29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Füzuli Məmmədov: “Bura peşəkar futbol klubudur, sağlamlıq qrupu deyil”

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədovun müsahibəsi

- Əvvəlcə sizi yeni müqavilə imzalamağınız münasibətilə təbrik edirik. Bu barədə təəssüratlarınızı bildirərdiniz...

- Bu, "Neftçi"nin Müşahidə Şurasının qərarıdır. Mənim üçün çox xoş oldu. İstəyirdim ki, müqaviləm uzadılsın. Çünki komanda ilə bağlı uzunmüddətli planlarımız var. Rəhbərliyin bu cür planları həyata keçirməsindən məmnunam. Çalışacağıq ki, etimadı doğruldaq. 2 il normal müddətdir. Komandanı bu vaxt ərzində yaxşı yerlərə gətirmək olar.

- Komandanın qarşısına hansı məqsədlər qoyulub?

- Bu barədə konkret heç nə danışılmayıb. "Neftçi"nin adı özü bir məqsəddir. Bu komanda hər zaman yuxarı pillələr üçün vuruşub. Əsas hədəfimiz odur ki, döyüşkən, mübariz komanda olsun. Mənim, komandamın məqsədi isə yalnız çempionluq uğrunda mübarizə aparmaqdır. Avropa Liqasında da bacardığımız qədər irəli getmək istəyirik.

- Roberto Bordinin yanında köməkçi işləmisiniz. Sizcə, həmin "Neftçi" güclü idi, yoxsa Füzuli Məmmədovun təqdim edəcəyi komanda daha əzəmətli olacaq?

- Hər bir baş məşqçi həmişə öz komandasının güclü olduğunu deməlidir. Bordinlə birlikdə işləmişəm. O insan haqqında mənfi fikirlər söyləməyəcəm. Onun vaxtında da komanda güclü idi, indi də güclüdür. Bundan sonra daha da yaxşı olacaq.

- "Qarabağ"a 0:1 hesabı ilə uduzduğunuz yoxlama oyununda bu əlamətləri nə dərəcədə gördünüz?

- Oyuna baş məşqçi kimi baxıram. Matçdan sonra otaqda da izlədim. Oyunumuzu tam analiz edəcəm. Yaxşı tərəflər də var, pis tərəflər də. Amma sevindirici hallar daha çoxdur. Komandanın niyə istədiyimiz kimi oynamadığını bilirəm. Bu, normaldır, çünki nəticəni düşünməmişdik. Nəticə qazanmaq istəsəydik, başqa cür oynayardıq. Sadəcə, komandanı meydana buraxdıq ki, futbolçuların hansı səviyyədə olduqlarını görək. Bunu da gördük.

- Kənardan elə göründü ki, sanki meydanın mərkəzində komandanı irəli apara biləcək futbolçunuz yoxdur və buna görə də oyun "Qarabağ"ın üstünlüyü şəraitində keçdi...

- Belə düşünmürəm. Düzdür, oyunda rəqibin üstünlüyü var idi. Bu da normaldır. Heyətimizdə yeni oyunçular var. Bundan əvvəl 1 ay məşq edib 2 yoxlama oyunu keçirmişdiksə, onlar bu mənada komandadan geri qalırlar. Çünki Yusif Laval, Sabir Buqrin, Tallison Dias 5 aydır futbol oynamır. Son matçlarını fevralda keçiriblər. Fərdi məşqlər etsələr də, komanda hazırlığı tam fərqlidir. Bu futbolçular öz optimal formalarından çox uzaqdırlar. Cəmi 2 həftə məşq ediblər. 5 aydan sonra ilk dəfə bu səviyyədə oyuna çıxırdılar. Köhnə oyunçularımız meydana çıxdıqdan sonra oyun bərabərləşdi. Hər bir baş məşqçi istəyir ki, komandası qalib gəlsin. Amma "Qarabağ"la matçda istədiyimiz tam başqa idi, onu da gördük.

- Artıq avqust ayıdır və qarşıda avrokubok oyunu var. Adlarını sadaladığınız futbolçular həmin matça kimi optimala yaxın forma yığa biləcəklər?

