25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

İstefa çıxış yolu deyil...YAZI

Məşqçi həyatı qəribədi. Bu gün insanlar səni havaya atıb-tuturlar, qəhrəman elan edilər, şəninə təriflər yağdırırlar, sabah isə istefanı istəyirlər. Təbii ki, heç kim heç bir vəzifədə əbədi deyil. Bir gün gələn, bir gün də gedəcək. Amma futbol bu qədər acımasız oyun deyil axı... “Dünənə görə sağ ol, mənə bu gündən danış” deyimini də qəbul etmək çətindi...

Roman Qriqorçuk “Qəbələ”yə baş məşqçi təyin olunanda klubun vitse-prezidenti Fariz Nəcəfov, “biz axtardığımız məşqçini nəhayət ki, tapdıq” demişdi. Geridə qalan müddətdə də Fariz bəy bu fikri dəfələrlə təkrarlayıb. Zaman onun dediklərinin əbəs olmadığını göstərdi. Həqiqətən də Qriqorçuk “Qəbələ”nin axtardığı məşqçi idi. Komanda ukraynalı mütəxəssisin rəhbərliyi altında ilk başda bir neçə oyunda uğursuz çıxış etsə də, sonradan toparlanan “Qəbələ” bürünc medala sahib çıxdı. Həmin vaxt çoxları “Qriqorçuk mövsümün əvvəlindən komandaya rəhbərlik etsəydi, “Qəbələ” çempion da olardı” fikrini səsləndirdi...

Avroliqada isə Qriqorçukun rəhbərliyi altında “Qəbələ” tarix yazdı. Azərbaycanda hələ heç bir məşqçi ilk cəhddəcə komandasını Avroliqanın qrup mərhələsinə yüksəldə bilməmişdi. Üstəlik, Qriqorçuk ölkəmizdə bunu bacaran ilk əncəbi idi. Kim nə deyir özü bilər, amma mənə görə “Qəbələ”nin qazandığı uğur fantastik idi. 4 mərhələ keç və qrupa düş. Avroliqadan öncə çətin ki, kimsə “Qırmızı-qaralar”ın Avropa macərasının dekabrda bitəcəyini proqnozlaşdırardı...

Dünən “Zirə”dən alınan məğlubiyyətdən sonra Qriqorçuk ilk dəfə istefa sözünü dilə gətirdi: “İstefa məsələsinə şərhim yoxdur”...

Ukraynalı mütəxəssis qəlbinin dərinliyində nə düşünür, bilmirəm. Amma mənə görə indiki məqamda istefa vermək və ya klubun Qriqorçuku istefaya göndərməsi səhv qərar olar. Belə məqamda istefa vermək, komandanı çətin vəziyyətdə atıb getmək, qorxaqlıqdı. Geridə qalan müddətdə Qriqorçuk özü haqda “qorxaq məşqçi” imici formalaşdırmayıb. Ukraynalı daim inamlı danışıb. İnam isə uğurun yarısıdı!

“Qəbələ”nin hazırda uğursuz çıxış etməsinin bir sıra səbəbləri var. Komanda üzvləri hər nə qədər inkar etsələr də, başlıca səbəb yorğunluqdu. Biz Avroliqanın qrup mərhələsində yüksələ, Avropa klubları ilə başabaş da oynaya bilərik. Lakin gəlin etiraf edək ki, hələ də 3 gündən bir meydana çıxmağa öyrəşməmişik. “Qəbələ” kimi “Qarabağ” da Avroliqanın qrup mərhələsində oynayır. “Qırmızı-qaralar”dan fərqli olaraq, Ağdam klubunun çempionatda “spad” yaşamamasının səbəbi yerli oyunçulardı. Reallıq budur ki, bu gün “Qarabağ”dakı yerli futbolçuların səviyyəsi “Qəbələ”dəkilərdən daha üstündü və məhz bu amilin hesabına Qurban Qurbanovun komandası çempionatda daha yaxşı çıxış edir.

Bəs, çıxış yolu nədədir? Hazırkı məqamda yalnız səbr etmək lazımdı. Onsuz da II dövrənin sonuna 1 oyun qalıb. Qışda düzgün hazırlıq keçməklə (Qriqorçukun bu baxımdan işini bilən olduğu şübhəsizdir. Hər halda, o yayda komandasını pis hazırlaşdırsaydı, “Qəbələ” Avropada tarix yazmazdı) və heyəti bir neçə güclü futbolçu ilə gücləndirməklə yenidən “Qəbələ” qarşısıalınmaz komandaya çevrilə bilər. Onsuz da “Qəbələ”nin qışdan sonra sürət yığmağına artıq bir dəfə şahid olmuşuq. Tarix təkrarlansa, “Qəbələ” bu dəfə mövsümün sonunda nəinki bürünc, hətta qızıl medal da qazana bilər. Necə deyərlər, futbolda hər şey mümkündü...

Futbolxeber.az

P.S. Aşağıdakı videolara diqqətlə baxın. Bu, həmin Qriqorçukdur.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30