29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: "Oyunların təxirə salınmasına qəti şəkildə qarşıyam"

"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Əvvəlcə şəhid futbolçu İlqar Bürcəliyevlə bağlı fikirlərinizi bilmək istərdik...

- Çox sevindiricidir ki, İlqar sorğuda qalib oldu. Hamımız qürur duyur, fərəhlənirik. İlqarın xəyalı yaxşı futbolçu olmaq idi. Amma bundan da uca zirvəyə yüksəldi, torpaqlarımızın işğaldan olması uğrunda qəhrəmanlıq göstərdi, canından keçdi. Allahdan ona rəhmət diləyirik. İnanıram ki, qardaşı futbolçu kimi onun arzularını həyata keçirəcək.

- "Zirə"nin 2020-ci ildəki çıxışını necə dəyərləndirirsiniz?

- Futbola gəlincə, ilin ilk yarısı bir az qarışıq keçdi. Mövsüm yarımçıq dayandırıldı. Futbolçular az sayda oyun keçirdilər. Qış fasiləsindən sonra cəmi 6-7 tur oldu. Bu, onların performansına təsir etməyə bilməzdi. Amma sevindiricidir ki, avqustda çempionatımız bərpa olundu. Mövsümün ilk yarısında 13 tur oynadıq. Hətta yoluxma sayına görə çempionatın yenidən dayandırılması təhlükəsi var idi. Sevinirik ki, çətinliklərə baxmayaraq, klublar təcrid olundu və hamı sağaldı. Bundan sonra oyunlarımıza davam etdik. Bu, çox önəmli idi. Onsuz da çempionatda cəmi 28 oyun keçiririk. Kuboku da nəzərə alsaq, futbolçu üçün maksimum 33 qarşılaşma olur. Bu, oyunçunun fərdi inkişafı üçün çox azdır. Ona görədə matçların təxirə salınmasına qəti şəkildə qarşıyam. Hesab edirəm ki, bu, futbolçuların inkişafına zərbə vurur. Ümumi götürsək, komandanın çıxışını yaxşı qiymətləndirirəm. Turnir cədvəlində 3-cü sıradayıq. 4, 5 və 6-cı yerdəki komandalarla xal fərqimiz var. Amma elə də böyük deyil. Nəzərə alaq ki, qarşıda hələ 15 tur var. Yeni qurulan komandayıq. Çoxlu transferimiz oldu. Bu futbolçular ilk dəfədir bir yerdə oynayır. Buna baxmayaraq, bir-birimizə çox tez uyğunlaşdıq. Razıyam, daha da yaxşı ola bilərik. Komandamızın daha yaxşı səviyyəyə gəlməsi üçün çalışacağıq.

- Premyer Liqanın XIII turunda "Qarabağ"a 2:3 hesabı ilə uduzduğunuz oyundan sonra mətbuat konfransında heyəti gücləndirmək üçün 2-3 futbolçu transfer etmək istədiyinizi bildirdiniz. Hazırda danışıqlar nə yerdədir, anlaşdığınız yeni oyunçular varmı? Eyni zamanda, komandadan başqa futbolçuların ayrılmağı gözlənilirmi?

- Ümumiyyətlə, yayda belə, transfer işlərini tamamlamamışdıq. Mənim legionerlərlə bağlı bir prinsipim var. Yaxşı oyunçudursa, transfer edim. Səviyyəsi sual altındadırsa, say doldurmaq naminə kimisə komandaya götürmək istəmirəm. Onsuz da bizdə bir oyunçu transferi var idi. Qış fasiləsinədək Kaio Rangel da Silva və Rəşad Eyyubovla yollarımızı ayırdıq. Bu səbəbdən hazırda bizə mütləq şəkildə 2-3 transfer lazımdır. Bundan sonra kiminsə komandadan göndərilməsi planımda yoxdur. Bəlkə kimsə yenidən ayrılmaq istəsin. Bu, xüsusilə daha çox oynamaq istəyən futbolçulara aiddir. Özüm futbolun içində olmuşam. Kimsə bu fikirlə yanıma gələ bilər və biz yenidən ayrılıq məsləsinə qayıdarıq. Komandanın maraqlarına uyğun fərqli qərarlar qəbul edə bilərik. Bu günlərdə Yurgen Kloppun bir açıqlaması qarşıma çıxdı. Deyib ki, biz getmək istəyən futbolçunu komandada məcbur saxlaya bilmərik. Mən özüm də məsələyə bu cür yanaşıram. Futbolçunu zorla saxlamaq komandaya zərərdən başqa bir şey verməz. Ona görə əminlikdə danışa bilmirəm. Mən tərəfdən mövzu bağlıdır. Hazırda daha çox gələcək futbolçuları düşünürük. Danışıq apardığımız, təklif göndərdiyimiz, izlədiyimiz legionerlər var. Ən azı 2 və ya 3 əcnəbi oyunçu transfer etməyi düşünürük.

