18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Minnətli fiasko və "slujebnıy Roman"

Klublarımız Avroliqanın pley-off mərhələsinə fərqli hisslərlə gəlib. "Qəbələ" "böyük beşlik" ölkələrinin təmsilçisini məğlub edən ilk komandamız kimi, illərdi Çempionlar Liqasında ən azı pley-off oynamasını arzuladığımız "Qarabağ" isə yenə aşağı “dığırlanmaq”la.

Çempionumuzun məğlubiyyətini daha ağrılı edən məqam uduzduğu rəqibin zəifliyidi. Bunu həzm edə bilməyən bəzi ağdamlı azarkeşlər ÇL şansını qaçıran klubun Avroliqadakı oyunlarını izləməyəcəyini deyir. Bəziləri isə əksinə, hələ "Viktoriya" ilə ilk görüşdən sonra Qurban Qurbanovu tənqid edən jurnalistləri top-tüfəngə tutur, futboldan anlamamaqda suçlayır.

Jurnalistlər arasında da anlaşılmaz durum yaranıb, böyük əksəriyyət Qurban bəyi tənqid edir, bəziləri tərifləyir, bəziləri isə açıq şəkildə yaltaqlanmaqdan da çəkinmirlər. Çalışıb, məsələyə obyektiv yanaşmaq lazımdı.

Bəli, Qurbanovun səhvləri oldu. Amma unutmayaq ki, adamların "Qarabağ"ı artıq ÇL-də görmək istəyinin və indiyəcən özündən güclü klubları üstələyib bu yerlərə gəlməyin səbəbkarı da Qurbanovdu. Yeni Qurban bəyin də zəif rəqiblərə uduzmaq limiti var. Sadəcə, bu məqamda bu rəqib önündə büdrəmək hamını çox üzdü. Bu üzüntünü açıq ifadə etməkdən çəkinməyən, "Qarabağ" qarışıq heç bir kluba heç vaxt yarınmayan, obyektivlik hissini heç vaxt itirməyən insanlara əvvəlki uğurlara görə minnət qoymaq, "futboldan anlamayan", "xalq düşməni", "ermənipərəst" damğalarını vurmaq gülüncdü. Çalışın, özünüzü gülüş obyektinə çevirməyəsiz.

"Qəbələ"nin "Lill" zəfərində Roman Qriqorçukun əməyi danılmazdı. Ukraynalı mütəxəssis gəldiyi gündən Antonov kimi transferlərə görə birmənalı qəbul olunmasa da, artıq həm azarkeşlərin, həm də jurnalistlərin qəlbində taxt qura bilib. "Qəbələ" - Roman ilişgisi hələ çox davam edəcək və bunun bəhrəsini hələ çox görəcəyik. Amma hazırda məni çox narahat edən bir məqam var: "Maribor"u ciddiyə alınmamağı. "Böyük beşlik" təmsilçisini turnirdən kənarlaşdıran komandada eyforiya yaranması acı sonluq gətirə bilər. Futbolla az-çox maraqlanan hər kəs bilir ki, "Maribor" sıradan bir klub deyil. Sloveniyalılar bu il də artıq "Levski" və "Aberdin" kimi ad-sanlı rəqibləri məğlub edib.

Məsələnin daha bir mənfi tərəfi "Qəbələ"nin ilk oyunu Bakıda keçirməsidi. Futbolçularda həqiqətən "Lill" başgicəllənməsi" yaransa və bu "nasazlığın" keçməsinə deyək ki, ən azı bir hissə tələb olunsa, bu məqam yekun nəticəyə birbaşa təsir edə bilər. "Lill"dən sonra "Maribor"a məğlubiyyətlə "Roman məhəbbəti" heçə dönər...

İstənilən halda, hər iki klubumuzun Avroliqanın qrupuna düşəcəyinə inanırıq.

Uğurlar, "Qəbələ", uğurlar, "Qarabağ"!

Anar ŞABANOĞLU, apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30