29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Sabah” rəhbərliyinin yaratdığı şounun içində olmaq istəmədim”

“DEDİLƏR Kİ, 3 İLLİK MÜQAVİLƏ BAĞLAYACAĞIQ, RAZI OLMASANIZ, ƏSAS KOMANDA İLƏ MƏŞQƏ BURAXILMAYACAQSINIZ”

"Sabah" klubunun və Azərbaycanın U-21 yığmasının futbolçusu Şakir Seyidovun müsahibəsi

- Ötən mövsüm “Sabah”ın heyətində öz oyununuzla fərqlənməyi bacardınız. İndi isə nəinki oynaya, heç məşq də edə bilmirsiniz. Nə baş verir?

- Jelko Sopiçin vaxtında oynamaq şansı qazanırdım. Sonra şou yaratmağa başladılar. Hələ gəncəm. Bunun içində olmaq istəmədim. İndi isə məni məşqə çağırmırlar. Bu münasibət tək mənə qarşı deyil. Emil Qasımov və Elçin Mustafayev də eyni vəziyyətdədir. Yeni baş məşqçi Visente Qomez nə məşqimizi, nə də oyunumuzu görüb. Bəlkə də haqqımızda nə isə bilir, amma bizim xəbərimiz yoxdur. Bizə dedilər ki, 3 illik müqavilə bağlayacağıq, razı olmasanız, əsas komanda ilə məşqə buraxılmayacaqsınız, əvəzedici heyətə göndəriləcəksiniz. Bütün komandalar kimi Qəbələ toplanışına hazırlaşırdıq. Əvvəlcə bizi ümumi “Whatsapp” qrupundan çıxardılar. Halbuki biz heç bir halda nizam-intizam qaydalarını pozmamışdıq. Bütün yığmaların məşqçilərindən bu barədə soruşa bilərsiniz. Mətbuatda yazırlar ki, Şakir Seyidov yeni müqavilə imzalamaq üçün 6-7 min manat pul istəyib. Allaha and olsun ki, klubdan 1 manat belə, istəməmişik. Sadəcə, demişik ki, baş məşqçi yenidir, əvvəlcə bizi görsün, bəyənsə, müqaviləni yeniləyərik. Bəlkə heç bizi oynatmayacaq. Niyə indidən 3 illik müqaviləyə imza ataq? Hələ 1 illik sözləşməmiz var. Sentyabrda milli komandanın oyunları var. Əvəzedici komanda hələ məşq etmir. Yığmanın üzvləriyik. Bizi adi məşqə də buraxmırlar ki, hazır olaq.

- Səbəb yalnız müqavilə ilə bağlıdır, yoxsa başqa məqamlar da var? Klub rəhbərliyindən bu barədə soruşmusunuz?

- Əlbəttə. Sual verdik ki, bizi niyə məşqə buraxmırsınız? Dedilər ki, müqavilə imzalamadığınız üçün. Sonra da gedib başqa yerdə danışırlar ki, guya pul istəmişik. Amma yenə deyirəm, ortada pul söhbəti olmayıb. 2 il 500 manata oynamışam, 1 il də oynaya bilərəm. Bizə müxtəlif şərtlər göndərirlər ki, razısınız? Biz də deyirik ki, önəmli olan pul deyil. Oynamaq istəyirik, şans verin, oynayaq. Ən azı, baş məşqçi bizə baxsın. Bəlkə deyəcək ki, bunlar mənə lazım deyil?!

- Az öncə dediniz ki, bunlar hamısı şoudur. Nəyi nəzərdə tutursunuz?

- Mətbuatda yazılanları nəzərdə tuturam. Hamısı imicimizə mənfi təsir edir. 20 yaşlı futbolçuya pul lazım deyil. Pulu qarşıdakı illərdə qazana bilərəm. İndi oynayıb özümü göstərməliyəm. Məqsədim əsas milliyə düşməkdir. “Sabah”ın Mətbuat xidməti ilə danışıram, deyirlər ki, bu, həmin məlumatı yazanların subyektiv fikridir. Amma “Sabah”da oynayıramsa, klub məni qorumalıdır.

