25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Azərbaycanda "Qəbələ"dən güclü komanda olduğunu düşünmürəm"

 

"Qəbələ"nin müdafiəçisi Omar Kalaben "Qəbələ" FK qəzetinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
 
- Özünü “Qəbələ”də necə hiss edirsən?
 
- Artıq 9 aydır, karyeramı Azərbaycanda davam etdirirəm. Burada olduğuma görə şadam. “Qəbələ” çox yaxşı komandadır. Heyətdə güclü futbolçular yer alıb. Bir sözlə, Azərbaycandakı legioner həyatı məni tam qane edir.
 
- İndiyədək Tunis, Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərində çıxış etmisən. Hansı ölkənin çempionatında oynamaq sənə daha rahat olub?
 
- Bunların arasında Fransa çempionatını xüsusi fərqləndirərdim. Çünki Fransada taktiki oyuna üstünlük verirlər, hər futbolçu üzərinə düşən vəzifəni anlayır, necə oynayacağını bilir. Məsələn, Türkiyə Superliqasında belə deyil. Orada daha çox fiziki hazırlığa diqqət yetirilir. Bu səbəbdən mənim üçün Fransa çempionatında oynamaq daha rahat idi. 
 
- Bəs “Qəbələ”yə keçidində əsas amil nə oldu?
 
- Peşəkar futbolçu kimi təcrübəmi artırmaq istəyirdim. Buna görə də “Qəbələ”dən dəvət aldıqda, məmnuniyyətlə razılşadım. Açığı, bura gələnə qədər yalnız Azərbaycan adlı ölkənin olduğunu eşitmişdim. Sizin futbolunuz haqqında isə heç bir məlumatım yox idi. 
 
- İlk gəldiyin vaxtlarda burada hansısa çətinliklərlə üzləşdinmi? “Qəbələ”yə uyğunlaşmaqda problem yaşamadın ki?
 
- Yox, çətinliklərim olmayıb. Çünki komanda yoldaşlarım Viktor Mendi və Yannik Kamananı hələ Türkiyədən tanıyırdım. Üstəlik, “Qəbələ”də mənə elə ilk gündən yaxşı münasibət göstərməyə başladılar. Anar Nəzirovla, Vurğun Hüseynovla və digər yerli futbolçularla tezliklə dostlaşdım. Qürbət ölkələrə gedərkən kiçik problemlərlə qarşılaşırsan. Bu, getdiyim ölkədən asılı deyil. Məni ən çox üzən ailəmdən kənarda yaşamağımdır. 9 aydır Azərbaycanda tək həyat sürürəm.
 
- Ailəni Azərbaycana gətirməyinə nə mane olur?
 
- Məsələ bundadır ki, 3-cü övladım Fransada bu yaxınlarda dünyaya gəlib. Onun sənədləri hələ hazır deyil. Məhz bu səbəbdən ailəmi bura gətirə bilmirəm. Ancaq mən peşəkar futbolçuyam, ailəmdən kənarda yaşamaq oyunuma mane olmur. Bütün diqqətimi oyunlara yönəldib, hər matçda bütün gücümü səfərbər etməyə çalışıram.
 
- Kubok oyunlarını da nəzərə alsaq, “Qəbələ”nin heyətində 20 dəfə forma geyinmisən. Bu oyunları özün üçün necə xarakterizə edərdin?
 
- Bəzi oyunlarda yaxşı çıxış etmişəm, bəzilərində isə pis təsir bağışlamışam. Pis oynamışamsa, bu, ümumilikdə, komandanın zəif çıxışından irəli gəlib. Amma unutmayaq ki, futbolda belə hallar olur.
 
- Müdafiəçi kimi ən zəif cəhətin hansıdır?
 
- Bu barədə “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovla da söhbətim olub. O, mənə sürətimin zəif olduğunu deyib. Müdafiəçi kimi başla yaxşı oynayıram, qüvvətliyəm, texniki göstəricilərim də yaxşıdır. Təkcə sürətim aşağıdır.
 
- Qvineya yığmasında işlərin necə gedir?
 
