29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elxan Məmmədov: “AFFA-nın büdcəsində 20 faiz azalma olacaq”

AFFA-nın baş katibi Elxan Məmmədov Sumqayıtda futbol ictimaiyyəti ilə görüşdən sonra brifinq keçirib.

- Bu gün təşkil olunan görüşlə bağlı fikirlərinizi bilmək istərdik...

- Çox səmərəli, işgüzar bir tədbir oldu. Fürsətdən istifadə edib Milli Məcslisin üzvləri Muxatar Babayevə və Tahir Mirkişiliyə təşəkkür etmək istəyirəm ki, deputat seçildikləri şəhərin futbol ictimaiyyətini bir araya gətirib belə görüş təşkil etdilər. Bu tədbirin təşəbbüskarları məhz onlar idi. Sumqayıt futbol ənənəsi olan şəhərdir. Bir çox məsələlər haqda fikir mübadiləsi apardıq. İnanıram ki, burda qeyd olunan çatışmazlıqlar yaxın vaxtlarda həll olunacaq. Şəhər İcra Hakimiyyəti, deputatlar, Gənclər və İdman, həmçinin Təhsil idarələri ilə biz əl-ələ verib problemləri həll etməliyik. Ən çox müzakirə olunan məsələ infrastruktur və məhəllə futbolu idi. Çalışmalıyıq ki, məhəllələrdə uşaqların futbol oynaması üçün meydançalar salınsın. AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qrupu üzrə çempionatlarda Sumqayıtın 38 komandası iştirak edir. Bu da onu göstərir ki. bu şəhər futbolla yaşayır. Biz bu ənənəni davam etdirməliyik. Bunun üçün isə ilk növbədə infrastruktur lazımdır. Müzakirəyə çıxarılan maraqlı mövzulardan biri də məşqçilərin təhsil məsələsi idi. Sumqayıt şimal regionunun mərkəzi hesab olunduğundan, təklif olundu ki, gələcəkdə bu şəhərdə C və B kateqoriyası almağa imkan verənlı kurslar təşkil olunsun. Çalışacağıq ki, maya kimi Sumqayıtda bu kursları təşkil edək. Bundan başqa təklif olundu ki, yığma komandalardan biri rəsmi oyununu bu şəhərə keçirsin. UEFA ilə danışıb U-21-in bir rəsmi qarşılaşmasını burda keçirmək mümkündür. Bu yöndə də iş aparılacaq. Sumqayıtlıların futbola marağını nəzərə alsaq, inanıram ki, tribunalar tam dolacaq.

- Belə görüşlərin digər bölgələrdə də keçirilməsi planlaşdırılırmı?

- Düşünürəm ki, belə görüşləri davam etdirmək lazımdır. Ancaq əsas məsələ burda qaldırılan problemləri həll etməkdir. Bunu etməsək, görüşlərin heç bir faydası olmayacaq. Futbol ümumxalq oyunudur və onun inkişafında tək AFFA maraqlı olmamalıdır. Bu gün keçirilən tədbirdə Sumqayıt Təhsil İdarəsinin, digər cəmiyyət və təşkilatların nümayəndələrinin iştirak etməsi məni sevindirdi. Problemləri aradan qaldırmaq üçün hamının çalışması lazımdır. Bütün məsuliyyəti tək AFFA-nın üstünə atmaq da düzgün deyil. Biz əlimizdən gələni edirik, ancaq birgə səy göstərsək, işimiz daha effektli alınar.

- Mayda Bakıda 17 yaşadək futbolçular, 2020-ci ildə isə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Bəs Azərbaycanda Çempionlar Liqası və ya Avropa Liqası kimi nüfuzlu turnirlərin də final matçlarının təşkili mümkündür?

- Hazırda bütün diqqətimizi U-17 Avropa çempionatına yönəltmişik. Çempionatın bütün xərclərini UEFA öz üzərinə götürüb. Yəni, Azərbaycan heç bir xərc çəkməyəcək. Avropa futbol qurumu bütün yaş qruplarından olan beynəlxalq yarışların təşkili xərclərini özü çəkir. Avrokubokların final oyunlarını keçirmək isə böyük nailiyyət olardı. 2020-ci ilədək Bakıda Çempionlar Liqası və ya Avropa Liqasının final oyunları təşkil edilməyəcək. Məhz AVRO-2020-dən sonra Bakı Olimpiya Stadionunda belə qarşılaşmalar keçirməyə çalışacağıq.

- Avropa təcrübəsinə əsaslanaraq, Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi mümkündür?

