20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: “Qarabağ” - “Neftçi” oyunlarında favorit olmur”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Qəbələ” ilə oyundan sonra (2:0) Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız növbəti qələbəsini “Qəbələ” üzərində qazandı. “Qarabağ” çempionluğu təmin etsə də, dayanmaq bilmir...

- Dayana bilmərik. Peşəkarıq, işimiz budur. Rəhbərliyimiz, məşqçilər korpusumuz da peşəkarlardan ibarətdir və bizdən ciddilik tələb edirlər. Meydana çıxıb öz işimiz görürük. Çalışırıq ki, arxayınçılıq olmasın. Böyük iş görməmişik. Komandada rahatlaşma ola bilər. Məşqçilər də bunun qarşısını alırlar. Qarşıdan kubokun finalı gəlir. Daha sonra Çempionlar Liqasında mübarizə aparacağıq. Çalışırıq ki, komanda şəklində işimizi peşəkar səviyyədə görək.

- “Qarabağ”ın istirahətə ehtiyac yoxdur?

- Əsas futbolçulara istirahət verilməməsi də məşqçilərimizin qərarıdır. Məşqçilər korpusunun proqramı var. Ola bilər ki, hansısa oyunlarda bəzi futbolçulara istirahət verilsin. Finala tam hazır olmalıyıq. Oyunu tapmaq çətindir, amma itirmək asan.

- “Qəbələ”nin “Qarabağ”a ciddi müqavimət göstərə bilməməsinin səbəbini nədə görürsüz?

- “Qəbələ”nin futbolçuları yorğun idilər. Üstəlik, cəzalı və heyətdəki itkiləri nəzərə almaq lazımdır. Biz onların meydana yorğun çıxacaqlarını bilirdik. Oyunumuzun rahat alınmasının səbəbi də budur.

- Kubokun finalı haqda nə düşünürsünüz?

- Finala hələ vaxt var. Amma hazırlaşırıq. Final görüşləri hər zaman maraqlı olur. Üstəlik, “Qarabağ” - “Neftçi” matçlarında favorit olmur. Şanslar bərabərdir. “Neftçi”nin heyətində hazırda sürətli oyunçular çoxdur. Digər tərəfdən də “Neftçi” son zamanlar yaxşı çıxış edir. Vəli Qasımovun gəlişindən sonra daha yaxşı oynayırlar.

- Həlledici qarşılaşmanın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsini “Qarabağ” üçün azacıq üstünlük hesab etmək düzgündür?

- Respublika stadionu bizə doğma olsa da, xeyli müddətdir ki orada çıxış etmirik. Otun səviyyəsi məni narahat edir. Çünki yeni qazonda hər zaman sürüşürsən, istədiyin kimi oynaya bilmirsən.

- “Qarabağ”ın hazırda stadionlarını doğma meydanda deyil, “Əlincə Arena”da keçirməsi sizə problem yaratmır ki?

- Qətiyyən yox. Azərbaycan Avropa çempionatına ev sahibliyi edir. Bu turnirin yüksək səviyyədə keçməsi üçün hər şeyə hazır olmalıyıq. Ölkəmiz təşkilatçılığın öhdəsindən yüksək səviyyədə gəlir. O ki qaldı yığmamıza, mən komandamıza inanırdım. Portuqaliya ilə məğlubiyyətdən sonra da bilirdim ki, növbəti görüşlərdə yaxşı çıxış edəcəklər. U-17 həm Belçikaya, həm də Şotlandiyaya qarşı yaxşı oynadı. Təəssüflənirəm ki, komandamız qrupdan çıxa bilmədi. Halbuki Belçika ilə görüşdə qələbə qolunu vurmaq da mümkün idi. Bununla belə, uşaqları təbrik etmək istəyirəm. U-17-nin heyətində yaxşı futbolçular var. Komandada yaxşı məşqçilər çalışır. Portuqaliyaya məğlubiyyətdən sonra Təbriz Həsənovun yükü öz üzərinə götürməsi effekt verdi.

- Belə demək mümkünsə, futbolumuzun gələcəyi etibarlı əllərdədir.

- Gələcəyə ümidliyik, gənclərimizə inanırıq.

- Bu gün U-17-da oynayanlar gələcəkdə sizi layiqincə əvəzləyə biləcəklər?

- Biz özümüzü böyük futbolçu hesab etmirik. Onlar bizdən də yaxşı futbolçu olacaqlar. Çox heyfislənirəm ki, millimiz Şotlandiya və Belçika ilə görüşlərdə gözəl oyun sərgiləsə də, qrupdan çıxa bilmədi.

- Əsas millinin kapitanı kimi U-17-nin heyətində hansı futbolçunun çıxışını daha çox bəyəndiniz?

- 7 nömrəli Fərid Nəbiyevin oyununu daha çox bəyəndim.

- Millinin qarşıdan gələn təlim-məşq toplanışı haqda nə deyə bilərsiz?

- Avtsriyada hazırlıq keçəcəyik. Orada 3 oyunda qüvvəmizi sınayacağıq. Seçmə mərhələyə çox vaxt qalmayıb. 4 ay bir göz qırpımında keçəcək. Bu oyunlara çox ciddi hazırlaşmalıyıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30