20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Firuz Abdulla: "Özümü mətbuat xidmətindən çox mətbuatın yanında hiss edirəm"

Futbolxeber.az sizi AFFA-nın İnformasiya və İctimaiyyətlə Ələqələr Departamentinin baş mütəxəssisi Firuz Abdullanın sport24.az saytına müsahibəsi ilə tanış edir: 

Kaş biləydiniz ki, hər “Görünməyən qüvvə”ni göstərmək üçün hansı enerji və zaman kəsiyi sərf olunur. Ancaq məhsul üzə çıxdıqdan sonra yorğunluq da unudulur, sərf etdiyin vaxt da. Doğrudu, bunun üçün bir şərt vacibdi: “Görünməyən qüvvə” “gücü”nü ortaya qoysun. Hə, təcrübəli həmkarlar bunu yaxşı başa düşər. Sən müsahibəni hansı üslubda qurursansa qur, nə cür suallar yağdırırsansa yağdır, həmsöhbətin “çiydirsə”, vay müəllifin halına. Bu rubrikada isə “çiy”likdən savayı daha bir incə məqam var: “Görünməyən qüvvə” mütləq və mütləq səmimi olmalıdı. Axı, istehsal olunan məhsul oxucu üçündü və yazının həcmini görən istənilən şəxs ilk cümlədən təravət hiss etmədisə, apar həmin müsahibəni, bas zibil yeşiyinə. İnanırıq ki, bu yazı oxucular tərəfindən “rastomojka” olunacaq. Beləliklə, qarşılayın: AFFA-nın “gizli silahı”, “Görünməyən qüvvə”si – Firuz Abdulla.

 

“Nikolay 10-luğ”u deyildim və hamı məni sevmirdi"

 

- Başlayaq sıfırdan. Ümumiyyətlə, mediaya gəlişin necə olub?

- Sıfırdan başlamaq yaxşıdı. Ancaq baxır sıfır hansı rəqəmin harasındadı – solunda və ya sağında. Media fəaliyyətim “Het-trik” qəzetində başlayıb. 2000-ci illərin ortaları, səhv etmirəmsə, 2005-ci il idi. Bir şirkətdə işləyirdim. Ümumiyyətlə, mətbuata aid olmayan sahə idi. Sinif yoldaşlarımdan biri mənə dedi ki, bu qədər futbolla maraqlanırsan, bu qədər yazı-pozuya həvəsin var, qrup yoldaşım qəzetdə redaktor işləyir, istəyirsən səni onunla tanış edim. Bəlkə sən də o sahəyə meyllənərsən. Həmin Pərviz Hikmət idi. Beləcə, onunla tanış oldum. Pərviz o vaxt həmin qəzetdə beynəlxalq şöbənin redaktoru idi. Təbii ki, ilk tanışlıqdan sonra 1-2 xəbər yazmağımı istədi. Daha doğrusu, rus dilində olan xəbərləri mənə verdi ki, bunları tərcümə etmək lazımdı. Gözucu baxdım, sadə xəbərlər idi. Pərvizə sual verdim ki, bunu olduğu kimi tərcümə eləmək lazımdı, yoxsa mən öz yanaşmamı da qoymalıyam? Mənə cavab verdi ki, deyəsən, səndən jurnalist olacaq. Çünki adətən bu sualı heç kim tərcümə ilə bağlı vermir. Beləcə, qəzetdə işə başladım, xırda xəbərləri tərcümə edirdim. Sonra yazılarımın həcmi böyüməyə başladı. Böyük müsahibələri rus dilindən tərcümə etməyə başladım. Elə bir məqam yarandı ki, ölkə futbolu ilə bağlı yazı yazmaq ehtiyacı yarandı. Yadımdadı, ilk reportajımı UEFA kubokunda “Bakı” – Jilina” oyunundan yazmışdım. Əsgər Abdullayev onda “Bakı”nın baş məşqçisi idi. Ceyhun Sultanov oyunun sonlarında qələbə topunu vurdu və 1:0 hesabı ilə qalib gəldik. Daxili şöbənin redaktoru Coşqun Eldaroğlu mənə dedi ki, oyundan reportaj yazmaq lazımdı. Oyundan heç vaxt reportaj yazmadığımı bildirdikdə, Coşqunun sözü belə oldu: “Problem yoxdu, alınacaq. Hamıda birinci dəfə nəsə olur”... Çox bərbad reportaj yazmışdım. İnanmıram ki, Azərbaycan idman mətbuat tarixində bir oyundan o qədər bərbad reportaj yazan olsun. Yazının başlığı belə idi: “Əsgər Abdullayev qələbə qazanmağın sirrini bilir”. Ancaq reportajın içində ortaya çıxara bilməmişdim ki, Əsgər müəllimin bildiyi həmin sirr nədən ibarətdi. 

