19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Bu komandadan uğur gözləməyə dəyər TƏƏSSÜRAT

Yanvarın 3-dən 12-nə qədər Sankt-Peterburqda FIFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci beynəlxalq turnir baş tutdu. Ardıcıl 8-ci il Azərbaycan yığması da sözügedən turnirdə iştirak etdi. Ötən il olduğu kimi, bu dəfə də turniri işıqlandırmaq üçün Sankt-Peterburqa yollanan jurnalistlər arasında Futbolxeber.az saytının əməkdaşı da var idi.

MƏNFİ 20 DƏRƏCƏ

Ötən il təəssürat yazıma “ilin ilk günündə vətəni tərk etmək çətindi” cümləsi ilə başlamışdım. Bu dəfə ilin ilk deyil, ikinci günü səfərə yollanırdıq. İş elə gətirdi ki, ayın 1-dən 2-nə keçən gecə yağmağa başlayan qar səfərimizin başlanğıcını uğursuz etdi. “Aeroflot”a məxsus “Boing” təyyarəsi Bakıda havaya elə qalxdı ki...

Moskva bizi mənfi 20 dərəcədə şaxta ilə qarşıladı. Ən qəribəsi rus pilotun təyyarəni yerə endirərkən “Moskvada hava yaxşıdı” deməsi idi. İlk dəfə Rusiya paytaxtında olan birisi “bunların yaxşı havası belədirsə, gör pisi necə olur” düşünə bilərdi. “Şeremetyovo” hava limanında 3 saata yaxın vaxtımız var idi. Moskva havasını yaxından hiss etmək (əslində siqaret həsrətinə son qoymaq) üçün hava limanından bayıra çıxarkən əsl soyuğu hiss etdim. Bir anda insan ayaqlarının donduğunun fərqinə varır. Bu cümlələri oxuyub, “soyuqdan nə çox yazdın” düşünə bilərsiz. Amma nəzərə alın ki, hər gün havanın tempraturu mənfi 20, 25, bəzən 28 dərəcə olduğundan günümüzün çoxunu oteldə keçirməyə məcbur olurduq.

RUSİYA MİLLİSİ İLƏ EYNİ TƏYYARƏDƏ

Moskvadan Sankt-Peterburqa uçarkən məlum oldu ki, Qranatkin turnirində yarışacaq Rusiya millisi də bizimlə eyni təyyarədə yer alacaq. Rusların baş məşqçisi Qalaktionovla ötən il 2 dəfə həmsöhbət olmuşduq. Birincidə o “Futbolxeber.az”a müsahibəsində Qranatkin turnirində çalışdırdığı Rusiya-2 millisinin Azərbaycan yığmasına 2:4-lük yenilgisini şərh edirdi. Növbəti görüşümüz isə Bakıda olmuşdu. Elit-raunda hazırlaşan U-17 yığmamız ruslarla 2 yoxlama oyunu keçirmişdi və 2 ay əvvəlkindən fərqli olaraq bu dəfə sevinən Qalaktionovun komandası olmuşdu. 31 yaşlı mütəxəssis yenidən Azərbaycan millisini Sankt-Peterburqda görməkdən məmnun olduğunu bildirdi və beləcə 1 saatlıq uçuşu xoş notlarla başa vurduq.

İNANİLMAZ MOTİVASİYA

“Park İnn” otelinə çatıb, narahat etdikdən sonra komandamız ilk məşqə yollandı. Ötən il yığmamız Peterburqski İdman-Konsert Kompleksində məşq edirdi. Qaldığımız oteldən ora məsafə avtobusla 10 dəqiqədir. Amma bu dəfə bütün oyunlar bayaq adını qeyd etdiyim arenada keçirildiyindən komandalar məşqlərini oteldən daha uzaqda yerləşən (avtobusla yol 45 dəqiqədi) “Zenit” İdman Oyunları Sarayında edirdilər. Yol uzaq olsa da, həmkarlarım Firuz Abdulla və Elçin Cəlilovla U-17 yığmamızın nəyə qadir olduğunu canlı görmək üçün məşqə yollandıq.

İlk təəssüratımız inanılmaz idi. Məşqdə əla komanda və bacarıqlı məşqçi gördük. Komandamız o qədər həvəslə məşq edirdi ki, istər-istəməz beynimizdə bir anlıq “bu uşaqlar turniri medalsız tərk etməyəcəklər” fikri formalaşırdı...

MİLLİMİZ 8-Cİ YERƏ LAYİQ DEYİLDİ!

