28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Elxan Məmmədov: "Millimiz qarşıdakı iki oyuna qələbə üçün çıxacaq"

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun müsahibəsi

- Azərbaycan yığması Lüksemburq və Kiprlə UEFA Millətlər Liqasının oyunlarında nəyə ümid edə bilər?

- Əlbəttə, hər bir yığma kimi, Azərbaycan millisi də qarşıdakı iki görüşə qələbə üçün çıxacaq. Əsası odur ki, uzun fasilədən sonra klubların avrokubok qarşılaşmaları başlayıb və yığmanın oyunları da start götürməkdədir. Yəni artıq futbol tamamilə qayıdır. Təbii ki, yeni qaydalarla. Təəssüf ki, qarşılaşmalar, UEFA-nın qərarına əsasən, azarkeşsiz keçirilir. Amma futbol bir nömrəli idmandır. Yenə də azarkeşlər oyunları böyük həyəcanla, bu dəfə ancaq televiziya vasitəsilə izləyə biləcəklər. Komandamız xüsusən evdə oynayanda müsbət enerjini, dəstəyi hiss edəcək.

- Milli komandanın legionerləri Dmitri Nazarov və Eddi İsrafilovun toplanışa qatıla bilməmələrinə dair əsaslandırmalarını nə qədər tutarlı sayırsınız?

- İsrafilov və Nazarovla bağlı rəsmi saytımız vasitəsilə açıqlama vermişik. Futbolçularla, eləcə də Almaniya və İspaniyanın futbol federasiyaları ilə danışmışıq. Məsələni UEFA ilə də müzakirə etmişdik. Çünki UEFA son iclasında çağırış etdi ki, bütün milli assosiasiyalar dövlətlə müzakirələr aparsınlar və futbola xüsusi istisnalar tətbiq olunsun. Lakin bəzi ölkələr bunu etmirlər və təəssüf ki, bəzi klublar öz futbolçularını riskə atmaq istəmirlər. Təbii ki, oyunçuların bununla bağlı yanaşmaları var. Hazırda vəziyyət belədir. Növbəti təlim-məşq toplanışında baş məşqçi Canni De Byazinin tövsiyəsi ilə addımlar atacaq və vəziyyətə baxacağıq.

- UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin "Qarabağ" - "Molde" matçı ətrafında yaranmış məlum situasiyanın müsbət həlli baxımından AFFA hansı addımı atıb?

- İlk növbədə, "Qarabağ" və "Neftçi"ni avrokuboklarda növbəti mərhələyə yüksəlmələri münasibətilə təbrik edirəm. Təəssüf ki, "Keşlə" ilə "Sumqayıt" bunu edə bilmədi. "Neftçi" və "Qarabağ"ın növbəti matçlarda da bizi sevindirəcəklərinə ümidvaram. "Qarabağ"ın rəqibi Norveç təmsilçisi "Molde"dir. Püşkə əsasən, oyun Bakıda olmalıdır. Lakin öncə də qeyd etdiyim kimi, müxtəlif ölkələrdə fərqli-fərqli qaydalar tətbiq olunur. Bunu nəzərə alaraq, əlavə danışıqlar aparılır. AFFA, "Qarabağ" rəhbərliyi və nümayəndələri gün ərzində bir neçə dəfə UEFA, Norveç Futbol Federasiyası və "Molde" rəsmiləri ilə danışıqlar aparırlar. Biz klubumuzla birlikdə çalışırıq ki, oyun püşkatmaya əsasən, Bakıda olsun. Hələ oyunun məkanına dair qərar verilməyib. Çünki Norveçdə fərqli karantin rejimi tətbiq olunmaqdadır. Ümidvaram ki, tezliklə müvafiq qərar qəbul ediləcək.

- Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" qarşılaşması ilə bağlı fikirləriniz maraqlı olardı. İlk dəfə qardaş ölkənin klublarından biri rəsmi matç üçün Bakıya gəlir və oyun təəssüf ki, azarkeşsiz keçiriləcək...

- "Neftçi"nin rəqibi Azərbaycana doğma və qardaş ölkə - Türkiyəni təmsil edən "Qalatasaray"dır. Sevindirici haldır ki, qardaş ölkənin klubu Azərbaycana, Bakıya gələcək. Ölkəmizdə türk futbolunu dəstəkləyir, azarkeşlik edirlər. Onların futbolunu yaxından izləyirik. Türkiyə Super Liqası ilə də yaxından maraqlanırıq. Təəssüf ki, UEFA-nın qaydalarına uyğun olaraq, sentyabrda matçlar azarkeşsiz olacaq. Bu, UEFA-nın Avropada təşkil etdiyi bütün klub yarışlarına və milli komandaların oyunlarına aiddir. Yalnız Macarıstanda İspaniyanın "Sevilya" və Almaniyanın "Bavariya" komandaları arasındakı UEFA Super Kuboku uğrunda matçda məhdud sayda tamaşaçı olacaq. Biz də bütün qərarlara hörmətlə yanaşmalı və riayət etməliyik.

- Azərbaycanda keçirilən oyunlara məhdud sayda azarkeşin buraxılması barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmisinizmi?

- Biz Peşəkar Futbol Liqası ilə birlikdə düşündük və qərar qəbul olundu ki, hələlik qarşılaşmalar azarkeşsiz oynanılsın. Bizim üçün ən önəmlisi o idi ki, Premyer Liqanın oyunlarına başlayaq. Nazirlər Kabineti yanında Operativ Qərargahla mütəmadi əlaqə saxlayır, bütün tövsiyələri nəzərə alır, tətbiq edirik. Rəsmi matçlara başlamaq üçün icazə verdiyi üçün Operativ Qərargaha təşəkkür edirik. Azərbaycan Premyer Liqasının oyunları başlamalı idi ki, komandalarımız Çempionlar Liqası və Avropa Liqasında, yığma komandamız isə Millətlər Liqasında ölkəmizi təmsil etsinlər. Çempionatın avqustda başlaması önəmli idi. Bu, sevindirici haldır və təbii ki, asan deyil. Bir oyunu təşkil etmək əvvəlki illərlə müqayisədə müəyyən qədər fərqlidir. Çünki biz bütün sanitar-gigiyenik prosedurları tətbiq etməli, komandalarımız isə bunlara riayət etməlidir. Oyunlardan əvvəl bütün komandalar və onların yanında olan işçilər, məşqçilər, hakimlər, təşkilatçılar testdən keçəcəklər. Növbəti həftələrdə və yaxın gələcəkdə matçlar azarkeşsiz gerçəkləşəcək. Çünki biz tamaşaçıların sağlamlıqlarını düşünməliyik ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31