- Sıfırdan keçək mənfiyə. Orta məktəbdə necə oxumusan?
- Deyim ki, bütün fənləri həddən artıq yaxşı oxumuşam, yalan olar. 7 və ya 8-ci sinfədək əlaçı oxumuşam. Sonradan əksəriyyətin başına gələn məsələlər, ərgənlik dövrü. Məni daha çox meydançalarda axtarırdılar. Axtaran da elə orda tapırdı. Futbolu çox oynayırdım. Avara uşaq olmamışam. 8-ci sinfində oxuyanda işləməyə başlamışam. Avtomobil dayanacağında qarovulçu işləyirdim. Evə kömək eləməyə çalışmışam. Bir qədər qeyri-adi görünə bilər, ancaq kifayət qədər adi, özündə çox qəribəlikləri ehtiva etməyən bir uşağlığım olub. Ən böyük meylim çox sayda kitab oxumağım idi. Yay aylarında tətilə kəndə gedərdim. Bu, ötən əsrin 93-cü ilinədək baş verdi. Bundan sonra ermənilər qoymadılar. Günorta vaxtı çox isti olurdu, hamı yatırdı. Çünki kənddə o günün altında görüləcək bir iş yox idi. Ancaq mən kitab oxuyurdum. Əmimin həyat yoldaşı həmişə ehmal addımlarla yaxınşlaraq başımın üstündə baxırdı ki, doğrudan oxuyuram, yoxsa kitabı üzümə tutaraq yatmışam. Kitaba həmişə böyük marağım olub. Onu deyim ki, tərbiyəsiz şagird olmamışam. Amma təbii ki, “Nikolay 10-luğ”u deyildim və hamı məni sevmirdi. Münaqişəm olan müəllimlər də olub. Daha çox dilimi dinc qoymadığıma görə münaqişələrim olurdu...

- Yeri gəlmişkən, mənim (Mehman Süleymanov nəzərdə tutulur) qonşum Ələsgər müəllim sənin sinif rəhbərin olub. O, həmişə səndən yüksək fikirdə olaraq “svoyski” oğlan sayırdı...
- Ələsgər müəllim son iki ildə sinif rəhbərimiz olub. Bizim sinifdə belə bir sistem vardı ki, 9-cu sinfədək kimlərin qiymətləri yaxşı deyildisə, əksəriyyətini məktəbdən xaric edirdilər. Qiymətləri yaxşı olanları 10-cu sinfə keçirirdilər və bütün siniflərin heyətləri dəyişirdi. Qeybət kimi olmasın, 7-9-cu siniflərdə bir sinif rəhbərimiz vardı, qadın müəllimə idi. Sonradan eşitdim ki, ümumiyyətlə, təhsil sistemindən xaric ediblər. Deyəsən, saxta diplom sayəsində çalışırmış. Dəqiq informasiya deyil, ancaq eşitmişdim. O adam mənimlə heç düz gəlmirdi. Qəribə o idi ki, həmin Ələsgər müəllimlə sinif rəhbərimizin otaqları eyni idi. Dəfələrlə Ələsgər müəllim gəlib ona deyirdi ki, sən o uşaqdan nə istəyrisən, yaxşı uşaqdı... “Svoyski” məsələsi belə olub – tərbiyəsiz uşaq olmamışam, heç vaxt da kollektivdən geri qalmamışam. Sinif dərsdən qaçmaq qərarı verirdisə, mən də komandayla bir idim. Mütləq təşəbbüskarlardan biri olurdum. Dərsə girmək lazım idisə, hamı girirdisə, mən də girirdim. Ümumi “ansambl”dan kənara çıxmaq, fərqlənmək, mən qalım, daha yaxşı görünüm istəyim olmayıb.

 

"AFFA-ya gəlişimin tarixçəsini mətbuatda deməmişəm, ilk dəfədir açıqlayıram"

 

- O vaxt “Het-trik” qəzeti müxalif idi. Ancaq AFFA-dan təklif gəlir və sən bir növ müxalifətdən iqtidara keçirsən...

- İstənilən işə baxanda perspektivləri düşünərək yanaşırsan. Sözün düzü, “Het-trik”də o vaxt müəyyən proseslər vardı, onları açıqlamayacağam. Bu, bizim “mətbəximiz” idi. Baxmayaraq ki, bu gün həmin qəzet yoxdu, həmin uşaqların xeyli hissəsi mətbuatdadı, gedənlər də var. Müəyyən daxili proseslərin davamlılığını görərək bir perspektiv görmürdüm. Buna görə qərarı verdim. Özüm AFFA-ya müraciət etməmişəm ki, məni işə qəbul edin. O dövrdə AFFA-nın qəzeti açıldı. Mənə təklif AFFA-dan gəldi. Çox qısa tərəddüdən sonra və təklifdə çox təkid olduğuna görə, bu yolu seçdim və peşman da deyiləm.

- Təşəbbüs konkret kimdən gəlmişdi?
- AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğludan.

-  Həm də yerlisiniz...
- Bəli, eyni rayon – Zəngilandanıq. Mən Bakıda doğulub boya-başa çatmışam. Qiyabi eşitmişdim ki, Mikayıl Nərimanoğlu zəngilanlıdı, jurnalistdi. Onun bu yaxında dünyasını dəyişən qardaşı, Allah rəhmət eləsin, Mübariz müəllim atamla bir sinifdə oxuyublar. Atam 2002-ci ildə dünyqsını dəyişib. Mən orda işləyəndə atam həyatda yox idi. AFFA-ya gəlişimin tarixçəsini mətbuatda deməmişəm. İlk dəfədir açıqlayıram. “Şəfa” stadionunda oyunlarda olanda qohumlarımız ora gəlirdi. Onlar arasında həkim olanı da var, polis sistemində işləyəni də. Hazırda istefadadı. Həmin həkim qohumumuz “Şəfa”da gələn təcili yardım maşınlarına növbəsi düşmüşdü. Təsadüfən orda görüşdük. Polis sistemində işləyən qohumumuzu kənara çəkdi və dedi ki, o da stadiondadı. Səhv etmirəmsə, “Şəfa” stadionu çalışdığı polis bölməsinin ərazisində idi. Oyunlarda gəlirdilər. Görüşdük, danışdıq. Həmin polis qohumumla Mikayıl müəllimin tanışlığı varmış. Ona demişdi ki, Abdullanın oğlu da mətbuatdadı. Ağlıma gəlməyən adamlar bir-biriylə söhbət etmişdilər. Sonra Mikayıl Nərimanoğlu zəng vurub dedi ki, qəzet açılıb, təklif edirəm ki, gəlib işləyəsən. Mikayıl müəllim mənə dedi ki, sənin atanı bizə gedib-gəlməyini xatırlayıram. Təbii ki, simsarlıq vardı. Təkidlə dedi ki, gəl, bizdə işlə. Müxalifətdən iqtidara, yaxud əksinə keçmək məsələləri o qədər də fikir verməmişəm.