- Hazırda bu məsələ ilə bağlı yekdil rəy yoxdur. Yarısı əcnəbilərə limitin qoyulmasını vacib sayır, yarısı isə buna ehtiyac görmür. Avropa İttifaqı ölkələrinin futbolçuları həmin ölkələrin çempionatlarında legioner sayılmırlar. Amma baxın, İngiltərə yığması hələ də nəticə verə bilməyib. Əvəzində Almaniyada hər kluba iştirak ərizəsində öz akademiyasının ən azı 3 yetirməsinin olmasının vacibliyi şərti qoyulub. Əvvəllər Azərbaycanda legioner limiti qoyulmayanda yerli futbolçuların cəmi 10 faizi start heyətə salınırdı. Amma legioner limitini tətbiq etdikdən sonra həm yığmamız, həm də klublarımız yaxşı nəticələr göstərməyə başladılar. Azərbaycan millisi tarixində ilk dəfə DÇ-2014-ün seçmə tsiklində qrupu 9 xalla başa vurdu, "Neftçi", "Qarabağ" və "Qəbələ" isə Avroliqada qrup mərhələsinə vəsiqə qazandı. Ötən mövsüm "Qarabağ" "pley-off"da Hollandiya "Tvente"sini 6 yerli futbolçu ilə keçdi. Yəni, prioriteti yerli futbolçulara verməli, onlara imkan yaratmalıyıq ki, oynasınlar.

- Qarşıdan AFFA-nın konfransı gəlir. Bununla bağlı hansı tədbirlər görülür və İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər olacaqmı?

- 2016-cı il AFFA-da seçki ilidir. Martda Konfrans təşkil olunacaq. AFFA-nın Nizamnaməsinə uyğun olaraq hər ilin birinci rübündə konfrans keçirilməli və hesabat təqdim olunmalıdır. 2008-ci ildən başlayaraq şəffaf, mətbuata, ictimaiyyətə açıq konfrans keçirilir və hesabat verilir. Hesabatdan sonra isə AFFA prezidenti və İcraiyyə Komitəsinə seçkilər olacaq.

- Son zamanlarda maliyyə problemi çox yerlərə təsir edib. Bu problemin AFFA büdcəsinə də hər hansı təsiri olacaq? Artıq hiss olunur ki, müxtəlif yaş qrupları üzrə milli komandalar ölkə xaricində toplanış keçmirlər...

- Nəzərə alaq ki, xaricdə təlim-məşq toplanışı təşkil etmək üçün maliyyə xərcləri xarici valyuta ilə həyata keçirilir. Bu baxımdan mənfi  təsiri var. Qənaət proqramı tətbiq etmişik və növbəti ildən büdcədə azalma olacaq. Vəziyyət kritik deyil, stabildir. Ancaq valyutanın kursunu nəzərə almalıyıq. Məhz buna görə də xarici təlim-məşq toplanışlarının sayını azaltmışıq. Xaricdə də valyutaya - dollara və avroya ehtiyac var. Bunu nəzərə alaraq, qənaət olunacaq.

- Yəni, belə başa düşmək olar ki, AFFA-nın əvvəlki büdcəsi manatla saxlanılacaq. Amma xarici valyuta ekvivalentində az məbləğ alınacaq...

- Bəli. Devalvasiyanı nəzərə alaraq, büdcə vəsaitinin valyuta ekvivalentində dəyəri azalacaq. Hesablasanız görərsiniz ki, 20 faiz azalma olacaq.

- Ölkə klublarının üzləşdikləri maddi problemlərdən çıxış yolunu nədə görürsünüz?

- Klublarımızın maliyyə problemləri ilə üzləşmələrinə sevinmirik. Amma özümüz də çətin durumda qalmaq istəmirik. 2010-cu ildən etibarən çempionata qatılan klublardan bank zəmanəti alırıq. Amma indi banklar da bağlanır. 2 ildir AFFA-nın sponsorlarından ödəmələr hesabına I Divizion klublarının hesabına pul köçürürük. Sizə bir sirr açım: Bölgələri təmsil edən Premyer Liqa komandalarına maliyyə dəstəyi verməyi düşünürük. Bəlkə bundan sonra paytaxtın çoxsaylı komandaları bölgələrə köçdülər.

- "Sumqayıt" klubuna büdcəni sabit saxlamat və artırmaq üçün əlavə sponsor axtarmağı məsləhət gördünüz. AFFA bu baxımdan hər hansı addım atırmı?

- Təbii ki, bizimlə yaxından tərəfdaşlıq edən şirkətlər var. Onlarla 5 ildir ki, əməkdaşlıq edirik. Bir neçə şirkət layihələrdə bizimlə birgədirlər. Lakin bununla kifayətlənmirik. AFFA-ya, futbolumuza yaxın olmaq üçün yeni sponsorlar cəlb edirik. "Sumqayıt" klubu əslində digərlərinə yaxşı bir nümunədir. Onların formasında bir neçə reklam yerləri var.

- AFFA FİFA-nın prezident seçkilərində Covanni infantinonu dəstəkləyəcəyini açıqlayıb...

