Ölkə futbolu
“Alman fəlsəfəsi ilə yanaşanda bir meydança bir “zavod” funksiyasını yerinə yetirir”
Mövsümün əvvəlində “Sumqayıt” Futbol Akademiyasına direktor təyin olunan Hakan Sünal klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, əsasən, arxada qalan mövsümü dəyərləndirən türk əsilli almaniyalı mütəxəssis gördüyü işlər və akademiyanın gələcək planlarından danışıb.
- “Sumqayıt” FK-nın akademiya rəhbəri təyin olunduqdan sonra ilk işiniz nə oldu?
- Ötən mövsüm bura gələndə belə demək mümkündüsə, sadəcə futbol var idi, akademiyanın qaydaları deyilən bir anlayış yox idi. Uşaq futbolundakı məşqçilərimiz sistemsiz çalışır, ümumi yolun tam kənarından hərəkət edirdi. Belə desək hər kəs öz bildiyi kimi hazırlıq keçirdi. Məşq zamanı meydançada təxminən, bir məşqçiyə 20 oyunçu düşürdü ki, belə olan halda keyfiyyətli məşqdən söhbət gedə bilməzdi. Ümumi olaraq, akademiyadakı komandaların sayı da az idi. Uşaq futbolunun bünövrəsi isə bütövlükdə yox idi. 6, 7 və 8 yaşlılardan ibarət komandalarımız isə ümumiyyətlə mövcud deyildi. Bizim ilk işimiz yeni fəlsəfə ilə akademiya modeli yaratmaq və hər kəsi eyni “gəmi”də toplamaq oldu. İlk öncə məşqçilərin fəlsəfəmizə uyğun hazırlanması məqsədilə kurslara başladıq və müəyyən zaman kəsiyindən sonra onları hazır vəziyyətə gətirə bildik.
- Akademiyada arxada qalan 1 il ərzində hansı işlər görüldü?
- İlk öncə onu qeyd edim ki, 2019/20 mövsümünün başlaması ilə “Sumqayıt” Futbol Akademiyasında bir sıra yeniliklər etdik. İlk işlərimizdən biri də məşqlərin keyfiyyətinin artırılması məqsədi ilə məşqçilərin sayını artırdıq. Ümumilikdə, akademiyamızda çalışan məşqçi, inzibati heyətin sayını 21-dən 36-a yüksəltdik, həmçinin komanda və futbolçu sayını da artırdıq. Buna əlavə, akademiyaya fitness məşqçisi gətirdik. Bu mövzuya Avropada da çox böyük önəm verirlər. Fiziki hazırlıq məşqçisinin işinin faydalarını da yavaş-yavaş oyunlarda görməyə başlamışdıq. Komandalarımızın dözümlülüyü, sürəti və gücü artdı. Qısa zaman kəsiyində aşağı yaş komandalarımız 3 qrupa böldük. Daha sonra mövsüm öncəsi seleksiya işinə start verdik. Seçimlərdə ilk öncə üstünlüyü Sumqayıtda yaşayan futbolçulara verməyə başladıq. Premyer Liqa klubları arasında ilk dəfə futzal məktəbi təsis etdik. Bəzi yaş qruplarında “B” komandalar adlandırdığımız ikinci heyəti formalaşdırdıq. Bundan başqa, akademiyamızda U-14-ə qədər olan yaş qrupları Sumqayıt zonasında çıxış edirdi. Onların daha yüksək rəqabət olan paytaxt zonasında çıxışını təmin etdik. Düşünürəm ki, arxada qalan bir ildə akademiyada xeyli irəliləyişə nail ola bilmişik. Artıq digər klublardakı sumqayıtlı futbolçular akademiyamıza gəlməyə can atırlar. Bu da məni həqiqətən sevindirir.
- Pandemiyaya görə, mövsüm yarımçıq qalsa da, akademiyada son oyunlara qədər olan ümumi nəticədən razısınızmı?