 

"Heç vaxt özümü məmur qiyafəsində hiss etməmişəm, özümü mətbuat xidmətindən çox mətbuatın yanında hiss edirəm"

 

- Belə bir serial vardı, gənclik illərimə təsadüf edirdi. Azərbaycanca adı belə idi: “Bütün çaylar axır”. Orda qəhrəman vardı Ali. Nə problem yaşanırdısa, onu çağırırdılar. Hətta digər bir qəhrəmanın ana olmaq prosedurunda da onu yardıma çağırmışdılar... AFFA-dakı işini o, Ali ilə müqayisə edə bilərsən?

- Çətindi. Bir məsələ var ki, niyə mətbuada belə təəssürat yaranır ki, niyə nə olur, məni çağırırlar. Əslində, bir neçə dəfə həm dostlardan, həm də pərdərarxası söhbətlərdən eşitmişəm ki, Firuz bütün komitələrdə təmsil olunur. Mətbuata daha yaxın, onun gözü qarşısında baş verən proseslərdə olduğum üçün görünür, belə təəssürat var ki, bütün hadisələrin episentrində mənəm. Əslində, belə deyil. AFFA-da kifayət qədər fərlqi sahələr var ki, orda fəaliyyətim heç yoxdu. Kifayət qədər öz işini vicdanla görən insanlar var və çalışırlar ki, gördükləri işlə doğrudan ölkə futboluna nəsə versinlər. Məqsəd kimisə tərifləməyim deyil. Daha çox mətbuatın diqqət mərkəzində olan işlərdə olmağım əsas səbəbdi. AFFA Klublar Komitəsidi, hər iclası mətbuatın diqqət mərkəzindədi. Eləcə də AFFA yanında Media Komitəsi. Klublar Komitəsində koordinatorluğum rəhbərlik tərəfindən irəli sürülübsə, Media Komitəsində bu təşəbbüs məhz bu qurumun İdarə Heyətinin üzvləri tərəfindən gəlib. Əslində, düşünürdüm ki, bir komitədə təmsil olunuram, Media Komitəsində mən yox, başqası olacaq. Amma baş katib Elxan Məmmədovun da iştirak etdiyi iclasların birində Mikayıl Nərimanoğlu və Media Komitəsinin üzvlərindən ən azı biri yadımdadır ki, iclasın gedişində bir neçə dəfə mənim namizədliyimi səsləndirdi. Dedi ki, indiyədək iclasların hamısında iştirak edib, qoy , koordinator da o, olsun.

- Mətbuatla körpü olmaq çətin deyil? Etiraf edək ki, mətbuatla dil tapmaq ilanla dil tapmaqdan daha çətindir..
- Körpü olmaq əslində, yaxşı işdi. Müəyyən mənada savab işdi. Bəxtiyar Vahabzadənin təbirincə desək, əsas odur ki, körpü çaydan uzaq düşməsin. Körpü əhəmiyyətli olmalıdı. Əhəmiyyətsiz yerdə də körpü tikilə bilər. Kimsə indiyəqədərki fəaliyyətimdə mənə körpü gözüylə baxıbsa, sevinirəm. Hər şeydən əvvəl, tutduğumuz mövqedən, çalışdığımız sahədən öncə insanlığımız gəlir. Sizə açıq deyim ki, bu 11-12 ildə heç vaxt özümü məmur qiyafəsində hiss etməmişəm. Jurnalistlərlə bağlı nəsə söhbət olanda, özümü jurnalistlərin tərəfində görmüşəm. Jurnalistlərlə bağlı jurnalistlərin olmadığı ortamlarda kimsə mənfi fikir səsləndiribsə, həmkarlarımın tərəfində olmuşam. Bu, heç də mənə dividend gətirən məsələ deyil. Bunu deməklə özümü jurnalistlərin gözündə ucaltmaq fikrim yoxdu. Amma istənilən halda, daxili tələbat, daxili istək var ki, həmişə özümü mətbuatın yanında hiss etmişəm. Özümü mətbuat xidmətindən çox mətbuatın yanında hiss edirəm.

 

"Hava limanında yoxlamadan keçəndə həmişə pulqabını yaddan çıxardıb qoyuram"

 

- Kifayət qədər xaricə də səfərlərin olub. Ölkə daxilində də yetərincə iş başında olmusan. Müxtəlif yığmalarla səfərlərdə olmusan. Ən qeyri-adi hansı hadisə başına gəlib ki, yadına düşəndə ya tər basır, ya da istər-istəməz gülümsəmə tutur?

- Qəfildən hansısa hadisəni yada salmaqla bağlı sual olanda xatırlamaq çətindi. İndi yadıma düşmür hansısa qeyri-adi hadisə. Onu dəqiq deyə bilərəm ki, səfərlərdə çox intizamlıyam. Harasa getmək lazımdırsa, vaxtından 5 dəqiqə əvvəl təyin olunan yerdə oluram. Hansısa gecikməm olmayıb ki, deyim buna görə yadımda qalsın. Bir qəribə nüans var ki, bütün səfərlərdə hava limanlarında təhlükəsizliklə bağlı yoxlamadan keçəndə kəmər, gödəkçə, ciblərindəki əşyaları çıxardırsan, həmişə pulqabını yaddan çıxardıb qoyuram. Arxamdan gələn uşaqlardan kimsə onu gətirib mənə verir. Pulqabının içində pulun olub-olmamağı əhəmiyyətli deyil. Mənim belə adətim var ki, pulumun hamısını pulqabında saxlamıram. İtirmək ehtimalını da nəzərə alaraq cibimdə də müəyyən pulum olur. Pulqabımda plastik kartlarım olur. Xaricə gedəndə daha çox kredit kartlarında istifadə etdiyimdən pulqabını itirmək mənə çox mane ola bilər. Bir dəfə Belçika səfəri öncəsi, 2015-ci ildə pulqabım yadımda çıxıb elə maşında qalmışdı. Belçikada demək olar 1 həftə pulsuz qaldım. İndi xatırladığım şeylər bunlardı.

