan “Neftçi” olaraq sona qədər mübarizə aparacağıq;

3. Qarşımızda kimin olub-olmamasına baxmayaraq, böyük “Neftçi” camiəsinin – azarkeşlərin arxamızda olması yetərlidir;

4. Bütün çətinliklərə rəğmən, “Neftçi” Azərbaycan futbolunun flaqmanı olub, var və bundan sonra da olacaq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30