- 2005-ci ildən etibarən Qvineya milli komandasına çağırılıram. Əvvəllər yığmanın kapitanı idim, indi isə vitse-kapitan funksiyasını daşıyıram. Millinin heyətində Fransa, İngiltərə, Hollandiyadan yaxşı futbolçular var. Komandamızda vəziyyət yaxşıdır. Qvineya yığması Afrika qitəsində özünəməxsus oyun tərzinə malikdir. Ancaq təəssüf ki, bu ilin yanvarında keçirilən Afrika Millətlər Kubokunda iştirak edə bilmədik.
 
- Bu yarışa vəsiqə qazanmamağınız nə ilə bağlıdır?
 
- Yığmada nəsildəyişmə prosesi gedir. İndi kollektivdə cəmi 2-3 təcrübəli futbolçu var, qalan oyunçular cavandır. Onların püxtələşməsi üçün zaman lazımdır.
 
- Bəs 2014-cü il dünya çempionatına düşmək şansınız necədir?
 
- Hazırda Afrika üzrə ikinci seçmə mərhələdə iştirak edirik. Qrupumuzda 4 komanda var. 3 turdan sonra 4 xalla 2-ci yerdə qərarlaşmışıq. İlk yeri tutan yığma dünya çempionatına gedəcək. Yəni Braziliyaya yollanmaq şansımız var.
 
- Qvineyada dostlarınız, tanışlarınız Azərbaycan haqqında soruşanda, nə cavab verirsən?
 
- Onlar mənim Azərbaycana gəlməyimi təəccüblə qarşıladılar. Məndən soruşurdular ki, “Azərbaycanda futbol var ki, ora getmisən?”. Hər dəfə belə suallarla qarşılaşanda Azərbaycan haqqında xoş sözlər söyləyirəm, ölkədə futbolun inkişaf etdiyini deyirəm.
 
- Bu ilin yanvarında sənin “Qəbələ”dən ayrılacağın barədə mətbuatda xəbər getdi. Əslində nə baş verirdi? Həqiqətən “Qəbələ”nin heyətini tərk etmək istəyirdin, yoxsa...
 
- Çempionatın qışa qədər hissəsində axırıncı dəfə “Simurq”a qarşı forma geyindim. Həmin matçda baş məşqçi oyunumdan narazı qaldı və “Turan”la matçda mənə ehtiyac olmadığını bildirərək, Fransaya gedib, dincəlməyi məsləhət gördü. Yeni il bayramından qayıtdıqdan sonra isə klubdan ayrılmaq ehtimalının yarandığını gördüm. Ancaq Antalya toplanışında öz üzərimdə bir qədər də çalışdım. Görünür, oyunumda dəyişiklik oldu ki, nəticədə komandada qaldım.
 
- “Qəbələ”nin heyətində ənyaddaqalan oyunun hansı olub?
 
- Premyer Liqada 2 tur öncə “Xəzər Lənkəran”la matç. Bu görüş ilk “altılığ”a vəsiqə qazanmaq baxımından çox vacib idi. Oyuna çıxmazdan öncə beynimdə 2 fikir var idi: ya qalib gələcəyik, ya da ölüb meydançada qalacağam. Yaxşı ki, həmin matçda qələbə qazandıq.
 
- Artıq kubok yarışında mübarizəni dayandırmışıq. Avrokuboklara yalnız Premyer Liqa vasitəsilə çıxa bilərik. Ölkə çempionatında “Qəbələ”nin şansları barədə nə düşünürsən?
 
- Şansımız  böyükdür. Heyətdə elə futbolçularımız var ki, digər komandalarda belələrini görmək mümkün deyil. Məsələn, Dodo, Rəşad Abdullayev, Yannik Kamanan, Viktor Mendi. Onların adı yalnız kağız üzərində yaxşı səslənmir, həm də oyunları ilə özlərini çoxdan sübuta yetiriblər. Azərbaycanda “Qəbələ”dən güclü komanda olduğunu düşünmürəm. Bizim hətta çempionluğa da şansımız var. Əgər 2-ci yeri tutsaq, məncə, bu, bizim heyətimiz üçün zəif nəticə sayılmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30