 

- Sankt-Peterburq və orada keçirilən Qranatkin turniri. Orada çoxsaylı iştirakını nəzərə alsaq, bu şəhəri sənin qədər tanıyan yoxdu...

- Sankt-Peterburqu yaxşı hiss eləmək üçün əslində, mənim o qədər fürsətim olmayıb. Çünki mən orda qışda oluram. Qış ab-havasını hiss etmək üçün Rusiyada qışda olmağın heç əhəmiyyəti yoxdu. Bu, vacib deyil. Çünki Rusiya deyəndə, birinci hamının ağlına soyuq gəlir. Həddindən artıq soyuq havalarda oluruq orda. Gəzmək üçün o qədər imkan yoxdu. Sant-Peterburqda 14 dərəcədən aşağı şaxta xatırlamıram. Hərdən yarızarafat deyirəm, ancaq bu, həqiqətdi, Azərbaycanda Bakıdan sonra ikinci ən çox yaşadığım Sankt-Peterburqdu. Səkkiz ardıcıl səfər -  minimum 10 gündən hesablasaq - bu, 80 gündən artıq edir. Yalnız bu il olmadım, turnirdə iştirak edə bilmədim. Təbii ki, Sankt-Peterburqun dünyanın ən gözəl şəhərlərindən biri hesab olması təsadüfi deyil. Avtobusla da gəzsən, piyada da gözsən şəhərin gözəlliyini, arxitekturasını hiss edirsən. Ermitajda 4 dəfə olmuşam. Bundan sonra imkanım olsa 44 dəfə də gedərəm. O muzeydə olmaq çox böyük zövqdü. Sankt-Peterburq deyəndə, çox sevdiyim italyan arxitektorlarının inşa etdirdiyi gözəl binalar gözümün önündə canlanır. Şəhərin özündə çar Rusiyasındakı ab-havanın şəhərin mərkəzində saxlanılmasıdı. Təbii ki, Rusiya soyuğu və Ermitaj. Sankt-Peterburq əsasən bunlarla assosiasiya olunur.

 

"Firuz Abdulla imzasını götürməyimlə atamı yaşatmaq hissi vardı"

 

- Firuz Abdulla kimi tanınsan da, soyadın Qarayevdi...

- Bəli. Abdulla atamın adıdı. Mətbuatda birinci yazımı Firuz Abdulla imzası ilə yazmışam.  Atamı itirəndə o da cavan idi – 50 yaşı vardı. Mənsə çox gənc idim, 22 yaşım var idi. Tale elə gətirdi ki... Ümumiyyətlə, valideynlərini neçə yaşda itirirsən-itir, fərqi yoxdu. Valideynin 150 il yaşasa, sənin 100 yaşın olsun belə, istəyirsən o həyatda olsun, arxanda dayaq hiss edəsən. İmzam harda çıxırdısa, görünür, atamı yaşatmaq hissi vardı. Bu baxımdan belə yazmışdım. Həm də mən milli məsələlərə çox həssas yanaşan insanam. Soyad məsələsində də “ev, yov”dan məmnuniyyətlə imtina edərdim. Sənədləşmə ilə bağlı prosesləri sevmirəm, ona görə bu məsələnin üstünə çox düşmürəm. Ancaq mətbuada belə imkan vardı, Səndən heç kəs şəxsiyyət vəsiqəsi tələb etmir ki, hansısa imza ilə yazırsan. Ona görə Firuz Abdulla imzası ilə yazdım.


- Bilirəm ki, meyxana sevmirsən. Ancaq istəsən də, istəməsən də hansısa qafiyə qulağına gəlir. Meyxanaçı Bayram Kürdəxanılının belə bir qafiyəsi var ki, yeyib-içən oğlan yaman olmaz. Buna sənin münasibətin necədi? Bayramla həmfikirsən?
- Meyxananı tam olaraq sevmirəm deməzdim. Müəyyən meyxana ifaçıları, ortamlar var ki, onlara qulaq asıram. Təbii ki, müəyyən meyxanaçıların səsindən, tembrindən, avazından, təbinin rəvanlığından xoşum gəlir. Meyxanaya da qulaq asıram. Bayramın qafiyəsinə gəlincə, yaxşı qafiyədi. Ədəbiyyatdan gələn bütün məsələlərin 50 faizi mübaliğədi, bənzətmədi. Füzuli demişkən, “aldanma, şair sözü əlbəttə ki, yalandı”.

 

“Firuz yaxşı içir” deyənlərin əksəriyyətindən çox az içməyi bacarıram.

 

- Mətbuatda sənin haqqında “yaxşı yeyib-içən oğlandı” təsəvvürü var...