- O, UEFA-nın baş katibidir və həmin qurumun namizədidir. Biz də UEFA-nın üzvü olaraq İnfantinonu dəstəkləməyimizin daha düzgün olacağını düşündük. Birincisi, onun namizədliyi UEFA tərəfindən irəli sürülüb. Digər tərəfdən, proqramı ilə yaxından tanış olduq. Bu yaxınlarda AFFA prezidenti Rövnəq Abdullayev də UEFA-da idi. Oarada İnfantino proqramı ilə 54 üzv ölkəni tanış etdi. O, UEFA-nın bütün üzvlərinə öz proqramını təqdim etdi və çoxu dərhal dəstəyini bildirdi.

- "Neftçi"də vəziyyət son zamanlar mətbəx səviyyəsinə enib. Əvvəlki rəhbərlik indikini, indiki isə əvvəlkini ittiham edir. Bir azarkeş kimi buna münasibətiniz necədir?

- Təbii ki, mənfi. Buna azarkeş kimi Bir azarkeş kimi buna müsbət rəy verə bilmərəm. Çünki futbol belə mövzulardan uzaq olmalıdır. Daha çox futbolun idman tərəfini, azarkeşlərini düşünməliyik. Belə söhbətlərdən uzaq olamlıyıq. Azarkeşlər də belə mövzuları sevmir, onlara baxımlı futbol lazımdır. Ən əsası budur. Ümid edirəm ki, bu yaxınlarda klub nümayəndələri belə mövzulardan uzaq olacaqlar.

- Sizcə "Neftçi"də Müşahidə Şurası effekt verir?

- Bu gün AFFA İcraiyyə Komitəsi varsa və əsas qərarları onlar verirsə, bu, klublarda da olmalıdır. Bir və ya iki nəfərin üzərinə bu məsuliyyəti atmaq düzgün deyil. Klublar da, təşkilatlar da kollektiv şəkildə fəaliyyət göstərməlidirlər. Böyük şirkətlərdə də bu sistem var. Müşahidə Şurası, Direktorlar Şurası fəaliyyət göstərir. Hər zaman "Mançester Yunayted", "Ayaks", "Bavariya", "Barselona"da da Müşahidə Şurası var. Gündəlik məsələlər var. Bu barədə prezident, vitse-prezident və baş katib qərar qəbul edir. Amma vacib, qlobal məsələlər İcraiyyə Komitəsinin üzvləri və Müşahidə Şurası tərəfindən qəbul olunur. Bu, gələcəkdə azarkeş üçün zamin rolunu oynayacaq. Bu, sponsor üçün də vacibdir. Belə olanda tərəfdaş layihəyə daha ciddi yaraşacaq. Biz ona görə deyirdik ki, Müşahidə Şurasında veteran futbolçular, siyasətçilər, tanınmış insanlar olsun. Bu, sponsor baxımından da yaxşıdır. 

- "Qəbələ" və "Qarabağ" klubları Müşahidə Şurası yaratmır. Bu Şuranı yaratmayacağı təqdirdə, klubların böyük məbləğdə cərimələnməsi və ya yeni mövsümdən Premyer Liqaya buraxılmaması gündəmə gələ bilər?

- Belə bir məsələ yoxdur. Tövsiyyə xarakterli qərar var idi. Mütəmadi olaraq "Qarabağ" və "Qəbələ" ilə bunu müzakirə edirik. Görürük ki, "Qarabağ"da tövsiyəmiz nəzərə alınır. Eşidirik, bizə bildirirlər, mütəmadi olaraq, müzakirə aparırlar. Müxtəlif şirkətlərin - "Azersun", "Azerçay", klubun öz nümayəndələri müzakirə aparırlar. Bunun özü bir Müşahidə Şurasıdır. Söhbət ondan gedir ki, bir nəfər qərar qəbul etmir. Bu, çox vacib məsələdir. Yenə deyirəm, bu, bir tövsiyyədir. İstəsələr, qəbul edərlər. Biz böyük təzyiq, sanksiya tətbiq etməyi planlaşdırmırıq. İstəyirik ki, futbola daha çox insan cəlb edək. Çünki bu, futbol üçün yaxşıdır. Şuranın hər bir üzvü oyuna gəlsə, tamaşaçı sayına da təsir edər.

- İctimaiyyətdə AFFA prezidentliyinə namizədliyinizi verəcəyinizə dair söz-söhbətlər dolaşır. Bu haqda nə deyə bilərsiniz?

- Öz namizədliyimi verməyimi planlaşdırmıram. Bu barədə mətbuatdan eşitmişəm. Çünki mənim planımda yoxdur. AFFA prezidenti və İcraiyyə Komitəsi istəsə, gələcəkdə də baş katib kimi fəaliyyətimi davam etdirə bilərəm

Mənbə: sportnet.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31