Komandamızın turnirdəki çıxışı, oyunların nəticələri, fikirlər və s. - bütün bunlar haqda mütəmadi olaraq “Futbolxeber.az”da oxumusuz. Yığmamızın çıxışı haqda qısaca onu deyim ki, 14 komanda arasında 8-ci yer millimizin real gücünün göstərici deyil. Əvvəla, millimiz qrupda ikinci yerə layiq idi. Sadəcə, gənc futbolçularımız özündən 2 yaş böyük Latviya ilə oyunda həyəcanlarını boğa bilmədilər. Həmin matçda itirilən 2 xal olmasaydı, turniri “ilk beşlik”də də başa vura bilərdik. Eləcə də Belarusa qarşı son matçda millimiz layiq olmadığı yenilgi ilə üzləşdi. Yalnız Sloveniyayla oyunda komandamız rəqibdən zəif görünürdü. Amma yenə də hesab 0:4 olmamalıydı. Sadəcə, həmin gün futbol tanrısı Sloveniyanın tərəfində idi.

SANKT-PETERBURQDA KƏŞF ETDİYİMİZ MƏŞQÇİ

Təbriz Həsənovun futbolçu kimi də oyununu görmüşəm, məşqçi kimi də hazırladığı komandaların çıxışını izləmişəm. Amma Həsənovu daha yaxından Sankt-Peterburqda tanıdım. Yaşı elə də çox olmayan Həsənovun təcrübəsi kifayət qədərdi. Əminliklə deyirəm (yazıram) - Azərbaycan futbolunda yeni, digərlərindən fərqli bir məşqçi yetişib. Həsənov məşqlərdə bir epizoda görə dəfələrlə fit səsləndirə, eyni epizodu 10 dəfə məşq etdirə bilər. Müdafiəni olunmağı qətiyyən sevmir. Son matçda Belarusla qarşılaşarkən hesabda öndə idik. Sırf nəticəni düşünən məşqçi olsaydı, meydana daha bir mərkəz müdafiəçisi buraxar və rahatlıqla nəticəni qoruyardı. 5 müdafiəçi və 2 dayaq yarımmüdafiəçisi ilə oynasaydıq. Belarus bizə səhərə qədər belə qol vura bilməzdi. Amma Təbriz Həsənov risq etdi. Oyundan sonra isə heç vaxt səhvini, risq etdiyini gizlətmir. Biz azərbaycanlı məşqçilərin yenilgidən sonra özündən başqa hamını günahlandırmasına öyrəşmiş nəsilik. Indi fərqli mütəxəssis görəndə qəribə halla qarşılaşırıq.

Bəlkə indidən bu haqda danışmaq tezdi. Amma düşünürəm ki, bu yığma həm mayda Bakıda keçiriləcək Avropa çempionatında, həm də gələn il elə Qranatkin turnirində uğurla çıxış edəcək. Özü də sonuncu fikri ruslar da səsləndirirdilər. Təşkilatçılar əminliklə, “Azərbaycan millisi gələn il Sankt-Peterburqa bu heyətlə gəlsə, mütləq medalçılar sırasında olacaq” deyirdilər.

SAAT KİMİ İŞLƏYƏN KOMANDA

“Bu komandada hər şey saat mexanizmi kimi işləyir”. Sankt-Peterburqda olduğumuz hər gün həmkarlarımızla birgə bu fikri səsləndirməkdən yorulmurduq. Təbriz Həsənovun köməkçiləri - Mübariz Orucov, Vüqar Məmməd, Elşad Tahirov, inzabatçı Anar Şıxəliyev, həkim Natiq Süleymanov, massajçı Nazim Mahmudov - komanda peşəkarlardan ibarətdi. Komandada yer alanlardan biri digərinə nəsə demir. Çünki hər kəs öz işini bilir və üzərinə düşəni lazımınca edir. Üstəlik, hər kəs digərinə kömək etməyə hazırdı. Kiçik bir sualın, çətinliyin olan kimi hamı sənə yardım etməyə hazırdı. Əsl komanda...

O ki qaldı futbolçulara, komandanın onurğa sütununu türkiyəli futbolçular təşkil edir. Futbolçu türkiyəli olsa belə, Azərbaycan millisinin şərəfini qoruyursa, meydanda canını qoyursa, narazılıq etməyə heç bir əsas yoxdu. Hər halda, Sankt-Peterburqda izlədiyimiz 4 oyunda türkiyəli futbolçular meydanda azərbaycanlılardan heç də az can yandırmırdılar.

