29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Ramin Musayev: “Ermənilərdən biri bizə tərəf tüpürdü və tappaturup düşdü”

“HƏMİN GÜN QARŞIMIZA “PÜNİK” YOX E, LAP “BARSELONA” DA ÇIXAYDI, QƏLƏBƏ QAZANACAĞDIQ”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Futbolxeber.az saytına geniş müsahibə verib. Müsahibənin birinci hissəsində R. Musayev 11 il əvvəl baş tutan “Neftçi” - “Pünik” oyunu ilə bağlı xatirələrini bölüşüb.

- “Neftçi”nin ermənilər üzərində tarixi qələbəsindən artıq 11 il keçdi. Həmin oyundan 1 gün əvvəl, yanvarın 18-də “Pünik” “Skonto” ilə heç-heçə edərək (2:2) “Neftçi”yə rəqib oldu. Həmin anda hansı hisslər keçirdiz? Komandada həyəcan çox idi?

- O tarixi unutmaq mümkün deyil. Oyun yanvarın 19-dan 20-nə keçən gecə idi və belə bir gündə hər bir azərbaycanlıya yalnız qələbə lazım idi. Həmin vaxt klub prezidenti olan Rövnəq Abdullayev, Elşad Nəsirov Moskvaya gəldilər. Dərhal da orada klubdaxili toplantı keçirdik. Rövnəq müəllim iclasda yaxşı söz işlətdi ki, “artıq qələbəni hiss edirəm”. Uşaqların durumu, gözlərinin alışıb yanması qələbədən xəbər verirdi. Daha əvvəl “Pünik”in oyununu izləmişdik. Bilirdik ki, biz onlardan güclüyük. Lakin əsas məqam 20 yanvar idi. Bu da uşaqlara əlavə güc verirdi. Çox şükürlər olsun ki, futbolçuların vətənpərvərlik hissi özünü göstərdi və 2:0 hesabı ilə qalib gəldik. Rəhbərlik, məşqçi heyəti və futbolçulardan əlavə bu qələbədə azarkeşlərin də böyük rolu oldu. Oyunun gedişində ermənilər bizim bayrağın üstünə öz iyrənc bayraqlarını asmışdılar. Stadion ikiyə bölünmüşdü. Bir tərəf ermənilər, bir tərəfdə azərbaycanlılar idi. Amma ermənilərin iyrənc hərəkətinin həzm etməyən 12-13 yaşlı azərbaycanlı uşaq onlar tərəfə keçərək bayrağımızın üstündəki bayrağı kənara atdı. 12-13 yaşlı uşağdakı qeyrətə baxın. Bütün bunları oyunçularımız da görürdülər. Tarix elə şeydi ki, onu dəyişmək mümkün deyil. Azarkeşlər hələ oyundan əvvəl bayram əhval-ruhiyyəsində idilər. Türklər döyüşə həmişə cəngi havasında gedilər. Azarkeşlər də bizim futbolçuları meydanda cəngi sədasında dəstəkləyirdilər. Mühafizə də çox güclü idi. Mən Moskvada hərbi xidmətdə olmuşam. Amma atlı polisləri ilk dəfə həmin oyun günü gördüm. Oyun günü şaxtalı hava idi. Bizə 50 bilet vermişdilər. Bundan başqa, VIP-ə, rəhbərlik üçün 10 plastik kart da ayrılmışdı. Həmin 10 kartla mən bəlkə 50-60 azarkeşi içəri keçirdim (gülür). 10 nəfər keçirdi içəri, sonra həmin kartları yenidən götürüb başqalarına ötürürdüm. Axırda qapıda dayananlar dilə gəldilər ki, sizin rəhbərliyə nə çox kart paylanılıb? (gülür) Şübhələnsələr də, heç nə sübut edə bilmədilər.

- Oyundan əvvəl hansısa məqamda, yaxud matçın gedişində hesab 0:0 olarkən ermənilərin cərimə zərbəsindən vurduqları top dirəkdən qayıdanda məğlubiyyəti göz önünə gətirdiyiniz hansısa an oldu?

- O vaxtkı məşqçi heyəti də, rəhbərlik də, futbolçular da həyatdadılar, onlardan da soruşa bilərsiz. Hələ əvvəldən demişdim ki, biz 2 top fərqi ilə qalib gələcəyik. Oyundan sonra da çox hadisələr baş verdi. Elə oldu ki, gecə 4-5-də yatdıq. Yatmağa hazırlaşanda birdən düşündüm ki, uduzsaydıq nə olacaqdı? Halbuki həmin ana qədər yenilgini heç ağlıma da gətirməmişdim.

- Vidadi Rzayev deyir ki, uduzsaydıq Bakıya yox, birbaşa Gəncəyə qayıdacağdım...

