25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Mahir Şükürovla Nazim Süleymanovun fərqi (YAZI)

QATİL FUTBOLÇUSU AZADLIQDA GƏZƏN KLUBUN LEGİONERİ MƏŞQÇİNİ DƏ DÖYƏR, LAP OYANA DA KEÇƏR

Mahir Şükürov yenə gündəmdədir. Həmişə olduğu kimi, oyunu yox, açıqlamaları ilə. Şükürov iddia edir ki, Nazim Süleymanovu AZAL-la oyundan sonra “Neftçi”nin 3 əcnəbisi döymək istəyib. Bunun doğru olması inandırıcı deyil. Amma bir qədər fikirləşəndə “ola bilər” düşünür insan. Yəqin “Neftçi”nin törətdiyi hoqqalar, rəqib futbolçuların döyülməsi, klub rəsmilərinin hakimlərə ünvanladığı yağlı söyüşlər artıq klubdakı legionerlərin də “gözünü açıb”. Onlar da “özlərini göstərmək” eşqinə düşüblər. Qatil futbolçusu azadlıqda gəzən klubun legioneri məşqçini də döyər, lap oyana da keçər.

“Neftçi”nin Nazim Süleymanovla vidalaşmasından bir qədər vaxt keçib. Bəzi həmkarlarımız hələ də “Süleymanovun istefasının ŞOK təfərrüatları” başlıqlı xəbərlər yazsalar da, hər kəsə TƏCRÜBƏLİ MÜTƏXƏSSİSin nəyə görə istefa verdiyi bəllidir. “Neftçi” pul xərcləyib, yeni oyunçular gətirmək yox, hazırki heyətlə yola davam etmək istəyir, Süleymanov da bunu qəbul etmədiyi üçün klubdan getdi, vəssalam. Həqiqət budur.

İndiki məqamda Şükürovun məhz bu cür pafoslu açıqlamalar verməsinin isə yalnız 1 adı var - Böyükağa Hacıyevin gözünə girmək. Əziyyət çəkmə Mahir, onsuz da sənin yerinə Hacıyev oyunçu gətirməyəcək, sən yenə də “ilk 11-lik”də olacaqsan. Odur ki, “sabun bişirməyə” ehtiyac yoxdu.

Mahir Şükürovun Nazim Süleymanov haqda danışması, onu nədəsə ittiham etməsi absurddur. Çoxlarının da dediyi kimi, o, Nazim Süleymanovun Azərbaycan futbolu üçün etdiklərinin 10-da 1-ini də etməyib. Nazim Süleymanov “Alaniya”nın heyətində çempion olub. Sən isə “Anji” kimi ortabab komandada ortabab futbolçu statusuna belə yiyələnə bilməmisən. Nazim Süleymanov millinin düşərgəsinə bəzi hallarda öz cibinin pulu ilə bilet alıb, gəlib. Sən isə “Anji”nin heyətində 1-2 oyuna çıxdıqdan sonra AFFA tərəfindən mükafatsız qaldığını əsas gətirib, yığmadan imtina etmək fikrinə düşmüşdün. Bax, Süleymanovla sənin aranda olan fərq budur. O, heç vaxt özünü dartmayıb. Səndən fərqli olaraq. Sənin törətdiyin hoqqaların sayı-hesabı isə yoxdur. Birini bayaq dedim. Yenə deyim? AZAL - “Bakı” oyunundakı hoqqan, millinin düşərgəsini özbaşına tərk etməyin, azarkeşlərə qeyri-etik jestlər göstərməyin və s. və i.a.

Hər şeyi qoyuram bir kənara. Adicə danışıq qaydan belə yoxdur, Mahir. Müsahibəndə 2 kəlməndən biri “Nazim”di. Yanına Süleymanov qoşa bilməzdin? Hər bir azərbaycanlı balasına ailədə ilk öyrədilənlərdən biri də böyüklərlə danışıq qaydasıdır. Özündən böyüyü adı ilə çağırmaq normal insanlar üçün anormallıq sayılır. Hə, yadımdan çıxmışdı. Axı sənə hər olar, sən Mahir Şükürovsan. Azərbaycan millisi ilə dünya və Avropa çempionatında, “Barselona” və “Real” kimi nəhəng klublarda forma geymisən. Sənə hər şey “mojna”dı. Yetər ki əsəbləşmə. Yenidən millidən imtina etmək eşqinə düşərsən, yığmamızın beli qırılar.

Mahir Şükürov, yadında saxla. Əgər, adını çəkdiklərin əcnəbilər həqiqətən də Nazim Süleymanovu döymək istəyiblərsə, bu, başda sən olmaqla özündən mənəm-mənəm deyən “Neftçi”nin yerli futbolçuları üçün də ayıbdır. Deməli, xaricilər gəlib, burada sizin başınızda oturublar. Hər kəs bilir ki, istənilən komandada paltardəyişmə otağında sözükeçən bir və ya bir neçə futbolçu olur. Hansı ki lazım gələndə əcnəbini, çaşanı yerinə otuzdurur. Amma deyəsən, “Neftçi”də heç bu da yoxdur.

Mahir Şükürov, sənin kimi “Neftçi”də oynamaqdansa, Nazim Süleymanov kimi kənarda qalmaq daha yaxşıdır.

Sahib ZEYNALOV

  

 

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30