28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Günün adamı - Rəhim Sadıxov necə kəşf olunub?

RİAD RƏFİYEV: “SEVİNİRİK Kİ, SEÇİMİMİZDƏ YANILMAMIŞIQ”

Dünən milli komandamız UEFA Millətlər Liqasının ikinci turunda səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldi. Bu, Canni De Byazinin yığmamızın baş məşqçisi kimi ilk qələbəsi oldu. Kiprlə görüş “Sumqayıt”ın yarımmüdafiəçisi Rəhim Sadıxov üçün də əlamətdar oldu. Belə ki, 24 yaşlı yarımmüdafiəçi ilk dəfə millimizin heyətində meydana çıxdı. Onun debütü əla alındı. İlk dəqiqələrdən soyuqqanlığı ilə seçilən 24 yaşlı futbolçu yığma komandamızın qələbəsində əsas pay sahiblərindən biri oldu.

RƏHİM SADIXOV KİMDİR?

1996-cı ildə iyulun 18-də Moskvada dünyaya gəlib. Moskva “Spartak”ının yetirməsi olsa da, bu klubun əsas heyətində meydana çıxmayıb. 18 yaşı tamam olanda “Spartak”dan ayrılan Sadıxov 1 il sonra peşəkar karyerasındakı ilk klub - “Solyaris”lə müqavilə imzalayıb. Moskvanı təmsil edən və cəmi 3 il (2014-2017) fəaliyyət göstərmiş “Solyaris” Rusiya çempionatının II divizionunun Qərb zonasında çıxış edirdi. 2015-2016 mövsümünü burada keçirən Sadıxov “Solyaris”in heyətində 16 oyunda forma geyib.

Buradan Moskvanın köklü klublarından “Torpedo”ya keçib. 3 il ərzində paytaxt təmsilçisinin liderlərindən biri olan Rəhim meydana çıxdığı 71 oyunda 23 qol vurub. Lakin 2019-cu ilin avqustunda “Torpedo”nu tərk edib. Həmin vaxt klub rəhbərliyi 2 dəfə gənc yarımmüdafiəçiyə yeni müqavilə təklif etsə də, o, karyerasını “Torpedo”da davam etdirmək istəməyib və tarixi vətəninə - Azərbaycana üz tutub.

File:Ragim Sadykhov 2017.jpg

8 İL ƏVVƏL BAŞ TUTAN DEBÜT

Ötən il Sadıxov “Sumqayıt”la 2 illik müqavilə imzaladı. “Zirə” ilə görüşdə yeni klubunda debüt edən Rəhim qısa müddətdə  “Sumqayıt”ın aparıcı futbolçularından birinə çevrildi. İlk ilində 90-ı seçən Sadıxov bu mövsümdən “Sumqayıt”da 10 nömrəli formanı geyir. Geridə qalan müddətdə o, “Sumqayıt”ın heyətində 16 rəsmi görüşdə forma geyib. 1092 dəqiqə meydanda olan futbolçu 3 qol vurub. Rəhimin oyunundan razı qalan “Sumqayıt” rəhbərliyi onunla qüvvədə olan 1 illik müqaviləni daha 1 il müddətinə uzadıb.

Rəhim Sadıxov ilk dəfə 8 il əvvəl Azərbaycan milli komandasına cəlb olunub. Hələ 2012-ci ildə, “Spartak” akademiyasının üzvü olarkən o, 17 yaşadək futbolçulardan ibarət millimizin heyətində meydana çıxıb. Bu yaş kateqoriyasında 6 görüşdə forma geyən Sadıxov 2013-cü ildə 2 matçda da U-19-un heyətində meydana çıxıb.

MƏHDUD ÇƏRÇİVƏ, DÜZGÜN SEÇİM(LƏR)

Rəhim Sadıxov ölkədən kənarda “Sumqayıt” tərəfindən tapılaraq Azərbaycan millisinə cəlb olunan ilk futbolçu deyil. Riad Rəfiyevin kluba prezident təyin edilməsindən sonra “Sumqayıt” son 2 ildə bir neçə nəfəri Azərbaycan futboluna qazandırıb.

