28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Pantiçin şablon bəhanələri (Araşdırma)

Azərbaycan Premyer Liqasının 13-cu turunda "Bakı" 63 dəqiqə azlıqda oynayan "Neftçi"yə 1:2 hesabı ilə uduzdu. Bununla da Milinko Pantiçin komandası 13-cü oyununda 5-ci dəfə xala həsrət qaldı. "Zolaqlılar"ın məhsuldarlığı göz oxşasa da, komandanın müdafiə xətti haqda xoş fikirlər səsləndirmək çətindir. Çünki "Bakı" yalnız autsayderlər - "Rəvan" və "Sumqayıt", eləcə də "İnter" və "Xəzər Lənkəran"dan daha az top buraxıb. Komanda dördüncü pillədə qərarlaşsa da, şərikli liderlər - "Qarabağ" və "Neftçi"dən artıq 10 xal geri qalır. Mövsümün isə 3-də 1-i artıq geridə qalıb. Qarşıdakı 23 tur ərzində isə 10 xallıq fərqi aradan qaldırmaq heç də asan deyil.

Böyük ümidlərlə "Bakı"ya gətirilən Pantiç isə hələ ki ümidləri tam doğrultmur. Klub rəhbərliyi Pantiçin işindən razı qala, ya da onun işinə mövsümün sonunda qiymət verilməyin düzgün olduğunu söyləyə bilərlər. Amma fakt budur ki, qarşısına çempionluq hədəfi qoyulan komanda 13 turda artıq 5 dəfə uduzub, eləcə də liderlərdən 10 xal geri qalır.

"Bakı"nın baş məşqçisi Milinko Pantiç isə hər yenilgidən, heç-heçədən sonra bir bəhanə gətirir. Tez-tez hakimlərdən şikayətlənən Pantiç son oyunlarda fərqli "taktika" seçib. Belə ki, "Rəvan" və "Neftçi" ilə görüşlərdən sonra "Bakı"nın çalışdırıcısı rəqib futbolçulara söz atır. Maraqlıdır ki, apardığımız qısa araşdırma zamanı bəlli oldu ki Pantiç 13 tur ərzində qazandıqları oyunlardan sonra rəqib və ya hakimlər haqda heç bir mənfi fikir səsləndirməyib.

Beləliklə, Futbolxeber.az saytı geridə qalan 13 tur ərzində Milinko Pantiçin səsləndirdiyi ən "yaxşı" bəhanələri təqdim edir:

1-ci tur, "Qəbələ"yə 1:2 hesablı yenilgidən sonra

"Qalib gəlməli olduğumuz oyunda məğlub olduq. İlk hissədə rəqibdən təzyiq görmədik. İkinci hissədə isə rəqib komandanın baş məşqçisi maraqlı oyunçu dəyişiklikləri etdi. Üç hava ötürməsindən ikisi qapımıza qolla nəticələndi. Bəlkə də, müdafiəçilərdə səhvlər oldu. Bu, ilk oyun idi".

5-ci tur, "Xəzər Lənkəran"a 1:2 hesablı yenilgidən sonra

"Oyunda səhvlər çox oldu. “Xəzər Lənkəran” bu qələbəyə sevinirsə, bu, tarixdir".

QEYD: Həmin oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak da həmkarının səsləndirdiyi fikirlərə təəssüfləndiyini bildirmişdi.

6-cı tur, "İnter"lə 2:2-lik heç-heçədən sonra

"Rəqib oyuna üç mərkəz müdafiəçi ilə başlamışdı. Oyuna tam nəzarət edirdik, müdafiədə buraxdığımız bir səhv qapımıza qolla nəticələndi. Qalib gələ bilərdik, qol imkanlarımız çox oldu. Mənim üçün bu heç-heçə məğlubiyyətə bərabərdir. İki xal itirdiyimizi düşünürəm".