- Qarşıda 20 gündən çox vaxt var. Bu müddətdə ən azı 3 oyun keçirəcəyik. Üstəlik, məşqlərimiz də davam edəcək. Düşünürəm ki, yeni futbolçular optimala yaxın forma yığacaqlar. Ümumiyyətlə, heç bir komanda çempionat başlayanda 100 faiz hazır olmur. Bütün məşqçilər çalışırlar ki, bunu 70-80 faizə çatdırsınlar. Bu da oyundan-oyuna olur. 2-3 turdan sonra isə futbolçular optimal formaya düşürlər.

- Bəlkə futbolçuları fiziki baxımdan həddindən artıq yükləmisiniz?

- Məşqçilər heyətimizin savadı çatır ki, futbolçuları hansı dərəcədə və nə qədər yükləsinlər. Komandada zədələr, xoşagəlməz hallar olursa, bu fikri səsləndirmək olar. İşimizi çox gözəl bilirik. Birinci gün deyil ki, komandanı yükləyirik. Yanvardan komandaya başçılıq edirik. Martda komanda daha yaxşı formaya düşmüşdü. Hər şeyə qarşı çox diqqətliyik. Verdiyiniz suala cavab olaraq deyim ki, belə bir şey yoxdur. Bu, təlim-məşq toplanışıdır. Komandanı bir oyun, avrokuboklar üçün yox, yarım mövsüm üçün hazırlayırıq. Buna görə də planda nəzərdə tutulan bütün yüklənmələr olmalıdır. Futbolçular yüklü oynamalıdırlar. Çünki indi nəticə önəmli deyil. Bizim üçün hazırkı göstərici bunların oyunlarıdır. Buna çalışırıq. Məşqçilər heyəti bütün yükləmələri detallarınadək izləyir, araşdırır. Komandada artıq yüklənmə yoxdu. Hər şey lazımı dərəcədə olur. Hamısı normal şeydir. Bəli, elə yüklənmə var ki, onu fitnesdə veririk, eləsi də var meydanda. Burada anormal bir şey yoxdur. Futbol savadı olan insanlar bunu başa düşürlər. Hətta qumda da yüklənmə verirlər. Elə edirik ki, futbolçular zədələnməsinlər. Hazırda heyətimizdə zədəli oyunçu yoxdu. Məşqçilər heyətimizdə olanlar çox bilikli, savadlı insanlardır. Yükləmənin nə qədər olduğunu futbolçu yox, məşqçilər korpusu bilir. Futbolçunun işi başını aşağı salıb oyununu göstərməkdir. Bura peşəkar futbol klubudur, sağlamlıq qrupu deyil. Bir futbolçu oyunda 3 kq atırsa, bu, nə deməkdir? "Qarabağ"la yoxlama matçımızda bəzi futbolçular məhz bu qədər çəki salıblar. Məşqlərdə ağır yüklənmə olmasa, ağır oyunu necə keçirə bilərsən? Hər şeyi yaxşı bilirik.

- Hazırda "Neftçi"nin ən ağrılı yeri hücumdur. Faktdır ki, komanda hazırda yalnız Mirabdulla Abbasovun ümidinə qalıb. Deyə bilərsiniz ki, Stiven Monroz da var. Amma o, böyük ölçüdə vinger kimi çıxış edir. Bu problemi nə vaxt aradan qaldıracaqsınız? Bayaq qeyd etdiniz ki, komandanı mövsüm üçün hazırlayırsınız. Amma razılaşın ki, azarkeşlərin gözü ilk növbədə Avropa Liqasında olacaq...

- Bəli, hazırda bu mövqe üzrə seleksiya işlərimiz davam edir. Komandanın oyun üslubuna,tələblərinə uyğun forvard axtarışındayıq. Seçdiyimiz oyunçular olur. Elələri var ki, Azərbaycana gəlmək istəmirlər. Elə-belə hücumçu almaq niyyətində deyilik. Yaxşı futbolçu axtarırıq. Onlar isə bəzən Azərbaycanda yox, daha az maaşa Avropada oynamağa üstünlük verirlər. Futbolu bitirmiş birini yox, həm gənc, həm də keyfiyyətlisini istəyirik. Elə hücumçu tapmalıyıq ki, gəlib burada vaxt keçirməsin. Bu məsələyə çox həssas yanaşırıq.