Məlumdur ki, “Sumqayıt”ın yaradılmasında əsas məqsədlərdən biri də milli komandalar üçün baza rolunu oynamaqdır. Legioner transferinə icazə yoxdur və yalnız ölkədən kənarda çıxış edən Azərbaycan əsilli futbolçular heyətə cəlb oluna bilər. Bu baxımdan “Sumqayıt”ın işi daha çətindir. Digər klublar Cənubi Amerikadan, Afrikadan, Avropadan legionerlərə qucaq açdığı halda, “Sumqayıt” yalnız və yalnız ölkə kənarından gələcəkdə Azərbaycan millisinin formasını geyə biləcək oyunçularla güclənmək imkanına malikdir. Bu isə seçim imkanını daha da daraldır. Son 2 ildə isə bu baxımdan “Sumqayıt” qarşıya qoyulan vəzifəni artıqlaması ilə yerinə yetirir. Diqqətçəkən məqamlardan biri də odur ki, Rəfiyevin gəlişindən sonra Azərbaycan millisi üçün potensial futbolçu gözü ilə baxılan oyunçuların hamısının transferi özünü doğruldub.

Нет описания.

YURÇEVİÇ: “SUMQAYIT” YEGANƏ KLUBDUR Kİ...”

“Sumqayıt”ın strategiyasını milli komandamızın keçmiş baş məşqçisi Nikola Yurçeviçin də ürəyindən idi. Bir dəfə bununla bağlı açıqlamasında xorvat mütəxəssis demişdi: “Sumqayıt” yeganə klubdur ki, onun oyununa gedəndə bilirəm ki, görəcəyim bütün futbolçuları milliyə dəvət edə bilərəm. Digər komandalarda isə heyətin yarıdan çoxu legioner futbolçulardır. Bəzi komandaların oyununa gedirəm ki, hansısa bir futbolçunun oyununa baxım. Amma baş məşqçi onu əsas heyətdə meydana buraxmır, ya 18-likdə olur, ya da ümumiyyətlə, heyətə salınmır”.

ƏLİ BABAYEV, ALEKSEY İSAYEV, RƏHİM SADIXOV VƏ SIRADAKILAR

Ölkədən kənarda çıxış edən Azərbaycan əsilli futbolçuların yığmaya cəlb olunması baxımından “Sumqayıt”ın aktivinə yazıla biləcək ilk isim Əli Babayevdir. İsraildə dünyaya göz açan yarımmüdafiəçi 2018-ci ilin yayında “Sumqayıt”a transfer olunub. 25 oyunda meydana çıxan futbolçu 2019-cu ilin martında Azərbaycan yığmasına dəvət alıb. Nikola Yurçeviçin Xorvatiya ilə rəsmi, Litva ilə isə yoxlama oyunu üçün dəvət göndərdiyi 23 futbolçu arasında Babayev də var idi. Xorvat mütəxəssis bu haqda qısaca belə demişdi: “Mən onu Qara Qarayevə alternativ futbolçu kimi milliyə dəvət etmişəm”. Hazırda Əli karyerasını İsrailin yüksək liqasında davam etdirir.

Həmin vaxt Əli Babayevlə birgə Aleksey İsayev də ilk dəfə Azərbaycan millisinə dəvət almışdı. Babayev kimi İsayevi də Azərbaycan futboluna “Sumqayıt”, bir qədər də dəqiqləşdirsək Riad Rəfiyev qazandırıb. Krasnoyarskda anadan olan 25 yaşlı yarımmüdafiəçi “Yenisey” və “Zenit-2”də çıxış edib. 2018-ci ildə “Sumqayıt”a transfer olunub. 2 il ərzində 38 görüşdə meydana çıxan Aleksey bu yay komandadan ayrıldı. “Sabah”ın təklif etdiyi böyük məbləğ qarşılığında “Sumqayıt”dan milliyə qədər yüksələn İsayev hazır kadr kimi Bakı klubuna cəlb olundu. Lakin Alekseyin “Sabah”dakı karyerasının uğurlu alınacağını proqnozlaşdırmaq çətindir. Hazırda zədədən əziyyət çəkən futbolçu növbəti mövsüm yenidən “Sumqayıt”da peyda olsa, heç təəccüblənmərik.

Нет описания.

