20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Azərbaycanı sevməyənlər bu möhtəşəm layihənin uğuruna sevinmirlər"

"Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov müsahibəsində "Lans" və "Atletiko" əməkdaşlığından, Fransadakı erməni lobbisinin mətbuatda yaydığı yalan informasiyalardan danışıb.
 
- Yaxın günlərdə siz komandayla birgə Fransaya səfər etmişdiniz. "Bakı"nın "Lans"la əməkdaşlığı barədə danışmağınızı istərdik...
- Bizi Fransada yüksək səviyyədə qarşıladılar. Orada olduğumuz müddətdə növbəti dəfə erməni lobbisinin Fransada yüksək səviyyədə təşkilatlandığını gördük. "Bakı" klubunun "Lans"la əməkdaşlığı ölkəmiz haqda həqiqətlərin dünyaya çatdırılmasına kömək olacaq, eyni zamanda Azərbaycan futbolunun inkişafına təkan olacaq. Fransadakı ermənilər ölkəmizin bu uğurunu həzm edə bilmir. Onlar müxtəlif yollarla "Lans"la əməkdaşlığın alınmaması üçün çalışdı və istəklərinə nail ola bilmədi. Bu gün Azərbaycan bayrağı Fransada dalğalanır. "Lans"ın stadionunda ən yüksək nöqtədə dövlət bayrağımızın olması onları daha hirsləndirib. Türklərə qarşı düşmən mövqeyində erməni lobbisi "Bakı" klubunun və Azərbaycanın uğurunu qəbul etmək istəmir. Türk dünyasına qarşı münasibətləri qondarma "erməni soyqrımı" məsələsində də özünü göstərmişdi. Bu gün "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun sayəsində "Lans"ın stadionunda bayrağımız dalğalanır, futbolçular meydana üzərində "Bakı-2015" yazılan formalarda çıxır. Hafiz Məmmədovun məqsədi ölkəmiz haqda həqiqətləri Fransaya çatdırmaq, futbolumuzun inkişafına təkan verməkdi. Fransada bizim haqqımızda çox xoş sözlər deyilir. Onlar Azərbaycanın inkişaf etdiyini bilir və buna sevinir.
- Əgər məsələ siz dediyiniz kimidirsə, mediada bəzi yazıları nə ilə əlaqələndirirsiniz?
- Fransada olduğumuz müddətdə ermənilərin Hafiz Məmmədova və onun layihəsinə qarşı imzatoplama kompaniyasına başladığını öyrəndik. Onlar istənilən yolla qərəzli yazılarla bizə qarşı münasibəti dəyişmək istəyik. Amma onlar bunu bacarmayacaq. Ermənilər özlərinə yaxın mediada yalan məlumatlar yazırlar. Onları anlamaq mümkündü. Yalnız mən bizdə bəzi KİV-də yazılanları başa düşmürəm. Axı biz Azərbaycan futboluna dəstək olmaq istəyirik. Belə çıxır ki, bəzi insanlar Azərbaycan futbolunun inkişafını istəmirlər, buna görə də həqiqəti yazmırlar. Bu gün "Atletiko" ilə əməkdaşlıq sayəsində 5 futbolçumuz ora yollanıb. İl ərzində onlarla futbolçumuz həm Fransa, həm da İspaniyada təlim-məşqdə iştirak edəcək. Hər il bu sayda futbolçunun hazırlaşması gələcəkdə Azərbaycan yığmasının güclənməsinə səbəb olacaq. Unutmayaq ki, Dağlıq Qarabağın işğalı məhz Fransada keçirilən iclasda planlaşdırılmışdı. 