MƏTİN GÜLƏR - İKİNCİ QATTUZO

Sankt-Peterburqda yığmamızın 4 oyununu izlədik və bu görüşlərdə hər kəs hansısa oyunçunu digərlərindən daha çox bəyənirdi. Şəxsən mənim üçün komandanın “number 1”ı 8 nömrəli Mətin Gülərdi. Oyunu, döyüşkənliyi bir yana, insanlığı da adamı heyran edir. Bolqarıstanı 2:0 hesabı ilə məğlub etdiyimiz oyunun ən yaxşısı məhz Mətin seçilmişdi. Matçdan sonra ondan müsahibə alarkən “oyunun ən yaxşı seçiləcəyini gözləyirdinmi” sualına cavabı belə oldu: “Görüşün ən yaxşısı olacağımı gözləmirdim. Çünki oyuna yaxşı başlamamışdım. Yalnız fasilədən sonra yaxşı çıxış etdim. Məncə matçın ən yaxşısı adına sonradan meydana daxil olan Murat Cem Akpınar daha layiq idi”.

Azərbaycan futbolunda barmaqla sayılacaq qədər eşitdiyim ən səmimi etiraflardan biri idi bu. Mətin Gülər mənə Qattuzonu xatırladır. Onun kimi döyüşkən, bütün gücünü meydanda qoyan, yenilgini həzm etməyən futbolçu...

SANKT-PETERBURQ HAQDA NƏ YAZSAN AZDIR VƏ YA 200 RUBLLUQ “I PYOTR” VƏ “YEKATERİNA”

Sankt-Peterburq nəinki Rusiyanın, ümumiyyətlə Avropanın ən möhtəşəm şəhərlərindən biridi. Burada tarixi abidələrin, möhtəşəm yerlərin, ziyarət olunacaq muzeylərin sayı kifayət qədərdi. Ötən il olduğu kimi, bu il də şəhər gəzintimiz çox maraqlı alındı. Gəzdiyimiz, gördüyümüz, şəkil çəkdirdiyim yerlər haqda uzun-uzadı yazmağa ehtiyac yoxdu. Əvvəla, məcburən wikipediyaya müraciət etməli olacam ki, dəyərli oxucuları yormaq istəməzdim. Digər tərəfdən də o möhtəşəm şəhəri nə qədər vəsf etsən də, azdır. Təsvir heç vaxt gözlə görə biləcəyin gözəlliklərin yerini verə bilməz.  

Komanda ilə birgə şəhər gəzintisində olarkən yığmamızın üzvləri ilə birgə məşhur “Ermitaj” muzeyinin qarşısındakı meydanda da olduq. Burada ən çox yaddaqalan tarixi şəxsiyyətlər - I Pyotr və Yekaterina ilə şəkil çəkdirməyimiz oldu. Hər kəs kimi biz də “Pyotr” və “Yekaterina” ilə yanaşı dayanmaq üçün 200 rubl xərcə düşdük.

ƏSL YOL ADAMLARI

Yazının sonunda Futbolxeber.az saytının əməkdaşının Sankt-Peterburqa səfərini təşkil etdiyi üçün AFFA rəhbərliyinə, qurumun İnformasıya və İctimaiyyətlə Əlaqələr Departamentinə minnətdarlığımızı bildiririk. Elxan Məmmədov və Mikayıl Nərimanoğludan başqa, yol yoldaşlarıma da xüsusi təşəkkür etməyi özümə borc bilirəm.

Ardıcıl ikinci il AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi Firuz Abdullayla yol yoldaşı olduq. Firuzdan fərqli olaraq, dəyərli həmkarım Elçin Cəlilov ilk dəfəydi Sankt-Peterburqdaydı. Üç həmkar möhtəşəm şəhərdə vaxtımızı çox gözəl keçirdik. Firuz və Elçinlə yanaşı, AFFA-nın texniki direktoru Bernhard Lippert və onun köməkçisi Zaur-Hacı Məhərrəmovun da adını xüsusi qeyd etmək istərdim. Həm Zaur, həm də Lippertlə ardıcıl ikinci il turniri birgə izlədik. Adını çəkdiyim 4 şəxsin hər biri dəyərli insan, işinin peşəkarı olmaqla bərabər, həm də əsl yol yoldaşıdılar. Belə dəyərli insanlarla, nəinki Sankt-Peterburqa, lap dünyanın o birisi başına da getmək olar.

Bir də U-17 yığmamızın həkimi Natiq Süleymanovu qeyd etmək istərdim. Natiqlə eyni məktəbdə (Məmməd Rahim adına 7 saylı məktəb) oxumuşuq. Məktəb vaxtı ağlımıza da gəlməzdi ki, nə vaxtsa birgə futbolla bağlı səfərdə olacağıq. Natiq həkim, mən isə jurnalist kimi...

İBRAHİM

Bakı - Moskva - Sankt-Peterburq - Moskva - Bakı  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30