23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Səbail” markası: “Veni, vidi, vici”

Birinci divizion. Kimlər görməyib bu cəngəlliyi? Görən çox olsa da, baş çıxaranlar barmaqla sayılası qədərdi. Hər dəfə də yeni bir klub yaradılanda, “barmağını dişləyirsən” ki, görəsən, bunlar nə qədər duruş gətirəcək? Ancaq təməl düzgün qoyulanda, bütün stereotiplərə sinə gərmək olur. 
 
Söhbət açacağımız klub “Səbail”di. Ötən ilin yayında yaradılan komanda ilk baxışdan say düzəltmək məqsədi güdürdü. Klub kimi qeydiyyatdan keçdikdən sonra döyüşkən kollektiv yaradılmalı idi ki, buna da demək olar ki, vaxt yox idi. Üstəlik, “qaş düzəltdikləri yerdə göz də çıxdı”. Söhbət çempionatın startına 1 həftə qalmış limitdə edilən dəyişiklikdən gedir. Əlbəttə, daha çox gənclərə güvənən “Səbail” üçün yeni qaydaların tətbiqi arzuolunan deyildi. Lakin “keçiddə atları dəyişməzlər”. Komandanın iştirak ərizəsinə diqqət yetirək: 23futbolçudan 18-i 23 yaş və daha gəncdilər. Müqayisə üçün turnir cədvəlinin lideri “Turan Tovuz”un da iştirak ərizəsinə nəzər salaq. Sifariş edilən 22 oyunçunun tən yarısı 24 və daha çox yaşlı futbolçulardı.
 
 Komandada yaşı 30-cu keçən yalnız iki futbolçu var. Bunlar da Premyer Liqada böyük təcrübəyə malik, milli komandamızın sabiq futbolçuları Saşa Yunisoğlu ilə Ramazan Abbasovdur. Hər halda, heyəti daha çox gənclər olan komandada bir-iki təcrübəli futbolçunun olması vacibdir. Kapitan Yunisoğlu müdafiədə, Abbasov isə orta sahədə liderliyini nümayiş etdirir. Onların ikinci gəncliklərini yaşadıqlarını demək olar. 
 
Məlum olduğu kimi, birinci divizionda legionerlərə oynamağa icazə verilir. Ancaq buna ehtiyacı olmayan “Səbail” elə azərbaycanlı futbolçularla qarşıya qoyulan məqsədə nail olmağa çalışır. 
 
“Səbail” futbol oynamağı sevir. Elə rəqiblərinə də bu imkanı yaradır. Statistik göstəricilər belə deməyə əsas verir. Elman Sultanovun yetirmələri 13 oyuna 43 qol vurmağı (1 oyuna orta hesabla 3 qoldan çox) bacarıb. “Aslanlar” məhsuldarlığa görə yalnız 2-ci pillədə olan “Zaqatala”dan geri qalır. O da cəmi 1 qol. “Səbail” lider “Turan Tovuz”dan 13 qol çox vurub. Debütant üçün bu, olduqca yaxşı göstəricidi. 
 
Məhsuldarlıqla bağlı ən gözəl nümunə VIII turda keçirilən “Səbail” – “Bakılı” qarşılaşmasıdı. Meydan sahiblərinin 11:3 hesabı ilə qalib gəldiyi həmin matçda azarkeşlər 14 qol gördü. Bu isə Premyer Liqanı da nəzərə alsaq, cari mövsümün rekordudur. Bu, əvvəl I dəstə adlanan aşağı liqa tarixində isə ən məhsuldar 4 oyundan biridir. 
 
Klubla bağlı daha bir diqqətçəkən məqam AFFA prezidentinin oğlu – Rəşad Abdullayevin “Səbail”in Müşahidə Şurasının sədri vəzifəsində yer alması oldu. Bu cür qalmaqallı bir sahədə belə bir həssas məsələ istənilən halda, əlavə söz-söhbətə rəvac verdi. Ancaq mövsümün ilk yarısı arxada qalıb və “aslanlar”a hansısa şəkildə kimlərinsə kömək etməsi faktı üzə çıxmayıb. Elə turnir göstəriciləri də göz qabağındadı. Yeni yaranan klubdan stabil çıxış gözləmək düzgün olmaz. Belədə, ümid qalır ancaq kənar qüvvələrə. Yuxarıda qeyd etdiyimiz “kənar qüvvə” isə təmiz futbola üstünlük verdi. Təmiz olmasaydı, “Səbail”in passivində çətin ki, indi 4 məğlubiyyət olardı.
 
