28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”də canlanma: həm tribunada, həm meydanda, həm də meydandan kənarda TƏƏSSÜRAT

Dünən idman jurnalistlərinin Qəbələyə növbəti səfəri baş tutdu. Budufəki səfərin məqsədi fərqli idi. Əvvəlkilərdən fərqli olaraq, bu dəfə Avroliqa oyununa səfər etmək üçün Qəbələyə yollanmırdıq. Bu, naməlum səbəbdən 3 aya yaxındı təxirə salınan Peşəkar Futbol Liqasının dəstəyi ilə baş tutan səfərlərdən də deyildi. Dünənki səfərimizin məqsədi “Qəbələ”nin yeni aksiyasını işıqlandırmaq idi. Ardınca isə ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Qəbələ” - “Zirə” görüşünə baxacaqdıq.

17 MİN ŞAGİRDİ ƏHATƏ EDƏN SOSİAL AKSİYA

Atdığı bütün addımlarda təkcə bu gününü deyil, gələcəyini də düşünən “Qəbələ” İdman Klubunun yeni aksiyası məktəblilərin iştirakı ilə gerçəkləşir. Bu layihə çərçivəsində “Qəbələ”nin sifarişi ilə hazırlanan məktəb ləvazimatları dəstləri (azyaşlılar və yuxarı sinif şagirdləri üçün fərqli olmaqla) şagirdlərə təqdim olunub. Qəbələ rayonundakı 68 məktəbdə təhsil alan 17 min şagirdi əhatə edən sosial aksiyanın məqsədi məktəblilərin idmana - futbola marağını artırmaq, idmanı təhsil vasitələri ilə - təhsildən ayrılmadan sevdirmək, onların “Qəbələ” ailəsinin bir üzvü olduğunu, klubun gələcəyi üçün önəm daşıdıqlarını göstərməkdir.

Dünən aksiya çərçivəsində ilk tədbir 1 saylı orta məktəbdə keçirildi. Klubun futbol direktoru Toni Adams, baş menecer Zaur Əzizov, kommersiya direktoru Mustafa Aztopal, marketinq meneceri Səməd Nəsibov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məktəbdə şagirdlərlə görüşdülər.

Kifayət qədər maraqlı alınan tədbirin sonunda şagirdlərə klubun hədiyyələri təqdim olundu.

Bu layihə birbaşa klub prezidenti Tale Heydərovun göstərişi ilə həyata keçirilir. Təbii ki, “qırmızı-qaralar”ın bu addımını alqışlamaq lazımdı.

BAŞ MENECER SÖZ VERDİ: “QƏBƏLƏ” RONALDO VƏ MESSİ İLƏ DANIŞIQLAR APARMAĞA ÇALIŞACAQ”

1 saylı məktəbdə baş tutan tədbirin sonunda maraqlı hadisə yaşandı. Belə ki, klubun baş meneceri Zaur Əzizov tədbir zamanı şagirdlərə “gələcəkdə hansı futbolçunu burada görmək istərdiniz” sualını verdi. Məktəblilərin bir çoxu Lionel Messi və Kriştianu Ronaldonun adını çəkdi. Vəziyyətdən çıxış yolu tapan Əzizov “Çalışacağıq ki, Messi və Ronaldoyla danışıqlar aparaq” cavabını verdi.

AZARKEŞ ÇOXLUĞU DİQQƏTDƏN QAÇMADI

“Qəbələ” - “Zirə” oyununun nəticəsi haqda çoxlarının məlumatı var. “Qəbələ”nin 5:1 hesablı qələbəsini çox az adam proqnozlaşdırardı. Amma yekunda “Qəbələ” rəqibini darmadağın etməyi bacardı.

Meydanda olduğu kimi, 90 dəqiqə boyunca meydandan kənarda da maraqlı anlar yaşandı. Ən çox diqqətçəkən stadiona toplaşan azarkeşlərin çoxluğu idi. Cari mövsümdə “Qəbələ”nin əksər ev oyunlarına canlı baxmışam. Səhv etmirəmsə, bu, Avroliqanın ilk təsnifat mərhələsi çərçivəsində Tiflis “Dinamo”suna qarşı baş tutan oyundan sonra ən çox azarkeşin canlı izlədiyi görüş idi.

