29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şakir Qəribov: “Gəncədə məşqçilərin işləməsi üçün uyğun şərait yoxdur”

Bu günlərdə AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncəyə səfər edərək “Kəpəz” Peşəkar Futbol Klubunun aşağı yaş qrupları üzrə komandaları ilə maraqlanıb, yerindəcə şəraitlə tanış olublar.

Futbolxeber.az saytının məlumatına görə, vaxtilə Gəncədə futbol oynamış qurumun üzvü Şakir Qəribov səfər təəssüratlarını kapazpfc.az saytı ilə bölüşüb: “Gəncəyə gəlişimizin səbəbi aşağı yaş qrupları üzrə komandalara baxmaq, məşqçilərin gördüyü işə nəzarət etmək və məşq şəraiti ilə tanış olmaq idi. Hamımız birlikdə ölkə futbolunun inkişafına çalışırıq. Buradakı məşqçilərin işləmək həvəsi çoxdur, çalışırlar amma bunun üçün uyğun şərait yoxdur. Gəncənin Azərbaycan futboluna verdiyi töhfələr məlumdur, “Kəpəz”in yetişdirdiyi futbolçular istedadı, bacarığı ilə seçilib. Biz tərəfdən nə kömək lazımdırsa, onu etməyə çalışırıq ki, Nizami yurdundan yenə yaxşı oyunçular çıxsın”.

Təcrübəli mütəxəssis “Kəpəz”in əsas komandasının Premyer Liqadakı çıxışına da toxunub: “Komandanın çıxışını izləyirik, ilk mövsümün yekunlarına əsasən, “Kəpəz”in Avropa Liqasına vəsiqə qazanması və ilk mərhələni adlaması sevindiricidir. Dəstək daha çox olsa, kollektiv bundan da yaxşı nəticələr göstərə bilər. Məncə, diqqət olarsa, komanda “Qarabağ” və “Qəbələ” kimi uğurlu nəticələrə imza atmaq imkanı qazanar”.

Şakir Qəribov Gəncə futbolsevərlərinin “sarı-göylər”in ev oyunlarında çoxluq təşkil etməsinə də münasibət bildirib. O, azarkeşlərin “Kəpəz”i çox sevdiyini deyib: “Mən özüm futbola Gəncədə başlayıb elə burada da karyeramı başa vurmuşam. “Kəpəz”in azarkeşlərindən heç bir yerdə yoxdur. Çempionat oyunları da göstərir ki, insanlar futbolu, komandanı necə sevirlər. Hər oyuna ən azı 10 000 tamaşaçı gəlir. Bu, çempionatımız üçün rekord göstəricidir. Gəncədə həmişə futbol olub və olacaq da”.

Qəribov indi “Kəpəz”in heyətində yerli futbol məktəbinin yetirmələrinin az olmasına da diqqət çəkib. O, tezliklə bu çatışmazlığın aradan qalxacağına ümid etdiyini söyləyib: “Mütəxəssis olaraq öz aramızda bu haqda danışmışıq. İki gün ərzində komandanın aşağı yaş qruplarında çıxış edən uşaqlara nəzər saldıq. Perspektivlilər var, onlar yetişəcəklər. Bir balaca şərait yaratmaq lazımdır. Şərait deyəndə ki, meydança, top və forma olmalıdır. Ayrı böyük bir şey tələb olunmur. Komanda iki ildir elitada oynayır, qoy bir müddət keçsin yerli futbolçuları yenidən görəcəyik. Sadəcə, zaman lazımdır. Gəncədə yetişən uşaqların milli komandalara kimi gedəcəyinə inanıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31