- Gəlin yarışlardakı çıxışımızı aşağı yaş qruplarından yuxarıya doğru dəyərləndirək. İlk öncə U-9 komandamızdan başlayaq. Bu yaşlılardan ibarət komandamız Şimal regionunda mübarizə aparmaqla, rəqiblərinə böyük fərq atdı və zonanın çempionu oldu. U-10-dan başlayaraq isə paytaxt zonasında mübarizəyə qoşulduq. “Sumqayıt” Futbol Məktəbindən akademiyaya ilk addımlarını atan U-10 komandamız pley-off mərhələsinə yüksəldi. Lakin pandemiyaya görə pley-off oyunlarını oynaya bilmədik. U-11 komandamız Bakı zonasında pley-off mərhələsinə qatıla bilməsə də, həmin yaş qrupunun “B” komandası Sumqayıt zonasından pley-off-a yüksəldi. U-12 komandamız da Paytaxt zonasından pley-off-a yüksələn bir digər komandamız oldu. Belə deyim, “Təməl qrup” adlandırdığımız 3 yaş qrupunun hər biri pley-off mərhələsinə yüksəlməsi bizim düz yolda olmağımızın bariz nümunəsidir. “Orta qrup” adlandırdığımız U-13, U-14 və U-15 komandaları da yaxşıya yaxın performans sərgiləyə bildilər. U-14 komandamız Bakı zonasının ikinci mərhələsində 5-ci pillədə qərarlaşmışdı ki, bu da ötənilki göstəriciyə görə ikiqat irəliləmə deməkdir. Bildiyiniz kimi, U-15 liqasından etibarən artıq zona yarışları deyil, ev-səfər prinsipi ilə keçirilən çempionat sistemidir. Hikmət Hüseynovun çalışdırdığı komanda mövsümə yaxşı start verdi. İlk həftələrdə göstərdikləri uğurlu oyunlarla ilk üçlükdə qərarlaşmağı bacardılar. Müvafiq yaş qrupu üzrə milli komandaya Kənan Cavadlı, Xəyal Fərzullayev, Rəvan Əsgərzadə, İbrahim Nağıyev və s. kimi futbolçularımız dəvət aldı. COVID-19 pandemiyasına görə çempionatlar dayandırılan müddətə qədər komanda 7-ci pillədə qərarlaşmışdı. Mövsüm davam etdirilsə idi, məncə ən azından “15-lər”imiz ilk beşlikdə qərarlaşacaqdı.
“Performans qrupu” olan U-16 və U-17-nin nəticələri də qənaətbəxş oldu. Ötən mövsümü 10-cu sırada bitirən U-16 komandası bu il çempionata daha iddialı start verdi. Zahir Əsgərzadənin yetirmələri bir neçə həftə turnir cədvəlinə liderlik də etdi. Mövsüm yekunlaşdırılanda komanda 3-cü pillədə qərarlaşmışdı. Hücumçumuz Əjdər Hacılı isə 27 qolla həmin yaş qrupunun bombardiri oldu. Bu komandanın bəzi oyunçuları U-17 komandamızın matçlarında da çıxış etmə şansı əldə etdi. Qeyd edim ki, mövsüm ərzində 16 yaşlılarımızdan milli komandaya Ruhid Mustafayev, Rəhman Məmmədov, Sənan Ağayev kimi futbolçular dəvət alırdı. U-17-yə gəlincə isə, bildiyiniz kimi, həmin komandanın baş məşqçisi özüm idim. U-17 Liqası çox gərgin keçdi. Komandalar arasında elə də böyük xal fərqi yox idi. Keçən mövsüm 7-ci yerdə qərarlaşan komanda pandemiyaya qədər “Keşlə” və “Tufan”la birlikdə 3-5-ci pillələri bölüşürdü. Komandamdan minimum gözləntilərim ilk üçlük idi. Ümumilikdə, sıfırdan təhvil aldığımız akademiyanı bir il ərzində yavaş-yavaş irəlilədiyini görmək məni çox sevindirir. Akademiyamızdakı yaş qruplarından yalnız U-13 və U-19 komandamız ümidləri doğrultmadı.
- Akademiyada infrastruktur baxımından hansı işlər görüldü və hansı işləri görməyi planlaşdırırsınız?
- “Sumqayıt”a gəldiyim zaman ilk işim meydançaların olub-olmaması ilə maraqlanmaq oldu. Alman fəlsəfəsi ilə yanaşanda bir meydança bir “zavod” funksiyasını yerinə yetirir. Yəni nə qədər çox meydança olsa, bir o qədər də çox futbolçu yetişəcək. Hazırda akademiyamızın ixtiyarında olan bir standart ölçülü süni örtüklü meydança, iki mini meydança və bir ədəd “texnika kortu” adlandırdığımız meydança mövcuddur. Texnika kortunda başla zərbələr üzərində çalışmaq üçün Almaniyadan xüsusi avadanlıq gətirmişik. Əlavə olaraq, Mehdi Hüseynzadə adına stadion sökülənə qədər ehtiyac olduğu təqdirdə orada da məşqlərimizi keçirirdik. Bazada yerləşən meydançalara məşqləri izləmək üçün nəzarət kameraları da quraşdırılıb. İnfrastruktur üzrə növbəti planlarımız isə futbolçuların atletik keyfiyyətlərinin inkişafı üçün “sürət təpəciyi”nin inşası və bazamızın ərazisində qum üzərində məşqlər və çimərlik futbolu üçün bir qum meydançasının hazırlanmasıdır. İstəyimiz bir futbolçunun normal yetişməsi üçün lazım olan şəraitin bacardığımız qədər maksimum dərəcədə yaradılmasıdır.
