28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Azərbaycanı İraqa, Əfqanıstana bənzədirdim"

 

"Legionerlər Azərbaycan"da rubrikasının növbəti qonağı "Qəbələ" FK-nın braziliyalı yarımmüdafiəçisi Lourival Rodriges Assisdir. 29 yaşlı futbolçu ölkəmizdə xanımı Şeyla və oğlu Lohanla birgə yaşayır. Müsahibə zamanı onların hər üçü ilə görüşmək imkanımız oldu. Düzdür, 3 yaşlı Lohana bizə heş nə demədi, amma atası ilə anası suallarımızı ətraflı cavablandırdı.

"Azərbaycanı  İraqa, Əfqanıstana bənzədirdim"

- Azərbaycana köçmək, burada yaşamaq qərarını necə qəbul etdiniz?

Şeyla: Düzü, Azərbaycana gəlmək istəmirdim. Çünki buranı İraqa, Əfqanıstana bənzədirdim. Elə bilirdim  Azərbaycanda qızğın döyüşlər gedir. Ancaq sonra dostlardan, tanışlardan ölkəniz haqqında ətraflı məlumat topladıq. Təbii ki, əvvəllər bura uyğunlaşmaq bir qədər çətin oldu. 

 

- Kişilər qadınlara nisbətən yeni şəraitə daha tez uyğunlaşırlar. Bu mənada, Azərbaycanda üzləşdiyiniz ən böyük çətinliklər hansılar olub?

Şeyla: Ən böyük çətinlik qida ilə bağlıdır. Burada Braziliya mətbəxi yoxdur. Uşaq üçün yeməklər alırıq, ancaq bu da ürəyimizcə olmur.

 

- Bəs vəziyyətdən necə çıxırsınız?

Lourival: Braziliyadan gələndə özümüzlə yemək gətiririk. Bir baqaj ancaq ərzaqlara gedir. Bəzən 3-4 aylıq azuqə ehtiyatını birdən görməli oluruq. Sözsüz ki, bütün ərzaqları Braziliyadan bura gətirməyə ehtiyac yoxdur. Məsələn, Braziliyadakı düyü ilə burdakı oxşardır. Lakin vətənimizdə çox sevdiyimiz lobyadan Azərbaycanda yoxdur.

 

- Yəqin ki, ölkəmizə gələndə Braziliyada məşhur olan qəhvə də gətirirsiniz?

Lourival: Yox, buradakı qəhvə xoşumuza gəlir.

 

"O, məni 15 ildir sevirmiş, xəbərim olmayıb"

 

- Nə zaman tanış olmusunuz? Neçə ildir ailəlisiniz?

Lourival: Braziliyada eyni şəhərdə doğulub, boya-başa çatmışıq. Evlərimiz də bir-birinə yaxın olub. Yoldaşım məni 15 ildir sevirmiş, mənim xəbərim olmayıb (gülür). Onun məni sevdiyini biləndə, münasibətimizi rəsmiləşdirdik. Amma ailə qurandan 1 ay sonra futbolçu karyerama görə başqa ölkəyə köçdüm. Düz 5 il belə yaşamalı olduq. İldə 1-2 dəfə evə gəlmək imkanım olurdu. Artıq 7 ildir evliyik. Oğlumuzun 3 yaşı var.

 

- Lourival, səni yaxşı tanısaq da, xanımın barədə məlumatsızıq.

Lourival: Şeyla evdar xanımdır. Ərinin, oğlunun qayğısına qalmağı sevir. Boş vaxtlarında üzgüçülüyə, fitnesə gedir.

 

- Asudə vaxtlarınızı necə keçirirsiniz?

Lourival: Yay fəsli bizim üçün daha maraqlıdır. Çünki yayda ailəvi Qəbələni gəzirik, görməli yerlərdə oluruq. Qışda əsasən oteldə qalırıq. “Qəbələ”nin oyunları Bakıda keçiriləndə isə matçdan sonra imkan tapıb, şəhəri gəzməyə çıxırıq.  

 

- Lourival Rodriges Assisi necə xarakterizə edərdiniz?

Şeyla: O, çox güclü xarakterə malikdir. İstəyir ki, həmişə övladı üçün nümunə olsun. 

 

"Anam 7-8 il sürən ağır xəstəlikdən sonra vəfat etdi..."

 

- Braziliyanın ən çox nəyi üçün darıxırsınız: karnavalı, çimərliyi, yoxsa...

Lourival: Dənizkənarı üçün çox darıxıram. Çünki ailəmlə sahilə tez-tez gedirik.

Şeyla: Mən karnaval üçün qəti darıxmıram.

Lourival: Yəqin ki, karnavalda çoxlu qızlar olduğuna görə belə deyirsən (gülür). 

 

- Əksər qadınlar futbolu sevmirlər, hətta bu idman növünə nifrət edirlər. Bəs Şeyla, sizin futbola münasibətiniz necədir? Lourivala görə futbola baxırsınız, yoxsa əvvəllər də rəğbətiniz olub?

Şeyla: Mən həqiqətən də futbolu sevirəm. Lourivalın bütün oyunlarını izləyirəm, “Qəbələ”yə azarkeşlik edirəm. Yeganə problem odur ki, Azərbaycanda stadionlara qadınlar gəlmirlər.

