29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Qızmar günəş altında futbol TƏƏSSÜRAT

Topaz Premyer Liqasında mübarizə aparan klublardan yalnız ikisi, “Kəpəz” və “Qəbələ” ev oyunlarını paytaxtdan uzaqda keçirir. Bu səbəbdən də idman jurnalistləri ayda ən azı 1 dəfə Gəncəyə və Qəbələyə səfər edirlər. Lakin həm yay fasiləsi, həm UEFA-nın məlum qadağası, həm də stadion məsələsi ilə bağlı “Qəbələ” təxminən 4 ay doğma stadionundan uzaq düşdü. Komanda Qəbələ Şəhər Stadionunda cari mövsümdə ilk ev oyununu V turda AZAL-a qarşı keçirdi.

2 GÜNDƏ 2 VACİB OYUN

İdman mətbuatının acınacaqlı durumda olması, eləcə də ardıcıl üçüncü mövsüm jurnalistlərin bölgələrə səfərini təşkil edən Peşəkar Futbol Liqası və Topazın hələlik Gəncəyə üstünük verməsi səbəbindən “Qəbələ”nin cari mövsümdəki ilk ev oyununu yalnız 1-2 jurnalist işıqlandıra bilmişdi.

Sentyabrın üçüncü on günlüyünün ilk 2 günündə Qəbələ ardıcıl 2 vacib oyuna ev sahibliyi edəcəkdi. Bütün bunları nəzərə alaraq, 6 mətbuat orqanının əməkdaşı birgə “Qırmızı-qaralar”ın doğma məkanına səfər etmək qərarına gəldik.

Sentyabrın 21-də günorta saatlarında Qəbələyə çatdıq. Saat 19:00-da “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasının Çempionlar yolunda ilk oyununda Moskva “Dinamo”sunu sınağa çəkirdi.

Ertəsi gün isə Roman Qriqorçukunun komandası liderlik uğrunda oyuna çıxacaqdı.

“DİNAMO”NUN BƏXTİ GƏTİRDİ

U-19 komandasının oyununa Qəbələdə kifayət qədər maraq var idi. Görüşü təxminən 1500-ə yaxın azarkeş canlı olaraq stadiondan izləyirdi. Yerli azarkeşlər oyuna ciddi hazırlaşmışdılar. Matçın əvvəlində fanatların açdığı banner maraqla qarşılandı. Həmin bannerdə “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Hüseynqulu Quliyevə xitabən “İkinci Romanı Hüseynlə yazaq” sözləri yer almışdı.

Görüşü “Qəbələ”nin əsas komandasının üzvləri, 1 gün sonra həmin arenada qonaq qismində çıxış edəcək “Sumqayıt”ın nümayəndələri, AFFA-nın texniki direktoru Bernhard Lippert, köməkçisi Zaur Hacı-Məhərrəmov və başqaları canlı olaraq arenadan izləyirdi. “Dinamo”nu isə 15-20 fanat dəstəkləyirdi.

Görüşün nəticəsindən çoxunuzun xəbəri var. Matç Moskva klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşdı. Lakin məğlubiyyətə baxmayaraq, “Qəbələ”nin U-19 komandasını asıb-kəsməyə dəyməz. Birincisi, bu, “Qırmızı-qaralar”ın U-19 komandasının beynəlxalq arenada rəsmi debütu idi. Digər tərəfdən isə həmin gün bəxt “Dinamo”nun tərəfində idi. Türkiyəli hakimin mübahisəli qərarından sonra təyin olunan cərimə zərbəsindən hesabı açan moskvalılar, fasilədən sonra ikinci qolu rəqib qapısından keçirdilər. Ümumilikdə, Hüseynqulu Quliyevin komandası pis təsir bağışlamasa da, son nöqtəni qoya biləcək hücumçunun yoxluğu “Dinamo”nun qapısını toxunulmaz saxlaması ilə yekunlaşdı.

BELƏ İSTİDƏ FUTBOL OLAR?

Sentyabrın 21-i, axşam saatlarında Qəbələdə hava bir anda dəyişdi. Göy guruldayır, ildırım çaxır, güclü yağış yağırdı. Amma ertəsi günü hava həddindən artıq isti idi. Tərslikdən “Qəbələ” - Sumqayıt” oyunu 17:00-a təyin olunmuşdu. Havanın hədsiz dərəcədə isti olması matça birbaşa təsir göstərdi. İlk hissədə komandalar meydanda heç nə ilə yadda qalmadılar. Bu da təsadüfi deyildi. Çünki o cür istidə tribunadan oyuna baxmaq olmurdu, o ki qala meydanda mübarizə aparmaq...