 “Səbail”də işlərin qurulması və düzgün idarə olunmasında müstəsna pay sahibi heç şübhəsiz ki, klubun icraçı direktoru Yusif Həsənovdu. Təşkilati işlərin yüksək səviyyədə qurulmasını təmin edən Həsənov “aslanlar”ın imicinin formalaşması yolunda da əməli işlər görür. 
 
Ötən ilin sonunda klubun azyaşlılar üçün təşkil etdiyi və “Bayıl Arena”da keçirdiyi Yeni il şənliyi minlərlə uşağın sevincinə səbəb oldu. Unutmayaq ki, 3 min uşağın hədiyyəylə evə qayıtması onların valideynlərinin də könlünü oxşadı. Bu addımı təmənnasız həyata keçirən klub PR sahəsində “ilk qolu”nu vurdu. 
 
Ancaq hədəflərin yalnız PR olduğunu söyləmək də düzgün olmaz. Fakt budu ki, “Səbail” Premyer Liqaya çıxmaq üçün mübarizəsini davam etdirir. Əgər çempionatın startına sayılı günlər qalmış kollektivi formalaşdırmaq çətin idisə, qış fasiləsində bir sıra transferləri həyata keçirmək idi. “Aslanlar” bu yöndə xeyli işlər gördü. Ümumilikdə komandaya 8 yeni oyunçu cəlb olundu. 
 
Maraqlıdı ki, bakılılar çərçivə problemini kökündən həll etdi. Komandaya birdən-birə 2 əlcək sahibi cəlb olundu: Emil Balayev və Rəşad Əzizlinin timsalında. Balayevi “Qarabağ”dan icarəyə götürən “aslanlar”, əzizlinin hüquqlarına tam sahib çıxıblar. İcarəyə götürülən digər iki futbolçu “Neftçi”yə məxsusdu. Söhbət Eltun Yaqublu və karyerasının son 6 ayını Latviyanın “Dauqavpils” klubunda keçirən Orxan Qurbanlıdan gedir. 
 
Bundan əlavə “Rəvan”dan Aslan Hüseynov, “Zaqatala”dan Ruslan Tağızadə, AZAL-dan Mirzağa Hüseynpur, “Qaradağ Lökbatan”dan Samir Əhmədov da “Səbail”in gücünə güc qatmağa çalışacaqlar. 
 
Yanvarın 5-dən “Bayıl Arena”da hazırlığa start verən komanda 2 yoxlama görüşündə qüvvəsini sınamağa da macal tapıb. MOİK-lə 2:2-lik bərabərliyə qalan “Səbail”, daha sonra “Neftçi”nin əvəzedici komandasından üstün olub - 3:1. Yanvarın 14-də isə Elman Sultanovun rəhbərlik etdiyi komanda Antalyaya yola düşərək, hazırlığın ikinci mərhələsinə start verib. Türkiyə toplanışı çərçivəsində 3 yoxlama görüşü keçirməyi planlaşdıran bakılıların iki rəqibi artıq məlumdu. Yanvarın 19-da “Səbail” Qazaxıstanın “Kiran”, 26-da isə Macarıstanın “Szeged” kollektivləri ilə qüvvəsini sınayacaq. Yanvarın 24-də baş tutacaq digər qarşılaşmada isə komandanın rəqibi müəyyənləşməyib. Yanvarın 27-də Vətənə dönəcək bakılılar görülən işlərin əyani bəhrəsini fevralın 2-də görə biləcəklər. Məhz həmin tarixdə “aslnlar” 14-cü tur çərçivəsində “Mil-Muğan”ı qəbul edəcək. 
 
“Səbail” yeni yaranmasına baxmayaraq, divizionda adından söz etdirməyi bacarıb. Yuli Sezarın Far-Nak üzərində qalib gəldikdən sonra dostuna cəmi 3 sözdən ibarət - “Veni, vidi, vici” (Gəldi, gördü, uddu) məktubu göndərməsi ilə parallel aparmaq üçünsə 2-ci dövrənin sonunu gözləmək lazımdı.
 
 Fərəc Aslanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30