- Bilirəm. Ancaq dəqiq bilirəm ki, haqqımda yaradılan əslində, bötüvlükdə mifdi. “Firuz yaxşı içir” deyənlərin əksəriyyətindən çox az içməyi bacarıram. Əslində, mən çox içən adam deyiləm. Alkoqoldan söhbət gedir. Çox yaxın dostlarımdan və həmkarlarımdan biri olan Rüstəm Əfsərlinin bir zarafatı var. Həmişə məclisdə oturanda deyir ki, müəllim, sən heç vaxt sərxoş olmursan. Görünür, heç vaxt sərxoş ola biləcək həddə qədər içki qəbul eləmirəm.

- AFFA-da sən və bir sıra həmkarımız var ki, uzun müddətdir – 10 ldən çoxdu işləyirsiniz. Assosiasiyanın qəzeti olan “Futbol dünyası” qəzeti bağlansa da, AFFA sizə sahib çıxdı. Təbii ki, bu, qara qaşınıza, qara gözünüzə aşiq olmağa görə deyil. Bu qədər uzunmüddətli işləməyin sirri nədir? Ümumiyyətlə, AFFA-da bu qədər müddət çalışacağını gözləyirdin?
- Əslində, istənilən iş yerinin prinsipləri var ki, onun əleyhinə çıxa bilməzsən. İşdən qalmamaq, işə vaxtında gəlmək, məsuliyyətsiz davranmamaq. Işdə iş yoldaşlarınla normal ünsiyyət saxlamaq və öhdənə düşən işi yaradıcılıqla olmasa belə vicdanla yerinə yetirmək. Söhbət konkret mənim uzun müddət işləməyimdən gedirsə, iş yerlərini tez-tez dəyişməyi sevən adam dyeiləm. Ümumiyyətlə, dəyişikliklərə mühafizəkar yanaşan insanam. Birdən-birə nəyisə kökündən dəyişmək mənim üçün bir qədər çətindi. Bu baxımdan dayanıqlılığı təəccüblə qarşılamamaq olar. 

 

"AFFA-nı birdəfəlik tərk edərək "CBC Sport"da işləmək variantım olmayıb, olsa da getməzdim"

 

- “CBC Sport”dakı fəaliyyətinə keçək. Bu telekanal yeni yarananda sənin də orda işləmək varinatın olsa da, deyəsən, alınmamışdı...

- “CBC Sport”a birdəfəlik keçmək variantım yox idi. Bu telekanalın yaradıcı kollektivin formalaşdırılması ilə bağlı ilk iclaslarda mən də iştirak etmişəm. Ancaq AFFA-nı birdəfəlik tərk edərək orada işləmək variantım olmayıb. Olsa da getməzdim. Bunu açıq deyim. Çünki qəfil dəyişikləri, üzümü çevirərək, pencəyi götürərək getməyi sevən adam deyiləm. Amma televiziya sahəsində işə də həmişə marağım olub. “İdman Azərbaycan”dakı dostlar dəvət ediblər, verilişlərində iştirak etmişəm. Əslində, bu, işimizin bir hissəsidi.

- Ancaq şərhçilik fərqlidi...
- Şərhçilik çox fərqli aləmdi. Məşhur aparıcı Rahib Azərinin belə bir xatirəsi vardı ki, məni aldatdılar, saldılar otağa, qapını arxadan bağladılar. Dedilər, çıx, efirə danış. Mənim şərhçiliyim də müəyyən mənada elə oldu. Bir və ya iki oyun duet oldu. Səhv etmirəmsə, Gündüz Abbaszadə və Rüstəm Əfsərli ilə. Bir gün Rüstəm təyinatları göndərdi. Gördüm ki, mənim də adım var. Fərqinə varmadım, fikirləşdim ki, yəqin, kiiminləsə bir yerdə olacam. Gəldim, dedim ki, oyunu kimlə şərh edəcəyəm? Rüstəm dedi ki, tək edəcəksən.

- Hansı oyun idi?
- Açığı, xatırlamıram.

- Ancaq sevimli klubun “Yuventus” deyildi...
- Bəli, deyildi. Hər halda, 90 dəqiqəni yola verdim. Demirəm ki, yüksək səviyyədə şərhçilik etdim. Hər halda, 90 dəqiqə danışa bildim. Ancaq “Yuventus”un oyununa düşmüşəm. Özü də dəfələrlə.

- “Yuventus”lunun “Yuventus”un oyununu şərh etmək hansı hisslər oyadır?
Çalışıram ki, büruzə verməyim. Çox çətindi, bu qədər bağlılığım var. Tərslikdən “Yuventus”un “Cenoa” ilə qarşılaşmasını şərh etmişəm, uduzmuşuq o oyunu. Özü də bu mövsüm “Yuventus”un ən zəuf çıxış etdiyi oyunlardan biri olub. İlk yarımsaatda hətta cərimə meydançasından çıxmaqda çətinlik çəkirdilər. Səhv etmirəmsə, 25-ci dəqiqədə “Yuventus” 0:3 hesabı ilə uduzurdu. Rəqibin bu qədər yaxşı oyununu görürsən, sənin sevdiyin komanda bu qədər zəif çıxış edir, hesabda bu qədər geridi. Bu şeyləri büruzə verməməlisən. O baxımdan çətindi.

- İtalyan dilini öyrənməyə çalışmısan?
- Fürsətim olmayıb. Ancaq bu gün də düşünürəm ki, öyrənəcəyəm. Müəyyən ifadələri bilirəm. Ancaq təbii ki, bu, dil bilmək deyil. İtalyan dilini öyrənmək istəyirəm.   

 

“Yuventus” Çempionlar Liqasının qalibi olsun, sonra evlənəcəyəm"

 

- Ailədə neçə uşaqsınız?

- İki bacım var. İkisi də məndən yaşda kiçikdi.

- Ailənin ağsaqqalısan demək...
- Zorən ağsaqqallıqdı.