- Gündəminizdə yerli futbolçular da var?

- Yerli bazarda vəziyyət çox çətindir. Məsələn, bu gün elə futbolçular var ki, rəhbərliyim altında oynamasını istəyərəm. Amma qışda transfer etmək çətindir. Çünki sənin istədiyin futbolçu klubuna da lazımdır və heç kim onu havayı buraxmayacaq. Bizim büdcəmiz də ona imkan vermir ki, hansısa oyunçuya böyük vəsait ödəyək. Onların müqaviləsinin başa çatmasını gözləməyə məcburuq. Komandamızdakı yerli futbolçular məni qane edir. Hazırda bu mənada ehtiyac olduğunu da düşünmürəm. Amma bəzi mövqelərə legioner alınmalıdır. İstədiyim səviyyədə oyunçu olsa, götürəcəyik. Olmasa, transfer etməyəcəyik.

- Sizə görə Azərbaycanda ilin komandası və oyunçusu hansıdır?

- Aydın məsələdir ki, hamımız "Qarabağ"a səs verməliyik. Çünki həm çempion olublar, həm də Avropa Liqasının qrupunda oynayıblar. Bu uğuru başqa komanda əldə etsəydi, onu fərqləndirəcəkdik. Futbolçuya gəldikdə, şəxsi fikrimdir ki, bu ada Şahruddin Məhəmmədliyev layiqdir. Həm millidə, həm də "Qarabağ"da çətin rəqabətdən əsas heyət üzvünə çevrildi. Bundan əlavə, meydanda aparıcı qüvvə oldu və həlledici məqamlarda komandasını xilas etdi. Ümumiyyətlə, çox xarakterli oyunçudur. Rəqibi kim olur-olsun, hər zaman özünü birinci görür. Bunun hesabına həm millidə, həm də klubunda əsas qapıçıdır.

- Milli komandadan söz düşmüşkən, DÇ-2022-nin seçmə mərhələsindəki şanslarımız barədə nə deyə bilərsiniz?

- Püşkü düzgün qiymətləndirmək lazımdır. Bizə 6-cı səbətdən və 4-cü səbətdə bəzi rəqiblərdən başqa, düşən rəqiblərin hamısı bizdən güclüdür. Buna görə istənilən püşk bizə vahiməli görünə bilər. Amma real yanaşsaq, Portuqaliyadan başqa, digər yığmalar bizə uyğun rəqiblərdir. Məsələn, 2-ci səbətdən seçim imkanım olsaydı, Serbiyanın adını çəkərdim. Yaxud 3-cü səbətdən İrlandiyanı, 4-dən Lüksemburqu seçərdim. Bəli, ilk baxışda bizdən güclü görünə bilərlər. Daha iddialı komandalarla da düşə bilərdik. Həm Serbiya, həm də İrlandiyaya qarşı inamlı mübarizə aparmaq, səfərdə xal almaq, hətta evdə qalib gəlmək də olar. Əvvəlki matçlar da bunu göstərib. Lüksemburqa gəlincə, özümüz də şahidi olduq ki, bu rəqiblə oynaya və yaxşı nəticə əldə edə bilərik. Qarşıya qrupda hansı yeri tutmaq məqsədi qoyulub, bu, artıq mənim səlahiyyətlərimi aşan məsələdir. İmkan daxilində irəliləmək, yaxşı yer üçün mübarizə aparmaq olar. Əsas odur ki, baş məşqçi həm futbolçulara, həm özünə inanır. Albaniya millisinin sükanı arxasında Portuqaliya və Serbiya ilə qarşılaşıb. Pozitiv düşünürəm. İnanıram ki, qrupda inamlı çıxış edəcəklər.

- 2020-ci ili özünüz üçün necə qiymətləndirirsiniz?

- 2020 həyatımızın ən möhtəşəm, yaddaqalan ili olacaq. İllərdir xəyal qurduğumuz, arzuladığımız Qarabağa qovuşduq. Müharibədəqalib gəldik, işğal altındakı əraziləri azad etdik. Yəqin ki, ömrümün sonunadək həyatımda belə il olmayacaq. Düzdür, ilin əvvəlində pandemiya ilə bağlı çətin dövr yaşadıq. Amma sonu möhtəşəm oldu. İnanıram ki, qarşıdakı ildə də futbolumuzla tairx yazacaq, böyük zəfərlər əldə edəcək, yaddaşlarda da elə qalacağıq (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31