19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Premyer Liqanın ikinci turu: Pantiç də "Bakı"nın dərdinə dərman olmadı

Həftə sonu Premyer Liqada 2013/14 mövsümünün ikinci turunun oyunları keçirildi. Futbolxeber.az saytı ənənəsinə sadiq qalaraq, ikinci turun oyunlarının qısa icmalını təqdim edir. Həmçinin həftənin ən yaxşı oyunçusu və baş məşqçisini seçib, eləcə də digər maraqlı məqamları fərqləndirəcəyik.

AZAL - "BAKI"

Turun ən gözlənilməz nəticəsi "AZAL Arena"da qeydə alındı. Düzdür, "Bakı"nın uduzması son zamanlar artıq ənənə halına çevrilib. Lakin "Bakı"nın AZAL-la bacarmaması bir qədər gözlənilməz oldu. İlk turda da yenildiyindən çoxları bu dəfə "zolaqlılar"ın ən azından bir xal qazanacağını ehtimal edirdi. Lakin bu elə ehtimal olaraq aldı. İqbekoyinin yeganə qolu "təyyarəçilər"in mövsümdəki ilk qələbəsini rəsmiləşdirdi. İlk yarının son anlarında "Bakı" meydandan 10 nəfərlə qaldı və bundan sonra komandanın yenilgidən qaçması heç inandırıcı deyildi. İkinci yarıda qapılara qol vurulmadı və beləcə "Bakı" ardıcıl ikinci yenilgisini aldı.  

"RƏVAN" - "NEFTÇİ"

Çempionlar Liqasından fərqli olaraq, Premyer Liqada "Neftçi"nin işləri hələ ki yaxşı gedir. Komanda AZAL-ın ardınca "Rəvan"ı da çətinlik çəkmədən üstələdi. Bununla da komanda 2 turdan sonra maksimum nəticə göstərib. Qələbədə yenə də Nasimovun böyük rolu oldu. Bahadır 2-ci oyununda dubl etməklə qollarının sayını 3-ə çatdırdı və bununla da Kanalesin yoxluğunu unutdurmaq üçün əlindən gələni etdiyini sübuta yetirdi. Amma indidən "Neftçi"də hər şeyin qaydasında olduğunu söyləmək çətindir. Komandanın real gücü gələn tur "Simurq"a qarşı baş tutacaq matçda bəlli olacaq.

"QƏBƏLƏ" - "İNTER"

Qəbələdə baş tutan matçda hər iki komanda ilk turdakı çıxışını təkrarladı. Ötən tur olduğu kimi bu dəfə də "Qəbələ" ilk yarıdan sonra geridə olmasına baxmayaraq, əzmkar qələbə qazandı. "İnter" isə yenə də ilk yarıdan sonrakı üstünülüyün əldən verdi. Maraqlıdır ki, "İnter"in məğlubiyyətində sabiq üzvlərinin böyük rolu oldu. Levin və Niasse vurduqları qollarla "bankirlər"in yenilgisində böyük rol oynadılar. Yuri Syominin işləri hələ ki yağ kimi gedir. "İnter"də isə əksinə, Kaxaber Tsxadadzenin kreslosu yavaş-yavaş laxlayır. Gələn tur "İnter" AZAL-ı məğlub edə bilməsə....

"Qəbələ" isə hər tur iddiasını ortaya qoymaqla bu il ciddi hədəflər uğrunda mübarizə apardığını sübuta yetirir. Nəzərə almaq lazımdır ki, hələ komandaya böyük ümidlərlə cəlb olunan Subotiç meydana çıxa bilmir. Transfer vərəqi gəldikdən sonra o da meydana çıxacaq və bu zaman komanda daha yaxşı təsir bağışlayacaq.  

"QARABAĞ" - "SUMQAYIT"

Həftə arası "Gefle"ni səfərdə devirən "Qarabağ"dan növbəti silləni "Sumqayıt" yedi. Əslində bu, gözlənilən idi. Ağdam klubu 90 dəqiqə ərzində möhtəşəm oyun sərgiləməklə böyükhesablı qələbəyə sevindi. Komandanın bu uğurunda Çumbinyo və Reynaldonun rolu oldu. Xüsusən də Çumbinyonun çıxışını qeyd etmək lazımdı. Yeni klubunda meydana çıxdığı 4 oyunda braziliyalı 4 qol vurub.

"XƏZƏR LƏNKƏRAN" - "SİMURQ"

Deyəsən, "Makkabi" faciəsi" qara buludları hələ uzun müddət "Xəzər Lənkəran"ın başından çəkilməyəcək. Ötən tur Sumqayıtda büdrəyən cənublular bu dəfə də öz meydanında qələbəyə həsrət qaldı. Komanda artıq 2 tur ərzində 4 xal itirib ki, bu da gələcək üçün yaxşı heç nə vəd etmir. Toşak hələ də problemi yoluna qoya bilmir. Bu gedişlə "Xəzər Lənkəran"ın özünə gəlməsi vaxt alacaq. "Simurq" isə 2 turdan sonra 4 xal toplayıb və çempionatın qol buraxmayan yeganə komandasıdır. Zaqatala təmsilçisinin də işləri hələ ki yolunda gedir.

TURUN OYUNÇUSU: Çumbinyo

Bu nominasiya üçün 3 real namizədimiz var idi. "Qəbələ"dən Leonardo Da Silva və "Qarabağ"lılar - Çumbinyo və Reynaldo.  Yekunda üstünlüyü Çumbinyoya verdik. Da Silvanın əleyhinə olan məqam onun daha çox fərdi oyuna meyl etməsidir. Braziliyalı bu "xəstəlik"dən qurtulsa, çempionatımızın ən yaxşı əcnəbilərindən birinə çevriləcək.

TURUN MƏŞQÇİSİ: Vaqif Sadıqov

Baş verən dəyişikliklərdən və ilk turdakı böyükhesablı yenilgidən sonra çoxları artıq AZAL-ı dəfn etmişdi. Amma Vaqif Sadıqov "Bakı" ilə oyunda taktiki cəhətdən düzgün oyun quraraq, komandasının ilk qələbəsində böyük rol oldu. Odur ki, turun məşqçisi nominasiyasında Sadıqova üstünlük verdik. Digər namizəd isə Yuri Syomin idi.

TURUN SİTATI - Milinko Pantiç

"30 yaşlı oyunçu ilk hissənin gedişində heç nədən meydandan qovulursa, mən nə edə bilərəm? Niyə aqressiv deyiləm? Nə edim, meydana çıxıb futbolçuları döyüm?"

Elman MƏHƏRRƏMOV

 

   

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30