29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Gəncədə gördüklərimiz TƏƏSSÜRAT

Peşəkar Futbol Liqasının və Azərbaycan Premyer Liqasının sponsoru olan “Topaz”ın dəstəyi ilə jurnalistlərin bölgələrə səfərləri davam edir. Cari mövsümün ikinci səfəri Gəncəyə baş tutdu.

BİLETSİZ AZARKEŞ OLMAZ!

“Kəpəz” - “Xəzər Lənkəran” matçı turun mərkəzi oyunun hesab olunmasa da, matça yollanmaq üçün səbəblar kifayət qədər idi. Bu mövsüm yenidən Premyer Liqaya qayıdan “Kəpəz”in ev oyunlarını xeyli sayda azarkeş izləyir. Bu məqam isə istər-istəməz bəzi klubların fanatlarında qıcıq oyadır. Kimisi protokolda göstərilən rəqəmlərin şişirdilmiş olduğunu iddia edir, kimisi də stadiona toplaşanların böyük hissəsinin məcburən gətirildiyini söyləyir. Odur ki, hər şeyi yerində görmək üçün bundan gözəl fürsət ola bilməzdi. İ

Biz stadiona çatanda matçın başlanmasına təxminən 40-45 dəqiqə qalırdı. Arenada yerimizi tutduğumuz zaman stadionun yarıdan çoxu boş idi. Azarkeşlərlə söhbət zamanı məlum oldu ki, matçın Aşura günününə təsadüf etməsi istər-istəməz futbolsevərlərin sayına təsir göstərəcək. Az sonra Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev bizi bilet satışı ilə bağlı prosesə canlı şahidlik etməyi təklif etdi. Bilet satışı ilə maraqlanarkən, məlum oldu ki, həqiqətən də azarkeşlər yalnız bilet aldıqdan sonra içəri daxil olurlar. Hər halda biz stadiona hansısa azarkeşin biletsiz keçdiyini görmədik.

“KƏPƏZ” JURNALİSTLƏRİN RAHATÇILIĞI ÜÇÜN HƏR ŞEYİ ETDİ

Cari mövsümün əvvəlki turlarında Gəncəyə ezam olunmuş həmkarımız arenada jurnalistlərin işləməsi üçün şəraitin ideal olmadığını bildirmişdilər. Həqiqətən də Gəncə stadionunda media üçün ayrıca yer yoxdur. Amma buna görə klubun hazırkı rəhbərliyini də qınamaq olmaz. Hər halda, klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, mətbuat xidmətinin rəhbəri Azad Mustafayev jurnalistlərin rahatçılığı üçün əllərindən gələni edirdilər. Bizim əyləşdiyimiz yerə kənar şəxslər buraxılmırdı. Media nümayəndələrinin rahat işləyə bilməsi üçün həm internet, həm də elektrik naqili var idi. Üstəlik, fasilədə Azad bəy bizi çay süfrəsinə dəvət etdi. Eləcə də oyundan sonra futbolçulardan müsahibə alınması üçün şərait yaradıldı. Bəlkə də belə məqamları qabartdığım üçün razılaşmayıb, “borclarıdır da, eləməlidirlər” deyənlər olacaq. Amma mənim üçün indiki dövrdə jurnalistə göstərilən ən kiçik diqqət belə ən xoş sözlərə layiqdir.

Oyundan sonra Mikayıl Nərimanoğlu ilə söhbətimizdə məlum oldu ki, stadion təmir olunduqdan sonra ayrıca Media Sektor da yaradılacaq.

“KƏPƏZ” AVROKUBOKLAR UĞRUNDA MÜBARİZƏ APARA BİLƏR

Cari mövsümdə “Kəpəz”in dörcüncü oyununa canlı baxırdım. Komandada mövsümün əvvəli ilə müqayisədə irəliləyiş olduğu görünür. Düzdür, Gəncə klubu “Xəzər Lənkəran”la matçda parlaq çıxış etmədi. Birinci hissədə hesabı açan gəncəlilər, fasilədən sonra sakit görünürdülər. Hətta bunun müqabilində “Xəzər Lənkəran” rəqibi cəzalandırmağa da yaxın idi. Lakin əzmkarlığı ilə bu dəfə də seçilən Rahid Əmirquliyevin baş zərbəsi dirəyə tuş gəldi...

Bununla belə, qələbə qələbədir və ilk dövrənin sonunda “Kəpəz” beşinci pillədə qərarlaşıb. Məhdud büdcə ilə yaradılan komanda gözəl oyunu ilə seçilir. Komandada məşqçi işi də göz önündədir. Qışda yaxşı hazırlıq keçəcəyi və heyətinin 2-3 futbolçu ilə gücləndirəcəyi halda, “Kəpəz” avrokuboklar uğrunda mübarizə apara, mövsümün sonunda ilk dördlükdə qərarlaşa da bilər.

1000 MANAT YENƏ UDULMADI

Səfərin daha maraqlı keçməsi üçün təşkilatçılar hər dəfə olduğu kimi, yenə də jurnalistlər arasında müsabiqə keçirdilər. Müsabiqənin şərti çox sadədir: oyunun nəticəsinin düzgün tap və 1000 manata sahib çıx. Əgər, qalib birdən artıq olarsa, bu halda uduş qaliblər arasında bölünür.

Lakin 20-yə yaxın jurnalistdən heç biri “Kəpəz” - “Xəzər Lənkəran” matçının nəticəsini düzgün proqnozlaşdıra bilmədi. Beləcə, ardıcıl 2-ci səfərdə də 1000 manatı udan olmadı. 1:0 çox sadə hesab kimi görünür. Ilk baxışdan 20-yə yaxın KIV nümayəndəsindən heç birinin bu nəticəni proqnozlaşdıra bilməməsi maraqlı görünür. Sadəcə, məsələ ondadır ki, ötən səfərdə - “Qəbələ” - “Xəzər Lənkəran” matçında qeydə alınan 6:0 hesabı bu dəfə hamını bolqollu nəticə proqnozlaşdırmağa “vadar etmişdi”...

ƏNƏNƏVİ SONLUQ

Gəncədə şam etdikdən sonra üzü Bakıya yola çıxdıq. Bakıya çatanda saat təxminən 00:30 idi. Ayrılarkən hamı bir-birinə “növbəti səfərdə görüşənədək” deyirdi. Elə mən də yazını bu sonluqla bitirməmişdən öncə ənənəvi olaraq, səfərin təşkilatçılarına - Peşəkar Futbol Liqası və Topaza minnətdarlıq etməyi özümə borc bilirəm. Jurnalistlərə göstərdiyinizi diqqətə, verdiyiniz dəyərə görə sağ olun. Növbəti səfərdə görüşənədək...

İBRAHİM, Bakı - Gəncə - Bakı




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31