- Onsuz da hələ 1 illik müqaviləniz var. Klub indiki məqamda 3 illik yeni sözləşmə istəyini nə ilə əsaslandırır?

- Bilmirəm. Deyirəm ki, mənə vaxt verin, oynayım, özümü göstərim. “Sabah”da qalmaq, oynamaq istəyirəm. Amma əvvəlcə yeni baş məşqçinin mənimlə bağlı fikrini bilməliyəm.

- İstənilən halda yeni gələn baş məşqçi komandanın bütün futbolçuları ilə tanış olur. Yəqin, sizin barənizdə Visente Qomezdə məlumat var...

- Bəlkə də var, amma bizə məlumat verilməyib. Ötən mövsümdə 17-18 oyuna çıxmışam. Sual verə bilər ki, bu, hansı oyunçudur, haradadır? Deyəcəklər ki, filankəsdir, müqavilə bağlamadığı üçün məşqlərə buraxılmır? Avropalı mütəxəssisdir. Orada belə şeylər olmur. Oyunçunu əvəzedici komandaya nizam-intizam qaydalarını pozduğu halda göndərirlər. Bizə isə süni maneə yaradılır. Halbuki irəli gedə bilərik, potensialımız var. Qarşımıza sədd çəkirlər. Mətbuatda pul istədiyimizi yazırlar. Niyə klub rəsmilərindən kimsə çıxıb bunu təsdiqləmir? Sual verirəm ki, mən pul istəmişəm? “Yox” deyirlər.

- Məsələ ilə bağlı “Sabah”ın prezidenti Maqsud Adıgözəlovun mövqeyi necədir: Onunla söhbətiniz olub?

- Sonuncu dəfə Maqsud müəllimlə danışığımız olanda bizə yeni müqavilə təklif etdi. Qarşımıza müəyyən şərtlər qoyuldu. Bizə dedi ki, müqavilə bağlamasanız, məşqə buraxılmayacaqsınız.

- Belə bir məlumat da var ki, milli komandanın oyunçusu olduğunuz üçün AFFA rəhbərliyi sizinlə bağlı məsələdən narahatdır...

- Bəli, AFFA-da, U-21-də hamı bu işdən xəbərdardır. Mənə görə narahatdırlar.

- İddiaya görə, əvvəlki baş məşqçi Jelko Sopiçin istefa verməsində sizin əvəzedici komandaya göndərilməyinizin rolu olub. Baş məşqçi rəhbərliyin bu addımını öz işinə müdaxilə kimi qəbul edib və klubdan ayrılıb. Hətta “Sabah”ın buna görə Sopiçə 100 000 manat təzminat ödədiyi deyilir...

- Bunu ilk dəfədir eşidirəm. Belə bir şeydən xəbərim yoxdur.

- İndiki vəziyyətdən çıxmaq üçün hansı addımı atmağı düşünürsünüz?

- AFFA hər şeyi bilir. Milan Obradoviçlə həftədə 1-2 dəfə danışırıq. İstəyim odur ki, məni məşqə buraxsınlar. Bəlkə Visente Qomez məndən razı qalacaq. Bundan sonra yeni müqavilə şərtlərində niyə də razılaşmayaq? Bu, bizə qarşı haqsızlıqdır. Məşqə buraxsınlar, baş məşqçi görsün ki, əcnəbi güclüdür, yoxsa mən. Bilsəm ki, zəifəm, öz üzərimdə işləyərəm, sonra deyərəm ki, mənə şans ver. Əvvəl oynatmırdılar. Sonra İqor Ponomaryov gəldi və oynatmağa başladı. Sopiç isə demişdi ki, qış fasiləsindən sonra Şakir kimi 7-8 oyunçum olacaq.

Mənbə: report.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31