- Gəncə də Azərbaycan deyilmi? (gülür) Həqiqətən bu haqda düşünməmişdik. Söhbət var idi ki, bəlkə heç oynamaq. Mən buna dərhal qarşı çıxdım. Bildirdim ki, futbolçularımın üzünə baxa bilmərəim. Çünki komanda oyuna çox yaxşı hazırlanmışdı. Həmin gün qarşımıza “Pünik” yox e, lap “Barselona” da çıxaydı, qələbə qazanacağdıq.

- Yerli oyunçuların məsələsi aydındı. Elə gündə, ermənilərlə görüşdə onlara nəsə deməyə ehtiyac yoxdu. Bəs legionerləri necə motivasiya etmişdiniz?

- Bizim həmin komandamızda yerli-legioner söhbəti yox idi. Heç bir futbolçu ilə mən müqaviləm bağlamırdım. Bizdə müqavilə kişi sözü idi. Ay aldadım, pulunu verməyim - belə şey ola bilməzdi. Ən önəmli kişi sözü idi. Futbolçular da bilirdilər ki, hara gəlirlər. Onsuz da futbolçu bir yerə gəlməmişdən öncə hər şey ətraflı götür-qoy edir. 5 il ərzində heç bir futbolçu “Neftçi”dən narazı getmədi. Bizim vaxtımızda komandada heç bir legioner, yerli oyunçudan nə öndə idi, nə də geridə. Hər zaman biryerdə olurduq. Bir yerdə yeyib-içirdik də, biryerdə dava da edirdik.

- Davadan söz saldız. “Pünik”lə oyundan sonra komandaların qaldığı “Kosmos” otelinin foyesində baş verən dava necə başlamışdı?

- Oyun bitəndən sonra biz stadionda qaldıq. Azarkeşlərlə görüşdük, xeyli söhbət etdik. O gün bizə dəstək olan azarkeşlərin bəziləri ilə bu gün də əlaqəmiz var. Hər dəfə qələbənin ildönümündə zəng vururlar, həmin anları xatırlayırıq. Oyun başa çatandan təxminən 1 saat sonra “Dinamo” manejini tərk etdik. Azarkeşlər də bizimlə birgə otelə kimi gəldilər. “Kosmos”un qarşısında yenidən əyləndik, qələbəni qeyd etdik. Sonra otelə daxil olduq və gördüm ki, ermənilər foyedədilər. Düzdü, onlardan söz deyən olmadı. Amma biri bizə tərəf tüpürdü. Hər şey də bundan sonra başladı. Təbii ki, onun bu addımı cavabsız qala bilməzdi. Ramin Musayev, Qurban Qurbanov, Musa Qurbanov, Rəşad Sadıqov, Zaur Tağızadə, eləcə də legionerlər ermənilərlə əlbəyaxa olduq və tappaturup düşdü (gülür).

- Axırda da siz həbs olunduz

- Həmin anda OMON töküldü. Elə bil hazır dayanmışdılar. Mən dərhal özümü irəli verdim. Bildirdim ki, bu insident etmənilər tərəfindən əvvəldən hazırlanmışdı. Siyasi məsələləri də araya qatdım və beləcə söhbət bağlandı.

- Bəzi anlarda pul ikinci dərəcəli olur. Amma belə qələbədən sonra mükafat da mütləqdi.

- Oyundan əvvəl qara qəpik də adı çəkilməmişdi. Çünki heç kim pul barədə düşünmürdü.

- Bəs oyundan sonra?

- Oyundan sonrakı mükafatı futbolçulara mən demişdim, özü də oyundan əvvəl.

- Məbləği açıqlaya bilərsiz?

- Mən verdiyim mükafatın dəyəri yox idi (ürəkdən gülür). Başa düşürdüm ki, hamısı cavan oğlanlardı...

- 1 il sonra yenidən ermənilərlə qarşılaşmalı idik. Lakin həmin görüş baş tutmadı.  

- O da bir ayrı tarixdi. Oyundan 1 gün əvvəl oturmuşduq, plan cızırdıq. Bilirdik ki, yenə də qələbə qazanmalıydıq. Rahat şəkildə hazırlaşırdıq oyuna. Yenə də rəhbərlik gəldi. Zarafatca dedilər ki, siz indi hər dəfə ermənilərlə oynayacaqsız?! Dedim narahat olmayın, heyətdə həmin uşaqlardı, yenə də qalib gələcəyik. Sonra məlumat gəldi ki, ermənilər qaçıb. Bunların hamısı videoya da çəkilmişdi. Oyuna gedəndə yaxınlaşdım Rövnəq müəllimə və dedim ki, sizi təbrik edirəm. Nə ilə bağlı olduğunu soruşdu. Bildirdim ki, erməniləri 3:0 hesabı ilə udduq. Dedi, necə? Mən də qayıtdım ki, axşam oynadıq. Rövnəq müəllim bu cavabımdan sonra, “Dəlisiz, necə gecə oynadıq? Bəs mənə niyə deməmişdiz” söylədi. Mən də bildirdim ki, gecə 2-nin yarısı oynadıq. Həmin anda stadiona çatırdıq. Rövnəq müəllim qayıtdı ki, ay Ramin, düz əməlli danış, görək nə olub. Mən də dedim ki, ermənilər qaçıb.