9-cu tur, "Qarabağ"a 0:3 hesablı yenilgidən sonra

“Fərdi səhvlər ucbatından 10 dəqiqəyə qapımızdan üç top buraxdıq. İlk hissəni rəqibə “hədiyyə” etdik. İkinci hissədə özümüzə gəldik, Mindauqas Kalonasın 4-5 qol epizodu oldu. Təəssüf ki, bu gün bizim günümüz olmadı, top qapıdan keçmədi".

10-cu tur, AZAL-la 2:2-lik heç-heçədən sonra

"Belə oyundan sonra sevinə bilmərəm. 2-0 irəlidə olan zaman rəqib hesabı bərabərləşdirdi. 90 dəqiqə ərzində bəxtimiz gətirmədi. Növbəti dəfə həm mən, həm də yetirmələrim soyunub-geyinmə otağına girəndən sonra hakimlikdən narazılıqlarını bildirdilər. Dedilər ki, biz nə edək ki, hakimlik normal olsun?. İdmançıyam, Azərbaycanın futboluna fayda vermək üçün bura gəlmişəm. Çox pis oluram ki, soyunub-geyinmə otağında 28-30 yaşlı futbolçularım mənə deyirlər ki, nə vaxta kimi bu belə davam edəcək? Nə edək ki, bizə qarşı belə münasibət olmasın? Bura gəldiyim ilk gündən bəri hamı ilə yaxşı münasibətdə olmağa çalışıram. Bilmirəm nələr baş verir, günahım nədir? Bəlkə də keçmişdən bizim kluba qarşı nəsə qalıb? Həmişə futbolçularıma deyirəm ki, meydanda hakimə dəstək olsunlar, kömək etsinlər. İnsanıq, səhv ola bilər hər şeydə. Artıq kifayətdir, bilmirəm nə deyim, günah nədədir, səbəb nədir? Bu şeyləri bilmirəm. İşləyirik, məşqlərimizi davam etdiririk, hazırlaşırıq, sona qədər mübarizə aparırıq, amma bilmirəm nədir? AZAL-ın qapıçısını da təbrik etmək istəyirəm. Həyatının ən yaxşı oyununu oynadı. Bundan yaxşı, məncə, mümkün deyil".

11-ci tur "Rəvan"la qolsuz heç-heçədən sonra:

“Biz hər oyunda qalib gəlmək istəyirik. Oyunun əvvəllərindən hiss olunurdu ki, rəqib oynamaq istəmir. "Rəvan"ın oyunçularının hərəkətlərinə 1görə utanırdım. Özlərini yerə yıxıb vaxtı uzadırdılar və hakim də buna göz yumurdu. Oyunçular hər yerə yıxılanda 5 dəqiqə yerdə qalırdılar. Oyun 120 dəqiqə davam etməli idi. Ümumilikdə 90 dəqiqənin 25 dəqiqəsini futbol oynadıq. İspaniyada bir futbolçu başqa komandaya icarə əsasında veriləndə o, öz komandasına qarşı oynaya bilməz. Burda isə belə bir şey yoxdur".

13-cü tur, "Neftçi"yə 1:2 hesablı yenilgidən sonra:

"Neftçi"nin oyunçuları hesabda irəli olduqları halda vaxtı uzadırdılar. 10 nəfərə qarşı mübarizə aparsaq da, “Neftçi” fiziki cəhətdən bizdən zəif idi. Mən futbolçu səhvlərini müzakirə etmək üçün yox, ölkə futbolunu qaldırmaq üçün gəlmişəm".

P.S. Uğursuz oyunlardan sonra min bəhanə gətirən Pantiç kiçik uğurları şişirtməyi də bacarır. Nümunə:

VII tur, "Sumqayıt"ı 1:0 hesanı ilə məğlub etdikləri oyundan sonra

"Çətin qələbə qazandıq. “Sumqayıt” yaxşı komandadır, klubun rəhbərliyini bu cür komanda yaratdığı üçün təbrik edirəm. "Qəbələ”yə qalib gəlmişdilər, ötən turda isə “Neftçi” ilə heç-heçə etdilər. Ötən mövsüm “Sumqayıt” "Bakı"dan 4 xal almışdı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31