28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ramazanovun açıqlamasının izi ilə

İMTAHANLARDAN KƏSİLMƏYİN GÜNAHKARI AFFA-DI, RƏFİYEVDİ, YOXSA DE BYAZİ?

Millimizin sabiq hücumçusu Zaur Ramazanovun “Futbol+” qəzetinə verdiyi açıqlama dünən gün ərzində istər mətbuatda, istərsə də sosial şəbəkələrdə geniş müzakirə mövzusu oldu. Veteran forvard AFFA-dan milli komandamıza, yığmanın məşqçisi Arif Əsədovdan “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə qədər bir çoxlarını ittiham etdi. Zaur Ramazanovun açıqlamaları ilə bağlı geniş danışmaq olar. Lakin biz bu açıqlamalardan ikisinə toxunacağıq.

Veteran futbolçu iddia edir ki, “Milli komanda kimlərinsə maraqları çərçivəsində formalaşır. AFFA-ya yaxın olanlar yığmaya öz futbolçularını dürtüşdürməyə çalışırlar. Məsələn, Riad Rəfiyev kimi. De Byazi ilə yaxınlıqdan istifadə edib prezidenti olduğu klubun 5-6 futbolçusunu yığmaya göndərir”.

Bəlkə də 3-4 il əvvəl olsaydı, “Sumqayıt”ın 5-6 futbolçusunun milliyə cəlb olunmasına şübhə ilə yanaşmağa dəyərdi. Lakin son 2-3 ildə “Gənclik şəhəri”nin təmsilçisi mübarizliyi ilə adından söz etdirə bilir. Komandanın 2 mövsüm öncə ölkə kubokunda finala yüksəlməsi, ötən mövsüm tarixində ilk dəfə Avroliqaya vəsiqə qazanması və cari mövsüm inamlı təsir bağışlaması sübut edir ki, “Sumqayıt” artıq autsayder imicindən qurtulub. Büdcə baxımından “Sumqayıt” çempionatın aşkar autsayderi olsa da, göstərilən oyun və nəticə baxımından komanda yüksək pillələrə iddia edir. Bu komandadan milliyə cəlb olunan futbolçuların hamısı da dəvətə layiqdirlər. "Sumqayıt"ın prezidenti Rəfiyev yox, Həsənov da olsaydı, De Byazi Rəhim Sadıxov, Vüqar Mustafayev, Xəyal Nəcəfov, Tellur Mütəllimov, Aydın Bayramov, Əli Qurbaniyə dəvət göndərəcəkdi. Çünki cari mövsüm “Sumqayıt”ın oyununu izləyənlərin əlsəriyyəti adıçəkilən futbolçuların milliyə layiq olduqlarını təsdiqləyə bilər. Əminik ki, De Byazi bu gün Xəyal Nəcəfovu, Aydın Bayramovu, Tellur Mütəllimovu milliyə çağırmasaydı, istər azarkeşlər, istər mətbuat - əksəriyyət italiyalı mütəxəssisi tənqid atəşinə tutacaqdı. Deməli, “Sumqayıt”ın futbolçuları Riad Rəfiyevə görə milliyə dəvət alırlar” fikri yanlışdır.

Zaur Ramazanovun Riad Rəfiyevlə bağlı digər ittihamı isə onun iddiası barədədir: “Rəfiyev kimlərəsə demək istəyir ki, mən kresloya oturandan sonra "Sumqayıt" inkişaf edib. Görün necə işləyirəm ki, 5-6 oyunçum əsas yığmadadı. Guya bilmirik onun əsas məqsədi nədi? O bununla demək istəyir ki, daha iddialı, daha çox büdcəsi olan kluba rəhbərlik etməliyəm. Futbol camiəsi yaxşı bilir ki, Rəfiyevin gözü hansı klubun prezident kreslosundadı”.

Böyük ehtimalla, Ramazanov Rəfiyevin “Neftçi”nin prezidenti olmaq istədiyinə işarə vurur. Bu, elə bir məsələdir ki, heç geniş izahata da ehtiyac yoxdur. “Neftçi”nin prezidenti olmağı kim istəməz ki? Bunu futbolun içində olan hər bir kəs istər - elə Zaur Ramazanovun özü də, Riad Rəfiyev də. Yəni Rəfiyevin əvvəl atasının tutduğu posta - ölkə futbolunun flaqmanına rəhbərlik etmək iddiasında olmasında qeyri-adi nə var ki?

Əslində, Zaur Ramazanovun niyə məhz indi dilə gəlməsi - AFFA-nı, milli komandanın məşqçilər korpusunu, “Sumqayıt”ın prezidentini tənqid etməsi sual doğurur. Təbii ki, tənqid olmalıdı. İstər AFFA, istər millinin məşqçilər korpusu, istər futbol funksionerləri - kim işinin öhdəsindən gələ bilmirsə, tənqid edilməlidir. Lakin niyə məhz indi? Axı millinin heyəti dünən, srağagün açıqlanmayıb. “Sumqayıt”dan 5-6 futbolçu yığmaya bu günlərdə dəvət almayıb. Yaxud AFFA-nın hazırkı rəhbərliyi dünən iş başına keçməyib. Niyə daha əvvəl - millinin heyəti oktyabrda, noyabrda açıqlananda yox, məhz indi Zaur Ramazanov dilə gəldi? Bununla bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, A keteqoriyalı məşqçi kurslarına qatılan Zaur Ramazanov bu günlərdə 4 imtahan verib və hamısından kəsilib. İmtanahlardan keçə bilmədiyi üçün veteran futbolçu A kateqoriyalı məşqçi lisenziyası ala bilməyib. Ramazanov nə qədər təkid etsə də, imtahanın nəticələri dəyişməyib. Bu halda, məhz imtahanlardan kəsildikdən sonra belə açıqlamaların verilməsi təsadüfdürmü?

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31