29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ruslan Abışov: “Bu çətinliyə artıq öyrəşmişik”

"Neftçi"nin kapitanı Ruslan Abışov bu gün keçirilən “Keşlə” ilə yoxlama oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb.

- Yoldaşlıq oyunudur. Bir həftədir, ağır məşqlər keçirik, yükləmələr çoxdur. Ancaq bunlar normal şeylərdir. Bakıda fiziki məşqlərimiz yenə olacaq. Antalya toplanışında isə daha çox taktiki hazırlıqlara və yoxlama oyunlarına üstünlük verəcəyik. Əsas odur ki, “Kəpəz”lə oyuna kimi yaxşı vəziyyətdə çıxaq. Kubokda iddiamız var, finala çıxmaq istəyirik. “Qəbələ” ilə oyun erkən final olacaq. Çalışırıq ki, heç kim zədələnməsin. Komandaya yeni futbolçular qoşulmalıdır. Onlar da gəlsinlər, tam heyətlə hazırlaşacağıq.

- Səncə, “Neftçi”də yeni futbolçulara çox ehtiyac var?

- Baş məşqçi bununla bağlı planlarını bildirib. Biz də istəyərik ki, komandamızda yaxşı futbolçular, yaxşı legionerlər olsun. Gözləyirik. Yəqin ki, “Neftçi”yə layiq futbolçular gələcək.

- Qış fasiləsindən sonra “Neftçi”dən nə gözləmək olar?

- Medalçılar sırasında olmaq istəyirik. Düzdür, çətin görünür. Amma sona qədər mübarizə aparacağıq. Avroliqaya çıxmaq üçün ən asan yol kubokdur. Kubokda çətin rəqiblə düşsək də, hər şey özümüzdən asılı olacaq. Məncə, yaxşı hazırlaşıb, ölkə kubokunu qazana bilərik.

- Qarşıda millinin toplanışı olacaq. Qurban Qurbanovdan dəvət gözləyirsən?

- Əlbəttə, gözləyirəm. Yəqin ki, Qurban Qurbanov məni də dəvət edər. Robert Prosineçkinin dövründə oynamırdım. İndi onun haqqında danışmaq istəmirəm. Amma Qurbanovun rəhbərliyi altında yenidən öz mövqeyimdə oynamaq və milliyə xeyir vermək istəyirəm. Hər şey özümdən asılıdır. Zədələr baş verməsə və yaxşı formada olsam, yığmaya çağırılacağam.

- Söhbət, Qurban Qurbanovdan düşmüşkən, yeni baş məşqçinin gəlişindən sonra millidə müsbətə doğru dəyişikliklərin baş verəcəyinə ümid edirsən?

- Qurban müəllim Azərbaycan futboluna kifayət qədər yaxşı bələddir. Məncə, yaxşı nəticələr əldə olunacaq. Hamımız buna inanırıq. Çalışacağıq ki, 2020-ci il Avropa çempionatının seçmə mərhələsində və Millətlər Liqasında iddialı olaq, nəticə qazanaq.

- Klubun düşərgəsindən milliyə qoşulmaq "Neftçi"yə problem yaratmayacaq?

- Düzdür, hardasa problem yaradır. Amma artıq buna öyrəşmişik. Çünki illərdir milli komanda ilə klublar arasında belə bir sistem var. Yəqin ki, bir həftədən sonra, dəvət alsaq, millinin toplanışına qoşulacağıq və yenidən kluba qayıdaraq, "Kəpəz"lə matça hazırlaşacağıq.

- Demək olarmı ki, "Neftçi" - "Qəbələ" cütünün qalibi Azərbaycan Kubokunun favoriti olacaq?

- Mən "Sumqayıt"ı da iddialı sayıram. Artıq "Keşlə"nin də yaxşı heyət qurduğu və yaxşı baş məşqçiyə sahib olduğu görünür. Bizim üçün əsas məsələ öz oyunumuz olacaq. Yenə deyirəm, erkən finalda "Qəbələ"ni keçsək, final matçı daha rahat alınacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31