Təsadüfi deyil ki, oyundan sonra söhbətləşdiyimiz futbolçuların hamısı istidən şikayətləndi. “Qəbələ”nin kapitanı Rəşad Sadiqovun “Bilmirdik istiyə qarşı mübarizə aparaq, yoxsa rəqibə qarşı” fikri də görüşün başlama saatının düzgün seçilməməsini sübut edirdi. Oyunsonrasə mətbuat konfransında bu haqda sual ünvanladığımız Roman Qriqorçuk da fikrimizi təsdiqlədi: “Oyunun başlama vaxtını təyin edəndə hava şəraiti nəzərə alınmalıdır”.

Bir sözlə, “Qəbələ” - Sumqayıt” oyununun 17:00-a təyn edilməsi səhv qərar idi. Bunun acısını isə meydanda mübarizə aparan futbolçular çəkdi. Nəticədə də ilk 45 dəqiqədə olduqca baxımsız oyuna şahidlik etdik. Yalnız son yarım saatda, günəşin batmasından sonra oyun qızışdı, meydanda gərgin mübarizə getdi. Ümid edək ki, növbəti dəfə belə hal təkrarlanmayacaq. Axı, qızmar günəş altında futbol oynamaq çətindir. 1957-ci ildə Həsən Seyidbəylinin ssenarisi əsasında Lətif Səfərovun çəkdiyi “Qızmar günəş altında” filmində yer alan Əkbər Fərzəliyev, Əfrasiyab Məmmədov, Ağasadıq Gəraybəyli və digərlərindən fərqli olaraq "qızmar günəş altındakı futbol"da “Qəbələ” və “Sumqayıt”ın 22 futbolçusu, eləcə də 3 hakim çox əziyyət çəkdi.

DABO VƏ OZOBİÇ - “QƏBƏLƏ”Nİ ÇEMPİONLUĞA DAŞIYA BİLƏR

Yuxarıda qeyd etdiyimiz kimi, “Qəbələ” - “Sumqayıt” oyununun son 30 dəqiqəsi daha maraqlı alındı. Matçın sona yaxınlaşması, günəşin batması öz yerində, final fitinə 20-25 dəqiqə qalmış meydan sahiblərinin daha üstün olmasında Roman Qriqorçukun sonradan meydana atdığı Filip Ozobiçin də böyük rolu oldu. Mərkəz yarımmüdafiəçisi hazırda qeyri-şərtsiz olaraq “Qəbələ”nin əsas oyun qurucusudur. Onun meydana daxil olması komandasının mərkəzi tam ələ keçirməsi, eləcə də rəqib qapısı qarşısında daha təhlükəli vəziyyətlər yaratmasına gətirib çıxardı. Fərhad Vəliyevin 2 möhtəşəm qurtarışı belə, sona yaxın meydan sahiblərinin hesabı açmasına əngəl olmadı. Yenə də Dabo ard-arda vacib qollar vurmaqla komandasının qələbəsində böyük pay sahibi oldu. Artıq 6 qolla bombardirlər siyahısına başçılıq edən Dabo və Ozobiçin liderliyi “Qəbələ”nin turnir cədvəlində zirvəyə yüksəlməsinə gətirib çıxardı. Ötən mövsümdən fərqli olaraq, bu dəfə Avroliqadan çempionata keçid yaxşı alınsa, “Qəbələ” “Qarabağ”ın 3 illik liderliyinə də son qoya bilər.

CAVİD HÜSEYNOV YENƏ UNUDULMADI

1 gün əvvəl “Dinamo” ilə matçda olduğu kimi, “Sumqayıt”la matçda da “Qəbələ” azarkeşləri fəallıqları ilə seçilirdilər. Müxtəlif bannerlər açan fanatlar hazırda həbsdə olan klubun sabiq kapitanı Cavid Hüseynovu yenə də unutmamışdılar. “Sənsiz 1 il 10 ilə bərabərdir. Cavid Hüseynov 14. 08.08.2015 Azadlıq 08.08.2016”, “Qəbələ”ni sevən tum yeməz, 90 dəqiqə dəstək olar!!!” sözləri yer alan bannerlər daha çox diqqət çəkdi.

Ən maraqlı epizodlardan biri isə matçın sonlarında yaşandı. “Qəbələ”nin ikinci qolundan sonra meydana daxil olan komandanın ən fəal azarkeşlərindən biri, Elvin Əliyev Daboya öz təşəkkürünü xüsusi şəkildə bildirdi. "Qəbələ" klubunun azarkeşlərlə apardığı iş nəticələrini verməkdədir. Bundan sonrakı oyunlarda da fanatlar sona qədər sevimli komandalarını dəstəkləyəcəklərinə inam böyüdür. Unutmayaq ki, futbolun bəzəyi təkcə qol yox, həm də azarkeşlərdir.  

İBRAHİM

Bakı-Qəbələ-Bakı

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31