29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Hər şey qələbə üçün...YAZI

Dəyərli həmkarım İlkin Fikrətoğlunun dediyi kimi, bu gün “Qəbələ” tarixinin ən vacib imtahanını verəcək. Bəli, bu gün “Qəbələ” üçün sıradan bir gün deyil. Komanda 10 illik tarixinin ən mühüm oyununa çıxacaq. Rəqib Dortmund “Borussiya”sıdır. Almanların heyətlərindəki ulduzları da tanıyırıq, rəqibin nəyə qadir olduğunu da bilirik. Bugünki oyunun favoriti, hətta deyərdim aşkar favoriti də “Borussiya”dır. Amma futbolda “hər zaman favoritlər qazanacaq” deyə bir şey yoxdu. Onsuz da “Qəbələ” elə Avropa zəfərinə başladığı Tiflisdəki oyundan etibarən heç vaxt favorit olmayıb. “Dinamo” (Tiflis), “Çukariçki”, “Apollon” və “Panatinaikos” - bu komandaların hər biri “Qəbələ” ilə oyundan öncə favorit kimi göstərilirdilər. Axırı isə o oldu ki, “Qəbələ” bu gün “Borussiya” ilə oyuna çıxır, adını çəkdiyim 4 komanda isə Avroliqa həyəcanını kənardan izləyir.

Dünən oyunöncəsi mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çox maraqlı fikirlər səsləndirdi. Ukraynalı mütəxəssis açıq-aşkar almanlara meydan oxudu: “Müdafiə olunmaq barədə düşünmürük. Bu, bizim oyun fəlsəfəmizə uyğun deyil. Sabahkı oyunda müdafiədə oturmaq fikrində deyilik. Uğur qazanmaq üçün hücum etməliyik. Yaxşı nəticə qazanmağımız necə hücum etməyimizdən asılı olacaq”.

Qriqorçuk açıq-aşkar deyir ki, “Borussiya”ya qarşı hücum futbolu oynayacaq. Heç kim inciməsin, amma mənə görə bu qədər iddialı açıqlamanı Azərbaycan futbolunda yalnız Böyükağa Hacıyev verə bilərdi. Qriqorçukun bu qədər iddialı olması müsbət məqamdı. Axı, inam qələbənin yarısıdır. Nə qədər iddialı səslənsə də, biz inandan sonra “Borussiya” kimdir ki?

“Panatinaikos”la oyunu yaxşı xatırlayıram. Afinadakı tarixi oyundan 1 gün öncə də Qriqorçuk bu qədər inamlı görünürdü. Ertəsi günü cəhənnəmi xatırladan “Apostolos Nikoloidis” stadionunda özünə güvənən, rəqibindən qorxmayan “Qəbələ” gördük. Hansı ki nə rəqibdən, nə də onun fantastik azarkeşlərindən çəkinirdi. Yekunda da “Qəbələ” Afinadan istədiyi nəticə ilə qayıtdı...

Roman Qriqorçuk dünən onu da vurğuladı ki, oyuna istədikləri kimi hazırlaşıblar. Şikayətlənmək üçün heç bir əsasları yoxdur. Heyətlə bağlı da bircə problem Rafael Santosdur. Braziliyalı müdafiəçi bu gün də “Qəbələ”yə kömək edə bilməyəcək. Əvəzində Elmir Zets artıq zədəsini bərpa edib və Vaydenfellerin qapısına yol tapmağa hazırdı.

Dünən axşama qədər “Qəbələ” - “Borussiya” oyunu üçün satışa çıxan biletlərin böyük hissəsi artıq sahibini tapıb. Kassalarda cəmi 1600 bilet qalıb ki, həmin biletlərin də oyuna qədər satılacağı şübhəsizdir. Bir sözlə, “Bakcell Arena”da anşlaq yaşanacaq. Onsuz da azarkeşlər olmadan “Borussiya” kimi rəqibi devirmək çətin olar. Güc birlikdədir. Bu gün hamımız bir olmalıyıq və “Qəbələ” “Borussiya” önünə futbolçusu, məşqçisi, klub rəhbərliyi, azarkeşi, jurnalisti ilə birgə döyüşəcək komanda kimi çıxmalıdır. Hər şey qələbə üçün...Hər şey “Qəbələ” üçün...Bu gün Azərbaycan futbolunda yeni tarix yazılacaq!

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31