- Bacılar başına çox çəkic vurmur məlum səbəbə görə?
- Əslində, xarakterim elədir ki, yaşca özümdən böyük adamlar da üzərimdə o cəhətdən gələ bilmirlər. Görünür, bir az da dəlioğlanlığım var. Loru dildə desək, təbii ki, tez-tez dınqıldadırlar. Daha doğrusu, hər məni görəndə. Bu görüşlərin intervalı da çox deyil. Böyük bacımla həftədə bir dəfə, kiçik bacımla demək olar hər gün görüşürük. Təbii ki, hər dəfə bu söz-söhbət olur.

- Bu qınağa görə toya getmək istəmədyin anlar olubmu?
- Əslində, mənimlə bu arzular, sağlıqlara da vərdiş eləmişəm. Yaxşı bir haşiyə çıxmaq olar, təəssüf ki, son illərdə Azərbaycan toyları elə şəkil almağa başayıb ki, hətta ən yaxın adamın toyundan əvvəl adam bir az fikrə getməli olur ki, maddi tərəfini necə yoluna qoyacağam. Ancaq bu maddi çətinliklərə baxmayaraq, ürəyim istədiyim adamların toyuna uça-uça gedirəm.  

- Subay qalmaq məsələsində prinsipə düşmüsən? 
- Yox. Prinsip deyil.

-  Yoxsa hesab edirsən ki, bu, “Yuventus”a xəyanət olardı?
-  Bir dəfə zarafatla demişdim ki, “Yuventus” Çempionlar Liqasının qalibi olsun, sonra evlənəcəyəm. Uşaqlar da bunu əllərində dəstəvuz ediblər. 2015-ci ildə xəta sovuşdu, “Yuventus” “Barselona”ya finalda 1:3 hesabı ilə uduzdu. Ancaq bu il təhlükə var. Özü də realdı. Həm təhlükə realdı, həm də “Real” təhlükədi (gülür).

- İyunun 2-də ad günündür, ertəsi də “Yuventus” – “Real” finalıdı. Sevimli komandan ÇL-i qazanmaqla sənə ən yaxşı ad günü hədiyyəsi edə bilər...
- “Yuventus” bəlkə də həyatımın ən yaxşı hədiyyəsini edə bilər. 21 ildir gözləyirəm o günü.

- Ancaq eyni zamanda da dediyin sözə əməl edərək subaylığına son qoya bilər....
- Bu, hədiyyədən o qədər də pis deyil. “Subaylıq - sultanlıqdı” məsələsini nəzərdə tutursunuzsa, sultanlığın elə yaşındayam ki, vəliəhdim mütləq olmalıdı.

- Belə deyirlər ki, oğlanı 25-dək evləndirmək lazımdır, 30-a yaxınlaşdıqda bundan soyuyur, hər qızı bəyənmir. Səndə isə yaş 40-a gedir...
- Bütün məsələlərə münasibətdə ümumiləşdirilmiş yanaşmanı qəbul eləmirəm. Hər şeydə fərdi yanaşmanı qəbul edirəm. Bəlkə də elə adam var ki, 20 yaşından sonra ailə qurmaq haqda düşünür. Elə adamalar da var, 50, 60 yaşından sonra ailə qurur. Mən bu insanların həyat sevgisinə çox böyük hörmətlə yanaşıram. İnsanın həyatdan gözləntiləri o qədər çoxdur ki, ömrünün 6-cı onilliyindən sonra da həyatını kiməsə bağlamaq barədə düşünür.

 

"Özümü yaxşı şərhçi hesab eləmirəm, ən yaxşı şərhçilərimiz kimi iki nəfərin adını çəkə bilərəm"

 

- “CBC Sport”un baş direktoru Volkan Üst “Çağırılmamış qonaq” rubrikasında barəndə ağızdoludu danışdı. Hətta səni özünün “joker”i, “gizli silah”ı adlandırdı...

- Volkan bəylə çox yaxşı, isti münasibətimiz var. Məsələ təkcə iş münasibəti deyil. Çox səmimi münasibətimiz var. Mənim haqda yaxşı fikirlər bildirdiyinə görə ona təşəkkür edirəm. Təbii ki, mən özümü “CBC Sport”da ən yaxşı şərhçi hesab etmirəm. Ümumiyyətlə, yaxşı şərhçi hesab eləmirəm. Bunu tam səmimi deyirəm. Sadəcə, özümü sınadığım sahələrdən biridi. Öyrənməyə çalışıram. Heş bilmirəm ki, bu proses nə qədər davam edəcək. Şərhçiliyi tam öyrənə biləcəmmi, ya yox. Bu, uzun illər davam edən proses olacaqmı, ya yox. Hər halda, görünür, Volkan bəy çalışmağımı hiss edir. Ancaq onu da deyim ki, şərhçilik hətta bir xəstəlikdi. Bir neçə gün oyun olmayanda futbola baxanda hətta hiss edirsən ki, danışmaq istəyirsən. Şərhçiliyə başlamamışdan əvvəl məndə bu təəssürat yox idi. Ancaq indi bu hissiyyat var. Oyuna baxa-baxa danışmaq ehtiyacı hiss edirsən.

- Şərhçilər arasında ən yaxşı olmaq mənasında favoritin varmı?
- Əslində, mənim o qorxum yoxdur ki, bir nəfərin adını çəkəcəm və nəticədə başqası məndən inciyəcək. O şeylərdən çəkinən adam deyiləm. Çəkdiyim ad kənardan bir az fərlqi görünə bilər. Bu adamla çox yaxşı münasibətimiz var. Çox yaxın dostuq, ailəvi çox səmimi münasibətimiz var. “CBC Sport”dakı şərhçilərdən söhbət gedirsə, mənə görə Azərbaycanda ən yaxşı şərhçi Rüstəm Əfsərlidi (bu müsahibə Rüstəm Əfsərlininin “CBC Sport”dan “Neftçi”nin mətbuat xidməti rəhbəri vəzifəsinə gedişindən əvvəl olub). “İdman Azərbaycan”dakı dostlarımızdan Ramiz Mirzəzadəni qeyd edə bilərəm. Çox bəyəndiyim şərhçilərdəndi.