 

- Ailənin oyunu izləməsi səndə ruh yüksəkliyi yaradırmı?

Lourival: Əlbəttə. Həyat yoldaşım və oğlum stadionda olanda, daha yaxşı çıxış etməyə çalışıram. Qol vuranda, həmişə ailəmə doğru qaçıram.

 

- Lourival, səni “Qəbələ”nin legionerlərindən fərqləndirən bir cəhət də dinə çox bağlılığındır. Bu sevgi haradan irəli gəlir?

Lourival: Mənim anam 7-8 il ağır xəstəlikdən əziyyət çəkib və 2005-ci ildə dünyasını dəyişib. O, vəfat etdikdən sonra həyata baxışım dəyişdi. Anamla birgə bütün arzularımı  dəfn etdim. O, mənim həyatdakı uğurlarımı görmədi. Məsələn, istərdim ki, anam necə xoşbəxt ailəm olduğunu, oğlumun doğulduğunu, Azərbaycanda oynadığımı görsün. Burada onunla birlikdə yaşamaq istərdim. Anam dünyasını dəyişən zaman arzuolunmaz hisslər yaşadım, insanlara qarşı münasibətim pisləşdi. Yaxşı ki, sonra özümü toparlaya bildim, nəticədə dinə meylləndim, insanlara kömək etməyə başladım. İndi dini, insanları, xoş əməlləri sevirəm. Din özümə nəzarət etməyə yardımçı olur.  Dodo, Dieqo Lopes Kruz, Dieqo Kosta Silvaya da dinin müsbət tərəfləri barədə danışıram, onlarda dinə sevgini artırmaq istəyirəm.

 

- Bir çox braziliyalılar xarici dilləri çox tez qavrayırlar. Bu baxımdan, Azərbaycan dilini öyrənmək planınız varmı?

Lourival: Azərbaycanca bir neçə söz bilirəm: "nejəsən", "yaxşi", "pis". İki ay öncə ingilis dilini öyrənməyə başladım. Fikrim var ki, ingilis dilindən sonra Azərbaycan dilini də öyrənim. İstəyirəm ki, Azərbaycanda yerli əhali ilə ünsiyyətə girim, onlara kömək edim. Yardımsevərlik mənim ürəyimdən gəlir.

 

 

"Qəbələ"nin avrokuboklara çıxmaq şansı var"

 

- Lohan özünü çox sakit aparır. Xaraktercə kimə oxşayır?

Şeyla: Məncə, Lohan xarakterinə görə atasına bənzəyir. Yemək və ya digər maddi ehtiyacları olanda məni, oynamaq istəyəndə isə Lourivalı çağırır.

 

- Oğlunuzun gələcəyi ilə bağlı nə hansı  planlarınız var?

Şeyla: Lohan indidən futbol oynamağa başlayıb. Ancaq  böyüyəndə futbolçu olmasını istəmirəm. Çünki  futbolçu olarsa, 10-11 yaşından etibarən evdən, ailədən uzaqda yaşamalı olacaq.

Lourival: Mənim üçün isə fərqi yoxdur. Əsas odur ki, yaxşı insan kimi yetişsin, əsl kişi xarakterli olsun. İstənilən sahədə ona dəstək verməyə hazırıq. Sözsüz ki, onu futbolçu olmasını istərdim. Ancaq Lohanı heç nəyə məcbur etməyəcəyik.

 

- Braziliyada təkuşaqlı ailələrə nadir hallarda rast gəlinir...

Lourival: Biz də ikinci övladımızın doğulmasını arzulayırıq. Birinci dəfə həm Şeyla, həm də mən oğlan istəyirdik. İndi hər ikimiz qız övladı diləyirik. Ancaq yenə oğlumuz olsa belə, razı qalacağıq.

 

- Şeylanın mətbəxlə arası necədir? 

Lourival: Şeyla yemək bişirməkdə peşəkardır. Hər ikimiz stroqonof-lazaniya xörəyini sevirik. Bu, Braziliyanın milli xörəyidir, cücə və kremdən hazırlanır. 

 

- Azərbaycan xörəklərindən hansıları dadmısınız?

Şeyla: Mən daha çox düyü ilə lobyanı xoşlayıram. Azərbaycan mətbəxini, demək olar, bəyənmirəm. Yalnız kababı məmnuniyyətlə yeyirəm. 

Lourival: Şeyladan fərqli olaraq, mənim üçün prinsipial fərq yoxdur. Azərbaycan yeməklərini də rahat yeyirəm.

 

- Sonda "Qəbələ" klubu barədə də fikirlərinizi öyrənmək istərdik. Sizcə, komandamız Premyer Liqanı neçənci pillədə başa vuracaq?

Şeyla: Lourival oynasa, "Qəbələ" avrokuboklara vəsiqə qazanacaq (gülür).

Lourival: Mən də bu mövzuda nikbinəm. Hesab edirəm ki, bu heyətlə "Qəbələ" bir sıra uğurlara nail ola bilər. Tam səmimi deyirəm, klub futbolçular üçün bütün şəraiti yaradıb. “Qəbələ”də işlər peşəkarcasına görülür. Klubun əla meydançaları, infrastrukturu var. Avropamiqyaslı yarışlarda iştirak hüququna yiyələnmək üçün  şansımız azda olsa var. Sadəcə, bu imkandan istifadə etmək lazımdır.

 

gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31