19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Xalq komandası"nın dəyərli forması (YAZI)

Yəqin xəbəriniz var ki, “Neftçi”nin kapitanı Rəşad Sadiqov “Xəzər Lənkəran”la oyunun gedişində cənubluların baş məşqçisi Con Toşakı təhqir edib. Mənim Toşaka münasibətim diqqətli oxuculara bəllidi. Azərbaycan futboluna yatırılan böyük pulların parıltısından gözləri qamaşan, təqaüdə çıxmaq əvəzinə uzaq Lənkəranın yolunu tutan uelsli mütəxəssis çoxminli azarkeş ordusuna malik “ağ-yaşıllar”ı autsayderə çevirib. Amma bu məsələnin başqa tərəfidi. Toşakı tənqid etmək jurnalistlərin və futbol mütəxəssislərinin vəzifəsidi. Məsələni təhqirə çevirməyə, atamız yaşında olan əcnəbini təhqir eləməyə heç birimizin ixtiyarı yoxdu. “Neftçi”nin kapitanının rəqib komandanın çalışdırıcısına “suka” deməsinə tərbiyəsizlik və səviyyəsizlikdən başqa ad verməyə çətinlik çəkirəm. Mahir Şükürovun Qəbələdə yerli azarkeşlərə orta barmağını göstərməsinin üzərindən heç 15 gün keçməmiş, indi də Sadiqov onun “qəhrəmanlığını” təkrarlayıb. Əslində, Mahirin hansısa cəzaya məruz qalmaması onun davamçılarının olacağından xəbər verirdi. 
Deyəsən, ardıcıl qazanılan çempionluqlar və ölkə kuboku, Avroliqanın qrup mərhələsinə vəsiqə “Neftçi”nin futbolçularında “şişmə” xəstəliyinin simptomlarını yaratmağa başlayıb. Rəşada, Mahirə elə gəlir ki, onlar dünyanın ən güclü top sehrbazlarıdı, artıq Azərbaycanda heç kim onların sözünün qarşısına söz deyə bilməz. Naxçıvanda “Xəzər Lənkəran” rəsmiləriylə birgə şam yeməyinə qatıldıqdan sonra, dostluq mesajları verən Sadıq Sadıqovun baş verənlərə çevik münasibət bildirməməsinə təəssüflənirəm. Adətən belə məqamlarda “ağ-qaralar”ın prezidenti öz mövqeyini ortaya qoyar, xoşagəlməz halların təkrarlanmaması üçün hərəkətə keçərdi. Uzun müddət çempionluğa həsrət qalan “Neftçi” ölkə futbolundakı lider mövqeyini də əldən vermişdi. Məhz hazırkı rəhbərliyin dövründə uğurları sıralamağa başlayan “xalq komandası”, azarkeşləriylə barışmağı bacardı. Belədə, klub rəhbərliyinin diqqətli olması, min bir əziyyət bahasına qazanılan nüfuzun ayaqlar altına atılmasına imkan verməməsi gərəklidi. “Neftçi”nin formasını geyinən hər bir 
futbolçu “xalq komandası”nda oynadığını dərk edib, hərəkətlərini də ölçüb-biçməlidi. 
Reallıq isə tamam əksinədi. Ötən şənbə baş tutan “Böyük oyun” lənkəranlı azarkeşlərin yoxluğunda çox miskin təsir bağışladı. Unutmaq lazım deyil ki, İntizam Komitəsinin “böyük oyun”da rəqib komandanın azarkeşlərinin stadiona daxil olmasına qoyduğu qadağa “Neftçi”yə də aiddi. Yəni, Premyer-liqanın ən maraqlı qarşılaşmalarından birinin fanatların dəstəyindən məhrum edilib, məzmunsuz teatr tamaşasına çevrilməsində “Neftçi”nin də məsuliyyət payı var. Üstəlik, hadisələr öz kulminasiya nöqtəsinə paytaxt klubunun rəsmilərinin bilavasitə günahı ucbatından çatıb. Tarixi vərəqləyib, yaralarımızın qaysaqlarını qoparmaq istəmirəm. AFFA İK-nin məlum qərarında hər iki klubun azarkeşlərlə apardığı işə diqqət yetirməsinin vacibliyindən bəhs olunurdu. Görünür, təkcə azarkeşlərlə yox, həm də futbolçularla tərbiyəvi işlər aparılmalıdı. Rəşad Sadiqova başa salmaq lazımdı ki, atası yaşında kişini onun anlamadığı dildə təhqir etmək, heç də böyük qəhrəmanlıq deyil. Əyninizə hansı klubun formasını geyindiyinizi dərk edin. Əbəs yerə 
“Neftçi”yə “xalq komandası” demirlər. Sizin kimilər “ağ-qara” formayla bu cür ədəbsizlik etdikcə, “Neftçi” xalqdan daha da uzaqlaşır. Qazandığınız milyonlara çox da aludə olmayın, o formanın qiymətini bilin.
 
Amal ABUŞOV, Rekord.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30