24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Kamran Quliyev: "Yalnız “Neftçi”yə layiq adamlar burda işləyəcək"

“Neftçi”nin yeni prezidenti Kamran Quliyev bu gün jurnalistlər üçün brifinq keçirib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
 
- Yeni və bir qədər də qalmaqallı təyinatınızla bağlı təəssüratlaınız necədi?
 
- “Neftçi” ölkənin ən tanınmış, ən titullu klubudu. Burda işləmək hər kəs üçün şərəfdi. Klubun rəhbərliyi, təsisçiləri tərəfindən dəvət gəldi. Bu, hər yerdə yazılan kimi keçən həftənin 5-ci günü baş verməyib. Bi qədər əvvəldən olmuşdu söhbət. Keçən həftə də rəsmiləşdi.
 
- “Sumqayıt” sizin rəhbərliyiniz altında uğurlu nəticələr qazanıb. “Neftçi”yə bir xilaskar kimi gəldiyinizi demək olarmı?
 
- Məni tanıyırlar, həm “Sumqayıt”da, həm də əvvəlki iş yerlərində kollektiv işin, komanda ruhunun tərəfdarı olmuşam. Özümə tərəfdaş seçdiyim adamlar həmişə mənə, işlədiyim təşkilata dayaq olublar. Bu gündən bir yumruq kimi birləşib işləyəcəyik. Elnur müəllimi tanıyırsız, klubun icraçı direktorudu. “Neftçi”nin yeni idman direktoru Ceyhun Sultanovu da sizə təqdim etmək istəyirəm. Bütün futbol məsələləri, əsas, əvəzedici komanda və akademiyaya nəzarət onda olacaq. Onun “Sumqayıt”da gördüyü iş göz qabağındadı.
 
- “Sumqayıt”dan başqa da hansısa kadrların “Neftçi”yə gəlişi gözlənilirmi?
 
- Hazırda bu barədə söhbət getmir. Çünki “Sumqayıt” bizim üçün əziz yerdi. Buna görə də hazırda ordan üçüncü bir adamı yerindən tərpətmək düzgün olmaz. Ancaq istisna olunmur ki, gələcəkdə “Neftçi”yə xeyir verəcək insanlar, klub üçün fədakarlıq edəcək insanlar gələ bilər. Bu təkcə “Sumqayıt”a aid deyil, digər idman təşkilatlarından da layiqli kadrların gəlməsi mümkündü.
 
- Samir Abasovun təyinatı ilə bağlı söhbətlər var?
 
- Xeyr, hazırda real görünmür. O, “Sumqayıt”ın ən sadiq funksioneridi. Bizim baş məşqçimiz var. Bunu açıq şəkildə elan etmək istəyirəm. Tərlan Əhmədov “Neftçi”nin, millinin tarixinə düşmüş mütəxəssisdi və hazırda onunla işləyirik.
 
- Sizcə, “Neftçi”də kadr islahatlarına nə dərəcədə ehtiyac var?
 
- Burda cəmi bir gün iş başında olmuşam. Elə insanlar var ki, onları hələ tam tanımıram. Bunun üçün vaxt lazımdı. Elə insanlar var ki, yaxından tanış olub, onlar haqda özümdə fikir formalaşdırmalıyam. Heç kim əlinə balta götürüb, bu işləri aparmamalıdı. İnsanları tanımaq lazımdı. “Neftçi”də işləmək üçün bir insanda üç xüsusiyyət olmalıdı: dürüstlük, fədakarlıq və sadiqlik. Əgər bunlar olmasa, mən həmin adamlarla işləməyəcəm. Bu, futbolçulardan tutmuş hamıya aiddi. Yalnız “Neftçi”yə layiq adamlar burda işləyəcək.
 
- Yeni gəlsəz də, klubu əvvəldən tanıyırsız. İşə hansı problemlərin həlli ilə başlayacaqsız?
 
