29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qızın iki adaxlısı var...

...VƏ YA "QARABAĞ", BU NİKOLAS, O NİKOLASDAN DEYİL!

Azərbaycan futbolunda, klublarda peşəkarlığın istənilən səviyyədə olmaması çoxlarına bəllidir. Hər nə qədər klublarımız özlərini peşəkar sayıb, Avropa ilə ayaqlaşmağa çalışasalar da, deyilənlər həqiqəti əks etdirmir.

Bir müddətdir ki, mövsüm başa çatıb və klublarımızın başı yay transferlərinə qarışıb. Gəl ki, hələ heç bir klubumuz düz-əməlli transfer edə bilməyib. Bu isə işlərin düzgün qurulmamasından irəli gəlir. Halbuki peşəkar komanda istədiyi futbolçunu hələ bir neçə ay (hətta il) əvvəldən gözaltı edir, mövsüm başa çatdıqdan sonra da dərhal keçidi rəsmiləşdirir.

"Bakı" klubun transfer məsələlərini düzgün şəkildə qurmaması haqda hələ bir müddət əvvəl yazmışdım. O vaxt da demişdim ki, Əfran İsmayılovun transferini rəsmiləşdirmək üçün mütləq yeni baş məşqçinin gəlişi gözlənilməlidir. Amma Əfran artıq sözləşməyə imza atıb. Görəsən, Pantiç Əfranı bəyənməsə, necə olacaq? Az sonra isə məlum olub ki, iş təkcə Əfranla bitmir. "Bakı" hətta Kalonas və Fomenkonu da heyətinə qatıb. Yeni baş məşqçi gəlməmiş 3 transfer - əsl "peşəkarlıq"dı. Allah Pantiçin ürəyinə rəhm versin və hər 3 oyunçunu bəyənsin. Yoxsa...

"Bakı"nın peşəkarlığı təkcə futbolçularla bitmir. Kim deyə bilər, indi "Bakı"nın baş məşqçisi kimdir? Bandoviçə inansaq, komandanın faktiki baş məşqçisi sənəd üzərində məhz odur. Bandoviç deyir ki, mənim hələ müqaviləm var. Haqqını tələb edən Bandoviç durub, Bakıya da gəlib və 2 gündür paytaxtımızdadır. Amma maraqlısı odur ki, bir müddət əvvəl "Bakı"nın rəsmi saytında yer alan fotolardan görünür ki komandanı məşqə Pantiç çıxarıb. Belə çıxır ki, "Bakı"nın 2 baş məşqçisi var? Həqiqətən də anlamaq çətindir: sənəddə baş məşqçi Bandoviçdir, amma məşqi Pantiç keçir...

Əslində, bu "Bakı"da yaşanan ilk belə hal deyil. Xatırlayırsınızsa, 2-3 il əvvəl də buna oxşar hal yaşanmışdı. Burada komandanı Starkov məşqə çıxarırdı, Şefer isə Almaniyadan mesaj göndərirdi ki, baş məşqçi mənəm və Antalyada baş tutacaq təlim-məşq toplanışına qatılacaq. Həmin vaxt Şefer kompensasiyasını alıb, getdi. Görəsən, bu dəfə necə olacaq?

Avrokuboklara hazırlaşan klublarımızın transfer siyasətini anlamaq olmur. "İnter" demək olar ki, yeni komanda yığır. Tsxadadze hər nə qədər yaxşı məşqçi olsa da, yerlibazlığı işinə kölgə salır. Hər halda, İaşvilinin keçidinə başqa ad vermək çətindir.

"Qarabağ" 2 ildir düz-əməlli hücumçu tapa bilmir. Qışda alınan Opara və Subaşiçlə yollar mövsümü başa çatan kimi ayrıldı. İndi komandaya 1 forvard cəlb olunub - Nikolas Gelaşvilidir. Görəsən, Ağdam klubu gürcü hücumçu ilə Avroliqanın qrupuna düşməyi necə planlaşdırır? Gürcü forvardın ən çox maraq doğuran tərəfi adıdır, axı o son mövsümün qəhrəmanlarından olan Kanalesin adaşıdır. Bəlkə də ötən mövsüm məhz Nikolasın əlindan zara gələn, onun vurduğu qollarla çempionluqdan məhrum olan "Qarabağ" problemi elə Nikolasla yoluna qoymaq istəyir. Amma bilin ki, bu Nikolas, o Nikolasdan deyil.

Nisbətən "Xəzər Lənkəran"ın transfer siyasətini alqışlamaq olar. Hər halda, Nildo, Benuahi, Ramaldanov, Qliqorovun keçidlərini yaxşı adlandırmaq olar. Amma Leytanın keçidi nəyə xidmət edir, bax, bunu anlamaq çətindir. Komandada 1 əcnəbi, 1 də yerli qapıçı var. Üstəlik hər ikisi də komandada qalır. Belə çıxır ki, növbəti mövsümdə Doblasla Leytadan biri heyətə düşməyəcək. Leyta alınırdısa, o zaman gərək, Doblas göndəriləydi. Heyətə düşməyən əcnəbini komandada saxlamağın nə mənası var? Həm də unutmaq lazım deyil, indi bütün "Xəzər Lənkəran" azarkeşləri Toşakın komandaya ulduz futbolçu gətirməsini gözləyirlər.

"Neftçi" haqda isə uzun-uzadı danışmağın mənası yoxdu...

Şahin ZÜLFÜQAROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31