24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Mətbuatın oyunla bağlı xəbər başlıqlarında “Bakı” aşağılanır”

İyunun 14-də “Qarabağ” “Bakı” ilə yoxlama oyununda qüvvəsini sınadı ki, son dörd mövsümün qalibi ilə həvəskarlar liqasında çıxış edən komandanın duelində qüvvələr nisbətinin bərabər olmayacağı gün kimi aydın idi. Ancaq hesab gözlənilməz oldu. Qurban Qurbanovun yetirmələri Qəhrəman Əliyevin başçılıq etdiyi komandanın qapısından 9 cavabsız top keçirdi. Yoldaşlıq görüşünün baş tutmasında təşəbbüskar tərəf olan ağdamlıların zəif rəqibinə acımaması normalda qarşı tərəfdə qıcıq doğurmalıdı. Axı həm də “Bakı” yaxın keçmişə qədər premyer-liqanın iddialılarından olub, çempionluqlar qazanıb, ölkəmizi ÇL-də və Avroliqada təmsil edib.

“Bakı”nın icraçı direktoru Yaşar Seyidov özünü “sındırmasa” da, alındığını hiss etmək çətin deyil: “Sözsüz ki, “Qarabağ”la oynayırsansa, məğlubiyyəti nəzərə almalısan. Ölkənin bir nömrəsiylə görüşdə təcrübəsi olmayan, akademiyanın 18-19 yaşlı futbolçularından qələbə gözləmək utopiya, “Don Kixotluq” olardı. Təcrübəmdən bilirdim ki, uşaqlar ilk qola qədər dirənəcəklər. Qolu nə qədər gec buraxacaqdılarsa, hesabda sürpriz olması ehtimalı da o qədər artacaqdı. Ancaq 25-30 dəqiqə qapını toxunulmaz saxlaya bildik. “Qarabağ” ikinci hissədə əsas qol silahını meydanda saxladı ki, uşaqlar 5 qol vuran Ndlovunun qarşısını ala bilmədilər. Olsun, o, hücumçudu, işi qol vurmaqdı. Meydandadısa, işini sona qədər yerinə yetirməlidi. Heç “Qarabağ”ın məşqçilərindən də incimirik. “Bakı” indi su üzərindəki yarpaq kimidi. Sonu bilinməyən istiqamət götürmüşük. Heç kimi qınamırıq. Bu, zamanın bizə ironiyasıdı. İndiki şəraitdə dostları belə ayırd etmək çətindi. İşıq olanda kölgə bir o qədər yaxın gəlir adama, ancaq qaranlıq düşəndə kölgə də uzaqlaşır, yox olur. İndi “Bakı” o vəziyyətdədi. Qaranlıq günlərimizdə həqiqi dostlar yox olublar. Əlimizdən nə gəlir? Tarixdə var ki, İngiltərə ilə Fransa arasında yüzillik müharibə vaxtı Janna Dark İsa peyğəmbərin həvaricləri Müqəddəs Mikael və Müqəddəs Yekaterina vasitəsilə tanrı ilə danışır. Tanrıya Fransanın gələcəyindən danışır və ondan ölkəni vəziyyətdən çıxarmaq üçün yol göstərməyi istəyir. Son vaxtlar mən də özümə qapanmışam və “Bakı” üçün dua edirəm. Ramazan ayı duaların qəbul olan ayıdı. Hətta razıyam ki, yandırsınlar məni, təki “Bakı”ya nicat olsun. Akademiyası, bazası, meydançaları olan, ÇL-də, Avroliqanın pley-offunda oynamış klub qalıb Allahın ümidinə. Əlbəttə, təəssüflənirəm. Mətbuatın oyunla bağlı xəbər başlıqlarında “Bakı” aşağılanır. Ancaq bilin ki, bu “Bakı” Quzanlıda 2 dəfə “Qarabağ”ı 4 qol vurub udan komandadı. Qapımıza vurulan 9 qoldan 3-nün müəllifi elə “Bakı”nın akademiyasının üzvləri oldu. Buna isə sevinmək lazımdı, üzülmək yox. Ona təəssüflənirəm ki, yetişdirdiyimiz ağac bar verməyə başlayanda, onun meyvələrindən özümüz yox, başqaları dadmağa başladı. Qismət...”

“Bakı”nın təcrübəli çalışdırıcısı Qəhrəman Əliyev isə yetirmələrinin nəticəni çox, “Qarabağ”la tarixi oyunu daha çox xatırlayacaqlarını düşünür: “Qarabağ”dan mənə zəng vuranda tərəddüd etmədən razılaşdım. Baxmayaraq ki, həvəskarlar liqasında çıxış edirik, həftəsonu 1/8 final çərçivəsində “Sabirabad”la oyunumuz var. Ancaq belə komandayla oynamaq fürsəti hər zaman ələ düşmür. Yetirmələrimin çoxunun hətta divizion təcrübəsi belə yoxdu. Dmitri Yeremeyevdən başqa hamısı təcrübəsizdi. Ancaq gənclər üçün bu, çox yaxşı təcrübə oldu. İlk yarıda komandam verdiyim tapşırıqların öhdəsindən bacardıqları qədər gəldi. Bacardıqca rəqibi mərkəzdə qarşılamaq, sıxlıq yaratmaqla onların cərimə meydanmıza keçidini əngəlləmək əsas məqsəd idi. İkinci hissədə heyətdə bir neçə dəyişiklik etdim, daha az oynayan uşaqlara şans verdim. Demirəm ki, əks halda fərq böyük olmazdı. Sadəcə, olan vəziyyəti deyirəm. “Qarabağ”da isə Dino Ndlovu sona qədər meydanda qaldı və təcrübəsindən yararlanıb qol vəziyyətlərinin hamısından yararlandı. Düzdü, yetirmələrim “Qarabağ” adının ağırlığına tab gətirmədilər. Ancaq hiss etdim ki, nəticədən çox, belə bir rəqiblə görüşün iştirakçısı olduqlarına görə məmnundular. Yəni bu dəfə tarixdə nəticə yox, o uşaqlar qalacaqlar”.

Mənbə: “Futbol+” qəzeti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30