- Pandemiya dövründə akademiyadakı futbolçularının hazırlıq prosesini necə təşkil etdiniz?
- Həmin dönəmin ilk üç həftəsinin məşq prosesi üçün videogörüntüləri məşqçilərimizlə bölüşdüm. Hər gün videokonfrans proqramları ilə texnika, topla hərəkətlər, qaçış üzrə məşqlər təşkil olunurdu. Son iki həftəninin proqramının hazırlanmasını isə artıq baş məşqçilərin ixtiyarına buraxdım. Hər məşqçiyə mənim hazırladığım proqrama uyğun məşqlər hazırlayıb, futbolçulara göndərməyi tapşırdım. Belə olduğu halda, həm futbolçular məşqsiz qalmır, həm də məşqçilər yeni məşq növləri öyrənir. Düzdür, bu məşqlər meydançadakıların yerini verə bilməz, lakin, meydançadakı hazırlıq zamanı fərdi məşqlərə demək olar ki, üstünlük verilmirdi. Bu tip məşqlər futbolçuların fərdi keyfiyyətlərinin az da olsa artırılması üçün böyük avantaj oldu.
- 3 aylıq bir müddətdir ki, futbolsuzuq. Artıq “Sumqayıt” Futbol Akademiyası rəsmən yenidən fəaliyyətini bərpa edib. Hazırda akademiyada hansı işlər görülür?
- Operativ Qərargahın tövsiyə etdiyi qaydalara uyğun olaraq, yenidən məşqçilərimizlə təlim xarakterli seminarlara başlamışıq. Belə ki, hər qrupda on nəfərdən artıq olmamaqla, sosial məsafənin və şəxsi gigiyena qaydalarının gözlənilməsi ilə iclaslarımız davam edir. Az öncə də qeyd etdiyim akademiya fəlsəfəmizi daha da inkişaf etdirmək üçün dayanmadan işləyirik. Hazırda məşqçilərlə “top itkisi”, “top qazanmaq”, “top rəqibdə” və “top bizdə” adlandırdığımız futbol epizodları üzərində çalışır, fikir mübadiləsi aparırıq. Bu proses iyun ayının sonuna kimi davam edəcək.
- Növbəti mövsüm üçün seçimlər keçiriləcəkmi və keçiriləcəksə nə zamana planlaşdırılır?
- Təbii ki, seçimlər nə qədər tez başlasaydı, bizim üçün bir o qədər də əlverişli olardı. Lakin, hazırkı vəziyyətdə bu barədə dəqiq bir söz söyləmək mümkün deyil. Çünki, pandemiya hələ də davam edir. Aşağı yaş qruplarının da məşqlərinə icazə verildiyi təqdirdə, biz də seleksiya işinə start verəcəyik.
- Hər şeyin yaxşılığa doğru gedəcəyi halda, “Sumqayıt” Futbol Akademiyasının növbəti mövsüm üçün planları haqqında məlumat verərdiniz...
- Keçən ildən nümunə göstərəsi olsaq, avqust ayının əvvəlindən məşqlərə start vermişdik. Bu il də federasiya yarışların nə zaman start götürəcəyini açıqlasa, həmin müddətdən 6 həftə öncə yeni mövsümün hazırlıqlarına başlayacağıq.
- Az öncə futzal məktəbinin təsis olunmasından bəhs etdiniz. Orada görülən işlərlə bağlı fikirləriniz necədir?
