20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Zirə "sürgün"ü

Zirə "sürgün"ünün növbəti - 5-ci pərdəsini də arxada qoydum. Artıq adət halını alıb: redaksiyadan kimə ki bu qəsəbəyə getmək “nəsib” olur, sanki Sovet dönəmində Sibirə sürgün edilir. Belədə, yük çantasını yığmaqdan başqa, çarə qalmır. Bura noutbuk, fərdi internet qurğusu, buşlat, içində çay olan termos, “suxoy payok” və s. daxildi. Zarafat deyil, bir klubun iştirakı ilə oyunu işıqlandırmaq üçün 9 saatını ancaq yola, oyunu izləməyə, mətbuat konfransına və futbolçulardan açıqlama almağa sərf etməlisən. Üstə gəl 2 saat (bəlkə də daha artıq) materialların hazırlanması. Bəh-bəh-bəh, vur-tut cəmi 11-cə saat.

İndi də sadaladığım yük çantamızın atributları barədə. Noutbuk - jurnalistin təbii atributudu. Amma tək bununla kifayətlənməli olsaq, nə problem?! Zirə Olimpiya İdman Kompleksində (ada bir bax!) internet yoxdu. A kişilər, XXI əsr az qalır yarılana e! Bəlkə heç uzaq Cibutidə də stadionlarda internet problemi haqda danışsan, gülüş obyektinə çevrilərsən. Amma türklər demiş: “burası Zirə”! Oradan çıxış yox...

Buşlat məsələsinə gəlincə... Qışın oğlan çağında, külək adamın iliyinə işləyirsə, hətta fasilədə hansısa bir otağa sığınıb, noutbukun düymələrinə basılan barmaqlarının donunun açılması üçün heç bir şərait yaradılmırsa, deməli, buşlata da ehtiyac var, termosa da. Ki, xəstəxanalıq olmayasan.

Zirə Olimpiya Kompleksində hər ev oyunundan öncə jurnalistlər üçün lotereya da oynanılır. Kimin bəxti gətirsə, azarkeşlər arasında deyil, KİV üçün nəzərdə tutulan “açıq kvadrat”da məskunlaşmaq xoşbəxtliyinə sahib olur. Hətta həmin jurnalistə noutbukunu açmaq üçün məhəcərin üstündə yer də qismət olur. Amma vay o günə ki, 10-dan artıq jurnalist gəldi. Qalanlarının canı çıxsın, otursun azarkeşlərin arasında! İnternet də ki, öz yerində. Daha doğrusu, internetsizlik!

Bax, Zirəyə baş çəkən idman mediası bu cür əcaib şəraitdə işləməyə məhkumdu. “Zirə” klubu adlanan bir varlıq rəsmən olsa da, bu faciəvi durumun qarşılığında hansısa mənəvi dəstəyi belə göstərməyəndə isə, insan bu peşəni seçdiyinə nifrət etməyə başlayır.

Doğrudu, “Sumqayıt”, “Kəpəz”, “Rəvan”ın da evə oyunlarında bu və ya digər problemlərlə üzləşirik. Amma həmin klublarda çalışan mətbuat xidmətinin əməkdaşları, klubun digər vəzifəli şəxsləri çatışmazlıqlar qarşısında hansısa şəkildə normal işləmək üçün çalışır, diqqət göstərir. “Zirə” isə...

Zirəyə 5-ci sürgünü də salamat başa vurdum. Nə yaxşı ki, bu komanda 2015-in son oyununu səfərdə keçirəcək. Deməli, 2016-ya salamat çıxmaq şanslarımız xeyli artdı. Gözünüz aydın, “Zirə”nin ev oyunlarını işıqlandırmağa gedən, hörmətli həmkarlar!

Ceyhun ƏLİYEV, Futbolinfo.az

P.S. Həmin stadionda el arasında "rozetka" deyilən elektrik şəbəkəsi olmadığından saytımızın rəhbərliyinə müraciət etmişəm ki, növbəti Zirə səfərimə qədər məni generatorla təchiz etsin. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30