“Qəbələ” rəsmiləri daim azarkeş azlığından narahatlıqlarını gizlətmirlər. Klub rəhbərliyi komandanın ev oyunlarına daha çox futbolsevərin cəlb olunması üçün bir çox işlər görür. Bu sahəyə cavabdeh olan Səməd Nəsibovun əməyini xüsusi qeyd etmək lazımdı. Çünki Nəsibov daim fanatlarla yüksəksəviyyəli iş aparır. Görünən odur ki, artıq atılan addımlar öz faydasını verir. İş günü olmasına baxmayaraq, dünən stadiona kifayət qədər fanat toplaşmışdı. Həftəsonları baş tutacaq növbəti matçlarda “Qəbələ”li azarkeşlərin sayının daha çox olacağını proqnozlaşdırmaq olar.

“BİR ARZUMUZ VAR, ÇOX DEYİL BU

KUBOKU QALDIRSIN ŞƏHİD OĞLU”

Azarkeşlərdən söz düşmüşkən, yeni yaradılan və son oyunlarda “Qəbələ”ni həm ev, həm də səfər oyunlarında dəstəkləyən “Red Black Army” fan-qrupunun dəstəyini xüsusi qeyd etmək lazımdı. 90 dəqiqə boyunca komandalarını dəstəkləyən fanatlar, oyundan sonra da sevimli futbolçularından dəstəklərini əsirgəmirdilər. Paltardəyişmə otağının qarşısında toplaşan “Qəbələ” fanatları futbolçu və məşqçilərin lehinə şüarlar səsləndirirdilər.

Dünən hazırda həbsdə olan “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovun 28 yaşı tamam olurdu. Azarkeşlər Hüseyovu təbrik etməyi də unutmamışdılar. Ən çox diqqətçəkən Cavidə ithaf olunan “Bir arzumuz var, çox deyil bu, kuboku qaldırsın şəhid oğlu” banneri idi.

QRİQORÇUK JURNALİSTLƏR ÜÇÜN NƏQLİYYAT VASİTƏSİ AYIRMAĞA HAZIRDI

Oyundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə baş tutan mətbuat konfransında maraqlı anlar yaşandı. Belə ki, həmkarlarımızdan biri ukraynalı mütəxəssisə jurnalistlərin kütləvi halda “Qəbələ”nin ev oyununa gəlişinin komanda üçün düşərli olduğunu xatırlatdı. Belə ki, sonuncu belə səfər “Xəzər Lənkəran”la oyuna təsadüf etmişdi və həmin vaxt Qriqorçukun komandası 6:0 hesablı qələbə qazanmışdı. Bu məqam ukraynalı mütəxəssisin də ürəyincə oldu və o, növbəti ev oyunlarında media əhli üçün nəqliyyat vasitəsi ayırmağa hazır olduğunu vurğuladı.

“QƏBƏLƏ” YENƏ MARTDA SÜRƏT YIĞMAĞA BAŞLAYIB?

Matçdan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da jurnalistlərin suallarını cavablandırdı. Bəzi klub rəsmilərindən fərqli olaraq, daim media nümayəndələrinə hörmətlə yanaşan Nəcəfov həmkarlarımdan birinin sualına maraqlı xatırlatmayla cavab verdi. Belə ki, “Son günlər sanki “Qəbələ”də canlanma var” sualını Nəcəfov, “Bu, bizdə hər zaman, ilin bu vaxtı baş verir. Komanda mart ayında sürət yığmağa başlayır” deyə cavablandırdı. Həqiqətən də Fariz Nəcəfovun dediklərində həqiqət var. Ötən mövsüm martdan etibarən sürət yığan, sonda mövsümü medalla başa vuran “Qəbələ”yə deyəsən, yenə də yazın gəlişi düşərli olacaq. Hər halda, komandanın son oyunları qələbə ilə başa vurması buna işarədi...

İBRAHİM

Bakı - Qəbələ - Bakı




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31