19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Birinci divizon klubları fasilədən necə yararlanır? II YAZI

Qış fasiləsi zamanı Premyer Liqa klubları kimi, I divizion təmsilçiləri də mövsümün ikinci yarısı üçün çalışmalarını davam etdirirlər. Lakin yüksək liqadan fərqli olaraq, I divizion klublarının heç də hamısı qış fasiləsində fəallıq nümayiş etdirmir. 14 klubdan yalnız ikisi - “Şəmkir” və “Səbail” ölkə xaricində hazırlıq keçir ki, bu da birbaşa maddi durumla bağlıdır.

Futbolxeber.az saytı bir neçə yazı ilə I divizion klublarının qış fasiləsindəki fəaliyyətini dəyərləndirir.

“ŞƏMKİR”

Qış fasiləsindən ən yaxşı şəkildə faydalanan klublardan biri də “Şəmkir”dir. Heyətində ciddi dəyişikliklər olan Qərb təmsilçisi, Antalyada da təlim-məşq toplanışında  oldu.

Qəhrəman Əliyevin komandası qaraş ölkədə 5 yoxlama oyunu keçirdi. İlk matçında “Quşadası”nı 1:0 hesabı ilə məğlub edən təmsilçimiz növbəti 3 görüşündə Qazaxıstan klubları ilə üz-üzə gəldi. Əvvəlcə “Kyran”ı 2:1 hesabı ilə üstələyən “Şəmkir”, daha sonra “Okjetpes”ə də qalib gəldi - 1:0. “Tobol”la qarşılaşma isə 1:1 hesabı ilə yekunlaşdı. Antalyadakı son yoxlama görüşündə isə I divizion təmsilçisi məğlubiyyət acısı yaşadı. “Dnepr” təmsilçisimizin qapısından 2 cavabsız qol keçirdi.

Qış fasiləsində “Şəmkir” 8 futbolçu ilə gücləndi. “Rəvan”dan Əziz Hüseynov, “Turan-Tovuz”dan Vüsal Qarayev, “Bakı”nı yetirməsi İsa Cəbiyev, “Qaradağ-Lökbatan”dan Cəmil Rəhimli, “Zirə”dən Cəmil Hacıyev, “Şərurspor”dan Fərmayıl Əliyev, ukraynalı Artyom Yesaulov, eləcə də Əlimirzə Daşzəri transfer olunub.

Komandadan gedənlərin də sayı kifayət qədərdir. Belə ki, məşqçilər korpusu Kazım Kazımlı, Pərvin Paşayev, Şahin Baleljae, Araz Əsədullazadə, Abdulla Zilpuqarov, Anar Rzayev, Tural Adıgözəlov və Hüseyn Xəlilzadənin xidmətinə ehtiyac duymayıb.

Növbəti mövsüm Premyer Liqada oynamağı hədəfləyən “Şəmkir” fasilə zamanı heyətə təkcə yeni futbolçular deyil, məşqçilər də cəlb edib. Vaxtı ilə bu komandada futbolçu kimi böyük uğurlar qazanan Rauf Mehdiyev və Mehman Yunusov yenidən “Şəmkir”ə qayıdıblar. Bu dəfə məşqçi kimi. “Şəmkir”in sabiq futbolçularına yenidən iş verməsi təqdirəlayiq haldır.

“MİL-MUĞAN”

Birinci dövrədə elə də inamlı təsir bağışlamayan klublardan biri “Mil-Muğan”dır. Mövsümə uğursuz başlayan İmişli təmsilçisi, yalnız sona yaxın sürət yığmaqla bir neçə qələbə qazandı. Aqil Məmmədovun rəhbərlik etdiyi kollektiv 13 oyundan sonra 19 xalla 9-cu pillədə qərarlaşıb.

“Mil-Muğan”ı qış fasiləsində passiv olan komanda kimi qiymətləndirmək olar. İmişlidə hazırlıq keçən kollektiv iki aya yaxın müddətdə cəmi bir yoxlama oyununda qüvvəsini sınayıb. Yanvarın 22-də MOİK-lə bərabərə qalan (2:2) komandanın daha bir yoxlama matçı keçirmək cəhdi baş tutmayıb.

Baş məşqçi Aqil Məmmədov daha əvvəl bildirmişdi ki, “Turan Tovuz”la yoxlama oyunu keçirməyi planlaşdırırlar. Lakin həmin görüş baş tutmayıb. Çünki tərəflərdən heç biri matçın baş tutması üçün güzəştə getməyib. Yəni nə “Mil-Muğan” Tovuza getmək istəyib, nə də “Turan Tovuz” İmişliyə. Nəticədə İmişli klubu toplanışı cəmi bir sınaq oyunu ilə başa vurub.

Komandanın heyətində hər hansı ciddi dəyişiklik baş verməyib.

“ŞAHDAĞ”

“Mil-Muğan” kimi “Şahdağ”ı da ilk dövrənin uğursuz kollektivlərindən biri adlandırmaq olar. Qusar klubu 13 oyundan yalnız 4-də qələbə qazanıb, 15 xal toplamaqla 10-cu pilədə yer alıb.

“Şahdağ” qış fasiləsi zamanı paytaxtda hazırlıq keçib. Komanda yoxlama oyunlarında AZAL-ın 19 yaşlıları (0:6),  "Sumqayıt"ın əvəzedici heyəti (2:2),"Neftçi"nin əvəzedici heyəti (1:2) və “Qaradağ Lökbatan”la (1:2) üz-üzə gəlib.

Fasilə zamanı “Şahdağ”ı 2 futbolçu tərk edib. Belə ki, hücumçu Sərxan Ağayev karyerasını "Şəmkir"də davam etdirmək qərarına gəlib. Maraqlıdır ki, “Şəmkir”in məşqçilər korpusu Ağayevin oyununu “Şahdağ”ın “Qaradağ-Lökbatan”a keçirdiyi yoxlama matçında bəyəniblər. Həmin matçda “Şahdağ”ın yeganə qoluna məhz Sərxan Ağayev imza atıb.

Ondan başqa, müdafiəçi Vüqar Əlibabayev də komandadan ayrılıb. Gənc arxa xətt oyunçusu "Mil-Muğan" klubu ilə mövsümün sonunadək razılıq əldə edib.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30