- Uşaqlıqdan qanımda “ağ-qara” var. Özüm “Neftçi” ailəsində böyümüşəm. Dərin problemləri hələ görmürəm. Məncə, əsas problem birliyin olmamasıdı. Mən işlədiyim yerlərdə ən önəmli məsələ klubdaxili ab-hava olub. Klubun ətrafındakı qeyri-sağlam imicin üzərində işləməliyik.
 
- “Sumqayıt”dakı kimi, burda da yerli futbolçulara üstünlük veriləcək?
 
- Heyətlə bağlı məsələlərə nəinki “Sumqayıt”da, o cümlədən “Neftçi”də də qarışmıram. Baş məşqçinin tələbi ilə mövqe üzrə futbolçular axtarılır. Bu məsələ ilə idman direktoru və onun rəhbərlik etdiyi komanda məşğul olacaq. Baş məşqçinin razılığı ilə futbolçu gətirilə bilər. Dünyada ayrı bir model yoxdu. “Neftçi”nin yerli futbolçularla oynamaq üçün böyük potensialı var. Buna böyük önəm verəcəyik. “Neftçi” adına layiq, ən yüksək zirvələrdə olmalıdı. Bunun üçün vaxt lazımdı. Bir neçə güclü əcnəbi futbolçu gətirməliyik ki, rəqabət artsın, həmçinin yerlilər onlardan nəsə öyrənsinlər. Bu, bizim əsas strategiyamızdı.
 
- Cari mövsümdə klubun real hədəfi nədi?
 
- Bir həftə ərzində idman direktorumuz komandanın durumu ilə bağlı mənə hesabat təqdim edəcək. İlk baxışda nəsə görmək mümkündü. Amma bizə daha dəqiq məlumat lazımdı. Bundan sonra hədəfimizi müəyyənləşdirə bilərik. Çalışarıq ki, bu komanda ilə Avroliqaya düşək. Artıq “Neftçi”nin məsuliyyəti bizim çiynimizdədi.
 
- Mətbuatda PFL prezidenti Ramin Musayevlə aranızda söz-söhbət yarandı. Bu məsələyə aydınlıq gətirərdiniz...
 
- Ramin Musayev çox hörmət etdiyim insandı. “Sumqayıt” klubunun rəhbəri olanda onun qəbulunda olmuşam. Oyunlarımıza baxmağa gəlib, bizə dərin məsləhətlərini verib. Sadəcə, Ramin müəllimin bizim baş məşqçiyə aid olan sözlərinə klub kimi biganə qala bilməzdik. Fürsətdən istifadə edib demək istəyirəm ki, bizim belə bir siyasətimiz olacaq. Kluba kənardan heç bir müdaxilə ola bilməz. Amma kimsə tövsiyə, məsləhət vermək istəsə, biz ona qulaq asmağa hazırıq. Ramin müəllim əvvəlki "Neftçi" üçün çox darıxır. Hamiya güclü “Neftçi” lazımdı. Məncə, elə buna görə də belə açıqlama verib.
 
- Bildiyimiz kimi, “Neftçi”dən daha çox uğurlar gözlənilir. Maraqlıdır, komanda mövsümün sonunda avrokuboklara vəsiqə qazanmasa, baş məşqçi ilə yollar ayrılacaq?
 
- Sizdən bir həftə vaxt istəyirəm. Komandanı tanımaq üçün bizə vaxt lazımdı. Təbii ki, ardıcıl ikinci il avrokuboklardan kənarda qalmaq bizim üçün uğursuzluq olacaq. Ondan ötrü burdayıq ki, işlərimizdə irəliləyiş olsun. Amma hal-hazırda komandanı tanımadığımız üçün hədəflərdən danışa bilmirik. Əlbəttə, “Neftçi” ölkəmizi avrokuboklarda təmsil etməlidi, bu, danılmaz faktdır. Komandanı daha yaxından tanıyandan sonra ətraflı fikir söyləyə bilərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30