- Əsas nələrini bəyənirsən?
- Burda bir nüans var. Şərhçilik ümumiyyətlə, zövq məsələsidi. Bir xanəndənin, müğənninin ifası yüzlərlə insanın xoşuna gəlir. Və bir nəfər çıxıb deyə bilər ki, mən o adamı bəyənmirəm. Bu, çox normal bir şeydi. Amma şərhçiliklə bağlı xüsusi prinsiplər var. Məsələn, Azərbaycan dilində düzgün danışmaq, hadisələrə vaxtında və yersiz olmayan reaksiyalar vermək. Şərhçinin özündən asılı olmayan bir məsələ var ki, bu da səs tembridi, Allah vergisidi. Bu, çox vacib məsələdi. Bu kriteriyalar üst-üstə gələndə özlüyündə bir şərhçi obrazı formalaşdırırsan. Bu baıxmdan adını çəkdiyim o adamlarda bu şeyləri bəyənirəm. Bu fikrim bəzi insanlar arasında narazılıq da yarada bilər, ancaq mən tam əminliklə deyirəm ki, bu gün Azərbaycanda adını çəkdiklərimdən də əlavə bir neçə şərhçi var ki, Azərbaycan mühitində ən çox dinlənilən Rusiya və Türkiyə telekanallarında şərhçilərdən nəinki geri qalırlar, əksinə, üstündürlər. İstər futbol biliyi baxımdan, istərsə də müəyyən epitetlərlə, təşbehlə o şərhə rəng qatmaq baxımından.

- İnsan nə qədər yaşa dolsa da, elə bir xüsusiyyəti, həvəsi olur ki, uşaqlıqdan son gününədək özü ilə daşıyır. Səndə necə? Heç istəməmisən ki, onunla vidalaşasan?
- Çox çətin sualdı. Məsələn, saçım tökülməmişdən qabaq saçımı burmaq kimi bir səfeh adətim vardı. Kitab oxuya-oxuya saçımı bururdum. Hətta o dərəcədə çox bururdum ki, saçımın o buruqları açılmırdı, kəsməli olurdum. İndi saçım tökülüb, təbiət özü müdaxilə edib o məsələyə. Bu vərdişim var idi. Adətən kitab oxuyanda olurdu. Özümdən asılı olmurdu. Bəlkə də numerologiyaya bir az meylim olub. Hansısa işlə məşğul olanda, mütləq 5 rəqəmini axtarıram. Hesab edirəm ki, mənim uğurlu rəqəmimdi.

 

"Elxan Məmmədovla mərcim və bu insanın əsas xarakterik cizgiləri"

 

- “Yuventus”lu Corco Kyellinin 1-i avtoqol olmaqla 3 qol vurduğu İtaliya – Azərbaycan oyununda AFFA-nın baş katibi Elxan Məmmədovla maraqlı mərcinin olduğundan xəbərdarıq...

- Hə, olmuşdu. Təşəbbüs də Elxan Məmmədovdan gəlmişdi. Oyundan öncə qaldığımız otelin qarşısında əməkdaşların gəlməsini gözləyirdik. Bizim avtobus gəlmişdi. Gedib jurnalistlərin otelindən onları götürüb oyuna getməli idik. Elxan Məmmədov dedi ki, gəl, bir mərcə girək. Bu gün biz İtaliyadan xal alsaq, sən bir gün işə Almaniya yığmasının futbolkasında gəlirsən. Yəqin ki, İtaliya azarkeşi olaraq Almaniya futboluna münasibətim başadüşüləndi. Mərcə girdim və qarşılığında da heç nə istəmədim. Çünki bu, ədalətsizlik olardı, bizim İtaliyadan xal almağımız qeyri-adi bir şey olardı. Daha doğrusu, İtaliyanın bizə qalib gəlməyi təbii idi. Kyellini əvvəl bizim qapıya yol tapdı, sonra öz qapısına. İtaliyanın bizə vurduğu 2-ci qoladək özümü ancaq Almaniyanın futbolkaısnda təsəvvür edirdim. Bu, əməlli-başlı iztirab idi, məşəqqətli yollar kimi bir şey olacaqdı. Xeyli jurnalist vardı, təxminən 10 nəfərdən artıq olardı. İtaliyanlar media lojasında ən yüksək sıranı bizə vermişdilər. “Xəzər Tv”dəki həmkarımız Ceyhun Rzayev məndən xeyli uzaqda oturmuşdu. Kyellini öz qapısına qol vuranda təbii ki, bizim jurnalistlər sevinc içində idi. Bu zaman Ceyhun yerindən duraraq mənin yanımna gələrək qucaqlayıb dedi ki, qurban olum, 15 dəqiqə bizə azarkeşlik elə də (gülür). Kyellini bizə 2-ci qolunu vuranda çox çılğın şəkildə qeyd etdim. Kənaran elə görünə bilər ki, öz millimiz oynayır, bu isə italyanalara azarkeşlik edir. Ancaq orda bir mərc məsələsi var. Təbii ki, Almaniya millisinin futbolkasının geyinməkdən başqa mərci uduzmaq istəmirdim. Mənim o cür çılğın qol sevinci qeyd eləməyim italyan jurnalistlərin xeyli təəccübünə səbəb oldu. Baxdılar ki, azərbaycanlıların içərində gələn bu dəli kimdir görəsən.