- Çəkiliş dediz. Mən bildiyim qədəri ilə həmin vaxt ermənilərin qaçmağını elə sizin tapşırığınızla lentə almışdılar.

- Bilirsiz, onlara millət demək olmaz. Millət qiymətli sözdü. O gədələrdən hər şey gözləmək olar. Onlar hər vəziyyətdən çıxış yolu axtarırlar. 1 gün əvvəldən eşitmişdik ki, bizimlə oyuna çıxmaq istəmirlər. Bizim onlarla yemək vaxtlarımız ayrı idi. Hər hansi insident yaşanmasın deyə təşkilatçılar planı elə qurmuşdular ki, biz onlardan 1 saat sonra yeməyə gedirdik. Matçdan əvvəlki gün mən 3 nəfərlə birlikdə yeməkxanaya onlar orada olan vaxt getdik. Görmək istəyirdim ki, fikirləri nədi, əhval ruhiyyələri necədi. Hiss etdim ki, yeməkdə çox pıçıldaşırlar. Artıq üzlərində qorxu var idi. Amma yenə də inanmazdım ki, gedəcəklər. Təşkilatçı qadın zəng vurdu ki, artıq oteli tərk etmək üzrədilər. Mən yenə də inanmadım. Dedim bəlkə başımızın altına yastıq qoymaq istəyirlər. Nə futbolçulara, nə rəhbərliyə bu barədə heç nə demədim. Operatoru mühafizəçi ilə göndərdim onların arxasınca. Mən yenə də inanmırdım. Operatorla tez-tez əlaqə saxlayırdım. Aeroporta kimi onları müşaiyət etdi. Dedim gözləyin, gözünüzlə görün ki, pasport nəzarət məntəqəsindən keçsinlər sonra qayıdın.

- Yekunda da ermənilər həqiqətən də qaçdılar.

- Hə, doğrudan da getmişdilər. Elə ona da layiq idilər.

- 11 il əvvəl qazanılan tarixi uğurda böyük pay sahibi olan Rövnəq Abdullayev və Ramin Musayevə “Neftçi” - “Pünik” oyunu ilə bağlı hazırlanan qısametrajlı filmdə yer verilməməsinin səbəbini nədə görürsüz?

- Kim yer verməyib ki?

- “Neftçi”!

- O filmə baxmamışam. Mən həmin hissləri canlı yaşamışam, filmi neynirəm? (gülür) Biləndə ki, filmi kim hazırlayıb, mənə hər şey aydın oldu. Biz bayaqdan səninlə ovaxtkı “Neftçi”dən danışırıq. O “Neftçi” ilə bu “Neftçi” arasında fərq çoxdu.  Özünüz sorğu keçirdin. Azarkeşlər də mənim bu fikrimlə razılaşar. Tarixi silmək olmaz. “Neftçi” xalqın komandasıdı. O nə mənim, nə Rövnəq Abdullayevin idi. Biz sadəcə “Neftçi”nin işçiləri olmuşuq. Bu gün rahatam ki, vaxtında millətə nəsə sevinc bəxş edə bilmişik. “Neftçi”nin nailiyyətləri çox olub. Bizim vaxtımızda da, bizdən sonra da. Siz deyirsiz ki, bu filmdə biz unudulmuşuq. Amma mən heç “Neftçi”nin tarixi ilə bağlı sujetlərdə klubun Avroliqaya vəsiqə qazanmasını da görmürəm. Həmin uğurları gizlətmək olmaz. O uğura Sadıq Sadıqov və Böyükağa Hacıyev imza atıb. Heç kim dana bilməz ki, “Neftçi” Azərbaycan tarixində Avroliqanın qrup mərhələsinə yüksələn ilk klub olub. Biz vaxtında düz işləmişik, nailiyyətlər də göz qabağındadı. Kim nə istəyir çəksin, kim nə istəyir göstərsin, özü bilər. Lakin unutmasınlar ki, qazanılan uğurları xalqın yaddaşından silmək mümkün deyil. O vaxt biz erməniləri məğlub edib Bakıya qayıdanda aeroportda bizi xeyli azarkeş qarşıladı. İndiki Koroğlu metrosuna qədər azarkeşlər klubun atributları ilə bəzədilmiş maşınlarla komandanı müşaiyət etdilər, dəstək oldular. O filmi çəkənlər, sifariş edənlər aeroporta heç 10 nəfəri yığa bilməzlər. Əvvəl onu etsinlər, sonra gələrlər danışarıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31