- Yəni belə bir hücumçu yaxın vaxtlarda gözlənilir...

- Bəli, axtarışlar davam edir. Danışıq apardığımız oyunçular var. Bəzən müəyyən şərtlərdə razılışa bilmirik, bəzən özləri gəlmək istəmirlər.

- Amma bir məsələ var ki, həmin futbolçu Qəbələ toplanışında iştirak edə bilmirsə, onun komandaya uyğunlaşması, forma yığması üçün vaxtı çox az olur...

- Düzdür, vaxt çox azdır. Danışıq apardığımız futbolçular var idi. Düşünürdük ki, Qəbələ toplanışında komandaya qoşulacaqlar. Amma bəzi nüanslar var ki, buna görə transfer alınmır. Bizim üçün çətindir. Bəzi ölkələrdə çempionatlar davam edir. Danışıq apardığımız bəzi futbolçular həmin liqalarda oynayırlar. Elə hücumçu gətirməyə çalışırıq ki, ona çox vaxt sərf etməyək.

- Yalnız bir hücumçuya ehtiyacınız var?

- Xeyr, başqa mövqeyədə oyunçu axtarırıq. Amma əsas hücumçudur.

- Digər mövqe hansıdır?

- Yarımmüdafiənin mərkəzi.

- "Qarabağ"la oyunda elə göründü ki, Yusuf Lavalın artıq çəkisi var...

- Ola bilər, sizə elə gəlir. Laval artıq 4 kq çəki atıb. Hazırda 78 kq-dır. Bədən quruluşunu, əzələ tutumunu nəzərə alsaq, normal çəkidir.

- Laval son klubu Belçika "Lokeren"ində 22 oyuna qol vura bilməyib...

- Gənc, sürətli, texnikalı və ağıllı futbolçudur. 22 yaşlı gənc oyunçunu Belçika çempionatından Azərbaycana gətirmək heç də asan məsələ deyil. 20 yaşından "Lokeren"də çıxış edirdi. Son vaxtlar komandasının liderlərindən birinə çevrilmişdi. Gənc olduğunu nəzərə alsaq, qarşıda "Neftçi" üçün qollar vuracağına əminəm. Lavala güvənimiz böyükdür. Bizim üçün sürpriz heç nə olmadı. Necə görmüşdüksə, elə də gəldi. Sadəcə, optimal formasından bir az uzaqdır. Amma komandaya uyğunlaşır. Bunun üçün zaman lazımdır. Düşünürəm ki, yaxşı oyunlar göstərəcək.

- Azərbaycan klubları avrokubok matçlarında özlərini evdə daha rahat hiss edirlər. Çünki psixoloji məqamlar var. Bu dəfə azarkeşlər olmayacaq. Üstəlik, səfərdə oynasanız, meydançanın örtüyünə də bələd olmayacaqsınız. Bu ağır yükün altında nə etmək lazımdır ki, "Neftçi" bir neçə mərhələ keçsin?

- Lazım olan hər şeyi edirik. Hələlik hazırlıq prosesidir. Dediyiniz məsələyə gəlincə, hələ harada oynayacağımızı bilmirik. Bizim üçün fərqi yoxdur. Püşkdə nə düşsə, komandanı ona uyğun hazırlayacağıq. İlk növbədə, futbolçuların fiziki durumlarını, oyun praktikalarını bərpa etmək istəyirik. Sadaladığınız amillər önəmlidir. "Neftçi" öz çılğın azarkeşləri qarşısında oynamağa öyrəşib Çətin olacaq, amma maksimum dərəcədə yaxşı hazırlaşmağa çalışacağıq.

- Neçə mərhələ keçmək istəyirsiniz?

- Məqsədimiz daha çox mərhələ keçməkdir. Amma püşkatmadan da çox şey asılıdır (sport24.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31