29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Füzuli Məmmədovla De Byazinin “oxşar taleyi”

Canni De Byazi və Füzuli Məmmədov. Biri milli komandamızın, digəri “Neftçi”nin baş məşqçisi olsa da, tam fərqli insanlardı. Biri italyandı, digəri azərbaycanlı. De Byazi Trevizoda anadan olub, Məmmədov Qərbi Azərbaycanda. Birinin 64 yaşı var, digərinin 42. Millimizin baş məşqçisi yarımmüdafiəçi olub, “Neftçi”nin çalışdırıcısı müdafiəçi. Biri “İnter”, “Breşiya”, “Palermo” kimi klublarda oynayıb, digəri “Neftçi”, “Prikarpatye”, “Maşin Sazi”, “Xəzər Lənkəran”da. De Byazi 30 ildi məşqçidi, Füzuli Məmmədov 7 il. Bu qədər fərqlərə baxmayaraq, hər iki məşqçini son günlər birləşdirən bir məqam da var. Bu, hər ikisinin mətbuatda, sosial şəbəkələrdə tənqid atəşinə tutulmasıdı.

Ötən həftə hər 3 klubumuz Avroliqanın I təsnifat mərhələsi çərçivəsində meydana çıxdı. “Sumqayıt” və “Keşlə” meydanı məğlub tərk etdiyi halda, yalnız “Neftçi” mərhələ adlamağa müvəffəq oldu. Əslində, “Sumqayıt”ın aqibətinin belə olacağı əvvəldən gözlənilirdi. Çünki maliyyə azlığına görə bir neçə aparıcı futbolçusunu itirən Ayxan Abbasovun komandasının Şimali Makedoniyanın ən varlı klubu olan “Şkendiya”nı mübarizədən kənarlaşdıracağı inandırıcı deyildi. “Sumqayıt” bacardığı qədər rəqibinə müqavimət göstərsə də, mərhələ adlamaq mümkün olmadı.

“Sumqayıt”dan fərqli olaraq “Keşlə” fiaskoya uğradı. İllik büdcəsi 5 milyondan yuxarı olan paytaxt təmsilçisi özündən qat-qat zəif olan “Laçi” qarşısında aciz qaldı. Üstəlik, 40 dəqiqə “Keşlə” meydanda say üstünlüyünə malik idi. Lakin albanların azlıqda qalması belə, qələbə qolunu vurmaq üçün yetmədi.

Əvəzində “Neftçi” cümə axşamı Azərbaycan futbolunun imicini qorudu. “Ağ-qaralar” Şimali Makedoniyanın digər təmsilçisi “Şkupi”ni 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi.

Bu 3 oyundan sonra yazılanlara, deyilənlərə diqqət etdikdə belə təəssürat yaranır ki, sanki “Keşlə” deyil, “Neftçi” Avroliqada fiaskoya uğrayıb. Sanki Füzuli Məmmədovun komandası özündən qat-qat zəif rəqib qarşısında aciz qalıb. Cümə günündən bu yana yazılanlarla bağlı monitorinq aparılsa, görünər ki, mərhələ adlayan “Neftçi” 40 dəqiqə azlıqda oynayan, özündən zəif rəqibə uduzan “Keşlə”dən daha çox tənqid olunur. Heç beşinci penaltini vurmağa oyunçu tapmayan Yunis Hüseynov da avrokubokdakı debütündə mərhələ adlayan Füzuli Məmmədov qədər tənqid olunmur.

Bəli, “Neftçi” baxımlı futbol oynamadı. Amma “ağ-qaralar” yaxşı oynayıb uduzsaydı, necə olacaqdı? İndiki məqamda nəticə daha önəmli deyilmi?

Bəli, Talisson xaric digər transferlər hələ ki gedənlərin yerini tam doldurmayıblar. Vaxta ehtiyac var.

Bəli, “Neftçi”nin bugünkü gündə ən azı 1 mərkəz hücumçusuna ehtiyacı var. Klub rəhbərliyi çalışır.

Bu siyahını çox uzatmaq olar. Amma nəsə dəyişməyəcək. Reallıq budur ki, Füzuli Məmmədovun komandasının indi zamana ehtiyacı var. Növbəti oyunlarda “Neftçi”nin real gücünü görəcəyik. Məhz o zaman komandaya da, yeni transferlərə də, baş məşqçinin işinə də qiymət vermək olar. Elə statistika da Füzuli Məmmədovu tənqid etmək üçün erkən olduğunu deyir. Axı “Neftçi” gənc məşqçinin rəhbərliyi altında keçirdiyi 8 oyunun heç birində uduzmayıb.

Füzuli Məmmədov kimi Canni De Byazi də “bismillah” etməmiş tənqidlərlə üzləşdi. İtaliyalı mütəxəssisin Lüksemburq və Kiprlə oyunlar üçün açıqladığı heyəti bir çoxu(muz) bəyənmədi(k). Artıq komandaya cəlb olunan Namiq Ələsgərovun, Ağabala Ramazanovun əsas heyətdə yer almaması qəribə görünürdü. Amma bu, De Byazinin seçimidi. Sizə elə gəlmir ki tələsirik? Ən azı qarşıdakı 2 oyunun nəticəsini gözləmək lazım deyil? Onsuz da futbolçu seçimimiz geniş deyil. Koronavirusa görə heyət bir az da kasadlaşıb. Pandemiyaya görə millimiz Lüksemburq və Kiprlə görüşlərə tam heyətlə çıxa bilməyəcək.

Biz Lüksemburqa hazır 3 xal gözü ilə baxırıq. Amma rəqibin heyətindəki futbolçuların çıxış etdikləri klubları görəndə... “Dinamo” (Kiyev, Ukrayna), “Maynts” (Almaniya, 3 futbolçu), “Mets” (Fransa, 2 nəfər), “Ufa” (Rusiya), “Norviç” (İngiltərə), “Köln” (Almaniya), “Yanq Boyz” (İsveçrə), ("Norrçöpinq", İsveç), "Jil Visente" (Portuqaliya)... Bəs bizim kimimiz var?

Digər tərəfdən də belə görünür ki, biz Millətlər Liqasına həddindən artıq çox önəm veririk. Bu turnir böyük ölçüdə bizə heç nə verməyəcək. Əvvəlki Millətlər Liqasından fərqli olaraq bu dəfə Avropa çempionatına yüksəlmək şansımız yoxdu. Əslində, bu turnir italiyalının işinə qiymət vermək baxımından prioritet hesab olunmamalıdı. Çünki Millətlər Liqası bu dəfə bizim üçün böyük önəm kəsb etmir. Ötən yarışda qrup və divizion qalibi olmaqla Avro-2020-yə vəsiqə qazana bilərdiksə, bu dəfə belə bir ehtimal yoxdur. Yəni qrupda birinci və ya sonuncu olmağımız nəyisə dəyişməyəcək. Ona görə də yaxşı olardı ki, AFFA rəhbərliyi də De Byazinin qarşısına bu yarışla bağlı hər hansı məqsəd qoymasın. İtaliyalı mütəxəssisə vaxt verilməli və əsas hədəf Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi olmalıdı.

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31