29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Startdan qrup iyi gəlmir YAZI

Başa vurduğumuz həftə Azərbaycan klublarının əsl imtahanı başladı. Ölkə çempionatının gedişində dəfələrlə deyirik ki, klublarımızın əsl gücü avrokuboklarda bilinəcək. Təəssüf ki, klublarımızın qitə səhnəsindəki startı ürəkaçan olmadı. Düzdü, komandamız uduzmadı. Amma gəl ki, 3 kollektivin payına cəmi 1 qələbə düşdü. “Xəzər Lənkəran” səfərdə, “İnter” isə evdə yalnız heç-heçə ilə kifayətləndi. İndidən bu komandaların ikinci mərhələyə yüksələ bilməyəcəyini iddia etmək absurd olardı. Lakin bu iki komandanın ilk oyundakı nəticələri və oyunları adamı həyəcanlandırır.

İlk oyunların nəticəsinə əsasən bizi ən çox “Qarabağ” sevindidi. Ağdam klubu səfərdən 1:0 hesablı qələbə ilə dönməklə cütün taleyini elə ilk oyundaca həll etdi. Ağdam klubunun məşqçiləri və futbolçuları hər nə qədər təvazökarlıq edib, cütün taleyinin hələlik həll olunmadığını bildirdisələr də, fakt faktlığında qalır ki, “Qarabağ” “Metallurq”dan aşkar gücülüdür və evdə də rəqibinə qalib gələrək, mərhələ adlayacaq. Amma eyni sözləri ikinci mərhələ haqda demək çətindir. Çünki növbəti turda Qurban Qurbanovun komandası “Piast Qlivitse” ilə qarşılaşacaq ki, bu komandanı da “Metallurq”la müqayisə etmək olmaz. Polşa klubları daim güclü olublar. Həm də nəzərə almaq lazımdır ki, millimiz və klublarımız əksər hallarda bu ölkənin təmsilçiləri ilə mübarizədə çətinlik çəkiblər. Polyakları yalnız bir dəfə – özü də elə “Qarabağ”ın sayəsində üstələmişik. Ümid edək ki, “Visla”nı diz çökdürən “Qarabağ” bu dəfə də digər Polşa təmsilçisinə eyni aqibəti yaşadacaq. Amma bunun üçün Ağdam klubu heyətini bir qədər də gücləndirsə, daha yaxşı olar

Kubok oyunlarında səfərdə 1:1 hesablı nəticə qazanmaq, yaxşı nəticə hesab olunur. Lakin baxır hansı rəqiblə. Məhz rəqibin “Slima” olması “Xəzər Lənkəran”ın bu nəticəyə görə tənqid olunmasına gətirib çıxarır. Aydın məsələdir ki, “Xəzər Lənkəran”ın büdcəsi, heyətlər arasındakı səviyyə fərqi çox böyükdür. Buna görə də Lənkəran təmsilçisi mütləq səfərdə “Slima”ya qalib gəlməli idi. Rəqibin 26 dəfə ölkə çempionu olması, oyunun vaxtının 2 gün öncəyə çəkilməsi, süni ot örtüyünün istənilən səviyyədə olmaması – bütün bunlar bəhanədən başqa bir şey deyil. “Xəzər Lənkəran” “Slima”nı udmalıydı, vəssəlam! Oyun ərzində maltalıların rəqib qapısına cənublulardan daha çox zərbə endirməsi də biabırçılıqdır. Təbii ki, “Xəzər Lənkəran” “Slima”nı evdə məğlub edərək, mərhələ adlayacaq. Bəs, sonra? Bu gedişlə ikinci mərhələdə “Makkabi” “sədd”i keçilməz olacaq. Axı Maltadakı oyunla “Xəzər Lənkəran”ın Hayfa təmsilçisini mübarizədən kənarlaşdırması utopiyadan başqa bir şey deyil. Həqiqətən gözünə düz baxmaq lazımdır. Bugünkü “Xəzər Lənkəran” “Makkabi” qarşısında çox böyük əziyyət çəkəcək. Beləcə, komandanın Avropa macərası ikinci mərhələdə bitəcək. Anlamadığım budur ki, komanda yenə Avropada cəmi 1 mərhələ adlayacaqsa, o zaman Con Toşakı baş məşqçi postuna gətirməyin mənası nədir? 1 mərhələni elə Yunis Hüseynovla da adlamaq mümkündür.

Bütün bunlara baxmayaraq, Con Toşaka alqış düşür. Uelsli mütəxəssis növbəti dəfə bizim məşqçilərə Avropa məşqçilik mədəniyyətini nümayiş etdirdi. Nəticəyə görə bütün məsuliyyəti üzərinə götürən Toşak səhvləri olduğunu etiraf etdi. Avropada bu cür hallar adi qarşılanır. Gəl ki, bizim üçün məşqçinin səhvini boynuna alması ŞOK-du. Elə buna görə də Toşak haqda adamın tənqidi fikirlər yazmağa əli gəlmir.

“İnter”in oyunu haqda da konkret fikir bildirmək çətindir. Çünki komanda ev oyununda rəqibindən 1 baş üstün oynasa da, qələbə qazana bilmədi. Evdə qeydə alınan 1:1-lik heç-heçədən sonra adətən ikinci oyunda ev sahibi olan komanda növbəti mərhələyə adlamaq üçün daha şanslı görünür. Amma bu sözləri “Marihemn” – “İnter” cütünə aid etmək olmaz. “İnter” rəqibdən daha güclür. Komandanın heyətində də yaxşı futbolçular cəmləşib. İlk oyunda təmsilçimiz yalnız 1 səhvə yol verdi və bu səhv də qolla nəticələndi. Ümid edək ki, cavab matçında “bankirlər” daha yaxşı oynayaraq, səhvə yol verməyib, istədikləri nəticəni qazanaraq, mərhələ adlayacaqlar. Bundan sonrası isə Allah kərimdi.

Avropadakı digər təmsilçimiz “Neftçi” isə hələ mübarizəyə qoşulmayıb. Amma komandanın Avstriyada yoxlama oyununda göstərdiyi nəticələr heç də ürəkaçan deyil. Komanda “Volqa” və “Enerji” qarşısında aciz qaldığı halda, yalnız Almaniyanın yarı həvəskar, yarı peşəkar klubuna qalib gəlib. Bu nəticələr isə gələcəyə böyük ümidlərlə baxmağa əsas vermir. Komandanın baş məşqçisi Böyükağa Hacıyev isə hər yenilgiyə bir bəhanə tapır. Burada isə bayaq Toşak haqda dediyim sözləri yada düşür. Toşak kişi kimi səhvini boynuna aldığı halda, Hacıyev hər uğursuzluğa bir don geyindirir. Görəsən, nə vaxtsa onun dilindən “səhv məndə oldu” cümləsini eşidəcəyik?

Şahin ZÜLFÜQAROV, “Het-trik news”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31