- Özüm də həmişə futzal məşqlərinin tərəfdarı olmuşam. Futzalda hər komandada 5 nəfər olur və oyunçunun topla təması böyük futboldakından daha çox olur. Futzalda texnika üzərində də daha çox çalışmaq lazımdır ki, rahat driblinq edib, rəqiblərini geridə qoyasan. Futzalı böyük fubol üçün hazırlıq kimi də düşünmək olar. Bu futzal məktəbinin də Premyer Liqa klubları arasında məhz “Sumqayıt”da açılması bizim üçün bir avantajdır. Orada yetişən uşaqların bir neçə il sonra akademiyamıza gələndə texniki keyfiyyətlərinin daha yüksək olacağını gözləyirəm. Bəzən qışda kəskin hava şəraiti olduğu zaman kiçik yaş qruplarımızın məşqlərini futzal meydançasında keçirməsinə icazə verirəm.
- “Sumqayıt” Futbol Akademiyasının məşqçilərindən nə dərəcədə razısınız?
- “Sumqayıt” Futbol Klubu yaxşı futbolçu ilə yanaşı yaxşı məşqçilər də yetişdirib. Almaniyada olduğum müddətdə məşqçi yox, futbolçu yetişdirmişəm. Burada isə vəziyyət tamam başqadır. Özüm də bəzi şeyləri öyrənməliyəm ki, həmin bilgiləri gənc məşqçilərlə bölüşüm. Bir dönəm “Sumqayıt”da çıxış etmiş və futbolçu karyerasını başa vurmuş Mikayıl Rəhimov, Ruslan Poladov, Məhəmməd Alıyev və s. kimi futbolçuların məşqçiliyə atılmasına şərait yaratmışıq. Akademiyamızın fəlsəfəsini məşqçilərlə birlikdə işləyərək Azərbaycanda bir futbol klubu üçün öz fəlsəfəsini yaradacaq vəziyyətə gətirmişik. Məşqçilərimiz də öz işlərinə çox böyük həvəslə yanaşırlar ki, bu da mənə zövq verir və mən də öz zamanımı daha çox işimə ayırmaq istəyirəm. Məşqçilərimizin işindən isə çox razıyam.
- Artıq bir ildir ki, Azərbaycandasınız və çalışdığınız Sumqayıt şəhərində yaşayırsınız. Burada olduğunuz müddət ərzində ölkəmiz və şəhərimizlə bağlı təəssüratlarınız necədir?
- Sumqayıt kimi bir şəhərdə yaşadığım üçün çox şadam. Bura gəldiyim ilk zamanlarda bir avropalı düşüncəsində olaraq, Bakıda qalmağı düşünürdüm. Lakin, işlər elə gətirdi ki, Sumqayıtda məskunlaşası oldum. Sumqayıtın əhalisi olduqca qonaqpərvərdir. Pandemiya dönəmində belə mənim vəziyyətimlə maraqlananlar, hər hansı köməyə ehtiyacım olduğu halda hazır olduqlarını söyləyən kifayət qədər insan var idi. Belə deyə bilərəm ki, burada ötən bir ildən artıq müddətdə mən də sumqayıtlı olmuşam. Bu futbol üçün də önəmli bir məqamdır. Çünki, bir insan yaşadığı yerə nə qədər bağlansa, öz işinə də bir o qədər məsuliyyətlə yanaşar. Ona görə də Sumqayıtda olduğum üçün çox şadam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü
-
19:21
Azərbaycan çempionu məlum oldu
-
19:00
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”
-
18:17
Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar
-
17:55
Boksçumuz ermənini məğlub etdi
-
17:24
II Liqada oyunların vaxtı məlum oldu
-
17:03
“Sumqayıt” - “Qarabağ” oyununun biletləri satışda
-
16:48
"Cəbrayıl" - "Bakı Sportinq" matçında tək qol VİDEO
-
16:32
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
-
16:19
“Kür” liderlə xal fərqini minimuma endirib
-
15:56
I Liqada 24-cü turun oyun cədvəli
-
15:41
“Bakı Sportinq”dən çempionluq yolunda vacib qələbə
-
14:27
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının saatı bilindi
-
14:03
Azərbaycan Basketbol Liqası: Son turunun proqramı müəyyənləşib
-
13:34
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
-
13:15
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu yerdə bitirdi
-
12:58
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:40
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”
-
12:26
"Bayer" 90+8-də məğlubiyyətdən qaçdı VİDEO
-
12:19
Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb
-
11:51
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub
-
11:37
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar
-
11:24
“Yurqorden” rəsmisi Qurbanlının klubdan gedişi barədə: “Ayrılmaq istədiyini deməyib”
-
11:05
"Səbail" və "Zirə"dən yubiley qələbəsi
-
10:53
Ağabala Ramazanov qayıdışından, avrokuboklardan və qızının açdığı pankartdan danışdı
-
10:42
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək