25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

AFFA-nın baş katibi: “Yeganə məqsədimiz final mərhələsində oynamaqdı”

Futbolxeber.az saytı AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsini təqdim edir:
 
- Milli komanda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində 5:1 hesablı qələbə qazandı. Bu hesabı gözləyirdinizmi?
 
- Yaxşı oyun oldu. Norveç səfərindən sonra komandanın psixoloji cəhətdən bərpa olunacağından çəkinirdik. Təbii ki, futbolçular meydana 3 xal üçün çıxmışdılar. Yenə də düşünürdük ki, qol vurmaq bir az çətin olacaq. Ancaq komanda toparlana bildi və baş məşqçinin tapşırıqlarını yerinə yetirdi. Yığmamızın çox qol vurmağı sevindirici haldı. İlk növbədə azarkeşləri sevindirdilər və özlərinə inamı bərpa etdilər. Stadionda əsl bayram ab-havası var idi. Bir daha təkrar edirəm ki, komandamız meydana çıxarkən qələbədən başqa heç nə düşünmürdü. İnamlı qələbə həmişə daha əziz olur.
 
- Futbolçular Norveçlə matçda motivasiyasız görünürdülər. Komanda daxilində olan bir şəxs kimi, 3 gün ərzində nələrin dəyişdiyini müşahidə etdiniz?
 
- Norveçə qarşı komandada motivasiya yüksək idi. İlk 15 dəqiqədə yığmamız yaxşı oynadı, topa nəzarət etdi. Sonra 5 dəqiqə ərzində orta xətdə boşluq buraxdıq ki, bu da penalti ilə nəticələndi. Təbii ki, həmin 11 metrlik zərbə planları pozdu. Buraxılan qolun ardından komandamız hesabı bərabərləşdirmək istəyirdi. Təəssüf ki, alınmadı, əvəzində ikinci topu buraxdıq. Belə vəziyyətlərdə ilk növbədə baş məşqçi, həmçinin futbolçular psixoloji cəhətdən öz üzərində işləməlidi ki, məğlubiyyətdən sonra qələbəyə motivasiya oluna bilsin.
 
- Berti Foqts ölkəsində hər açıqlamasında Azərbaycan yığmasının ən uğurlu baş məşqçisi olduğunu və burda 9 xalla tarix yazdığını bildirirdi. Yəqin ki, bundan sonra belə deməz...
 
- Artıq yeni tarix yazıldı. Komandamız xal sayını 10-a yüksəltdi. Əlbəttə ki, bizim məqsədimiz bu deyil. Daha çox xal qazanmalıyıq. Ümid edirəm ki, bunu bacaracağıq.
 
- Sizcə, 10-cu xalı bu matçda qazanmalı idik, yoxsa əvvəlki görüşlərdə?
 
- Düşünürəm ki, daha əvvəl mümkün idi. Çünki Çexiyanı səfərdə, Şimali İrlandiyanı isə Bakıda məğlub edə bilərdik.
 
- 5:0 hesablı qələbə qazansaydıq, yığmamız daha bir rekorda imza atacaqdı. Buraxılan 1 qol sizə nə dərəcədə mənfi təsir göstərdi?
 
- Çox məyus olmadım. Bu, San-Marinonun şərəf qolu oldu.
 
- Qarşıdan AÇ-2020 gəlir və hədəf bəllidi. Necə düşünürsünüz, yığmamız tapşırığın öhdəsindən gələ biləcəkmi?
 
- Təbii ki, yeganə məqsədimiz 2020-ci ildə Avropa çempionatının final mərhələsində iştirak etməkdi.
 
- Robert Prosineçki ilə bağlı çox söz-söhbət gəzir. Müqavilə müddətinin də başa çatmasına çox qalmayıb. AFFA rəhbərliyinin baş məşqçi məsələsi ilə bağlı planları nələrdi?
 
- Ümumiyyətlə, bununla bağlı müzakirə aparılmayıb. Baş məşqçinin müqavilə müddəti ilin sonunda bitir. Çox güman ki, seçmə mərhələnin axırıncı oyunundan sonra AFFA İcraiyyə Komitəsi məsləhətləşərək növbəti addımları atacaq.
 
- Son olaraq, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəsini Azərbaycan futbolu üçün zirvə saymaq olarmı?
 
- Bu, Azərbaycan futbolunun ən böyük uğurudu. Bu uğur həm də onu göstərir ki, hər insan çəkdiyi əziyyətin bəhrəsini görür. “Qarabağ”ın tarixi qələbəsi bizi çox sevindirir. Bu, həm də futbolumuzun inkişafının göstəricisidi. Ümumi inkişaf var ki, bir klubumuz sonda Çempionlar Liqasının qrupuna düşə bilir. Avropaya qapıları ilk olaraq 2012-ci ildə “Neftçi” açdı. Həmçinin “Qəbələ” ardıcıl 2 il Avropa Liqasının qrup mərhələsində iştirak etdi. “Qarabağ” isə Avropa Liqasındakı uğurlu çıxışdan sonra Çempionlar Liqasında ən güclülər arasına düşdü. Bu, çox sevindirici haldı. Əsas odu ki, stabillik olsun. 2012-ci ildən bəri də klublarımız stabillik göstərirlər. Bu da çox vacibdi. Yığmamızın cari seçmə mərhələdəki oyunlarında çox sayda gənc oyunçularımızın meydana çıxdığını görürük. Millidə gəncləşdirmə prosesi uğurla gedir. Üstəlik, bu proses gedə-gedə nəticələr də yaxşılaşır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30