- Elxan müəllimdən söz düşmüşkən, artıq 10 ildir onunla birgə çalışırsan. Baş katibin hansı xüsusiyyətləri diqqətini çəkib?
- Ən vacib məsələ odu ki, Elxan Məmmədov tənbəl adam deyil. Bu, çox vacibdir. Xüsusilə də rəhbər işdə çalışan insan üçün. Məsələn, Elxan müəllim səhər kiməsə 9-da görüş təyin edirsə, deyirlər ki, əşi özü 10-da işə gəlir, mən də o vaxt gələrəm. Əslində, elə deyil. İş 9-da başlayırsa, 9-da da işə gəlir. Sizinlə müsahibəyə gəldiyim zaman axşam 8-də AFFA-dan ikimiz də bir çıxdıq. Məmmədovla bağlı xüsusi qeyd eləyəcəyim məqam budu. Təkliflərə açıq adamdı. Mənim məqsədim onu tərifləmək deyil. Onsuz da hər şey göz qabağındadı. Məsləhət dinləyəndi. Adətən təkbaşına qərar qəbul eləmir. Hansı məsələ ətrafında düşünürsə, kimin bununla bağlı təklifləri varsa, onları dinləyir. Özü bu barədə müraciət edir ki, filan məsələ müzakirə olunur. İşlə bağlı əsas xarakterik cizgiləri budu.

 

"Mənə görə həyatın ən rəngarəng “ağ-qarası” “Neftçi” ilə “Yuventus”du"

 

- AFFA-nın baş mütəxəssisi vəzifəsində çalışırsan. Ümumiyyətlə, sənin üçün mütəxəssis anlayışında əsas kriteriyalar hansıdı?

- Mütəxəssis işinin ustası olmalıdı. Bir məsələ var ki, işə başladığı dövrdə “ilk gündən işinin xiridari olmalıdı” məsələsi də deyil. Əslində, mütəxəssis olaraq çox şeyi öyrədirsən. İşi ən çox işdə öyrənirsən. Kənarda, təhsildə işi olduğu kimi öyrənmək mümkün deyil. İşi iş görə-görə öyrənirsən və təbii ki, səhvlər edirsən. Səhv varsa, deməli, iş də var.

- “Neftçi”nin də azarkeşisən, “Yuventus”un da. Hər ikisinin rəmzələri ağ-qara”dı. Bu, təsadüfdü? Yoxsa həyatın bir üzünün ağ, bir üzünün də qara olması ilə əlaqələndirmək oalr?
- Əslində, “Neftçi”yə azarkeşlik etməyə başlayanda həyatın rəngləri ilə bağlı fəlsəfə yürütmək yaşında deyildim. 1985-ci ildə ilk dəfə Respublika, o vaxtkı Lenin adına stadionda oyuna baxmışam. Onda 5 yaşım vardı. Təbii ki, atam oyuna aparmışdı məni. Gözümü açıb “Neftçi”ni görmüşəm. Azarkeşlik belə formalaşıb. “Yuventus” azarkeşi olmağımda da evin təsiri olub. Atam bu klubun azarkeşi olub, ata tərəfdən qohumlarım da. Nəslimiz futbola çox bağlıdı. Əksəriyyəti “Yuventus” və İtaliya azarkeşidi. Bu mühitdə böyüdüyümə görə “Yuventus”u sevmişəm. Rənglərin üst-üstə düşməyi də mənə görə təsadüfdü. Xüsusi olaraq bir fəlsəfi tərifini düşünüb komandanı seçməmişəm ki, həyatın iki rəngi var. Həyat əslində, iki rəngdən ibarət deyil. Həyat rəngarəngdi. Ancaq mənə görə həyatın ən rəngarəng “ağ-qarası” “Neftçi” ilə “Yuventus”du.

- İdman mətbuatında İtaliya futbolunun, xüsusilə “Yuventus”un azarkeşləri çoxdur. Bu da təsadüfidi?
- Zövqləri yüksəkdi, ona görə (gülür). Bir az cığal yanaşmadı. Mənim bir müşahidəm var və digər klubların azarkeşlərini bununla aşağılamaq istəmirəm. Hətta başqa klublara azarkeşlik edən insanlardan da dəfələrlə bu fikri eşitmişəm ki, Azərbaycanda xeyli intellektual adam İtaliya futbolunun azarkeşidi. Və ya İtaliya futbolunun azarkeşləri arasında xeyli intelektual var. Bilmirəm səbəb nədi. Görünür, İtaliyanın dünya mədəniyyətinə, tarixinə verdiyi böyük töhfələr öz təsirini göstərir.

- Bu müsahibəni sənin qabağına qoysaydılar, buraxardın çapa? Söhbət səndən getmir...
- Başa düşdüm. Müsahibənin çapa buraxılması ilə bağlı prinsipim budu, müsahibəni yazandan sonra o müsahibəyə baxardım.

- Məzmun bəllidi...
- Yazının keyfiyyəti mənim üçün çox əhəmiyyətlidi. Çox yaxşı alınmış müsahibəni çox pis yaza bilərlər. Yazı variantına baxandan sonra qərar verərdim.

- Ok, yazanlar bəllidi...
- Təbii ki, buraxardım.

- O mənada nəzərdə tutmuruq ki, yazanlar məhz bizik. Deyək ki, yazar orta kriteriyaya cavab verir...

- İmtina eləməzdim bu müsahibədən.

- Söhbət Firuz Abdulladan getmir...
- Olsun. Sən deyəsən ciddi-cəhdlə müsahibənin getməməyini istəyirsən (gülür).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30