25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

I divizion: sona 4 tur qalmış kim daha şanslıdı?

“TURAN-TOVUZ” ÇEMPİONLUĞU ƏLDƏN VERMƏYƏCƏK!

I divizionda mövsümün sonuna 4 tur qalıb. Riyazi cəhətdən 22 turdan sonra 8 komandanın medal qazanmaq şansı davam edir. Amma vəziyyətə real yanaşsaq, görərik ki son 4 tur öncəsi daha çox 6 kollektiv medal qazanmağa şanslıdır. Mövsümün həlledici mərhələsi öncəsi Futbolxeber.az saytı olaraq həmin 6 komandanın şansını dəyərləndirəcəyik.

İDDİALILARIN BÜDRƏMƏYƏCƏYİ YEGANƏ TUR

Və ya final öncəsi məşq də adlandırmaq olar 23-cü turu. Çünki son 4 tur öncəsi çempionluq və medal qazanmaq şansı olan 6 komanda - “Turan-Tovuz”, “Səbail”, “Zaqatala”, “Qaradağ Lökbatan”, “Ağsu” və “Şəmkir”in bu turda xal itirəcəyi gözlənilmir. Son 3 turun hər birində iddialılardan ən azı ikisi bir-biri ilə üz-üzə gələcək. Amma önümüzdəki turda iddialı kollektivlər nisbətən zəifl rəqiblərlə qarşılaşacaqlar.

İlk 2 pillədə qərarlaşan “Turan-Tovuz” və “Səbail” ümumiyyətlə, meydana çıxmadan 3 xal qazanacaqlar. Çünki bu turda Tovuz klubu adı danışılmış oyunlarda hallandığı üçün çempionatdan uzaqlaşdırılan “Şərurspor”un qonağı olmalı, “Səbail” isə öz meydanında “Rəvan”ı qəbul etməliydi.

“Zaqatala” səfərdə “Energetik”in qonağı olacaq. Mingəçevir təmsilçisi son turlar sürpriz nəticələrə imza atsa da, “Zaqatala”nın mövsümün həlledici anında zəif rəqiblə görüşdə büdrəyəcəyi qətiyyən inandırıcı deyil.

Eyni sözləri, öz meydanında “Bakılı”nı qəbul edəcək “Qaradağ-Lökbatan”a, doğma divarlar arasında “Şahdağ”ı sınağa çəkəcək “Ağsu”ya və Qərb derbisində “Göyəzən”in qonağı olacaq “Şəmkir”ə də aid etmək olar.

“GÜMÜŞ”ÜN TALEYİ ZAQATALADA HƏLL OLUNACAQ          

24-cü turda I divizionda maraqlı, turnir cədvəli baxımından 3 vacib oyun keçiriləcək. Amma şübhəsiz ki, turun mərkəzi görüşü Zaqatalada oynanılacaq. Eyniadlı komanda “Səbail”i sınağa çəkəcək. Bu matçın gümüş medal baxımından əhəmiyyəti sonsuzdur.

“Səbail” səfərdən qələbə ilə qayıtsa, böyük ölçüdə gümüş medalları özü üçün təmin edəcək. Heç-heçə və ya “Zaqatala”nın qələbəsi isə əsasən medallar uğrunda mübarizə aparan digər 3 komanda - “Qaradağ-Lökbatan”, “Ağsu” və “Şəmkir”ə sərf edəcək. “Zaqatala” ilk dövrədə olduğu kimi, bu dəfə də “Səbail”i üstələsə, sona 2 tur qalmış ikinci pilləni ələ keçirəcək. Çünki xallar bərabər olsa da, şəxsi oyunlardakı üstəlik region təmsilçisinin xeyrinədir. “Zaqatala”nın və digər 3 komandanın qələbə qazanacağı halda, 24-cü turdan sonra I divizionda maraqlı vəziyyət yarana bilər. Belə ki, “Səbail” uduzub, digər 4 iddialı qələbə qazansa, son 2 tur öncəsi 2 və 3-cü pillələrdə qərarlaşan komandaların 50 xalı, “Qaradağ-Lökbatan” və “Ağsu”nun 49, “Şəmkir”in isə 47 xalı olacaq ki, bu da son 2 tur öncəsi möhtəşəm mübarizə vəd edəcək.

Təbii ki, bu, bir ehtimaldır. Vəziyyətə real yanaşsaq, yalnız “Ağsu” və “Şəmkir”in turu 3 xalla başa vurması real görünür. Çünki “Ağsu” “Rəvan”la qarşılaşmalı olduğundan texniki məğlubiyyət alacaq, “Şəmkir” isə öz meydanında “Energetik”i sınağa çəkəcək.

Lider “Turan-Tovuz” 24-cü turda çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Tovuz klubu öz meydanında MOİK-i məğlub etməli və Zaqatalada qonaqlar qələbə qazanmamalıdırlar.

SON 2 TURDA FİNALA BƏRABƏR 5 OYUN

25-ci turda da azarkeşləri maraqlı qarşılaşmalar gözləyir. İddialı 6 komandadan yalnız ikisinin - “Turan-Tovuz” və “Qaradağ Lökbatan”ın işinin nisbətən asan olacağını söyləmək mümkündür. Çünki sona 1 tur qalmış Tovuz klubu səfərdə “Şahdağ”ın qonağı olacaq. “Qaradağ Lökbatan” isə öz meydanında MOİK-i sınağa çəkəcək.

“Səbail” - “Şəmkir” və “Ağsu” - “Zaqatala” matçlarını isə finala bərabər görüş adlandırmaq olar. Bu 2 görüş gümüş və bürünc medalların taleyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Son turda da 2 və 3-cü yerin taleyi baxımından 2 vacib qarşılaşma keçiriləcək. “Şəmkir” öz meydanında “Ağsu”nu, “Turan-Tovuz” isə “Qaradağ-Lökbatan”ı qəbul edəcək. Gümüş və bürünc medallara daha yaxın olan “Səbail” və “Zaqatala”nın mövsümü qələbə ilə başa vuracağı şübhə doğurmur. “Zaqatala” ümumiyyətlə, meydana çıxmadan 3 xal qazanacaq. Çünki Şaban Şirdanov komandası “Şərurspor”la qarşılaşmalı olduğundan texniki qələbəyə sevinəcək. “Səbail” isə səfərdə “Bakılı” ilə görüşəcək.

BİZİM PROQNOZUMUZ

Daha əvvəl də qeyd etdiyimiz kimi, təqvim “Turan-Tovuz”un çempionluğundan xəbər verir. Ehtimallarımıza görə, Əsgər Abdullayevin komandası 24, maksimum 25-ci turda çempionluğunu rəsmiləşdirəcək.

Əsas məsələ gümüş və bürünc medalların sahiblərinin kimliyi ilə bağlıdır. İkinci pillənin sahibi böyük ehtimalla, Zaqatalada keçiriləcək görüşdə müəyyənləşəcək ki, bu matçda meydan sahiblərinin qələbəsini proqnozlaşdırırıq. Çünki “Səbail” iddialı komandalarla, xüsusən də səfər matçlarında ciddi problem yaşayır.

Beləliklə, Futbolxeber.az-ın proqnozuna görə, qızıl medallar “Turan-Tovuz”, gümüş “Zaqatala”ya, bürünc isə “Səbail”ə qismət olacaq.

Futbolxeber.az

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30