1988-ci ildə İnternasional otelindəki toplantıda Zori Balayan bizim ərazinin onların torpağı olması kimi yalan xarakterli bəyanat vermişdi. Bu artıq ermənilərin Fransada necə təşkilatlandığını göstərir. Hafiz Məmmədovun sayəsində bu gün Fransadakı ermənilər də həqiqəti görür. Azərbaycanımızı sevməyən insanlar bu möhtəşəm layihənin uğuruna sevinmirlər. "Atletiko" və "Lans"la əməkdaşlıqda əsas vəzifə ölkəmiz haqda həqiqi informasiyanın dünyaya çatdıırlması və təbliğidi. Bu gün hər iki komandanın futbolçuları üzərində Bakı-2015 yazılan formalarda meydana çıxır. Bütün dünya bizim Avropa Oyunlarına hazırlaşdığımızı görür. Ona görə düşmənlər istəklərinə çatmayacaq.
- "Lans"dakı hazırlıqdan sonra hansı işlər aparılacaq?
- Daha bir neçə futbolçu Fransaya yollanmağa hazırlaşır. Madir Mədətov, Valeh Seyidov, Vüqar Mustafayev, Nicat Ələsgərov və Ülvü Süleymanov əsas komandayla birgə məşq edəcək. Sonra əsas komandada meydana çıxacaq. Çoxları üçün bu real görünmürdü. Amma gənc futbolçularımız Fransa 1-ci liqasında mübarizə aparacaq. Onlar Azərbaycanı təmsil edəcəklər. Eyni zamanda gələcək üçün böyük təcrübə qazanacaqlar. Sirr deyil ki, ölkəmizdə yeniyetmə futbolçularda inkişaf 17-18 yaşa qədər davam edir. Sonra irəliləyiş olmur. Fransadakı hazırlıq onlar üçün yeni mərhələ açacaq. Hafiz Məmmədov uşaqların Avropa səviyyəli futbolçu olması üçün çalışır. Yalnız bu halda yığmamız güclənəcək. Biz hamımız bu uğura sevinməliyik.
- Bir qədər çempionatdan danışaq. "Bakı" son zamanlar inamlı çıxış etmir. Rəhbərlik bu barədə nə düşünür?
- Biz Milinko Pantiçdən razıyıq. Hazırda əsas komandaya 1995-1996 təvəllüdlü futbolçular cəlb olunur. Pantiç gələcəyi düşünür. Getdikcə limit azaldılacaq. Hər klub yerli futbolçulara şans verməli olacaq. Gələn mövsüm limit 6+5, sonrakı illərdə isə 5+6 ola bilər. Hər komandada 5 və ya 6 yerli futbolçu olamalıdı. Pantiç gənclərə şans verməklə heyətdə rəqabət yaratmaq istəyir. İnanırıq ki, tez bir zamanda komandamız daha uğurlu çıxış edəcək. Sevinirik ki, bizim Futbol Akademiyasında istedadlar gənclər çoxdu. Onlar gələcəkdə "Bakı"nı daha da gücləndirəcək.
- Deməli hədəflər dəyişməyib?
- "Bakı" klubu cari mövsüm də avrokuboklara düşmək uğrunda yarışır. Azərbaycan Kubokunda sona qədər mübarizə aparacayıq.
- "Atletiko" və "Lans"la yoldaşlıq görüşü gözlənilirmi?
- Bu barədə müzakirələr aparılır. Uyğun olan zaman belə oyunlar keçiriləcək. Hafiz Məmmədovun təklifiylə 2014-cü ildə paytaxtımızda 19 yaşlılar arasında beynəlxalq turnir keçirmək istəyirik. Bu işdə AFFA-ya da müraciət edəcəyik. Federasiyamızın dəstəyi olmadan heç bir layihə mümkün deyil. Ümid edirəm ki, AFFA-nın dəstəyi ilə gözəl turnir olacaq. Orada "Atletiko", "Lans", "Bakı" iştirak edəcək. Azərbaycanda daha bir ya iki komandanın dəvət olunacağı gözlənilir. Yayda baş tutacaq turnirlə bağlı müzakirələr başa çatandan sonra daha geniş məlumat vermək mümkün olacaq.

azerisport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30