29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Klub rəhbərləri başa düşür ki, tək sponsorların ümidinə qalmaq olmaz”

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun müsahibəsi

- Əvvəlcə klublarımızın çempionatın ikinici yarısına hazırlığı barədə fikirlərinizi bilmək istərdik.  Bəzi klublar Türkiyədə, bəziləri isə ölkə daxilində hazırlıq keçir. Sizcə, hazırlığın yaxşı keçməsi üçün vacib şərtlər hansılardır?

- Ən vacibi odur ki, planlı şəkildə və peşəkarcasına failiyyət göstərsinlər. Hazırlıq üçün az müddət olduğu bir vaxtda vacib olan peşəkarlıqdır. Əgər yoxlama oyunlarında ciddi rəqiblərin varsa, hazırlığı ölkədə də davam etdirmək olar. Bəzi klublarımız bundan öncə də ölkə daxilində hazırlıq keçməklə çempionatda uğurlu nəticələr göstərib.

- Azərbaycanda və ölkə xaricində hazırlıq keçən klubların nə kimi fərqi olacaq?

- Hesab edirəm ki, indiki vaxtda bu, çox da önəmli deyil. Digər tərəfdən klubların əksəriyyətində maliyyə problemləri ortaya çıxıb. Bunun nə dərəcədə davamlı olacağını bilmirik. Bunun klublara nə dərəcdə zərəri olacağı başqa bir mövzudur.

- Düşünürsüz ki, yerli mühit klublarımızın hazırlıq keçməyi üçün əlverişlidir?

- Mən eşitmişdim ki, hətta bəzi xarici klublar təlim-məşq toplanışını Azərbaycanda keçirməyi planlaşdırır. Gərək biz hər şeyi dəyişək. Məncə, hazırlıq keçmək üçün Azərbaycanda da şərait var. Düzdür, burada səviyyəli rəqiblər azdır. Ancaq nəzərə alsaq ki, hazırlıq müddəti cəmi üç həftədir, deməli, ölkə daxilində də hazırlaşmaq olar. Ölkəmizdə hava şəraiti də əlverişlidir. Həmçinin, artıq “CBC Sport” kubokuna start verildi. Bu turnir klublara imkan verəcək ki, lazım olan güclü rəqiblərlə mübarizə aparıb, çempionata hazır olsunlar.

- Klublarımızın ilk iki dövrədəki çıxışı nə dərəcədə qənaətbəxş oldu?

- Klublar arasında rəqabət nə qədər güclü olsa, çempionatımızın səviyyəsi də o qədər yüksələcək. Bunun üçün rəqabət ilk növbədə klubların daxilində olmalıdır. Məyusedici məqamlar var. “Xəzər Lənkəran”ın hazırda autsayder olması  bizi təəssüfləndirir. Xoşa gələn hallar da var. Çempionatın debütantı olan “Zirə” bu gün liderlər qrupundadır. Yenidən Premyer Liqaya dönən “Kəpəz” çempionatımıza rəng qatır. Düzdür, heç kim gözləmirdi ki, “Qarabağ” belə xal fərqi ilə ilk pillədə qərarlaşacaq. “Qəbələ”nin “Qarabağ”dan uzaq düşməsi gözlənilməz oldu. Bəlkə də çempionatın marağı elə bundadır. Fasiləyə qədər çempionatın səviyyəsi yüksək olmasa da, kifayət qədər maraqlı keçdi. İnanıram ki, fasilədən sonra bundan da maraqlı oyunlar izləyəcəyik.

- Klublarla görüşləriniz olur. Ölkədə baş verən devalvasiya onlara necə təsir edib?

-Dünən “Neftçi” klubunun rəhbərliyi ilə görüşdük. Məşqlərini izlədik, müxtəlif mövzulara toxunduq.  Artıq klub rəhbərləri də başa düşür ki, tək sponsorların ümidinə qalmaq mümkün deyil. İdarəçilikdə ciddi dəyişikliklər olmalıdır. Yeni bir nəfəs, yanaşma olmalıdır. Klublar özlərini saxlamaq üçün ayrı-ayrı işlər görməlidir. Klurblarla mütəmadi görüşlərimiz olacaq.  Bəli, əksər klublarımızda maliyyə problemi var. Ancaq biz bu məsələni səbəb kimi göstərməməliyik. Nə qədər ağır olsa da, özümüzdə güc tapıb, işimizi peşəkarcasına davam etdirməliyik. Çempionatın səviyyəsinin aşağı düşməsinə imkan verməməliyik. Bu, hər bir futbolçuya, məşqçiyə və klub rəhbərinə aiddir.

- Məşqçilər Komitəsinin üzvləri ilə müqavilələr yeniləndi. Növbəti bir il üçün qarşınıza hansı öhdəliklər qoyuldu?

- Ən vacib öhdəlik odur ki, AFFA tərəfindən verilən layihələrə nəzarət edək. Milli komandaları vahid bir sistemə gətiməliyik. Məşqçilər Komitəsi tərəfindən çox iş görülüb. Bəlkə də bu o qədər də hiss olunmur, ancaq bunun bəhrəsini görəcəyik. Hesab edirəm ki, bundan da çox iş görmək mümkündür.

- Yeniliklər, layihələr nəzərdə tutulub?

- Biz tez-tez AFFA rəhbərliyi qarşısında tövsiyələrimizlə çıxış edirik. Bəzi layihələri həyata keçirmək üçün maliyyə imkanları lazımdır. Bəziləri üçün zaman ehtiyac var. Ancaq yeni layihələr olacaq. Məşqçilər Komitəsi olaraq yaranmış bu çətin vəziyyətdə klubların və AFFA-nın yanında olacağıq. Vəziyyətdən çıxış yolunu birlikdə tapmalıyıq.

- Məşqçilər Komitəsinin 5-ci üzvü nə vaxt seçiləcək?

- Komitə üzvləri arasında namizədlər müzakirə olunub. Geniş bir siyahı hazırlamışıq. Tezliklə bu siyahını AFFA rəhbərliyinə təqdim edəcəyik. Xeyli namizəd var. Son söz AFFA rəhbərliyinin olacaq.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31