18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Yağışdan çıxıb yağmura düşən “Neftçi”...

Son zamanlar mətbuatda adı ən çox hallanan 3 klub var - “Qarabağ”, “Qəbələ” və “Neftçi”. İlk iki klubla bağlı məsələ aydındır. Həm Ağdam klubu, həm də Roman  Qriqorçukun rəhbərlik etdiyi kollektiv Avropada at oynadır. “Qarabağ” ardıcıl 3, “Qəbələ” isə 2 ildir Avroliqanın qrup mərhələsinə yüksəlir.

Bu uğura ilk imza atan “Neftçi”nin isə hazırda vəziyyəti faciəvidir. Adıçəkilən 2 klubdan fərqli olaraq, “ağ-qaralar” gündəmi uğursuzluğu, qalmaqalları ilə zəbt edib.

“Neftçi” düşdüyü biabırçı durumu yenidən uzun-uzadı xatırlatmağa ehtiyac yoxdur. Hər kəsə məlumdur ki, komanda hazırda tarixinin ən pis dövrünü yaşayır. Müşahidə Şurası və artıq sabiq olan icraçı direktor Elnur Məmmədov komandanı çökdürüblər.

Bütün bu uğursuzluqlardan sonra “Neftçi”də ciddi islahatlar aparılacağı gözlənilən idi. Belə də oldu. Təxminən 2 ildir komandada əsas söz sahiblərindən olan Elnur Məmmədov, eləcə də son aylar baş məşqçi vəzifəsini yerinə yetirən Vəli Qasımov daha “Neftçi”də deyillər. Artıq Vəli Qasımovun əvəzləyicisi də məlumdur. Bu, Elxan Abdullayevdir. Niyə məhz Elxan Abdullayev?

Bu suala klub rəhbərliyi daha yaxşı cavab verə bilərlər. Amma nə qədər fikirləşsək də, ehtimal belə irəli sürmək olmur.

Elxan Abdullayev kimdir?

Tanınmış mütəxəssis, mərhum Ruslan Abdullayevin oğlu.

Məşqçiliyə 2000-ci illərdə başlayıb. “Dinamo”da köməkçi olan Elxan Abdullayev 2004-cü ildə baş məşqçi təyin olunub. Artıq “Bakı” adlanan komanda heyətini xeyli gücləndirsə də, ilk turda “Qarabağ”dan alınan məğlubiyyətdən sonra klub rəhbərliyi Abdullayevi istefaya göndərib. 2005-ci ildə çalışdırdığı “Qarabağ”da uğur qazana bilməyən Abdullayevin növbəti iş yeri “İnter” olub. 3 il bu klubda ikinci məşqçi kimi çalışıb. 2011-2012 mövsümündə AZAL-ın baş məşqçisi təyin edilsə də, fəaliyyəti yenə qısa müddətli olub və Rafiq Mirzəyevlə əvəzlənib. 2010-cu ildə qısa müddət Qazaxıstan “Atırau”sunda Ramiz Məmmədovun köməkçisi olan Elxan Abdullayev son illər millidə eyni vəzifəni tutur.

Göründüyü kimi, Elxan Abdullayev baş məşqçi kimi bu günə qədər işlədiyi heç bir klubda uğur qazanmayıb. Nəticə verə bilməyən məşqçinin fəaliyyəti heç bir halda uzunmüddətli olmayıb. İndi düşünün, buna qədər heç bir uğuru olmayan Elxan Abdullayev niyə, hansı fəaliyyətinə görə “Neftçi”nin baş məşqçisi təyin edilib? İşlədiyi klublarda heç bir uğur qazanmayan məşqçi “Neftçi”ni hazırkı biabırçı durumdan necə çıxaracaq? Təbii ki çıxara bilməyəcək. Samir Əliyev və Vəli Qasımov barədə danışanda, “güclü məşqçi yox, amma güclü futbolçular olub” deyirdilər. Bəs Elxan Abdullayev? “Bu heyətlə heç kim “Neftçi”yə uğur qazandıra bilməz” deyənlərin sayı kifayət qədərdir. Bu halda Elxan Abdullayev neyləyəcək? Yox, klub rəhbərliyi onunla uzunmüddətli əməkdaşlıqda maraqlıdırsa, bu zaman niyə müqavilənin müddəti mövsümün sonuna kimidir?

Görünən odur ki, hazırkı vəziyyətdə “Neftçi”də dəyişən adlardır. Komandanın özü yenə də dəyişilməz qalacaq.

Flaqmanın özünə gəlməsi üçün klub rəhbərliyində dəyişiklik olmalıdır. İlk növbədə Müşahidə Şurası ləğv olunmalıdır.

Şurada yer alanlardan biri də Bəhram Bağırzadədir. Aktyor kimi Bağırzadəyə böyük hörmətimiz var, XX əsrin çempionu, fəxrimizdir. Amma bu günə qədər kluba o və digər şura üzvlərinin nə faydası olub ki? Bu günlərdə yazdığı statusla gündəmə gələn Bağırzadə hələ də sosial şəbəkədə paylaşılan fikirlərinə münasibət bildirməyib. Bəhram bəyə, bircə sual ünvanlamaq istərdik. Lap tutaq ki hansısa jurnalist sabiq rəhbərlikdən pul alıb, yaxud azarkeşi kimsə öyrədib. Bütün bunların 0:8-lə nə əlaqəsi var? “Neftçi”nin biabırçı vəziyyətinə salanlar günahı başqalarının üstünə atmaqla məşğuldurlar. Yox, siz “Neftçi”ni sevmirsiz. “Neftçi”ni sevən adam heç bir halda biabırçı məğlubiyyətə, hazırkı duruma bəraət qazandırmağa çalışmaz. “Neftçi”ni sevən bu biabırçılıqlardan sonra klubdan gedərdi. Siz isə işinizə davam edirsiz...

Bir sözlə, “Neftçi”də ciddi heç nə dəyişmədi. Odur ki tezliklə klubun özünə gələcəyini gözləmək absurrdu...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30