Əli Babayev və Aleksey İsayevdən fərqli olaraq Əmir Ağayev hələ ki millimizdə debüt etməyib. Hazırda onun yığmamıza cəlb olunması ilə bağlı məsələyə FİFA-nın müvafiq komissiyasında baxılır və AFFA ilə ali futbol qurumu arasında zəruri sənədlərin dövriyyəsi davam edir. Böyük ehtimal, Ağayev növbəti toplanış zamanı millimizin düşərgəsində olacaq.

Əmir Ağayev 2 il öncə “Sumqayıt”a cəlb olunmuşdu. İsraildə anadan 28 yaşlı yarımmüdafiəçi hazırda Yunanıstan “Atromitos” klubunun formasını geyir.

Adıçəkilən futbolçulardan başqa, daha 2 nəfər var ki yaxın gələcəkdə onları da Azərbaycan yığmasında görə bilərik. Söhbət Cəmaləddin Xocaniyazov və Peyman Babayidən gedir.

Xocaniyazov Rəhimlə birgə “Sumqayıt”a transfer olunub. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Cəmaləddin geridə qalan müddətdə özünü yaxşı tərəfdən göstərib. Lüksemburq və Kiprlə oyunlar göstərdi ki, millimizin müdafiə xəttində problemlər var və Xocaniyazovun tezliklə millimizə cəlb olunması real görünür.

Peyman Babayi isə Cənubi Azərbaycandandır. Müqavilə ilə “Traktor”a məxsus olan Babayi ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardirlərindən biri oldu. Böyük ehtimal, yeni mövsümdə onu “Traktor”un əsas heyətində görəcəyik.

RİAD RƏFİYEV: “RƏHİM KİMİ OYUNÇULAR AZƏRBAYCAN FUTBOLUNUN GƏLƏCƏYİDİRLƏR”

Daha əvvəl də qeyd etdiyimiz kimi, haqqında söhbət açdığımız futbolçuların hamısı Riad Rəfiyevin “kəşf”ləridir. Məhz Rəfiyevin “Sumqayıt”ın prezidenti kimi fəaliyyəti nəticəsində Əli Babayev, Aleksey İsayev, Əmir Ağayev, Rəhim Sadıxov əvvəlcə “Sumqayıt”a cəlb olunublar. Daha sonra isə milliyə yolları açılıb.

Rəfiyev, Əmirini götür, sox... - Komanda.az

Bizimlə söhbətində Riad Rəfiyev qeyd etdi ki, Rəhim kimi oyunçular Azərbaycan futbolunun gələcəyidirlər: “Sumqayıt”ın bəlli strategiyası var və bu strategiya müəyyən prinsiplər üzərində qurulub. Bu prinsiplərdən biri də ölkədən kənarda çıxış edən Azərbaycan əsilli futbolçuların ölkəmizə cəlb olunmasıdır. “Sumqayıt” klubuna rəhbər təyin olunduqdan sonra bu seçim üzərində daha çox işləməyə başladıq. Hər kəsə məlumdur ki, bu günə qədər komandaya cəlb etdiyimiz Əmir Ağayev, Əli Babayev, Aleksey İsayev, Peyman Babayi, Rəhim Sadıxov, Cəmaləddin Xocaniyazovun Azərbaycana bağlılıqları var. Hər biri kimi Rəhim də Azərbaycan əsillidir. Rəhimin oyununu uzun illərdi izləyirəm. İlk dəfə U-17-dəki çıxışı zamanı diqqətimi çəkmişdi. “Sumqayıt”a gələndən sonra yenidən maraq dairəmizə düşdü. Elə oldu ki, “Torpedo” ilə müqaviləsi bitmək ərəfəsində baş məşqçimiz Ayxan Abbasova onun haqqında məlumat verdim. Ayxan müəllim Rəhim Sadıxovun oyununa baxdıqdan dərhal sonra futbolçunu sərəncamında görmək istədi. Apardığımız danışıqlarımız uğurlu alındı. Sevinirik ki, seçimimizdə yanılmamışıq. Rəhim kimi oyunçular Azərbaycan futbolunun gələcəyidirlər. Çox şadam ki, “Sumqayıt”ın futbolçusu millimizin Kipr üzərində qazandığı qələbədə pay sahibi oldu”.

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31